Şəhriyar del Gerani kimdir?

Şəhriyar del Gerani kimdir?
21 yanvar 2015
# 16:35

Kulis.az tənqidçi Cavanşir Yusiflinin “Bir şeirin dedikləri” silsiləsindən gənc şair Şəhriyar del Geraninin şeirlərinə həsr etdiyi “Ürəkləri oxuyan” məqaləsini təqdim edir

Şəhriyar zahirən hamıya oxşayır, ancaq şeirlərini, yəni, bu darıxmaqdan, özünü yoğurmaqdan yaranan bu mətnlər iç-içə yığılmış səhifəlrədən, yalnız Şəhriyarın düzəldib-qurduğu “oyunlardan” ibarətdir.

Məqamıdır deyim ki, dünyada, poeziya aləmində əvvəl-axır kimsə kiminsə davamına çevrilir. Amma heç kimin davamı olmayan, su kimi axıb ... quruyanlar da var, bu anlamda kiminsə davamını gətirmək poeziyada fikrimizcə ən əsas keyfiyyətlərdən biridir. Sanki milyon ilin içində bütün şairlərin ruhunun cəmindən bircə kəlməlik söz deyiləcəkmiş kimi davamı gətirmək... bir göz qırpımında dünyanın dəyişdiyində bulağın susmasına (...mən bir bulaq görmüşəm, əslində görməmişəm...- Əli Kərim), səhər açıldıqda çiçəyin şehə yalvarmasına, quşların zənguləsindən asılmasına (Səyavuş Sərxanlı, ... elə bil kainat çay imiş daşıb, dağılıb göylərin ətəklərinə...), aralarından qan (düşmənçilik-!) axan adamların üfüq qaşında barışmasına (... bir gün mənim göz yaşım axar sənin gözündən..- Adil Mirseyid), ətirşahın uşaq qığıltısına gülümsəməsinə bənzəyir (Səlim Babullaoğlu, -...yenə bu feli qafiyələr / Yalnız onlar yüzə-yüz düzdür / yenə dar səkilərdə kimsəsiz adamı ötürən addım səsləri- üstəgəl onların əksləri, göydələnin sancıldığı səma yastığında qızılı xallardan parıltılarını çıxsan belə azdır. Təklik heç vaxt çoxalmır. / Külək yatıb. Yazdır. Yenə günəş doğacaqmı bir sabah? / Batacaqmı? Gələcəkmi arxasından yeni günlər, kim bilir? / Yatıb külək. Oyaq uşaq pəncərədə bir çiçəyi dindirir, qığıltıya qoxusuyla gülümsəyir ətirşah.) Texnika itir, qafiyə gözə girmir, əl-ayağa dolaşmır, anjambman... şeiri, poetik mətni zəncirvari reaksiyaya döndərir. Son parçaya elə-belə baxdıqda da görünür ki, onun hər bir elementi ənənədə qurulan maketlərdən fərqlənir, burda şeir fikir ifadə etmək, fikirlə təsir etmək xətrinə deyilmir, əksinə fikri unutdurmaq, dəf etmək, fikirlərin, düşüncənin altındakı qatları qaldırmaqdan söz açıla bilər, anjambman bu mənada lap yerinə düşür. Misralar işıq dirəkləri deyil.... dirəklər sökülsə də lampaları aydınca görürük, niyə belə oldu, - fikri bizə unutdurulur. Bu ideyanı çox davam etdirmək olar, amma bu dəfə biz Şəhriyardan danışırıq. Özü də, mən öz təcrübəmdən bilirəm, bu şeirləri adam it kimi darıxanda tapır. Bu gün də belə oldu. Bu içəri sinən, insanın qəlbinə güllə kimi sıxılmaq istəyən şeirləri nədənsə mən ucadan oxumaq istədim, alınmadı, susdum...

