Gürcü qızın xoşbəxtlik resepti

Gürcü qızın xoşbəxtlik resepti
12 sentyabr 2014
# 10:51

Kulis.az Cavid Ramazanovun “Sentyabr” yazısını təqdim edir.

Rütubət və köhnə kitab qoxuyan kitab mağazasında məndən başqa 70-80 yaşlarında bir müştəri də var. Mən maraqlı nəsə tapmaq ümidiylə rəflərdə qurdalanıram. Yaşlı müştəri artıq özünə lazım olan kitabları seçib, indi də satıcıyla hansısa ortaq tanışlarından danışırlar. Gözucu yaşlı müştəriyə baxıram. Çətinliklə hərəkət edir. Artıq həyatda olmayan tanışlarından bəhs edən iri, şəkilli kitabı vərəqləyə-vərəqləyə danışarkən çənəsi əsir:

- Rəhmətlik çox insan adamıydı. Həddindən artıq savadlı, bilikli... Allah rəhmət eləsin... Füzulişünasıydı, Füzulini əzbər bilirdi...

- Həə, Füzulini çox sevirdi...

Söhbətləri çox davam eləmir, yaşlı müştəri dükandan çıxanda həm mağaza sahibi, həm də satıcı olan həmyaşıdına təşəkkür edir. “Allah səni bizdən əksik eləməsin, gələndə həmişə səni görək...” və indi xatırlamadığım bir neçə cümlə deyir. Bir an havada asılıb qalan, ürəyin dərinliklərindən gələn minnətdarlıqla deyilən bu sözlərdə qəribə, əsrarəngiz nəsə var. Deyəsən, bu sözlər yolun bitməsinə az qaldığına işarədir, ölüm artıq çox da uzaqda deyil. Mütaliəli müdrik qocalar heç narahat olana oxşamırlar, təmkinli, sakit, dincdirlər.

Seçdiyim kitabları satıcıya verəndə diqqətlə gözlərinin içinə baxıram, gözləri bir az bulanıq olsa da, çox aydın baxır. Bu baxışlarda mənim anlamadığım, bəlkə də heç vaxt anlamayacağım çox şeylər var, bilirəm ki, belədir, hiss edirəm.

5 kitab, cəmi 4 manat. Kitabları götürüb dərhal mağazadan çıxmağı güman etdiyim halda yaşlı satıcıyla başlayan söhbətim saat yarım davam edir. Bu necə oldu, heç başa düşmədim. Birdən ayıldım ki, saat yarımdır ayaq üstə dayanıb söhbət edirəm. Nə vaxtsa kiminləsə belə ləzzətlə söhbət elədiyimi xatırlamıram, bəlkə də belə düşünməyimə səbəb mağazadakı mübhəm, sirli havadır. Bəxtim gətirir, bu zaman ərzində mağazaya hansısa müştəri girmir. Aramızda bəlkə də 50 il fərq var, mən onun üçün ağzından süd iyi gələn uşağam, amma mənə də fikrimi bildirməyə, həmsöhbət olmağa imkan verir. Bir dəyərli insan nə vaxtsa mənə belə demişdi: “Əsl azad insan həm də qarşısındakına azadlıq verəndir”.

Nazim Hikmətdən, Henrix Haynedən söhbət açır, mağazasına gələn xarici müştərilərdən danışır. Söhbət xaricilərdən düşmüşkən, sovetlər zamanı bir ingilislə başına gələn maraqlı hadisəni xatırlayır: “80-ci illərin əvvəllərində kitab işiylə məşğul olan xeyli adamı Yuqoslaviyaya aparmışdılar. Mən də onların arasındaydım. Qaldığımız yer turistik zonaydı. Qostinsadakıların çoxu xariciləriydi, hollandlar, ingilislər, fransızlar. İlk dəfə həqiqi bolluq nə olan şeydi onda gördüm. Nəsə... Qostinsada obed vaxtı xaricilər gedib istədikləri yeməyi götürüb istədikləri yerdə oturub yeyirdilər. Amma biz məcburuyduq ki, yemək üçün sıraya düzlənib növbəmizi gözləyək. Elə sırada durub növbəmi gözləyirdim, bir də gördüm əlində qəlyan tutmuş yekəpər ingilis qıraqda dayanıb yuxarıdan aşağı bizi süzür. Sən demə, rusca bilirmiş. Birdən qayıdıb ironiyayla bizə dedi ki, bu nədi belə, Xomeyni? İki-üç il əvvəl İranda İslam inqilabı olmuşdu, ona işarə vururdu. Mən bunu eşidəndə sıradan çıxdım. İngilisin düz qabağına gəlib dedim ki, Xomeyni xalqını bir yerə topladı, millətin qanını soran, istismar edən ingilisi, amerikanı ölkədən qovub rədd elədi. Bunu deyib keçdim yerimə. Sonra uzaqdan ona baxdım, pərtliyi hələ də keçməmişdi...”.

Bunu danışıb astaca gülür. Ömrünün 50 ili kitabların arasında keçib, Bakıda onu tanımayan adam yəqin, özünü də tanımır. Sorağı “Nyu-Yorker” jurnalına qədər gedib çıxıb.

Sonra bir-iki ağız da ordan-burdan danışırıq, nəhayət başa düşürəm ki, söhbət yekunlaşıb. Xoş söhbətə görə təşəkkür edib çölə çıxanda saata baxıram, birdir. Qız Qalasının yanından asta-asta mərkəzə tərəf yeriməyə başlayıram. Günəşli, parlaq sentyabr günüdür. Hələ tezdi, amma artıq havada payızın hənirtisi duyulur, yavaş-yavaş sərinlər düşür. Malakan bağına çatıb skamyada əyləşirəm. Belə gözəl şənbə günündə evdə oturmayıb səhər tezdən küçələrə düşdüyümə görə ürəyimdə özümü təbrik edirəm.

Ovqatım yaxşıdır. Xoşbəxtəm demirəm, xoşbəxtlik kəlməsinə dözümüm yoxdur, hətta zəhləm gedir. Elə bilirəm, ancaq başıboş, səfeh qızlar xoşbəxt ola bilərlər. Elə ən yaxşısı ovqatım yaxşıdır, ya da kefim yaxşıdır deməkdi, qısa, konkret. Parkda oturub öz-özümlə boş-boş danışıram. Yəqin bu da indiki ovqatımla bağlıdır. Tiflisdə bir qızla söhbətimi xatırlayıram. Qız sifətdən xoşagələn olsa da, çox hündürboylu, iri sümüklü, yekəpəriydi. Ömrümdə gördüyüm ən nəhəng zərif cins nümayəndəsiydi. O da hardansa gəlib məni tapmışdı, heç bilmirəm, nəyəsə görə mənimlə söhbətə can atırdı. Tərslikdən həmin gün ovqatım çox təlxiydi, ağzımı zorla açıb iki-üç kəlmə deyirdim, onu da nəzakət xatirinə. Gedib hardasa oturub içmək, bir az özümə gəlmək istəyirdim. Getdik əməllicə içdik, yenə də düzəlmədim, sifətim bir az da sallandı. Tiflisin kələ-kötür küçələriylə geri qayıdanda məndən niyə kefimin olmadığını soruşdu. Məcbur qalıb izahat verməli oldum ki, mən ovqat adamıyam, kefimin necə olmağı ovqatımdan asılıdır, bir gün elə olur, bir gün belə, proqnoz vermək çətindi, dedim, artistlik eləmirəm, tam səmimiyəm, mısmırığımı sallayıb gəzdiyimə görə məni üzrlü hesab eləsin və s. Xala-xətrin qalmasın deyə onda necə olduğunu soruşdum. Dedi ki, o, ovqatını özü yaradır, ovqatına özü nəzarət edir. Bu mənə çox ağıllı fikir kimi görsəndi - ovqatını özün yaratmaq, özün nəzarət etmək. Görəsən, bu niyə heç vaxt mənim ağlıma gəlməyib? Mən də gərək belə eləyəm. Malakan bağında oturub elə bu barədə düşünürdüm: “Bu gün ərinməyib səhər tez durdum, gəzintiyə çıxdım, kitab mağazasında maraqlı söhbət elədim, ona görə də kefim indi yaxşıdır, çoxdandır özümü belə yaxşı hiss eləmirdim, evdə otursaydım, bütün bunlar baş verməyəcəkdi. Özümü belə yaxşı hiss eləmək istəyirəmsə, gərək tez-tez belə şeylər edim...”

Sonra özümlə dialoqdan əl çəkib ətrafı müşahidə eləməyə başladım. Atraksionlarda oynayan uşaqların səs-küyü aləmi bürüyüb, dünya-aləm veclərinə deyil, çətinlik, problem nədir bilmirlər, həyatdan xəbərsizdirlər, qışqırırlar, əylənirlər. Bəlkə də təkcə uşaqlar xoşbəxtdirlər, qalan hamı özünü gicliyə qoyub, ola bilər... Yanımdan qatar-qatar gözəl-gözəl qızlar keçir, cazibədar, təravətli, qəşəng. Uşaqları atraksionlarda oynayan valideynlərin başı bir-biriylə möhkəm söhbətə qarışıb. Yəqin ya özlərini tərifləyirlər, ya problemlərindən danışırlar, ya da qeybət edirlər. Əlində dəftərçə tutmuş utancaq bir oğlan parkda skamyalarda oturanlara yaxınlaşmaq üçün tərəddüd edir. Başa düşmürəm, sorğu götürənlər, kağız-kuğuz, elan vərəqi paylayanlar niyə utancaq adamlar olur? Ya da mən ancaq utancaqlarına fikir verirəm, utancaq olmayanlara yox...

Günortadır. Nəhayət ki, canımız qurtardı, dəhşətli istilər artıq geridə qalıb, indi günün günorta çağı da parkda oturmaq olur. Əsən mehin ilıq nəfəsi üzümə, boynuma dəydikcə, ləzzət alıram. Kaş Bakıda hər gün belə gözəl hava ola. Uşaq səsləri, uzaqdan gələn musiqinin xəfif sədaları, şəhərin uğultusu eşidilir, mavi səmada təkəmseyrək bulud parçaları baş götürüb harasa gedirlər, iri ağacların yarpaqları xışıldayır, kölgələr yerlərdə rəqs edir. Heyranlıq hissinə qapılmışam. İlahi, bu gün həyat necə də gözəldir. Qəfildən səhər “Tvitter”də elm səhifələrdən birinin paylaşdığı cümlə yadıma düşür: “Sənin bu yazılanı məhz indi görməyin təsadüfdür, Yer, həyat da çox güman belə bir təsadüfdən yaranıb”. Ümumiyyətlə, elm adamları həyatın təsadüfdən yarandığını təkrarlamağı sevirlər. Qəribədir, yenə öz-özümə düşünürəm, doğrudanmı belədir, doğurdanmı bütün bunların hamısı təsadüfdür? Adi, bəsit, mənasız, yekə bir təsadüf?.

# 3902 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #