Bir nəfər üçün yazmaq

Bir nəfər üçün yazmaq
21 iyun 2016
# 09:11

Bu dünyada ən intim, heç kəsin təşrif gətirə bilmədiyi yer yazıçının yazı masasıdır. Başqa şeylərdən fərqli olaraq onu gün işığına, açıq səma altına çıxarmaq olmaz. Olarsa, mənası, mahiyyəti itər. Başqa bir şeyə çevrilər.

Hətta bütün işıqları keçirib pərdə arxasında keçib yazanlar olub. Qələm öz işığı ilə işləyir. Ya bəlkə dayanıb gözləyir ki, hərdən ild;rım çaxsın, şimşək oynasın, onların işığı düşəndə yazsın. Bilinmir.

Siqaretlər çəkilir, kül külə qarışır. Bu mühitdə, bu xəfə yerdə yazıçı külünü siqaretin tüstüsünə, siqaretin külünə qarışdırır.

Səni heç kəs, heç özün də görməməlisən.

Başqa bir şəxsə çevrilirsən. Özünlə söhbət edirsən. Sözünüz tərs düşə bilər. Özünü bağışlamazsan. Ürəyin ağrıyar. Amma yenə bu pıçıltılar davam edər.

Amma bu yazının kiminçün yazıldığını heç biriniz kəsdirməz. O adam bu dumandan, bu küldən doğulacaq. Ancaq bircə nəfər. O kimdisə naqil olmalıdır. Sənin ağrını canından keçirib ətrafa buraxmalıdır. Dözsə, tab gətirsə.

Sən bir nəfər üçün yazırsan, ancaq onu düşünürsən, bütün dünyanı ayaqların altına qoyub ürək ağrını sözə çevirirsən, amma söz tükənir. Yazmaq istədiklərin sözə sığmır. Keçirdim qəlbimi yüz-yüz gözəlin / heyran baxışının odu içindən / mən onu vermədim, verə bilməzdim…. çünki sənin üçün saxlamalıydım / saxlamalıydım ki, mən onu sonra, verəm gözlərinin cəfalarına… Şeirdən adda-budda misralar gəlir, yaddaşın köz kimi yanıb-sönür, hər şey qəlbindədi, ovcunun içindədi, amma sən bunları sözə çevirə bilmirsən. Hər gələn küləyə, hər gələn sözə könül verməmək, ən munisini, ən təmizini gözləmək, lap dünyanın sonuna qədər…

Sən kənardan, efirdən gələn səsləri eşitmirsən. Karsan hər şeyə. Bir adamı gözləyirsən. Əli ürəyinin üstündə.

Orta əsrlərdə yazılan şeirləri bu nöqtədən baxıb oxuyun. Ancaq bir nəfər üçün yazılan qəzəl.

Gərçi canandan dili-şeyda üçün kam istərəm,

Sorsa canan bilməzəm, kami-dili şeyda nədir?

Bu, bəzi füzulişünasların fikrincə, söz oynatması deyil, ağrıyan ürəyin dözməyib bütövlıüklə sözə çevrilməsidir. Bütün izmlərin bir anda külə çevrilməsidir. Ancaq “izm” görsənirsə, demək, o adam tapılmayıb, yarıyolda qalıb. Demək, sən hamı üçün yazmısan, demək bu yazdığın hamının gözü qabağında doğulub.

Bu gün hamıya yazılan, hamının oxuması həsrətini çəkən şeirlər, hekayə, povest və romanlar nəfəs almaq üçün yox, nəfəs kəsmək üçündü.

Nəfəs qısıldıqca kitab gözdən düşür, oxunduqca cırılıb atılan səhifələr gəlir göz önünə, səhifələr cırıldıqca külək onları titrək əliylə tutur, bilmir neyləsin…

O bir nəfər yaradılmasa, dünyaya gəlməsə, yazı yolda qalacaq, azmış kimi…

# 1660 dəfə oxunub

Müəllifin son yazıları

# # #