Ad günündə şəhid olan Xalq Yazıçısının oğlu

Ad günündə şəhid olan Xalq Yazıçısının oğlu
14 may 2014
# 10:12

Kulis.az Cavid Zeynallının Xalq Yazıçısı Sabir Əhmədlinin şəhid oğlu Məhəmməd Əhmədli haqqında yazısını təqdim edir.

Gündüzlər qohum-qardaş gəlir, təsəlli verir, toxtatmağa çalışırdılar. Elə ki, çəkilib getdilər, gecələr yalquzaq təki uluyurdum...

Sabir Əhmədlinin xatirələrindən...

* * *

94-ün fevralı.

Güllədən dəlmə-deşik olan köhnə “Moskviç” üzü Murova səmt alıb. Keçilməz dolamaların, çən bürümüş döngələrin hər qarışından ölüm boylanır. Qar basmış yollarda, meşənin seyrək yerində əsgər qaraltıları seçilir. O dəlmə-deşik, “yaralı” maşında üç nəfər yol gedir – Bakıdan oğul sorağı ilə gələn ata, Gəncənin icra başçısının köməkçisi və cavan sürücü. “Yol evi” deyilən yerdən irəli maşın işləmir, geri qayıtmaqdan savayı çarə yoxdur. Köməkçi Hacıkənddə düşür, hərbi hissənin qərargahına baş çəkir, qayıdanda and içib ağu yalayır:

- Sabir müəllim, balamın canına and olsun, qərargahda şəhid olanların siyahısına baxdım, sizin oğlunuzun adı orda yoxdur. Məhəmməd sağdır! Onu axtarmalıyıq.

- Harda?

- Qospitala baş çəkək.

Atanın ürəyinə ümid dolur. Yolda Murovdan piyada enən, əl-ayaqları donan üç əsgərə rast gəlmişdilər. Oğlunu nişan verəndə biri demişdi, bakılı oğlan vardı, Yasamal uşağı, qolundan yaralanmışdı, apardılar hospitala. Razıydı, təki Məhəmmədi hospitalda, yaralıların arasında görsün. Vaxtilə balıqçıların uşaq bağçası olan hospitala yetişirlər. Həkim sağ qolundan yaralanan həmin oğlanın çarpayısına işarə edir. Özünü atır oğlanın yanına, birdən Məhəmməd dillənə: “Ata!”.

O deyil, deyil, o deyil! Bir sarıbəniz yeniyetməydi!

* * *

90-ın yanvarı.

Məhəmmədin anası, Sabir Əhmədlinin müəllimə dediyi Şaban xanım sevincək danışırdı:

- Zəng basıldı, qapını açdım. Donub qaldım. Dedim, dədə vay! Əvvəl tanımadım, gözlərimə inanmadım. Şofer də aşağıda gözləyirdi. Bir əllilik götürüb düşdüm. Dedim, dükanda xırdalayım, pulunu verim. Şofer qayıdasan ki, bacı, əllilik nədir, onu xırdalayırsan da. Sənin üçün odun-alovun içindən oğul gətirmişəm. Əlliliyi diri verdim, sürüb getdi.

Sabir Əhmədli Məhəmmədin bu vədəsiz gəlişindən bir şey kəsdirmir. Dönə-dönə sorğu-sual edir:

- Hə, danış görüm necə gəlmisən?

- Necə olacaq? Otpusk!

- Məhəmməd, sənə otpusk? Ağlım kəsmir.

- İnanmırsan, bu da sənəd-sübut.

Məhəmməd məzuniyyət vərəqəsini göstərir: qırmızı xətt, hissənin möhürü, fevralın 13-dək otpusk.

- Bəs necə oldu axı, birdən-birə məzuniyyət verdilər?

- Bakıdakı hadisələri eşidən kimi polkda bütün azərbaycanlı əsgərlər yığıncaq keçirdik. Orda televiziya göstərmişdi. Razılaşdılar. Dedilər, kimi istəyirsiniz, beş nəfər seçin, getsin Azərbaycana, sizə soraq gətirsinlər. Dörd nəfər gəldik.

“Anası plov dəmlədi, düyü altında xına təki qızarmış cücələr gəldi. Bir işi vardı ki, içən deyildi. Amma yeməkdə hə. Arabir çıxır, telefonla zəng çalır, özünü verirdi hamamxanaya – tualetə. Görünür, orda siqaret çəkirdi.

- Sənə mən nə demişdim? Demişdim, qardaş, Məhəmməd, bax neyləyirsən, elə, nə ilə əylənirsən, əylən. Bircə, siqaret çəkmə. Bilirsən, necə şərdir bu? O qoymur səni artasan. İndi sənin elə vaxtındı, hər gün boy atacaqsan, qalxacaqsan”.

* * *

Bir axşam ata-ananı sorğu-suala tutur:

- Bunun o qızından nə soraq var? Onunla danışır?

- Qızı deyəsən, veriblər başqasına. Buna bildirmir.

- Veriblərsə, bəs necə, yenə danışırlar?

- Danışmır. Qız gəlmir telefona. Evdə ola-ola deyiblər, yoxdur.

- Lap yaxşı də. Özü də, bundan yaşca böyükdü.

- Bir yaş.

- Anası, ya nənəsi də mən bilən, erməni idi. Heç verməsələr də, mən razı olmayacaqdım. Bircə elə ermənim kəm idi. Görürsən, arvadı erməni olanların başına nələr gəldi? Cavan, yaşlı ailələr parçalandı. Qaldılar əl-amanda.

- Mən də elə dedim. Yox, erməni qatı yox imiş. Gülür, deyir erməni nədir? Amma deyəsən, nişanlayıblar. Bu da heç vecinə almır. Dedim, sənin kimi oğlandan ötrü min qız tapılar. Ölərlər dərdindən. Bax, bir ləyaqətli yerin, yüksək ailənin qızı ilə evlənərsən. Deyir, bəs gəlin hara gələcək? Deyirəm, qardaşın evlənəndə ona mənzil tutacayıq, sən bizimlə qalarsan. Deyir, yox.

- Verərik bu evi də ona, çıxıb gedərik kəndə.

* * *

- Ata, mən gedirəm. Gələcəksən də?

- Gələcəm. Danışdığımız təki. Beşinci gün çıxacam.

Özü getdi komissarlığa. Lap düzü, bir neçə dəfə getdi, dala qaytardılar. Gah sənədlərini tapmadılar, gah dedilər hələ çağırış bitməyib, get iki gündən sonra gələrsən. Soyuqlamışdı, 39 dərəcə qızdırmanın içində getdi komissarlığa.

Səksən kilometrlik acı-acınacaqlı yolu başa vurub, viranə yurda oxşayan Pirküşkülə - sınıq-salxaq hərbi kazarmalara yetişdik. Müdafiə Nazirliyində şöbə müdiri vəzifəsində çalışan yerlim getdi hissəyə ki, bəlkə bir tanış adam tapa. Çox keçmədi Polkovnik əli ətəyindən uzun qayıtdı. Heç kimi tapmamışdı.

- Ata, - Məhəmməd dedi, - onda mən getdim.

- Get, - dedim.

Şinelini qabaqda – sürücünün yanına qoymuşdu. Əyilib götürəndə başı maşının üstünə toxundu, papağı düşdü oturacağa. Əyilib götürdü, “uşanka” başına balaca idi. Getdi. Şineli bükülü qoltuğunda, papağı gözünün üstünə enmiş, qulac addımlarla dəmir darvazadan keçdi və arxaya baxmadan yox oldu...

Səhəri gün gecə saat ikidə qapının zəngi çalındı. O idi, bircə günün içində sınıxmış, qəribsəmişdi. Dedi, onları Gorana aparıblar, icazə alıb dörd yoldaş gəliblər. Özü də, kazarmalardan dəmir yol stansiyasına bir sistern maşının üstündə. Qardı, şaxta idi, yoldaşlarından ikisi sisternin üstə, biri ayaqqoyduda iyirmi kilometrdən artıq yol gəlmişdilər. Düşəndə görüblər, ayaqqoydudakı oğlanın qıçlarını don keyidib.

Anası buraxmaq istəmirdi, mən də israr etdim. Razılaşmadı. Ertəsi axşam anasına tapşırdı: “Səhər saat 6-da məni mütləq oyat. Getməliyəm. Yoldaşlarım vağzalda gözləyəcək”.

Nə illah elədik, qalmadı. Axşam əsgər köynəyinin döş cibindən bir bükmə çıxarıb anasına göstərmişdi:

- Bu nədir?

- Çarpayımda uzandım ki, bir az dincəlim. Belimi nə isə deşirdi.

Qalxıb axtardım. Gördüm bu imiş, avtomat gülləsi.

- At getsin onu! – Ana ürpənmişdi.

- Bu, məni taleyimdir – demiş və gülləni yenidən büküb qoymuşdu ürək üstə, cibinə.

Obaşdan qalxdı. Başını mənim otağıma saldı: “Ata, mən getdim. Gələcəksən də?!”

* * *

Köhnə kürsülər, hərdən onun uzanıb dincəldiyi mənim taxtapuşlu taxtım, tez-tez baş vurduğu, qazanların qapağını götürüb yemək axtardığı mətbəx... Məhəllə, bütün dünya onunla vardı, onunla bizə canlı, doğmaydı. O, yoxdu. Bu abadlıqda, otuz ildən artıq yaşadığımız üç otaqda, pəncərə pərdələrində onun həniri qalıb. Gün-gündən özü orda – torpağın altında sovulduqca, izləri də burda pozulur, silinir. Bizi tək qoyub getdi. Bizi gəlinsiz, nəvəsiz qoyub getdi. Bu mənzilin yiyəsi onlar olacaqdı. Məni hündür, qəşəng çiyinlərində aparacaqdı; uzun boynu tabutun altından qırağa çıxacaq, güclü əli ilə yapışacaqdı məndən – mərhum atanın tabutundan.

* * *

Goranda hərbi hissənin yeməkxanasında bir nəfər Məhəmmədin tanışı çıxır. Ata oğlunu nişan verən o adamı min dillə sorğu-sual edirdi:

- Onların hamısını Murova apardılar. O da getdi.

- Axı, mən ona demişdim, gələcəm.

- Özü də deyirdi, atam gəlməlidir.

- Gözləyə bilməzdi? Elə bir imkanı yoxdu?

- Vardı, qala bilərdi, qalmadı.

* * *

İcra hakimiyyəti başçısının köməkçisi dolanıb gəldi. Soraq gətirmişdilər:

- Gorandan gətirilmiş batalyonları yenidən qaytarıb aparıblar Gorana. Oraya getmək lazımdır. Oğlunuz orda – Goranda olacaq.

Məni yola salmaq üçün maşın axtardı. Bir köhnə “Jiquli”ydi. Gəldim Gəncəyə. İlahi, girəm içəri, görəm oturub Altay əmisi, onun oğulları, Almaz bacı ilə. Qar səngimiş, külək kəsmişdi. Həyəti örtmüş qarın üzündən də soyuqluq, bədlik oxunurdu. Sonradan quranmış taxta eyvan da dünən məni gülən qarşılayan deyildi. Qalxdım, ayaqlarımı dəhlizdə soyundum. Almaz bacı göründü. Tutqundu, içəri keçdim. Altay əllərini çəliyin başında üst-üstə qoyub, mənim indilərdə qayıdacağımı bilirmiş kimi gözləyirdi:

- Əyləşdik, ilk sözüm bu oldu:

- Dəhşətdir. Kəlbəcərə hücum baş tutmayıb. Hacıkəndin meşələri, o yanlar tey əsgərdir. Başlı-başını götürüb, canını qurtarsın.

- Həsən kimdir?

Bir xeyli düşündüm.

- Məhəmməd yaralanıb. Bakıdadır. Həsən kimdir?

- Qaynımdır.

- O bizə zəng edib, düşə bilməyib. Gəncədə tanış qohumları var.

Onlara bildiriblər. Bir oğlan göndərmişdilər ordan, gəldi, o dedi.

Qolundan yaralanıb.

- Altay, - dedim, - Məhəmməd yaralanıbsa, bunun üçün sən məndən muştuluq istəməliydin. Amma mən sənin üzünə baxıram, bu, yaralanmaq sorağına oxşamır.

Gecə ilə Altayın Elxan adlı tanışı ilə Bakıya çıxdım. Deyəsən, ona da tapşırıq vermişdilər ki, danışma, nə soruşsa, yovut.

- Qaranlıqda çatacağıq. Qalxacağıq Yasamala. Bizim mənzilimizin pəncərələrindən işıq gəlsə, deməli, nə isə olub. Metronun ilk səfərləri başlamışdı, vaqonlar boşdu. “Elmlər Akademiyası”nda vaqondan düşüb, eşiyə, işığa çıxdıq.

Pilləkən başa çatdı.

- Bax, indi, o qabaqkı döngə bizimdi. Ora çatdıqmı, evimiz görünəcək.

Çatdıq döngəyə, evimizin arxa həyəti. Bizə qədər bircə iz düşməmişdi, hər yan bəyaz mərmər təkiydi, düpdüz, haphamar.

Ürəyimə ümid, sevinc doldu.

Elə ki, mənzilin açıq qapısından qoluma girmiş bu oğlanla içəri ayaq basdım..., otaqları dolu gördüm. Orta – böyük otaqda çəhrayı ipək örtük çəkilmiş cənazə qoyulmuş, anası başdan oturmuş, xalaları, qonum-qonşu cənazə dövrəsində halay qurub əyləşmişdilər.

- YOX! Yox! Yox... Ola bilməz. İnanmaram. Məhəmməd, balam mənim! İnanmaram! – Cənazənin ayağına çöküb, dizin-dizin onun üstünə can atdım:

- Açın üzünü! Götürün örtüyü! Mən onu görmək istəyirəm. Mən səni haralarda axtardım, balam?! Gəlibmişsən, özün gəlibmişsən.

* * *

Yasın ikinci günü Məhəmmədin tağım yoldaşı – qardaşının tanışı gəlir. Sabir Əhmədli soruşur ki, nə deyirdi, necə davranırdı?

- Deyirdi, atam gələcək. Sizi gözləyirdi.

- Hadisə necə olub?

- Ocağın qırağında oturmuşduq. Birdən səs eşidildi - tu-pp. Güllə idi. Ocağın başındakılara baxdım, soruşdum ki, kim yoxdur? O, yox idi. Qayanın yanında uzanmışdı. Tərpənirdi. Komandirlər, cəbhə həkimi gəldi. Əsgərlərə dedilər, çəkilin. Özləri qaldı... Baxdılar, yazdılar.

- Hadisə hansı gün baş verib?

- Fevralın on ikisində.

- Saat neçədə?

- Gecə saat iki, üçə işləmiş 15-20 dəqiqə.

- Fevralın on ikisi onun anadan olduğu gündür.

Bütün qəbiristanı axtar, bəlkə yüzlərlə, minlərlə məzarda belə tarix görməzdin: 12 fevral 1970-ci il – 12 fevral 1994-cü il.

* * *

Fevralın on üçü – istirahət günü səhər evə zəng gəlir. Qardaşı – Etibar cavab verib. “Komissarlıqdandır, sizi görmək istəyirik” – xəttin o başındakı adam deyir. Gəlirlər, xəbəri elə qapıda deyirlər. Anası inanmır, “Səhv salmısınız” deyir. Gedirlər respublika xəstəxanasına, morqun qapısına. Anasının gözü dikilir, gətirilən bir neçə nəfərmiş. O imiş, əynində şinel, papağı gözünün üstə, alnının sağ yanında güllənin açdığı oyuq.

Xeyli sonra anası mənə dedi:

- Səndən çəkinir, demirdi. İmtahan, zaçotların hamısına pul istəyirdilər. Qalırdı neynəsin. Gedib bacısından, xalası qızı Mətanətdən borc alırmış, maaşında verirmiş.

Moskvada Poliqrafiya İnstitutunda bir semestr oxudu. Orda gördüm ki, çətin başa gələcək. Cavan, boy-buxunlu, qəşəng oğlan, rus qızları. Arabir mən, ya anası Moskvaya gedib baş çəkirdik. Bir otaqda on nəfər qalırdılar. Çıxıb gəldi, yenə imtahan verib Neft-Kimya Akademiyasının axşam şöbəsinə daxil oldu. Gündüz Nəqliyyat Nazirliyinin hesablama mərkəzində işləyirdi. Bir kərə onun işinə baş çəkməyə getmişdim. Elə bilirdim, kompüter cihazının qarşısında görəcəm. Rulon tökülmüş bir otaqdı. Kağız tozundan nəfəs almaq olmurdu. Onun işi kağız doğramaq idi.

* * *

Onun geyimi asılmış dolabın qırıq qapısını ilk dəfə açıram. Dolabın sol küncündə çiyinlikdə bir tutqun pencək asılıb, əlimi toxundururam. Onun kostyumudur. Başımı dolabın içinə soxuram, kostyumunu qucaqlayıb qoxlayıram. Bu kostyumda onun təmiz canının həniri qalır...


P.S. Yazı Xalq Yazıçısı Sabir Əhmədlinin "Şəhid ruhu" kitabı əsasında hazırlanıb.

# 3941 dəfə oxunub

Müəllifin son yazıları

# # #