Qadın ətri

Qadın ətri
26 yanvar 2015
# 11:58

Kulis.Az Cavanşir Yusiflinin “Qadin ətri, yaxud köhnə fotolar” məqaləsini təqdim edir.

“Bir şeirin dedikləri” silsiləsindən

Bizdə içi pafosla dolu yalançı nəğmələr çoxdu. Böyük əksəriyyəti vətən haqqındadı. Leksikonuna, lüğət tərkibinə baxsan, elə baxmasan da altından xətt çəkilmiş sözlər gözə dirənəcək, söz, qılınc, şimşək, ay vətən, hələ bu azmış kimi, sözün köynəyi, göynəyir.... Bu kontekstdə Fuzulinin məşhur “aldanma ki, şair sözü əlbəttə yalandı...” deyimi də ağ yalan olur.

Pafos aşıb-daşdığına görə, yerdə qalan hər nə var, üstündən xətt çəkirik, söz çoxluğunu (laf kalabalığını) normal, bənzətmə-deyim qısırlığını sətiraltı kimi anlayır və beləcə... anti-ədəbiyyat üstündə köklənirik. Amma bizdə şeiri “çürüdən” (necə ki süd çürüyür) problem vəznlə yox, niyyətlə, anlayış naqisliyi ilə bağlıdır. Dəhşətli həqiqət budur: ən çox sevdiyimiz şeirlərin içində pafosdan qeyri bir şey yoxdu. Necə deyərlər, yayı çəkib, oxu atıram...

Əlbəttə, bəzi istisnaları ayırmaqla.

Könül Həsənqulunun “Səndən sonra” şeirində hərəsi bir nişangahda olan misralar yoxdu, rəsmi cızılan obrazın özü aralarında zahiri əlaqə bağı olmayan detallardan yığılır. İnsanı öləndən sonra bu dünyada qoyduğu şeylərin təkində (dibində, rişəsində, göz işləməyən, ün yetməyən dərinliyində...) axtarmaqdan normal nə ola bilər ki?

Axtarırdım sənə qovuşmağın yollarını –

Öncə düşüb həyətə
Ovuclarımla su səpdim əkdiyin çiçəklərin dibinə
Bəlkə orda susuzsan deyə...

Bu təşnəlik, bu həsrət çiçək, ağac, yarpaq timsalındadı. Baxın, vaxtilə Baqif Bayatlı yazırdı ki, “bahar ağaclardan çəkilən kimi, çəkildi qolumdan gənclik həvəsi”. Bu misraları oxuduqca ağlıma fəvvarə obrazı gəlirdi, ən hündür ağacların başına qədər ucalan su birdən, dibindən kəsilir, elə bil ağacın dibinə balta vururusan... Bir də:

Sən bağlayan pəncərənin

Bir dön geri bax, yeri var...

“ovuclarımla su səpdim əkdiyin çiçəklərin dibinə...” şərti anlam daşıyır, təsəvvürü dəyişməyi, oxucudan misradan misraya adladıqca gərginlik sahəsini dəyişməyi tələb edir.

“...Bəlkə orda susuzsan deyə...” artıq seçilən detalı obraza döndərir.

Bəlkə ovucdakı su o çiçəklərin dibinə süzülənədək, təsvvür eləyək ki, hansısa quş o suyun altından keçdi, islaq qanadlarını çırpa-çırpa yerin altından yerin üstünə xəbər apardı və bu şeir də ani baxışla həmin quşun yuvasında cücərdi... Fantastikadır, deyilmi? Bunu danmaqmı olar? Olmaz. Ancaq bu dünyada belə fantaziyadan doğru nə ola bilər ki yaşamaq üçün? Bir dəfə olmuşdu. Mən bir şairə başıma gələn əhvaları danışmışdım. Yol qırağında dayanmışam, o tərəfdən ata qızıynan keçir, qarşıdan avtomobil gəlir, güllə kimi, ata qızını xilas edir, özü gülləyə tuş gəlir. Yazıda, bədii mətndə avtomobil mənim, yəni o illərin tələbəsinin kölgəsini vurur və mən... ölürəm. Portalda nekroloqum çıxanda həmin ölüm hadisəsi yadıma düşdü. Bilmədim, ölən kimdi, mənmi, yoxsa o balaca qız (quş)cığazın atasımı? Bəlkə hər ikimiz. Amma sonra daha qəribə hadisələr oldu:

Sonra geri çəkdim divar saatımızı

Anamın qoparıb atdığı təqvim ləçəklərini də
Gətirib yapışdırdım geriyə

Bəlkə bu arıq əllərimlə
Geriyə çəkə bilərəm deyə zamanın çarxını

Olmadı...

Səndən sonra o şəkillərin də
Heç birindən mənə ata olmadı

Heç biri çərçivələri sındırıb çıxmadı...