Şəhriyarın bir şeiri haqqında yazmaq üçün bir neçə şeirini seçdim, ancaq axırda bu bir şeirin onlardan hansı olduğunu heç bilmədim. Duyduğum ilkin qabarıq cəhət o oldu ki, bu şeirdə xeyli fərqlər var; o mənada ki, bəzən 100 şair bir şair kimi danışır, ton, intonasiyası etibarı ilə və bu 100 şair bir yerə yığılanda həmin ton və intonasiya itir. Mən bunu şərti mənada deyirəm, yəni, bir var dil, bir də var: metadil (necə ki, fizika, meta-fizika...). Haşiyə, sitat kimi: ... belə çıxır ki, ədəbiyyat artıq yüz ildir ki, ölümlə çox təhlükəli bir oyun oynayır, sanki, öz ölümünü yaşayır; o, Rasinin qəhrəmanına bənzəyir (Erifil), özünü dərk edəndə ölür, həm də mahiyyətinin axtarışına qoşaraq yaşayır. Ədəbiyyatın faciəviliyi elə bundadır: cəmiyyətimiz gəlib dalana dirənib, ədəbiyyat üçün bütün suallar tükənib, birindən başqa: mən kiməm? Halbuki indi “nə etməliyəm?” sualını vermək daha önəmli olardı. (Rolan Bart).

gözümdən uzaq düşmüsən, niyə uzağ düşmüsən?..

solumda “paralic” gəzir, sağım yenə tüfeyli...

gözündən uzaq düşmüşəm, elə pisdi bu uzaq,

yerin dibinə aparır bu şaquli darıxmaq...

sənə sarı dartılmaqdan tikə-tikə olmuşam,

bir ovucam təkliyimdə, kiminkidi bu təklik?..

bədənim ki, uçuşan məktub parçalarıdı...

Bax, bu “sərt misralar” şeirin, bədii mətnin içində yad bir element yox, orada “bişə-bişə” gələn düşüncə axarının məntiqi nəticəsidir, həm də belə, ton, intonasiya bəlkə qulağın da tuta bilmədiyi sıfırdan başlayır, tədricən yüksəlir, enir-qalxır, yuxarıdakı tamamlayıcı misralardan sonra da kiminsə köksünə sığınmaq istəyir.

bir de görüm əllərin, ayaqların necədi?..

günəşi sənsiz səhərin "alçaq" olur gecəsi...

heç bilmirəm bədənimdə kimi gəzir qollarım?

nə axtarır qollarım?

səni quca bilməyirsə

demək yoxdu qollarım...

