Qadınların inboxunda gecələyən moşular

Qadınların inboxunda gecələyən moşular
29 mart 2019
# 11:22

Ölkəmizdə çoxlu Moşu var. Bu moşuların işi-gücü çoxlu şeir yazmaqdan ibarətdir, bir də o şeirləri hamıya oxutmaq, dinlətmək cəhdlərindən.

Moşular sosial şəbəkələrdə meydan sulayırlar. Onları profil şəkillərinə görə, bir də xanımların profil şəkillərinə yazdıqları şərhlərə görə bir neçə kateqoriyaya bölmək olur.

Məsələn, qara qaşların altından qıyqacı-romantik baxışlar, hər an vətən, dostluq, zəmanədən şikayət, qocalıq, saçlara düşən dən barəsində misralardan sentimental sevgi bəndlərinə beyqafıl keçid eləmək bacarığından xəbər verən pafoslu duruş, əlli il əvvəlin xatirə dəftərlərində solub-saralan heca şeirlərinə ömürlük sadiqlik nümayişi və s.

Hələ profil şəkillərinin üzərinə dimdiyi sünbüllü göyərçin stikeri qonduranlar, qızılgül ləçəkləri səpənlər, şeirlərini internetdən yüklədikləri müxtəlif qadın fotoşəkilləri ilə təqdim edənlər...

Moşular gənc yazarları sevməzlər. Onların sevdiyi, bəyəndiyi gənc yazar olmaq üçün mütləq qrafoman olmalı, mütləq “moşu style” janrda yazmalı, mütləq onlara “ustad” deməlisən.

Moşular xanımlara dostluq təklifi göndərəndə həyəcanlanıb “ürəyim əsir, baxışların məni kəsir” havasında şeir yazırlar. Dostluq təklifi göndərdikləri xanımlar o təklifi qəbul edəndə sevinib yenə də mütləq şeir yazırlar, inanın. Yox, buna hələ inanmayın. Çünki bu şeirdən əvvəl mütləq xanımın şəxsi mesaj qutusuna əl yelləmək işarəsi göndərirlər. Sonra da keçirlər yazılması vacib olan şeirə. Məsələn, “dostluqdan sevgiyə bir addım ataq” havasında nəsə.

Moşuların ən dəqiq obrazı hamımızın sevdiyi məşhur “Bəxt üzüyü” filmində yaradılıb. Hərdən mənə elə gəlir ki, bəzi moşular özlərinin görkəmli stillərini məhz elə Valeh Kərimovun o filmdəki görkəminə bilərəkdən bənzədirlər.

Amma Valeh Kərimov da borclu qalmayıb. Belə ki, “Bakılı oğlanlar”ın çəkdiyi “Bəxt üzüyü -2” filmində aktyor özünü bizim bu moşularımıza o qədər dəqiqliklə bənzədib ki, adamın baxanda heyrətdən gözləri təpəsinə çıxır.

Neynir bu Moşu?

Çox şey.

Lakin bizə onun məhz ədəbiyyatla bağlı tərəfi maraqlıdır deyə, yalnız həmin epizodlara diqqət edəcəyik.

Məsələn, Moşu nəvəsinin kitab oxuduğunu görüb fəxrlə onun yanında oturur və soruşur: “Babanın şeirlərini oxuyersan dana, hay?” Nəvə cavab verir: “Yox. Füzulinin”. Moşu hirslənib uşağa bir qapaz ilişdirir: “Dur rədd ol, ə! Babası dura-dura onun-bunun şeirlərini oxuyer!”

Sonra biz Moşunun telefonda hansısa baş redaktorla danışdığını görürük. Baş redaktor zəng edib bildirir ki, onun şeirlərini çap edə bilməyəcəklər. Və Moşu yenə hirslənir: “Necə yəni çap eləmiyəssiniz? Ə bəs siz Nizamini, Füzulini çap eliyirsiniz, mən onlardan hansından əskik kişiyəm? Hə, mən bileyrəm sizin dərdinizi! Onların yuxarıda dayısı var!"

Bəli, görkəmli moşular həmişə həqiqi istedadların çap olunduğunu görəndə məhz bu cür reaksiya verirlər. Onlar çap olunmaq üçün mütləq “dayı”ya ehtiyac olduğuna inanırlar. Niyə bu inam bu qədər güclüdür? Çünki moşular çoxdurlar. Və moşuların istedad tavanlarına (bu məxsusi tavan barədə növbəti yazıda oxuya bilərsiniz) boyu-başı uyğun gələn özləri kimi Allah bilir neçənci aşağı dərəcəli mətbu orqanları və redaktorlar da olub (və var) ki, onları müəyyən qarşılıqlı razılaşmalar əsasında çap edirlər. Və yaxud...

Yaxud da moşular həyasızcasına dava salıb, həşirləri hesabına özlərini çap etdirməyə nail olurlar. Elə “Bəxt üzüyü - 2”dəki növbəti epizodda olduğu kimi.

Həmin epizodda görkəmli Moşu onu çap etməyən redaksiyaya gəlir. Əynində pencək, boynunda qalstuk, ciblərindəki A4 vərəqlərdə xeyli şeir var. Katibə onun baş redaktorun kabinetinə keçməsinə mane ola bilmir. Baş redaktorun “Nə lazımdır?” sualına Moşu pafosla “Mənə ədalət lazımdır!” deyir. O, başqa nəsə deyə bilərdimi? Çətin. Moşu çox səmimidir. O, həqiqətən də inanır ki, şairdir, hətta dühadır, onu mütləq hər yerdə hörmətlə qarşılayıb yuxarı başa dəvət etməlidirlər, etmirlərsə, deməli, ədalətli deyillər və o mütləq bu ədalətsizliyin bərpası üçün sərt müqavimət göstərməli, özünü layiq bildiyi yerə keçməlidir. Moşu inanır ki, onu çap etməyən baş redaktor da ədalətsizlik edir. Hətta baş redaktor onun şeirlərini zibil vedrəsinə tulladığı digər moşuların şeirləri arasından tapıb oxuyanda da o mənasız söz yığınını şövqlə dinləyir, müdafiə edir. Və sonra...

Sonra Moşu ciblərindən çıxardığı A4 vərəqlərindən fasiləsiz şeir oxuyur. O qədər oxuyur ki, baş redaktorun halı pisləşir, təzyiqi oynayır, bayırda qəbul növbəsini gözləyən adamların səbri daralır. Və haçandan-haçana baş redaktor nəfəsinin kəsiləcəyini anlayıb təslim olur. Moşunun şeirlərini çap edəcəyinə söz verir. Təki canı qurtarsın ondan, təki ürəyi partlamasın.

Moşu isə baş redaktorun sakitləşdirici həbini də öz ağzına atıb onun suyunu içir və fəxrlə yumruğunu göydə yellədib bəyan edir: “Yenə də xalq qalib gəldi!”

Moşu bütün varlığı ilə inanır ki, xalq onu oxuyur, sevir, xalqın onun şeirlərinə ehtiyacı var.

Bəli, moşular belə tipdirlər. Onların qadın versiyaları da var. Düzü, bilmirəm, onları necə adlandırmaq olar. Moşunələr, bəlkə. Allah bilir.

Moşuların və moşunələrin yeganə dərdi “xoşbaxtlıq” sözünə qafiyə axtarmaqdır. Yeri gəlmişkən, onların dəftər dolu hazır düzülmüş qafiyə bazaları olur, hecaları hesablamaq üçün də kalkulyatorları. Hə, bir də sosial şəbəkələrdə daim aktiv hesabları.

Əminəm ki, bu yazını oxuyandan sonra saxta profillərindən mənə dadlı-duzlu ithaflar yazacaqlar. Moşular Moşunə adlarıyla, moşunələr Moşu adlarıyla. Həqiqi profillərindən isə like atar, təşəkkür yazar, moşulardan gileylənəcəklər.

P.S. İstisnalar qaydaları pozmaq üçündür, fərqindəyəm.

# 2631 dəfə oxunub

Müəllifin son yazıları

# # #