“Bəlkə bu arıq əllərimlə...” misrası özündən əvvəlki və sonrakı detalları baş-başa gətirir, obrazın açımına, assosiasiyaların müvafiq axarla yaranıb-formalaşmasına yardımçı olur. Həmin misranı şeirdən, mətnin içindən qoparıb atsaq (təqvim ləçəkləri kimi...), bütün məna başqalaşar, obrazın ifadə etdiyi nəsnə diametral şəkildə dəyişər, ancaq bu belə olmadığı üçün bilirik ki, poetik mətndə söhbət zamanı geri fırladıb nəyisə bulmaqdan getmir. Könülün şeirinə xas olan keyfiyyətlərin sırasında ən əsası ... duyğuları faş etmək yox, qapamaqdır, niyyət misra, deyim, bütün mətnnin daxildən duyulmasına köklənir, görə biləcəklərimiz, bizə göstrəriləcək nəsnələr obrazın son dərəcə xəsis şülüzlərindən sızır. Bu keyfiyyətin açımı tam olsun deyə, yadınıza mərhum şairimiz Sərdar Əsədi salmaq istərdim. Onun da şeirlərində qəribə bir mübhəmlik vardı. Vaxtilə onun mətnlərini təhlil edən filoloqlar adı keçən mübhəmliyi qəlizlik, anlaşılmazlıq adına yoxur, şairin öz içində azdığını qeyd edridilər. Bu aspekt ağlına gəlməsə, həmin bəndləri, o uzaqdan işıq saçan, yaxına gəldikdə adi sözə çevrilən deyimləri anlamazsan. Onun keçən əsrin 70-ci illərində “Qobustan” jurnalında çap edilən şeirlərində bu dediyim keyfiyyət bütün çalarları ilə ortada idi. Sən obrazı, onun yaranıb-formalaşdığı detalları elə dərindən duymalı, elə fəhm etməlisən ki, aldığın estetik zövq birə-on artsın. Bu tipli mətnlər insandan zəngin fantaziya, təxəyyül dərinliyi tələb edir. Yəni, Könül Həsənqulunun da şeirdə yoldaş olduğu bu poetik xüsusiyyət həm də universal xarakter daşıyır (nə qədər intim, şəxsi olsa da-!). Xulio Kortasarın fransız dilində qələmə aldığı qəribə metaforalı şeirləri də belədir. Bir sözlə, bu şeirlər hardasa, yuxu ilə gerçəkliyin qarışdığı yerdə, məqamda yaranır. Yaxınlarda Səməd Vurğunu “divara qısnayan” (və müəyyən mənada, haqlı olaraq-!) məqalələrin birində bir fikrə rast gəldim: “...Şeir bir anın içində varlıqla sirli bir şəkildə qarşılaşmaq və bu bir anın əbədiyyətə qovuşması ilə ortaya çıxar...”. Çox maraqlı fikridir, ancaq söhbətin müəllifinə yox, fransız alimi Qaston Başlyara məxsusdur. Başlyar yazırdı: “...Poeziya – ani metafizikadır. Yığcam şeirdə poeziya hər şeyi bir anda ifadə etməlidir - dünyanı necə görməsini və insan qəlbinin sirlərini, şəxsiyyəti və predmeti. Poeziya zamanının dalına düşdükcə, süründükcə həmişə həyatdan kiçik olacaq, həmişə kiçiləcək; yalnız həyatı dayandırmaqla və yalnız sevinclə əzabın ani dialektikasını yaşamaqla, poeziya həyatı ötüb keçə bilər. Buna uyğun olaraq, o, hətta rabitəsiz şeylərin “bitişdiyi” halda da sinxronizmin təcəssümüdür”.

Xulio Kortazarın məktublarının birində şəxsən mənim üçün çox maraqlı bir məqam var. Bu məktubu o, “Payız toranı” adlı şeirlər kitabı nəşr edildikdən sonra yazmışdı: “İndi filoloqlar, ritorika, klassifikasiya, nə bilim hansısa ekspertiza mütəxəssisləri coşduqca coşacaqlar, çaşdıqca çaşacaqlar..., ancaq biz indi başqa bir tərəfdəyik, tam vəhşi və insansız bir ərazidəyik, elə bir yerdə ki, poeziya hüzurumuza arı kimi, arı şanı kimi.... təşrif gətirir..

Nəyisə, lap elə özünü, həm də oxucunu axtaran poeziya vargəl edərək dünyanı gəzib-dolaşır, rahat durmur, özünü durmuş, dayanmış kimi göstərir, sonra dilinin altındakı “zəhəri” boşaldır və bu, olsun ki, hansısa Argentina romançısının fantaziyasına, olsun ki, Apolinerin insanı sarsıdan qüssəsinə bürünərək gəlir və burada məhəbbət ən azı yanıb kül olmanın doğruduğu bir hisdir, şeirdəki obrazlar vurulan yaranı gizlətmək, onun üstünü örtmək üçün min bir oyundan çıxır...”

Bu mətndə obrazla bağlı deyilən fikir dəqiq və fantazıya oyadıcı keyfiyyətə malikdir. Keçən yazımızda Derridanın poeziya haqqında məqaləsində buna bənzər bir fikir vardı: poeziya yara kimi şırım açır. Kortasar sanki bu fikrin davamını gətirir: şair obrazlarla minbir oyun qurur ki, o yara gizlənsin.

Şeirdən adət etdiyimiz pafos götürüldükdə mətn bir az “kasıblaşır”, sözlər, ifadələr lüt görünür, bir az da qulağa yabançı gəlir, məntiqsiz təsir bağışlayır. Necə yəni, “mənim rütubətli təkliyim”, təklik, tənhalıq niyə rütubətli olmalıdır ki? Küçədə adətən ayaq izləri olar, amma Könülün mətniqiylə küçədə əl üzləri var, çəkilib üzüaşağı bir sığal...

Ancaq...

İndi dinsiz məbəddir evim...

Gecənin lal qaranlığında

Duyursanmı Şimalda kilsə zənglərini?

Odur mənim nəbzim...

Çırpınır gecələr boynumun şah damarında

İki nəsnədən biri yanındadır. Digəri təsəvvür edilir, səndən yüz kilometrlərlə uzaqda. Şairin işi, sənəti bu məsafəni qoruyub-saxlamaq, yaxınlaşdırıb-uzaqlaşdırmaq, bir sözlə, idarə etməkdir və oxuduğum mətnlərdən aydın olur ki, Könül bunu yaxşı bacarır. Onun “əl işləri” kiçik format boyuna biçilib, bu kiçik formatda Könül elə hərəkətlər edir ki, əlin sığalı, küləyə qarışan, sonra yay günü evin damında sünbül kimi bitən göz yaşı dünyada bütün dillərin susduğu, yalnız işarə, göz-qaşla danışıldığı bir aləmdir. Bu dünyada sözə ehtiyac yoxdu, bu oxuduğumuz mətnlər həmin “dilsiz” işarələrin qabığından çıxıb adama nəsə anlatmaq istəməsinə bənzəyir. “Qaranlıq” şeirini oxuyanda Məstan Günərin “Şabadın sətirləri” yadıma düşdü. Orda, o mətnlərin içində bir səhnə var (Məstan şeirin içində, mağardakı aşıq kimi bir an əl saxlayıb, insanlara nəsə demək mənasında hərəkətlərə yol verirdi, şeir içində dastan başlayırdı...), əsgər neçə gün davam edən ağır döyüşlərin birində yaralanır, atı onu kəndə, çayın kənarına gətirir. Sinəsindəki yaradan qopan ahın gücünə ay damcılayır...

Bir anlığa gözlərimi yumub bu iki şeiri bir yerdə, bir əhvalın içində görmək istədim, birdən hər iki mətnin içindən “üzündə günəşin ürəyi getmiş” qız obrazı boylanır. Hər iki şeir oxucudan danışılan əhvalata nəyisə qatmağı, özündən çox şirin, çox gözəl bir şeyi uydurmağı tələb edir.

Gəl...

Ayı

Dağların ətəyinə
Günəşi

Bir körpənin əllərinə tapşırmışam

Tutsunlar

Saxlasınlar sabahacan

Yuxarıda, məqalənin başında Xulio Kortazarı yada saldıq və o məqamda ədəbiyyatşünaslar haqqında işlətdiyimiz “çaşacaqlar...” ifadəsi Kortasarın dilində o mənada işlənirdi ki, o, şeirə nəsrdən qayıtmışdı. Susuz bir adam kimi, şeirə, sözü bu şəkildə işlətməyə susamış bir adam kimi. “Karton üzərinə yapışdırılan kəpənəkləri görməyə gözüm yoxdu; mənə poetik ekologiya, oturuşuna-duruşuna fikir vermək lazımdır... həm də: - nəsr dünyasından qopub gələn bir fərd kimi özüm üçün etiraf etməliyəm ki, yalnız şeirlər unudulmur, yalnız onlar məni hifz edə və mənə sədaqətli ola bilərlər, köhnə fotolar kimi. Daxili bütövlükdən doğan kitabları əsl kitab hesab edirəm, ürəyin göstərdiyi xronologiyadan başqa hər şey yalandır və bütün görüşlər arasında yalnız təsadüfi olanalr həqiqi sayıla bilər”. Aşağıdakı şeir kimi, birinci şeirin davamı olaraq.

Kiçik formatda küçə

küçədə əl izləri var –

çəkilib üzüaşağı

həzin bir sığal

damlarda göz yaşları...

ordasa yaydı

ovcunda tutub bir kişi üst-üstə iki çörək

sol qolunda saatı

əlində

qara eynək

çörəyin üstündəsə

qat-qat öpüş izləri –

anamın dodaqları

bu –

sənin fotoşəklindir

ata!

# 1689 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #