"Ürəyimə damıb ki, müharibə başlansa, vətənpərvər olacağam"

"Ürəyimə damıb ki, müharibə başlansa, vətənpərvər olacağam"
11 iyul 2013
# 12:04

Cavid Zeynallı

Ədəbiyyat haqqında laqqırtı vurmaq

“Gündəlik” bir başqa aləmdir. Jül Renarınkı nə aforizm istehsal etmək, nə də dərs keçmək deyil. Burda yüngül istehza da var, ağrı da, lap lağlağı da! Çoxdan, lap çoxdan oxumuşam. Bu günlərdə kitabxanamda “Fransız ədəbiyyatı antologiyası”na gözüm sataşdı. Vərəqlədim və illər əvvəl oxuduğum “Gündəlik” mənə yenə orijinal, bənzərsiz göründü; elə bil bu kitabı yenidən kəşf elədim. Mən ölüm, ikicə dəqiqənizi sərf edib axıracan oxuyun: zəhmət çəkib seçib-sonalamışam. Ədəbiyyat haqqında çox şey öyrənə bilərsiniz. Boşboğaz-zərbəçi tənqidçiləri ələ salmaq, roman istehsal edən yazıçılara şapalaq kimi dəyən istehza, şeirin dalına vedrə bağlayıb rüsvay edən şəngülüm şairlərin aqibəti və başqa nələr, nələr... Sadaladıqlarım bizim ədəbi mühitin boyuna biçilib, deyilmi? Bu sadəlövh sual sizə kimləri xatırlatdı? Şərh yazmağınızı istəmirəm, eləcə adlarını öz-özünüzə pıçıldayın, yetər. Nə isə, uzunçuluq olmasın, oxuyun, hər şeyi başa düşəcəksiniz. Könlünüzə xal düşməsin, kişiyana danışsaq, “Gündəlik”də elə mən özüm də varam. Bu yazının müqəddəs və bərəkətli qonorarına and olsun! Gülümsəyən qrafoman həmkar, ürəkli ol, de mən hamıdan artığam...

* * *

Özümü saxlaya bilməyib qəzetsatan qadına dedim:

- O mənim kitabımdır, baxın, o balaca kitab.

Cavab verdi:

- Hə-ə. Hələ istəyən olmayıb.

Hesablamışam: ədəbiyyat ancaq alacəhrəni və sərçəni dolandıra bilər.

Tənqidçilər mərhəmətə layiq adamlardır, - onlar daim başqaları haqqında danışırlar. Özləri haqqında isə heç kim danışmır.

Deyirsən ki, hələ tam yetişməmişəm. Bəs, nəyi gözləyirsən? Çürüməyi?

Dəqiq söz. Dəqiq söz. Əgər qanun yazıçılara yalnız dəqiq ifadələri işlətməyi məcbur etsəydi, nə qədər kağıza qənaət etmək olardı.

İstedad pul kimi şeydir, onun haqqında danışmaqdan ötrü istedadlı olmaq məcburi deyil.

Nə qədər ki, ədəbiyyata inam bəsləyirsən, dahiyanə əsər yaratmağı ləngitmə; bu inam həmişəlik deyil.

Tənqid ona görə tənəzzüldədir ki, başqaları haqqında danışmaq adamların zəhləsini töküb.

Çox təəccüblüdür ki, bizlərdən heç birimiz qrammatikanı bilmirik, yazıçı olandan sonra da, düzgün yazmağı öyrənməyi özümüzə rəva görmürük.

Elə pyeslər var ki, onları senzura yox, tamaşaçılar özləri qadağan edirlər.

- Jül nə işlə məşğuldur?

- İşləyir.

- İşləyir? Nə üzərində?

- Bayaq sizə dedim: kitab üzərində.

- Yəni kitabın üzünü köçürmək üçün bu qədər vaxt lazımdır?

- O kitab üzü köçürmür, o əhvalat uydurub kitab yazır.

- Uydurur? Demək indiyədək yazılanlar yalanmış?

Bəli, mən bilirəm: bütün dahi adamları əvvəlcə tanımaq istəməyiblər; amma mən dahi olmadığıma görə dərhal tanınmağımı üstün tutardım.

Qəzetə məqalə yazmaq üçün adam nə qədər istedadlı olmalı imiş.

Yadında saxla, istedadlı olduğunu sübut etmək həvəsindən düşəndən sonra əsl müvəffəqiyyət qazana bilərsən.

Siz yüz ildən sonra başqalarından nə qalıb-qalmayacağını qabaqcadan söyləməyə çalışırsınız. Əzizim, bəs sizin özünüzdən elə indi nə qalıb?

Birinci dəfə tənqidlə üzləşəndə onun ədalətli olduğuna inanırdım. Buna görə də, indi tənqidə nifrət edirəm.

Çalış, çalış! İstedad torpaq kimidir, həyatı müşahidə eləsən, o, öz nemətlərini sədən əsirgəməz. Torpağı hər il şumla, o hər il məhsul verəcək.

Onlar məni az yazdığıma görə təbrik edirlər. Tezliklə heç yazmadığıma görə təbrik edəcəklər.

Sözün fikirlə mübarizə aparmağı lazımdır, amma bir şərtlə, badalaq vurmasın.

Danışdığın tərzdə də yazmalısan. Əlbəttə, əgər yaxşı danışırsansa.

Ürəyimə damıb ki, müharibə başlansa, vətənpərvər olacağam.

Kitabınız çox xoşuma gəldi. Çünki qüsurlarını aydın görürəm.

Üslub elə bir şeydir ki, redaktoru müəllif barəsində bu sözləri deməyə məcbur edir: “Oh, bu, əlbəttə, odur!”

Bir yazıçı özünü uçuruma atdı, ayaqqabılarını isə yuxarıda qoydu ki, adı əbədi yaşasın. Lakin həmin ayaqqabıları tapan olmadı.

Dünənki söhbət nəzərə alınmır, bugünkü şöhrət çox iyrəncdir. Mən sabahkı şöhrəti istəyirəm.

Məşhur olmaq üçün gərək əlindən ya əclaflıq çıxsın, ya da yaxşılıq. Bu iki şeydən hansına qadirsiniz?

Elə güman eləmə ki, tanınmamış dahi adamlar var.

Yenə şeir, hey şeir! Bircə misra da poeziya olaydı.

İstedad kəmiyyət məsələsidir.

Öz yollarını tapmış yazıçıların gənclərə təsirinin nə ilə nəticələndiyini izləmək maraqlı olardı. Orijinallığı sadəcə olaraq özündə axtarmağı öyrənməkdən əvvəl nə qədər tər tökmək lazımdır.

Dümaların ikisi də qənaətçilliyə dair nəzəriyyəni alt-üst etdi. Ata bədxərc, oğul xəsis idi.

Beynimdə romanın ideyası yaranmışdı, lakin onu kirpi şəklində təsəvvür etdiyimə görə toxunmağa cəsarətim çatmır.

Balzak pis yazmağa haqqı olan yeganə adamdır.

Üslub bütün üslubların yaddan çıxarılmasıdır.

Kəndlinin danışığını imla səhvləri olmadan da vermək mümkündür.

Qafiyələrdən, xüsusən nəsrdəki qafiyələrdən zəhləm gedir.

Sənin rəyinlə razılaşanlara dərhal nifrət etməyə başlayırsan.

Mən yalnız siyasət, yaxud din haqqında mübahisə etməyi xoşlayıram. Ədəbiyyat haqqında laqqırtı vurmaqdan zəhləm gedir.

# 2446 dəfə oxunub

Müəllifin son yazıları

# # #