Yazıçı və bioqrafiya məsələsi

Yazıçı və bioqrafiya məsələsi
22 oktyabr 2015
# 11:28

“Bərpaçıya məktublar”

Son yazı: yazıçı və onun bioqrafiyası

Bəzən yazdığı əsərlərdə onlarla, yüzlərlə personaja necə deyərlər “tale düzəldən”, tərcümeyi-hal yazan yazıçının özü bioqrafiyasız qalır. Başını aşağı salıb yazırsan, bəzən elə yazırsan ki, bir daha dayanmayacağına da inanmış kimi olursan. Nə olacaq bunun axırı, kim bu adamın qolundan tutub yatağını göstərəcək: bir az nəfəs dər, özünə gəl. Bəzən də iynəynən gör qazmış kimi yazırsan, qələm işləmir, daş parçasına dirənir, amma yenə özündən bir şey uydurub özünü dayanmadan yazırmış kimi təsəvvür edirsən və.. işlər bu momentdən təkan götürüb də gedir. Hər gün, hər saat, hər dəqiqə... yazan adam metaforası. Bu adam artıq yazıçının içindən, tərcümeyi-halından çıxaraq onu tərk edib, ona başqa bir tale yaradıb, onu qalın-qalın kitabların arasında qoyub gedib, üst-üstə qalanan kitablar arasında bir toz zərrəsi, yəni, axırı onsuz da belə olacaq.

Ölüm və mətn. Yazıçı və onun bioqrafiyası. Bunlar mənə görə, elə bütün dünya ədəbiyyatının sübut elədiyi kimi, çox ciddi mövzulardır. Hücrəsinə qapılıb yazan adam kitabların, söz və hərflərin, yaşadığı məmləkətin yollarından uzun və darıxdırıcı cümlələrin arasında itib-batdığı zaman ancaq iki şeydən yazır: həqiqət və qeyri-həqiqət. Daha doğrusu, bunların heç biri. Yəni, bir kənd, orda ancaq bir nəfər həqiqəti bilir. Yazıçı özünü axmaqcasına bu adama çevirir. Və ölür. Bioqrafiyasız.

Olmayan, ancaq təsəvvürdə yaradılan iki şeyin arasında yaşayan yazıçı bəlkə dünyanın sonuna qədər orda qalır, ölüm bu adamın hücrəsinə təşrif gətirmir. Bu adam toza çevrilib zaman keçdikcə “böyüyür”, özü də bir kitaba çevrilir, ancaq bu kitab açıldığı an örtülür. Oxunduqca qapanan, cildin, haşiyənin, çərçivənin içindən çıxıb ruh kimi dünyanı gəzib-dolaşan kitab. Bu artıq metafora deyil. Taledir.

Paşkin belə yazırdı: “Dil ölümü ehtiva edə bilirmi? V.Yankeleviçin yazdığı kimi: “ölümün yaratdığı ifrat mutasiya dil çərçivəsinə sığmır”. Dil geridönməzliyin sonluğu qarşısında, həm də ölümün qorxu törədən üzəçıxmazlığı qarşısında güzəştə gedir. Ölüm dilə yiyələnir, onu bir məmləkət kimi ələ keçirir və o, total dematerializasiyanın, mortal karnavalın növbəti qurbanına çevrilir; o artıq özünün əsas funksiyalarını icra edə bilmir: təsvir etmək, göstərmək, müəyyənləşdirmək: Ancaq dil – ölüm,-deyə səslənə bilər”. Ölüm dilə yiyələnir: yəni, qələmini əlindən alıb, səni cəhənnəmin dibinə tullayır, yazmaq adlı cəhənnəmin.

Yazıçının bioqrafiyası isə, dünyada mövcud olan və onun qulaqların gəlib çatan bütün səs, hərf, söz və cümlələrdən imtina ilə başlayır. Yazmaqdan sözün yaxşı mənasında “iyrənməyən” yazıçının taleyi yox, kitabları, cildləri olur. Taleyi olmayan yazıçının kitablarını heç kim oxumur. Həqiqətə yetimxana kimi baxan (bura ancaq yiyəsiz adamları gətirirlər, yəni taleyini yolda salıb itirmiş, yaxud taleyi oğurlanmış adamları... ) yazıçı obrazı, kitab metaforası. İndi bu kitabı heç kim oxumur. Çünki bütün kitablar sevgisiz yazılıb. Qurumuş çayın dibinə baxıb düşünməyin nə əhəmiyyəti var ki?

Dostoyevskinin “Don Kixot”la bağlı dediyi məşhur ibarə əslində yazınının kosmosla əlaqələrinin, ruhani bağlantısının bir bəlirtisidir. Məhşər günündə bütün insanlığın adından bu kitabın təqdim edilməsi hesabatdan başqa həm də çox ibrətamizdir. Bunu oxuyun və yazmayın.


Taleyindən, bioqrafiyasından çıxıb getmiş adamlar...

Amma belələri də var. Son dərəcə istedadlı, duyumlu, hər bir sətrində, misrasında, sözündə göylə yeri birləşdirən mediatorlar. Bunlar bir məqama qədər yazırlar. Qələm çox acı, taledən, həyatdan... daha acı həqiqətlərə toxunana qədər, ya da bizim bilmədiyimiz nəsnələrə çatana qədər. Qələm dayanır. Nəfəs bitir. İnsan geri çəkilir. Bu artıq yazılmamış kitab obrazıdır. Mən o kitabı oxumaq istərdim.

Heç olmasa bircə sətrini...

# 1394 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #