Həccə getməkdən imtina edən sürücünün başına gələnlər

Həccə getməkdən imtina edən sürücünün başına gələnlər
21 noyabr 2016
# 12:47

Kulis.az Cavid Zeynallının “Əli Həccə gedir” ssenarisini təqdim edir.

(Qısametrajlı bədii filmin ədəbi ssenarisi)

Əli – 38-40 yaşlarında

Məryəm- 35-38 yaşlarında

Hüseyn – 10 yaşında

Orxan – 10 yaşında

Və başqa epizodik obrazlar…

Hadisələr Bakı qəsəbələrinin birində baş verir.

1. Epizod. Nat. Günorta.

Yol. Uzaqdan maşın gəlir. Yaxınlaşanda onun “Opel” markalı taksi olduğu görünür. Maşının içi. Əli fikirlidir, radioya qulaq asır. Qarşıda yolun qırağında bir kişi görünür. Əl edib maşını saxlatdırır, qapını açır.

Sərnişin: Salam-Əleyküm.

Əli: Əleyküm salam…

Sərnişin: Məktəbin yanında düşəcəm.

Əli: Əyləşin…

Sərnişin maşına oturur.

Sərnişin: Allah razı olsun…

Əli başı ilə razılığını bildirir.

Bir müddət heç kim danışmır. Radioda xəbərlər başlayır:

“Azərbaycanda Həcc ziyarətinə sənəd qəbulu başlayıb. Qafqaz Müsəlmanları İdarəsindən verilən məlumata görə, ölkədə Həcc ilə bağlı sənəd qəbulu yalnız idarə tərəfindən aparılır. Zəvvarlardan xarici pasport, qeydiyyatda olduğu ərazi poliklinikasından sağlamlıq haqqında arayış və 4 ədəd fotoşəkil tələb olunur”.

Sərnişin əlini yuxarı qaldırır.

Sərnişin: Allah hamıya nəsib eləsin…

Xəbər davam edir: “Vizalar Qafqaz Müsəlmanları İdarəsi tərəfindən Səudiyyə Ərəbistanı Krallığının Azərbaycandakı səfirliyindən alınacaq. Ötən gün Azərbaycanda ziyarətin qiymətləri açıqlanıb. Hər il olduğu kimi bu il də zəvvarlara ziyarət iki formada təklif olunur. Daha yaxşı şəraitli hotellərdə qalmaq, bahalı yeməklərlə təmin olunmaq, o cümlədən hotellərdə 4 nəfərlik otaqlarda yerləşdirmə şərti təklif olunan variantın xərci 4500 dollar, nisbətən ucuz şəraitli, 6 nəfərlik otaqlı hotellərdə qalmaq üçün təklif olunan variant isə 3500 dollardır”.

Əli: İnşallah. Bizə də qismət olsun.

Köks ötürür.

Xəbər: “Qeyd edək ki, Yaxın Şərqdə baş verən hadisələrlə əlaqədar ziyarət yalnız təyyarə ilə baş tutacaq. Uçuşları AZAL həyata keçirəcək”.

Maşın məktəbin qarşısına çatır, sərnişin düşəndə iki oturacağın arasına yolpulunu qoyur. Maşın yoluna davam edir. Kamera Əlinin yenə yolboyu fikirli, qayğılı olduğunu göstərir. Maşın birmərtəbəli həyət evinin darvazasının qarşısında saxlayır. Əli düşüb darvazanı açır, maşını həyətə salır.

2. Epizod. İnt. Axşam.

Əlinin ortabab evi. Televizorda dini film göstərilir. Əli qonşu otaqda namaz qılır, hərdən “La ilahə, illəlah”, “Həyya ələl-fəlah”, “Allahus-saməd, Ləm yəlid və ləm yuləd” sözləri eşidilir. O biri otaqda Əlinin yoldaşı Məryəm, oğlu Hüseyni görürük. Məryəm paltar ütüləyir. Hüseyn nə isə yazır.

Hüseyn: Ana…

Məryəm: Həə…

Hüseyn: Bilmirəm e, necə yazım…

Məryəm: Bir az da fikirləş, ürəyindən nə keçirsə, onu yaz…

Hüseyn: Çətindir, axı.

Ağlamsınır. Qələmi yerə qoyur. Məryəm ütünü yerə qoyub oğluna sarı çevrilir.

Məryəm: Qələmi götür.

Hüseyn: Yaza bilmirəm.

Məryəm: Ağıllı balam, yazacaqsan. Mən bilirəm ki, yazacaqsan.

Hüseyn: Heç olmasa, əvvəlində kömək elə…

Məryəm: Yaxşı, əvvəlində kömək edirəm…

Hüseyn: Sən de, yazım…

Məryəm bir qədər düşünür.

Məryəm: Belə başlaya bilərik: adını bilmədiyim dostum. Salam. Mənim adım adım Hüseyndir.

Bu vaxt Əli otağa girir. Dodağının altında dua oxuyur.

Əli: Nə yazırsan, oğlum? (Oğlunun başını sığallayır)
Məryəm:
Hüseynə məktəbdən yazı tapşırıblar. İbtidai sinifi bitirdiyinə görə tanımadığı bir dostuna özü haqqında məktub yazmalıdır.

Əli: Maraqlıdır. (Gülür). Özü də tanımadığı dostuna. Adam tanımadığı adamla necə dost ola bilər?

Məryəm: Gələcəkdə olacaq də. Uşaqların məktublarını məktəblərə göndərəcəklər.

Məryəm ütünü yığışdırır.

Məryəm: Acsan?

Əli: Hə, gətir, yeyək…

Məryəm mətbəxə keçir. Hüseyn dəftərini yığışdırıb çantasına qoyur.

Hüseyn: Ardını sabah yazaram. Hələ birinci günə çox var.

Məryəm: Hüseyn… (Məzəmmətlə)

Hüseyn: Axşam yazacam, ana…

Məryəm: Yaxşı, yaxşı. Gör, çörəyimiz çatar?

Hüseyn: Yox, azdır. Alım?

Məryəm: Hə, atadan pul al, get. Nisə xaladan bir dənə də qatıq götür. Denən bankanı qaytaracam.

Hüseyn: Yəni bir manata verməsin, doxsan qəpikdən hesablasın də, hə?

Əli oğlunun sözünə gülür. Məryəmi də gülmək tutur.

Məryəm: Belə hazırcavabsan, məktubunu yaz e. Gücün ancaq mənə çatır.

Əli Hüseynə pul verəndə Hüseyn ona işarə edir ki, aşağı əyilsin. Əlinin qulağına yavaşdan deyir:

Hüseyn: Ay ata, maşınla gedək?

Əli: Maşınla mağazaya getməzlər.

Hüseyn: Gedəndə nolar ki?

Əli: Sabah sizi gəzməyə aparacam. Onda səni qucağımda oturdacam, sürərsən. Yaxşı?

Hüseyn: Yaxşı… (Könülsüz)

Hüseyn qapıdan çıxanda Məryəm onun arxasınca çağırır:

Məryəm: Hüseyn…

Hüseyn: Həəə… (Səsi bayırdan gəlir).

Məryəm: İki dəstə də göyərti al. Özün də tez qayıt, yubanma. Eşitdin?

Hüseyn: Yaxşııı…

Məryəm mətbəxdə qab-qaşıq yuyur, qabların səsi gəlir. Əli televizora baxır.

Məryəm: Muraddan xəbər yoxdu?

Əli: Yox. Özüm zəng vurmaq istəyirdim, sonra… nə isə, qaldı.

Məryəm: Yaxşı eləmisən. Sonra başqa cür başa düşər.

Əli: Hə, elə ona görə zəng vurmadım. Onu bilmək olmur, bir də gördün, özü gəldi.

Əli köks ötürür.

Məryəm: İnşallah, yaxşı olar. Özünü darıxdırma.

Əli: İnşallah. Görək də, görək nolur.

Məryəm: Dünənki qatıqdan bir az qalıb, ayran düzəldim içirsən?

Əli: Yox. Bir siqaret çəkim, sonra.

Məryəm mətbəxdən boylanır.

Məryəm: Əli… Yenə siqaret? Heç olmasa, acqarına çəkmə…

Əli siqaret giləsini qutuya qoyur. Sükut. Əli nəsə demək istəyir.

Məryəm: Axşama sizə qutab bişirəcəm…

Əli cavab vermir. Sükut. Qab-qacaq səsi.

Əli: Bilirsən nolub?

Məryəm: Nolub?

Əli: Həccə sənəd qəbulu başlayıb.

Məryəm işini saxlayır.

Məryəm: Kim dedi?

Əli: Radioda… Xəbərlərdə eşitdim…

Məryəm: Bu qədər tez?

Əli: Yox, tez deyil. Apreldə olur də, hər il apreldə olur…

Məryəm: Canın sağ olsun, özünü darıxdırma. Hələ bir ay vaxtın var.

Əli: Deyirəm, birdən…

Məryəm: … (Boylanır)

Əli: Deyirəm, birdən Muraddan xəbər çıxmaz.

Məryəm: Bir həftə gözlə, xəbər çıxmasa, özün zəng vur.

Əli: Üzüm gəlmir istəməyə.

Məryəm: Görərsən, özü zəng vuracaq. Ürəyimə damıb. Sən bilirsən də, mənim ürəyimə nə gəlirsə, elə də olur.

Əli: İstəmirəm Muradı darıxdıram. Birdən pulu olmaz, çətinliyi olar…

Məryəm: Özü deyib axı, özü deyib ki, gələcəm. Murad deyibsə, gələcək, özünü darıxdırma.

Sükut. Qab-qacaq səsi yenə eşidilir.

Məryəm: Bu uşaq getdi, yenə gəlmədi.

Məryəm mətbəxin pəncərəsindən boylanır.

Məryəm: Gəl, gəl bax, gör, nə iş görür…

Əli pəncərəyə yaxınlaşır. Hüseyn əlində vedrə, maşını yuyur. Məryəm pəncərəni açır:

Məryəm: Hüseynnn…

Əli ləzzətlə gülür. Hüseyn vedrəni atıb darvazaya sarı götürülür…

3. Epizod. İnt. Səhərə yaxın.

Əlinin evi. Yataq otağı. Əli, Məryəm, Hüseyn yatıb. Kamera ayrı-ayrı hər birini göstərir. Əli narahatdır. Yerində çevrilir, inildəyir. Sanki pis yuxu görür. Məryəm səsə oyanır.

Məryəm: Əli, Əli…

Əli yuxudan oyanmaq istəyir, oyana bilmir. Məryəm əlini ərinin üzündə gəzdirir, alnının tərini silir.

Məryəm: Əli… Əli, dur… Əli… oyan…

Hüseyn səsə narahat olur, yerində çevrilir.

Məryəm: Əli, eşidirsən…

Əli diksinib yuxudan oyanır.

Məryəm: Yuxunu qarışdırıbsan?

Əli üz-gözünü ovuşdurur.

Əli: Hə…

Məryəm: Qalx, əl-üzünə su vur, bir az hava al, keçib gedəcək. Bir azdan namazın da vaxtıdır.

Əli yataqdan qalxıb əl üzünü yuyur, pəncərəni açır. Hava işıqlaşmaq üzrədir. Rəfdən dua kitabı götürür, “Ayət-əl Kürsü” oxuyur.

Məryəm: Nə görürdün yuxuda?

Əli: Narahat olma, keçib getdi...

Məryəm: Necə yəni narahat olma? Səndə belə şeylər olmazdı, indi… birdən birə niyə belə olsun?

Əli: Olur, hərdən olur belə şeylər. Hamıda olur. Yuxudur də, adam qarışdırır.

Məryəm ərinə yaxınlaşır.

Məryəm: Əli, birdən zirayətə getməyin fikrini çəkərsən. Qismət olar, gedərsən, olmaz, gələn ili gözləyərsən. Qurban olum, özünü…

Əli: Yaxşı, yaxşı, dedim ki, keçib gedəcək. Narahat olma…

Məsciddən azan səsi eşidilir.

Əli: Namazın vaxtıdır…

4. Epizod. Nat. Axşamçağı.

Əlinin maşını darvazanın ağzında dayanır. Əli düşüb həyətə girir. Hüseyn həyətdə oynayır. Hüseyn atasını görür.

Hüseyn: Ata gəldi…

Ayağa qalxıb qapıya tərəf qaçır.

Hüseyn: Ata, mən açacam qapını…

Qapını açır, özü də Əlinin qucağında oturur, maşını həyətə salırlar.

Məryəm pəncərədən onlara baxır. Əli Hüseyni qucağında maşından düşürür. Boynuna mindirir, fırladır, gülürlər.

Hüseyn: Ata, maşını yuyum? (Fırlana-fırlana)

Əli: Yox, təmizdir.

Hüseyn: Qoy, yuyum də…

Əli: Dedim ki, təmizdir…

Hüseyni qıdıqlayır, yenidən gülürlər. Pəncərədən Məryəmin səsi eşidilir.

Məryəm: Hüseyn, atana dedin ki, məktubdan neçə almısan?

Hüseyn: Ay ata, müəllimə mənə beş yazdı. Dedi, görək hansı uşağın bəxtinə düşəcək?

Əli: Halal olsun, mənim oğluma…

Hüseyn: Hə, ay ata, müəllimə bir də dedi ki, deyəsən, sən böyüyüb yazıçı olacaqsan… Ya da şair…

Əli: Pay atonan, yazıçı ha (gülür) Niyə elə dedi?

Hüseyn: Xoşuna gəldi də yazım.

Məryəm: (Gülə-gülə) Sən soruş, gör məktubu kim yazıb?

Hüseyn: Ata, əvvəlini anam yazdı, sonrasını özüm.

Əli cavab almaq üçün üzünü Məryəmə tutur.

Məryəm: Düz deyir, özü yazıb. Mən də bir az kömək elədim.

Əli: Yaxşı, bəs hanı məktub? Gətir görüm nə yazıb?

Məryəm içəri keçir, əlindəki dəftəri pəncərədən Əliyə uzadır. Əli dəftəri alıb oxuyur (Hüseyn boynundadır):

“Adını bilmədiyim dostum. Salam. Mənim adım Hüseyndir. 10 yaşım var. Biz Bakıda yaşayırıq. Ümid qəsəbəsində. Atam, anam, bir də mənəm. Onlar məni çox istəyirlər. Mən də onları lap çox istəyirəm. Anam deyir ki, sən düz yeddi ildən sonra doğulmusan. Deyir, Allah səni bizim evimizə pay göndərib. Məktəbdə mənim çoxlu dostlarım var. İstərdim ki, onlardan biri də sən olasan. Mən dərslərimi yaxşı oxuyuram. Bilirəm ki, sən də mənim kimi oxuyursan. Mən sənə şəklimi də göndərirəm. Bəlkə biz nə vaxtsa görüşdük. Sən məni yadında saxla. Bizim evimiz Ümid qəsəbəsindədir. Nizami küçəsində. Məktəbin yanında. Evimiz yaşıl rəngədədir. Atamın adı Əlidir. İstəsən, gəl bizə. Gəlsən, sevinərəm. Atam da sevinər, anam da sevinər. Bir yerdə oynayarıq. Mənim atamın maşını var. O bizi maşını ilə gəzdirər. İnanıram ki, biz səninlə görüşüb dost olacağıq. Sağ ol. Hüseyn”.

Əli: Afərin mənim oğluma. Afərin.

Hüseyn: Doğrudan xoşuna gəldi?

Əli: Müəllimən deyəsən, düz deyir. Yazıçı da olmasan, səndən nəsə olacaq. (Gülür).

Məryəm də gülür, məzəmmət mənasında üzündə ifadələr yaranır.

Hüseyn: Ay ata, gedək də gəzməyə. Sən mənə söz vermişdin.

Əli: Getdik eee... Getdiiiikkkk...

Oğlunu təzədən fırladıb maşına sarı aparır.

5. İnt. Ev. Süfrə açılıb. Əli yemək yeyir. Stolun üstündə çörək, ayran, göyərti və s. Kamera əlinin üzünü yaxından göstərir. Yenə fikirlidir. Mətbəxdən yenə qab-qacaq səsi gəlir. Məryəm yemək gətirib özü də oturur. Bir müddət sakitcə yeyirlər.

Məryəm: Nə vaxt zəng vurmuşdu?

Əli ayran stəkanını başına çəkir, boşqabı kənara qoyur.

Əli: Günorta. Şəhərə adam aparırdım. Zəng vurdu, götürə bilmədim. Sonra yenə yığdı. Maşını saxlayıb danışdım.

Məryəm: Elə dedi ki, gələ bilmirəm?

Əli təsdiq mənasında başını tərpədir. Köks ötürür. Stolun üstündəki siqaret qutusunu götürür, birini çıxarır.

Məryəm: Heç olmasa, açıq da deməsən, nəsə eşitdirəydin də. Bəlkə özü başa düşəcəkdi? Yada da açıq-açığına deyərdin. Burda nə var ki?

Əli: Yox! Muradı incidə bilmərəm. Sentyabrda, ya oktyabrda gələcək də. Mənə görə narahat olar, utanar ki, qardaşımdan beş-altı aylıq borc aldım, onu da... onu dirənib ki, ver, mən ziyarətə gedim. Səncə, bu yaxşı çıxır?

Məryəm: Görərsən, ürəyimə damıb ki, Murad bizdən xəbərsiz gələcək.

Əli: Yox. Elə eləməz.

Məryəm: Bəs nə fikirləşirsən?

Əli: Bilmirəm necə edim.

Məryəm: Əli, qurban olum. İkisini də sən deyirsən. Nə gecən-gündüzün var, nə də ki, istəməyə üzün gəlir. Sənə dedim, qoy bu il qalsın də, nə məcburdur? Hə, Əli, başına dönüm, nə məcburdur? Ziyarətə məcbur getməzlər axı. Sən bunu bilirsən.

Əli: Bilirəm. Bilirrəəm. (Əsəbi).

Məryəm: Onda niyə narahatsan? Dünən də sayaqlayırdın e, Əli, sayaqlayırdın. Xəbərin var?

Əli: Necə yəni sayaqlayırdın?

Məryəm: Sayaqlayırdın də, sayaqlayırdın. Heç nə başa düşmədim. Bircə Hüseynin adını başa düşə bildim. Nə görürdün yuxuda?

Əli susur. Gözünü yumur.

Məryəm: Görürdün ki, Hüseynə nəsə olub hə?

Cavab vermir.

Məryəm: Qorxursan ki, Hüseynə nəsə olar hə?

Əli gözlərini süfrəyə dikib başını tərpədir.

Məryəm: Belə şeyləri başından çıxar. Heç nə olmaz, narahat olma. Heç nə olmaz Hüseynə. Sən ki belə şeylərə görə camaata gülürdün? İndi noldu Əli?

Əli: Elə dərd də budur dəə ...

Məryəm: Əli, belə şeylər küfürdür, haramdır. Yoxsa bilmirsən, yoxsa sənə mən öyrədim?

Əli: Bilirəm. O gün sən məni yuxudan durğuzanda...

Məryəm: (Sözünü kəsir) Hə, yuxu görürdün?

Əli: Yuxuma bir ağsaçlı adam gəmişdi. Dedi, mən peyğəmbərəm. Dedi... sən bu il ziyarətə get.

Məryəm: Offff... Əli... (Qeyzlənir, əsəbi. Səsini qaldırır) Bəsdir, qurban olub. Sən belə deyildin axı, nə vaxtdan yuxuda hər gördüyün adamı peyğəmbər bilirsən?

Əli: Sənin yadına gəlir ki, biz niyyət eləmişdik... uşaq sağ-salamat olsun, ...

Məryəm: (Səsini qaldırır) Yox, yadıma heç nə gəlmir. Biz heç vaxt belə niyyət etməmimişik ki, uşaq məktəbə getsin, sən ziyarətə gedəsən.

Əli: Bilirəm ee...

Məryəm: Bilmirsən, Əli... (Məryəmin gözü dolur). Ortalıqda heç nə yoxdur, sən özünə də əziyyət verirsən, mənə də.

Əli: Sənə bir şey demək istəyirəm.

Məryəm yanağını silib gözünü ona zilləyir.

Əli bir müddət susur.

Əli: Mən maşını satmaq istəyirəm.

Məryəm: ... (Susur. Udqunur)

Əli: Murad gələn kimi pulu versin, təzəsini alaram.

Məryəm: Əli... Necə yəni ... maşını satmaq istəyirəm?

Əli: Satacam də, satacam. Gələn bazar aparacam. Nəcəfə də deyərəm, bir yerdə gedərik, köməkləşib satarıq. Nə çox maşın. Alaram də, Murad gələr, alaram. Lap yaxşısını alaram.

6. Epizod. Nat. Günorta.

Əli üstündə “Çap xidmətləri” yazılan dükandan çıxır. Maşına yaxınlaşır, əlindəki kağızı maşının şüşəsinə yapışdırır. Kamera kağızı göstərir: “Opel vectra. İl: 1998. Motor 1,8. Avtomat karopka. Qiymət 4000 man”. Əli maşına oturub sürüb uzaqlaşır.

7. Epizod. Nat. Günorta. Hüseyn məktəbdən qayıdır. Yolda hoppanır, qarşısına çıxan plastik şirə qablarına, siqaret qutularına təpik vurur, öz-özünə nəsə oxuyur. Darvazalarını açıb içəri girir. Maşına yaxınlaşır. Şüşədəki satış elanını görür. Hüseynin üzündə olan sevinc hissi bir anlıq çəkilib gedir, udqunur. Key-key maşına baxır. Başını qaldırıb evin pəncərəsinə baxır. Məryəm pəncərənin ağzında, bir qədər içəridə dayanıb. O, uşağı görür. Əli də arvadının yanına gəlir. Heykəl kimi dayanıb Hüseynə baxırlar.

8. Epizod. İnt. Axşam. Əlinin evi. Əli namaz qılır. Namazını qılıb qurtarır, canamazı yığışdırır. O biri otağa keçir. Məryəm oxlovla kündə yayır, stolun üstündə bişməmiş qutablar görünür.

Əli: Hüseyn yatıb?

Məryəm: Yox, səhərdən girib otağa çıxmır.

Əli: Necə yəni çıxmır?

Məryəm: Məktəbə də getmədi. Nə soruşuram, cavab vermir.

Əli başını aşağı əyib köks ötürür.

Məryəm: Səhərdən ağzına bir tikə çörək salmayıb. Ac-acına uzanıb orda.

Əli otağın qapısına yaxınlaşır, onu açır.

Əli: Hüseyn...

Sükut.

Əli: Hüseyn...

Sükut.

Əli: Hüseyn, sənnənəm. Eşidirsən məni?

Sükut.

Əli: Oğlum, qalx ayağa, qalx, qutab yeyək.

Hüseyn yenə cavab vermir. Əli onun otağına keçir. Otaq yarımqaranlıqdır. Yatağına yaxınlaşır. Başını sığallayır.

Əli: Ağıllı oğlum, qalx ayağa. Qalx, yemək yeyək. Ana bizə qutab bişirib.

Hüseyn yenə cavab vermir.

Əli: Yaxşı, mən gedirəm, sən də gəl yaxşı? Ata sənə daha yaxşı maşın alacaq. Eşidirsən, atamın balası? Bu köhnəlib, sürə bilmirəm. Atanı incidir e, yolda qoyur. Eşidirsən, oğlum? Deyirəm, bu maşın atanı incidir, yolda qoyur. Ona heç kim minmir, hamı bahalı maşınlara minir ki, rahat getsin. Mən bunu satım, sənə yaxşısını alacam. Söz verirəm sənə. Yaxşı, oğlum? Qalx, qalx ayağa. Qutablar soyudu ee, qalx...

Hüseyndən səs-səmir gəlmir. Əli otaqdan çıxanda bərkdən:

Əli: Söz verirəm, Hüseyn, sənə yaxşı maşın alacam. Onun kondisioneri də işləyəcək. Bu maşın çox köhnəlib.

8. Epizod. Nat. Sübh tezdən. Əli həyətə düşür, maşına yaxınlaşanda görür ki, elan kağızı şüşədə yoxdur. Maşının ətrafına baxır. Yerdə kağız parçaları var. Əli maşını işə salıb həyətdən çıxanda Hüseyn pəncərədən gizlicə ona baxır. Ağlayır.

9. Epizod. İnt. Əli maşınla qayıdır. Maşının üstündə yenidən “Satılır” elanı görünür. Radioda xəbərlər oxunur. Həcclə bağlı xəbər başlayanda Əli siqaret yandırır. “Azərbaycanda Həcc ziyarətinə sənəd qəbulu davam edir. Qafqaz Müsəlmanları İdarəsindən verilən məlumata görə, ölkədə Həcc ilə bağlı sənəd qəbulu yalnız idarə tərəfindən aparılır. Zəvvarlardan xarici pasport, qeydiyyatda olduğu ərazi poliklinikasından sağlamlıq haqqında arayış və 4 ədəd fotoşəkil tələb olunur”.

Əli maşının çəkməcəsini (Bardoçok) açır, əyilib xarici pasportu ordan çıxarır, baxır, yerinə qoyur.

Əli: Deməli, belə... Sağlamlıq haqqında arayış… (Öz-özünə) Bu da dörd dənə şəkil.

Maşın yerindən tərpənir. Qarşıda iki mərtəbəli bina görünür. Əli maşını onun qabağında saxlayır. Maşından düşüb xəstəxanaya girir. İki nəfər maşına yaxınlaşıb elanı oxuyur. Öz aralarında nə isə danışırlar, maşının içinə boylanırlar, telefon nömrəsini götürürlər. Əli xəstəxanadan çıxır, əlində kağız var. Xəstəxananın yanında üstünə “Foto” yazılan kiçik dükana girir. Şəkil çəkdirir. Ordan çıxır maşına oturur. Maşının günlüyünü aşağı salır, sağlamlıq kağızını və fotoları ora qoyur. Sürüb uzaqlaşır. Kamera maşını uzaqdan göstərir.

10. Epizod. Əlinin evi. Hüseyn tez-tez pəncərədən boylanır. Sonra həyətə düşür, darvazadan çıxıb küçəyə boylanır. Darvazanın ağzındakı daşın üstündə oturur, gözlərini küçəyə dikir. Küçədən maşınlar keçir, Hüseyn bir-bir o maşınları ötürür, arxaları ilə baxır.

11. Epizod. Günorta. Uzaq plan. Əlinin maşını. Zəng gəlir. Ekranda Nəcəf yazılıb. Əli cavab verir.

Əli: Eşidirəm, Nəcəf… Salam Əleyküm qardaş, salam əleyküm… Allah razı olsun Nəcəf… Hə, bazardan qayıdıram… Alo… Nəcəf eşidirəm səni… Deyirəm, bazardan qayıdıram. Yox, yox, narahat olma, çətinliyim olmadı. Heç nə… (Siqaret yandırır) Yox, sata bilmədim… Həə… Maşın çox idi, qiymətlər də düşüb. Keçən bazar da belə oldu. Yox… Baxan çox oldu. Bir nəfər nömrəmi götürdü. Dedi, almaq istəsəm, zəng vuracam. (Kənardan görünüş. Maşın sola burulur) Həə… Görək də, Nəcəf, görək nolur. Bu gün bəlkə zəng vurdu. Alan adama oxşayırdı. Yaxşı. Narahat olma. Sağ ol Nəcəf. Allah amanında.

Maşın qəsəbədən keçib gedir.

12. Epizod. Əlinin evi. Günorta. Məryəm pəncərədən boylanıb Hüseyni çağırır.

Məryəm: Hüseyn…

Cavab yoxdu.

Məryəm: Ay Hüseyn… Hüseyn…

Sükut.

Məryəm tələsik həyətə düşüb Hüseyni axtarır. Həyəcanlıdır. Qorxur. Özünü darvazanın yanına çatdırır, qapını açıb küçəyə boylanır. Hüseyn küçə ilə gedir, yavaş-yavaş uzaqlaşır.

Məryəm: Hüseyn… Hüseyn, hara gedirsən?

Hüseyn çevrilib ona baxır. Sonra yoluna davam edir. Məryəm onun arxasınca qaçır, özünü yetirib oğlunun əlindən tutur. Qarşısında çökür, onun üz gözünü oxşayır.

Məryəm: Qurban olum, hara gedirsən?

Hüseyn yenə cavab vermir.

Məryəm: Ata bir azdan gələcək. Gedək evə…

Məryəm Hüseynin qolundan tutub arxasınca evə tərəf çəkir. Uzaq plan. Hüseyn gəlmək istəmir, anası onu arxasınca aparır.

13. Epizod. Günorta. Əliyə zəng gəlir. Cavab verir.

Əli: Alo…

Məryəmin səsi: Əli, neynirsən? Necə oldu?

Əli: Evə gəlirəm…

Məryəm: Maşını… (Məryəmin sanki səsi qırılır) sata bildin?

Əli: Yox. Bir nəfər zəng vurmalıdır. Gəlirəm evə, narahat olma.

Məryəm: Həə… yaxşı…

Əli: Hüseyn neynir?

Məryəm: Hüseyn çıxıb gedirdi ki, atamı axtarmağa gedirəm. Evə güclə gətirmişəm.

Əli: (Sükut). Yaxşı, gəlirəm.

Məryəm: Alo, Əli...

Əli: Həə, eşidirəm...

Məryəm: Gələndə alça al, Hüseyn alça istədi.

Əli: Yaxşı, yaxşı, alaram...

14. Epizod. Nat. Günorta.

Əli maşını saxlayır. Ağacın altında bir qoca kişi oturub mer-meyvə, göy-göyərti satır. Əli kişidən alça alır, maşına oturur. Alça torbasını iki oturacağın arasına qoyur. Maşın tərpənir. Əli alçadan birini götürüb ləzzətlə yeyir. Turşluqdan gözləri qıyılır, ağız-burnu əyilir. Birini də götürüb yeyir, sonra birini də yeyir.

Qarşıdakı yolda bir uşaq, bir yaşlı qadın dayanıb. Əlinin maşını yaxınlaşır. Qadın əl edir. Əli maşını saxlayır, şüşəni salır.

Qadın: Salam, oğlum…

Əli: Salam əleyküm…

Qadın: Məktəbin yanına gedirik. Yolunuz oradırsa, bizi də aparın…

Əli: Əyləşin, xala, əyləşin…

Qadın və uşaq maşına oturur. Yol gedirlər. Əlinin telefonu zəng çalır. Əli sanki diksinən kimi olur. Gah yola baxır, gah telefona. Gərgindir. Qərar verə bilmir ki, cavab versin, ya yox. Əlini telefona aparır ki, açsın. Birdən əlini saxlayır. Zəng kəsilir.

Sükut. Uşaq alçalara baxır. Nənəsinə işarə edir.

Uşaq: Əmi, mən o alçadan istəyirəm ee…

Əli torbanı bir əli ilə açır, uşağa alça verir.

Əli: Sənin adın nədir?

Uşaq: Adım Orxandır.

Əli: Hə… Orxan… Orxan, neçədə oxuyursan?

Qadın: Bu il dördüncü sinfi bitirir, əmisi.

Əli: Həə… Mənim də sənin boyda oğlum var. O da bu il dördüncü sinifi bitirir.

Bu vaxt Əliyə yenə zəng gəlir. Yenə qərarsızdır. Gərginləşir. Əlini telefona aparır. Barmağını yaşıl düyməyə qoyur, sonra saxlayır. Zəng kəsilir.

Orxan: Sənin oğlunun adı nədir?

Əli: Adı Hüseyndir…

Orxan: Hüseyn?

Orxan qadının üzünə baxır. Qadın çantasından zərf çıxarır. Əli güzgüdən qadına baxır. Onların baxışları toqquşur.

15. Epizod. Əli darvazanı açır. Maşını həyətə salanda ona yenə zəng gəlir. Telefonu söndürür. Maşını həyətə salır. Kamera uzaqdan göstərir ki, maşında uşaq və qadın var. (Bu, göstərilməyə də bilər) Əli maşının günlüyündən sağlamlıq kağızını götürüb cırmaq istəyəndə əlinə başqa kağız keçir. Kağızı açır. İçində Hüseynin şəkli var. Kağızı oxuyur: (Kadrarxası səs) “Adını bilmədiyim əmi. Salam. Mənim adım adım Hüseyndir. 10 yaşım var. Biz Bakıda yaşayırıq. Ümid qəsəbəsində. Atam, anam, bir də mənəm. Atam maşını ziyarətə getmək üçün satıb. Mən istəmirdim. Anam da istəmirdi. Amma atam qorxur ki, bu il ziyarətə getməsə mənə nə isə olar. Əmi, atam məni çox istəyir. Söz verib ki, Murad əmim gələndə bizə yaxşı maşın alacaq. Amma mən başqa maşın istəmirəm. Ona görə atamı da, anamı da danışdırmıram. Əmi, sən heç vaxt atam kimi edib oğlunu incitmə, yaxşı?”.

Əli sarsılır. Məktubu və sağlamlıq kağızını ovcundan sıxır. Gözlərini yumur.

Orxan: Əmi, sənə nə oldu?

Əli cavab vermir.

Orxan: Əmi düşmürük? Hüseyn evdə yoxdu?

Əli: Evdədir, oğlum, düşək…

Orxan: Nənə, gəl…

Düşürlər. Orxan düşən kimi Hüseyni çağırır. Hüseyn pəncərədən görünür. Gülümsəyir.

Orxan: Hüseyn… Sən yazmışdın, mən də gəldim…

Hüseyn anasını çağırır. İkisi də pəncərədə görünür. Hüseyn güləndə Əli də bərkdən, ürəkdən gülür. Alça torbasını maşından götürüb birini Hüseynə atır. Sonra yenə birini, yenə birini atır. Uzaq plan. Orxan da Əliyə qoşulub alça atır. Hər ikisi bərkdən gülə-gülə yenə alça atırlar. Hüseyn ağzını-burnunu şüşəyə söykəyir. Qırmızı, göy alçalar pəncərə şüşəsinə dəyir, dəyir, dəyir…

Son…

İyun, 2016

# 1621 dəfə oxunub

Müəllifin son yazıları

# # #