Teatrdakı o adam

Teatrdakı o adam
23 sentyabr 2013
# 17:52

Cavid Zeynallı yazır

Mövsüm yaxşı başladı. Ona görə yaxşı başladı ki, gündəmi biz cəhənnəm, özünə də hörmət qoymayan xalq artistlərinin saçyoldusu yox, ciddi sənət, ədəbiyyat söhbətləri zəbt etdi. Hər halda sevinmək lazımdır ki, mətbuat Vəfa Zeynalovanın çəkildiyi filmi, Mehriban Ələkbərzadənin quruluş verdiyi tamaşanı çək-çevir edib dünyanın seks problemini çoxdan həll etdiyi vaxtda əxlaq senzoru rolunda görünmədi.

Akademik Milli Dram Teatrının direktoru İsrafil İsrafilovun Təhsil Nazirliyini teatrlara bilet satışının qadağan olunmağına görə günahlandırmağı, milli dramaturqların zəif pyeslərini tənqid etməyi, ümumən Azərbaycan teatrının problemləri haqqında dediyi fikirlər hələ də dartışılır. Hər halda, Azərbaycanın ən böyük teatrının rəhbəri teatrda olan problemləri çəkinmədən dilə gətirirsə, buna ancaq sevinmək olar. Əslində, bu yazını yazmağıma səbəb İsrafil İsrafilovun müsahibədə daha böyük problemə - varlı təbəqənin teatrdan uzaq düşməsi məsələsinə toxunmağı oldu. Amma bu haqda bir azdan.

Daha sonra başqa polemika açıldı: doğrudanmı, bizim yazıçılar ədəbiyyat yarada bilmirlər?! Mənim düşüncəmə görə, ikinci polemikada yazıçı və naşir mübahisəsinin motiv və predmetində yanlışlıq vardı. Və mənzərə ondan ibarətdir ki, hər iki tərəf həm düz danışır, həm yalan! Yəni bizim naşirlər marketinq maraqlarını təbii və haqlı (?) olaraq hər şeydən üstün tutub, Azərbaycan yazıçısını köhnə mövzulara köklənməkdə, mücərrəd məsələlərdən üyüdüb-tökməkdə qınadı. Yazıçı da o mənada haqlı ki, kitab reklamının olmadığı, kitabı və ədəbiyyatı heç kimin vecə almadığı bir zamanda kitab biznesi ilə məşğul olan xanım özünü müəllim rolunda göstərməyə cəhd edir, roman yazmağın reseptini verir. Amma dipdiri bir həqiqət var: bizim yazıçılar yanlış olaraq həmişə oxucunu qınayıb, necə deyərlər, səhv çıxarıb. Oxucunun istədiyi romanı yazmaq bizim öhdəmizə düşür və 500 tirajla çıxan kitablarımız satılmırsa, deməli, burda naşirin, kitab mağazası rəhbərini günahlandırmaq da zor iş. O başqa məsələ ki, düzgün reklam qurulsa, çağdaş Azərbaycan yazarının kitabı satılar, oxunar, müzakirə olunar. Və bu problemin gün kimi aydın olan köklü səbəbi: ədəbiyyat prioritet sahə deyil!

Qayıdaq teatrlara varlı təbəqənin gəlməməyi məsələsinə. Teatr direktorunın varlı təbəqə dediyini, orta təbəqə kimi anlamaq daha doğru olar. Mən Kamal Abdulla və Elçin Əfəndiyevin tamaşalarında həmin orta təbəqənin nümayəndələri, ictimaiyyət arasında tanınan adamlar ilə eyni tamaşaya baxmışam. Və əlbəttə, həmin şəxslər teatr direktorunun dediyi kimi xüsusi dəvət əsasında gəliblər. Yəni teatra könüllü bilet alıb doğmaları, yaxınları ilə tamaşa zalına təşrif gətirməkdən söhbət getmir.

Ötən həftə Opera və Balet Teatrında Üzeyir Hacıbəylinin “Arşın mal alan” musiqili komediyasına baxdım. Tamaşa zalında insanların sənətini ciddi qəbul etdiyi nəinki yazıçı, aktyor, rəssam heç bəstəkar da gözə dəymirdi. Məndən qabaqkı yerdə Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov Rusiyadan gələn bir qonağı ilə əyləşmişdi. (Qonağın Azərbaycan dilini başa düşməməyi bunu deməyə əsas verir. Amma hər halda, səhv edə bilərəm).

Tamaşa başlanana qədər Səlim Müslümov Azərbaycan mədəniyyəti, Üzeyir Hacıbəylinin musiqisi haqqında qonağa ağızdolusu danışdı. Tamaşa başlananda solistlərin ifasına ən çox reaksiya verən şəxs də məhz fond sədri idi. Musiqi başa çatdımı, aktyorları alqışlayır, uğurlu muğam boğazı olan kimi asta-asta, zövqlə başını tərpədir, sonra ləzzətlə gülür, zalı özünə qoşub salonu alqış sədalarına qərq edirdi. Hər iki dəqiqədən bir qonağın qulağına əyilib aktyorların danışığını başa salanda həmin adama qoşulub gülməyi, yeri gələn kimi yenə Üzeyir bəy musiqisinin əzəmətindən danışmağı həqiqətən gözəl mənzərə idi.

Və düzünü deyim ki, bu kiminsə gözündə adi görünürsə, həmin adama nəyisə başa salmaq həvəsində deyiləm. Dərindən düşünsək, əlbəttə, bizim ölkəmizdə bir dövlət məmurunun 10 manata bilet alıb teatra gəlməyi gözəl, həm də vərdiş vermədiyimiz səhnədir. Azərbaycanda adi günlərdə heç, musiqi, kino, teatr bayramında bilet alıb tamaşaya zalına gedən neçə nəfər dövlət qulluqçusu var? Bu suala cavab tapa bilsək, rahat yazı da yaza bilərik, kitab da sata bilərik, üstəlik, rahat ölə də bilərik.

# 2561 dəfə oxunub

Müəllifin son yazıları

# # #