"O olmasın, bu olsun" filminin operatorunun amansız taleyi

"O olmasın, bu olsun" filminin operatorunun amansız taleyi
10 aprel 2014
# 10:05

Şüşə kimi çiliklənən səs...

Moskvadakı qocalar evinin çiyinləri bükük, dağınıq ağ saçlarını külək oynadan qərib sakini. Dilində dua kimi pıçıldadığı o beşcə sözlük cümlə: “Kinostudiya üçün burnumun ucu göynəyir”! Cavan qızlar, oğlanlar başına yığılıb onun çəkdiyi filmlərdən ağızdolusu danışanda, o bükük çiyinlər titrəyir, sonra qəddini düzəldir, heç elə bil yumağa dönən adam deyil. Üstəlik, tinindən-dalanından ötrü darıxdığı o uzaq doğma şəhərdən – Bakıdan onu deyib gələn var. Hələ saçlarını külək oynadan o vətən həsrətlisi qocaya Bakıdan alma da gətiriblər, qırmızıyanaq alma! Kövrəlməzmi, kövrələr! Qızlar boynunu qucaqlayıb onu öpür, ustufca uzaqlaşırlar. Vətəndən gələn o adamla – kino işçisi, redaktor Asif Əliyevlə baş-başa qalırlar:

- Gedək, yolda söhbət edərik. Qocalar evində gecikməyi xoşlamırlar, nahara az qalıb.

- Əlisəttar müəllim, nəyə ehtiyacınız var? Evdən hazırlıqlı gəlmişəm.

- Heç nəyə ehtiyacım yoxdur, - deyir, - Yoldaşlarım yaxşı adamlardır. Hər gün şam yeməyində birinin ailəsi göyərti, o birinki qatıq, tort gətirir. Mənim isə nə yanıma gələnim var, nə də...

Səsi şüşə kimi çiliklənir...

***

Əlisəttar Atakişiyev haqqında yazılan bütün xatirələrdən qırmızı xətlə keçən bir cümlə var: qəribə və acı taleli xoşbəxt sənətkar! Qəribəliyini deyə bilmərəm, acı hər nədirsə, onun boyuna, taleyinə biçilmişdi. “Xasiyyəti sərt idi, böyük-kiçik bilməz, sözünü birbaşa deyərdi” - qohum-qonşusu, həmkarları danışardılar. Və başına nə gəldisə, bu “dilbilməzlik”dən gəlmədimi? Yaradıcılığının kamil dövründə başına nə oyunlar açdılar: kinodan uzaqlaşdırıldı, vətəndən baş götürüb getdi, “Azərbaycanfilm” üçün burnumun ucu göynəyir deyib, durdu!

Sözünün ağasıydı Əlisəttar Atakişiyev: kinodan uzaqlaşdırılandan sonra “İbrahimin sərgüzəştləri” kinossenarisini yazır və Bakı bu ssenariyə film çəkməyi rədd edəndə, “Tacikfilm”dən təklif gəlir ki, Əlisəttar Ələsgəroviç, buyurun gəlin, filmi özünüz çəkin, sizə hər şərait yaradılacaq. Nə desə yaxşıdır: “Azərbaycan adlarını dəyişdirməyə əlim gəlmir. Bir də nəyə görə Azərbaycan folkloru başqa kinostudiyada çəkilməlidir? Mən gözləyəcəyəm. İllərlə də olsa, gözləyəcəm!”

Qaldı xoşbəxt sənətkar ifadəsinə, niyə də olmasın?! Bir adam ki, Azərbaycan kinosunda “Sehrli xalat”, “Qərib cinlər diyarında”, “Bir qalanın sirri” “İstintaq davam edir” kimi filmlərin rejissoru, “O olmasın, bu olsun”, “Arşın mal alan”, “Uzaq sahillərdə” filmlərinin operatoru ola, ona xoşbəxt deməmək olarmı? “İstintaq davam edir” prokata çıxdığı birinci ildə filmi 30 milyona yaxın tamaşaçı izlədi. Bu, 1963-cü ildən üzü bəri Azərbaycan kino tarixinin rekordudur.

Taleyin müjdəsi: “Mosfilm”ə təyinat

“1906-cı ilin dekabrın 25-də Bakıda kustar-xarrat ailəsində anadan olmuşam” – Atakişiyev özü haqqında danışırdı: “8 yaşım olanda valideynlərimi itirdim, qardaşımın öhdəsinə düşdüm. O, mənə həm ata, həm də ana oldu”.

1936-cı il. Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunu bitirən Əlisəttara xəbər gəlir: Universitetin rəhbərliyi səni yanına çağırır.

Və 30 yaşlı cavan kinooperatora nə desələr yaxşıdır: “Təcrübə keçdiyin filmlərin rejissorları, operatorları səndən razılıq edirlər. Səni Moskvada saxlamaq istəyirik. Etiraz etmirsənsə, təyinatını “Mosfilm”ə verək. İstedadlı adamsan, özünü tanıdacaqsan”.

Necə yəni, etiraz etmirsənsə?! “Mosfilm”də kim qalmaq istəməzdi? İnstitutu təzə bitirib əlinə diplom alan tələbəyə bundan artıq nə lazım idi?!

Moskva Əlisəttara üç şeyi verdi: Təhsil, sevgi, şöhrət...

Qardaşının qızı Solmaz Atakişiyevanın xatirələrindən: “Son illər əmim tamam dəyişmişdi, qocalmışdı. Tez-tez deyirdi: yoldaşlarım, sağım-solum gedib. Mənim üçün yaşamaq daha maraqlı deyil”. Atamı “Mirzə qədeş” çağırardı. Həmişə deyərdi ki, mənə tərbiyəni atan verib, məni oxutdurub, ərəb dilini öyrədib. Anam danışırdı ki, bir gün oturmuşduq, poçtalyon məktub gətirdi, məktub Əlisəttardan idi. Yazırdı ki, Mirzə qədeş, Moskva soyuqdur. Atam məktubun ardını oxumadı, fikrə getdi, üzünü mənə tutub dedi: “Bilirsən nə var, əynimə geyindiyim palto çox qalındır, isti olur mənə, yol gedə bilmirəm, tez-tez tərləyirəm. Bunu göndərəcəm Əlisəttara, Moskvada şaxta adamın iliklərinə işləyir. Belə də oldu. Əmim həmin paltoda şəklini çəkdirib bizə göndərmişdi”

“Mənim yerim Parisdir”

Əlisəttar Atakişiyevin həyatında boşluq yaradan bircə səbəb vardı: ailə həyatının gətirməməsi. Xanımı Konstantin Stanislavskinin nəvəsi, aktrisa Yelizaveta Vladimirovna Alekseyeva idi. Bu həmin Stanislavskilər idi ki, çar dövründə Moskvanın məşhur “Krasnıye vorota” deyilən yerində 72 otaqlı böyük mülkləri, içində də nə az, nə çox – düz yeddi royal vardı. Yelizaveta kübar mühitində böyüyən, tərbiyə alan, qayğının-ehtiyacın nə demək olduğunu bilməyən xanım idi. Üstəgəl, işlədiyi teatrda mövqe tutmuşdu, babasına görə hər yerdə hörmət, diqqət görürdü. Və günlərin birində Əlisəttarın dilindən nə eşitsə yaxşıdır: “Bakıya qayıtmalıyıq”.

Yelizaveta Bakıya ilk dəfə 1937-ci ildə gəlmişdi. Hər gələndə Azərbaycan dilində bir neçə söz öyrənər, öz-özünə təkrar edərdi ki, yaddan çıxarmasın. Bakıda nəinki birdəfəlik yaşamaq, heç tətilləri başa vurmağa hövsələsi çatamaz, darıxar, “boğuluram” deyib, durardı. Əlisəttar Atakişiyevin qohumları xatirələrində belə yazırlar: o, heç Moskvada da qalmaq istəmirdi, deyirdi, mənim yerim Parisdir.

II Dünya müharibəsindən sonra Estoniyada ardıcıl filmlər istehsal olunmağa başlanıldı. 1955-ci ildə çəkilən “Axşam düşəndə...” filminin operatoru Əlisəttar Atakişiyev idi. Və bu film eston kino tarixinə ilk rəngli film kimi düşdü. “Axşam düşəndə...” böyük uğur qazanandan sonra Atakişiyeva təklif olundu ki, yenidən “Mosfilm”ə qayıtsın: “Əlisəttar Ələsgəroviç, nəzərə alın ki, sizin Moskvada həyat yoldaşınız, oğlunuz var”.

Və belə bir vaxtda Bakıdan rejissor Hüseyn Seyidzadə ona zəng edir: “Əlisəttar, mən Üzeyir bəyin “O olmasın, bu olsun” operettasını ekranlaşdırmağa hazırlaşıram. Çox istərdim ki, bir yerdə işləyək, sən baş operator olasan. Film rəngli olacaq. Sən bizə lazımsan. Tezliklə səni Bakı kinostudiyasında gözləyirəm...”.

“Arşın mal alan”dan sonra yenidən Üzeyir bəyin yaradıcılığına müraciət edilməsi kinostudiyanın tarixində böyük hadisə idi. Və əlbəttə, bu təklif Əlisəttar Atakişiyevin həyatında daha böyük uğurlara yol aça bilərdi. Başqa tərəfdən, “O olmasın, bu olsun”a kino çəkmək onun çoxdankı arzusuydu. Rejissor əvvəlcə Moskvaya qayıdır, Yelizavetaya hər şeyi olduğu kimi danışır. Çətinliklə də olsa, qadın razılaşır və ailə Bakıya köçür. Amma Yelizavetanın Bakıya qanı qaynamır ki, qaynamır. Yeni adamlara, yeni həyat şəraitinə, yeni ab-havaya, gündəlik məişət qayğılarına heç cür alışa bilmir. Və... və çətin də olsa, onlar ayrılırlar, Əlisəttar Atakişiyev Bakıda tək qalır. Rejissorun bu izdivacdan indi Kanadada yaşayan Xəlil adlı oğlu olur.

Atakişiyevin ailə həyatı gətirməsə də, min bir zəhmətinə qatlaşdığı filmi – “O olmasın, bu olsun” böyük uğur qazandı. Film Azərbaycan kino tarixinə ilk rəngli tammetrajlı film kimi daxil oldu. SSRİ Xarici Ölkələrlə Mədəni Əlaqələr İdarəsinin sədri A.Davıdovun Azərbaycan Kinematoqrafçılar İttifaqının I Katibi Həsən Seyidbəyliyə məktubundan: “Film 40 ölkəyə, o cümlədən İran, İraq, Yaponiya, ABŞ, İsveçrə və Macarıstana satılıb”. Sonralar isə təxminən daha 100 ölkəyə satılması barədə məlumat verildi. “O olmasın, bu olsun”un Təbrizdə nümayişi misli görünməmiş hadisəyə çevrildi, küçələrdə camaat filmdən mahnılar oxuyurdular.

Həbsxanadan keçən yol...

“Bir qalanın sirri” Əlisəttar Atakişiyevin ilk rejissor işi idi. Və elə bu filmin ucbatından başı bəla çəkdi, məhkəmədə cavab verməli oldu. “Bir qalanın sirri” istehsal planı üzrə nəzərdə tutulduğundan gec başa çatır. Bu C.Cabbarlı adına “Azərbaycanfilm”in kollektivinin mükafatdan məhrum olması demək idi. Əlisəttar Atakişiyev və filmin direktoru Əli Məmmədov çıxış yolunu bircə şeydə görürlər: Leninqrada gedib “Lenfilm” kinostudiyasında kinoplyonkaların emalı işini sürətləndirmək. Laboratoriya rəisi bəhanə edir ki, işlər çoxdur, qabağa düşmək üçün gərək əliniz cibinizdə olsun. Rəisin çaldığı ilə oynamaqdan savayı yol yoxuydu, bir nəfərə görə bütün kollektiv mükafatsız qala bilməzdi. Atakişiyev Əli Məmmədovdan 80 manat pul göndərir ki, rəisə çatdırsın. İki gün işlər qaydasına düşsə də, laboratoriya rəisi yenə işdən boyun qaçırır, bəhanə həmin bəhanəydi: vaxtım yoxdur. Əlacsız qalan rejissor bu dəfə 100 manatından keçməli olur: yenə pul Əli Məmmədov vasitəsilə göndərilir. Və işlər qaydasına düşür: film vaxtında təhvil verilir, böyük uğur qazanır, kollektiv də mükafatsız qalmır.

Vəssalam, burda nöqtə qoymaq olardı. Di gəl,... Bir müddət keçəndən sonra heç kimin gözləmədiyi hadisə baş verir: rüşvət məsələsinin üstü açılır. Məlum olur ki, laboratoriya rəisi ittifaq üzrə kino işçilərindən plyonka emalı üçün vaxtaşırı rüşvət alırmış. Onu həbs edirlər, istintaq zamanı Bakıdan gələn kino işçilərindən rüşvət aldığını gizlətmir. Əli Məmmədov dərhal həbs edilir. Əlisəttar Atakişiyev məhkəməyə şahid qismində çağırılır. İclas vaxtı Atakişiyev həmkarının müdafiəsinə qalxır. Hakimlə qısa mübahisə bəs edir ki, onun özünü şahid skamyasından müqəssir kürsüsündə əyləşdirsinlər. Məhkəmə hökm oxuyur: Əlisəttar Atakişiyev cəzasını gücləndirilmiş rejimli islah-əmək kaloniyasında keçirməklə iki il, Əli Məmmədov isə iki il altı ay müddətində azadlıqdan məhrum edilirlər.

Qara Qarayev başda olmaqla bir qrup Azərbaycan və Moskva incəsənət xadimləri RSFSSR Ali Məhkəməsinə müraciət edirlər. İşə yenidən baxılır və qeyd olunur ki, cəza sərtdir, hökm oxunarkən məhkumların şəxsiyyəti nəzərə alınmayıb. Petroqrad rayon məhkəməsinin hökmü dəyişdirilərək hər iki məhkum azadlığa buraxılır. Əlisəttar Atakişiyev bir il on gün, Əli Məmmədov isə bir il 22 gün həbsxanada yatırlar.

Kinostudiya: dəfndə iştirak etməyə pul yoxdur

Rejissorun bacısı qızı Lalə Babayevanın xatirəsi: “Kino Veteranları evində yaşayanda dayımın yanına getmişdim. Bakıdan onun üçün ərik alıb aparmışdım. Əriyin tumları şirin idi, ona görə onları yaşadığı binanın qarşısındakı bağda əkdi. Bir neçə ildən sonra bu tumlardan biri cücərib böyük ağac oldu. Sonra yolum yenə Moskvaya düşəndə gözlərimə inanmadım: axı ərik ağacı Moskvanın sərt iqliminə necə dözdü, necə uyğunlaşdı? Bu, təkcə mənim üçün yox, Veteranlar Evində yaşayanların hamısı üçün sirr olaraq qaldı”.

1990-cı ilin 7 noyabrında Moskvadan Lalə Babayevaya zəng gəlir: “Dayınız vəfat edib”. Xəbər kinostudiyanın rəhbərliyinə çatdırılsa da, irəli çıxan olmur. “Bəhanələri bu oldu ki, dəfndə iştirak etmək üçün pulumuz yoxdur. Bu, kinoya rəhbərlik edənlərin Əlisəttar Atakişiyevə sonuncu “hörmət”ləri idi. Dayımı noyabrın 10-da torpağa tapşırdıq. Oğlu Xəlilin evində ehsan verdik, halva çaldıq, plov bişirdik”.

Əlisəttar Atakişiyevlə maraqlanmaq sonralar da heç kimin yadına düşmədi. Ta bu iləcən... Bu yazını yazanda “Azərbaycanfilm”in direktoru Müşfiq Hətəmovla danışdım. Onun dediklərindən: “Əlisəttar müəllimin qəbrini tapmaq çətin oldu. Mədəniyyət və turizm naziri Əbülfəz Qarayevin göstərişi ilə mən Moskvaya getdim. Qocalar evinin qəbiristanlığında Əlisəttar müəllimin adını da qeydiyyatdan çıxarmışdılar. Bir həmyerlimizin köməkliyi ilə arxiv kitablarından qəbrin nömrəsini tapdıq. Başdaşının üzərində, sadəcə, belə yazılmışdı: “Əlisəttar Atakişiyev”. Kim olduğunu belə qeyd etməmişdilər. Qocalar evinin rəhbərliyi məzarın üstünü götürməyə icazə vermədi. Bizə dedilər, Əlisəttar müəllimin oğlu sağdır, yalnız onun razılığı ilə məzarın üstü götürülə bilər. Oğlu yaşlı adamdır, Kanadada yaşayır. Onu tapmaq üçün təxminən üç ay vaxt sərf etməli olduq. Hamıdan, hər şeydən uzaq gəzir. Məzarın şəklini ona göndərəndə, zəng vurub ağladı”.

İstifadə olunan ədəbiyyat:

Aydın Kazımzadə, “Əbədi ölməzlik zirvəsi”. Bakı, 2006, 132 səh.

“Bir ömrün nağılı” – film. “Mədəniyyət” kanalı. Müəllif Sevda Ağazadə, rejissor Sənan Sultanov.

“Kino bilicisi”. Şəhla Bürcəliyeva, Mədəniyyət qəzeti, 2011.

# 9884 dəfə oxunub

Müəllifin son yazıları

# # #