Başqa bir vacib və maraqlı məqam: şeirdə, yaxud seçilən şeirlərdə hər şey – hər bir misra, nöqtəsi vergülü bəlli fikirlərin hamısı tanışdır, elə bil sən özün danışırsan, yaxud beynindən, ürəyindən keçən fikirlər bax bu şeirdə misralara düzülüb. Müəllifin, misraları şeirə dolduran adamın ürəkləri oxuması nə zaman baş verdi ki? Bəlkə gözlərini bağlayıb oxuduğu “ürək” onun özüymüş, bir yazı, bir imla kimi... Başqasını həyəcanlandırmaq, başqasının hislərini oxumaq şairin öz qəlbini oxumasından, “köhnə palan içi” tökməsindən keçir. Sənin, yaxud o ürək oxuyan adamın tapdığı şey yoldan keçərkən qəfil düşürdüyü, əlindən saldığı bir şeymiş, geriyə qayıdıb o nəsnəni götürmək mümkün deyil, çünki geriyə baxdıqda hər şey uçub gedir, yox olur, çata bilmədiyin keçmişə gömülür. Bartın bu çox mürəkkəb bir məsələ ilə bağlı fikrində başqa önəmli cəhət də var: ədəbiyyat özü haqqında düşünməyə macal tapmır, özünü dərk eləmədən başqasını, başqa bir nəsnəni qavramağa çalışır. Elə buna görə də həmişə dar bir çərçivədə özünə “mən kiməm?” sualını verə-verə nəsə tapacağına uşaq kimi inanır. Sözümü burda qoyub onu demək istəyirəm ki, Şəhriyarın bu şeirinin içindən baxanda həyatı, gerçəkliyi tam başqa bir biçimdə gördüm, ona görə də, çıxış yolu kimi onun ard-arda düzdüyüm şeirindən şeirinə keçdim, gerçəkliyin insanın ürəyini yandıran nöqtələrinin belə dərindən, belə bilməyərəkdən tutulmasına təəccübləndim. Bəzən bizdə, bəlkə elə bütün dünyada şeiri oxunmaq, dərdi unutmaq xətrinə yazır və deyirlər, ancaq axı şeirin əzəli funksiyası (funksiyamı-!) yara vurmaq, yaralamaq və yara açmaqdı. Şırım kimi. Bir dəfə böyük ustad Məhəmmədhüseyn Şəhriyarın farsca yazdığı şeirin filoloji tərcüməsini oxuyanda qəribə bir şey hiss etdim: misralar arasında cazibə qüvvəsi... Bunu sonradan oxuduğum digər mükəmməl nümunələrdə də gördüm. Yənu bu, universal bir xüsusiyyətdir. Ancaq hiss edilən keyfiyyətin açımı başqa cür olmalıdır. Necə? Hər halda “yaralamaq”, “yara kimi şırım açmaq” ifadələrinin mənası ilə bir bağlantı yerini tapmaq lazımdır. Jak Derridanın kiçik bir essesi var: “poeziya nədir?” Derrida mətləbə belə başlayır: bu suala cavab vermək üçün gərək bütün biliklərindən imtina edəsən. O dərəcədə imtina edəsən ki, bunun özü dəf etdiyin biliyin yerini tuta. Bu suala (“poeziya nədir?”) necə cavab vermək olar ki, onun kökündə, semantikasında “yox olma” mənası durur? Elə buradaca o, “alim bilməzliyi” (ruscası təxminən belədir: Ученое незнание”) ifadəsini işlədir. Bu ifadə XV əsrin görkəmli filosofu Nikolay Kuzanksiyə aiddir. Onun mənsub olduğu cərəyanda ilahi mahiyyəti anlamaq üçün bədii üsul kimi şüurlu şəkildə eyni köklü sözlərin təkrarından istifadə edilirdi ki, hisdə, duyğuda “gözərən şeyə” qoşulmaq, Allahı ağılla deyil ürəklə dərk eləmək mümkün olsun. Bu halda bilik özü özünü dəf etmiş olur(xatırladım, bizim bir çox şeirlərimzidə dəf edilməmiş bilik var, məsələn 2x 2 = 4 kimi...). Təqdim edilən şeirdə bu eyni köklü sözlər gizlənir, fikirlə nəyisə fikrilə ifadə etmək inadı kökündən qırılır, dünya, əşyalar dünyası... öz-özünə var olan, bəlkə fəzanın sonsuzluğundan asılmış bir nəsnə kimi görünür. Paradoksallıq, deymdə yuvalanan gözlənilməzlik, türfəlik, təzəlik... bəlkə elə bu dünyanın bu şəkildə ixtiyariliyindən doğur. Bu aləmdə baxdığımız güzgüyə nəfəs belə toxunmayıb, hər şey ilk dəfədir baş verir, qəfildən qələmin ucundan kağıza mürəkkəb sıçrayır, qəfildən, qollarım quruyur və səxrəlik nə olduğunu bilmirəm, bunu ağrı kimi yox, bilmədiyin şey kimi yaşayırsan, daha doğrusu bunu belə bilməyə məcbursan.

bir gün ağaclar quruyar,

bir gün yağışlar yağar,

bir gün çıxıb gedərsən

qollarım quruyar...

Yaddaşa hər gün eyni şeylər yazılır, ancaq sənə elə gəlir ki, bu yazılar həmişə təzə sətirdən başlayır. Və...

sənsiz günəş gecikər,

aydınlanmaz sabahlar.

Azan səsinə diksinər

bu şəhərdə günahlar...

bu səhər də baş ağrısı,

soyuq içki, darıxmaq...

bircə quru zəngin gələ

deyəsən ki, “darıxma”...

Yazının sonuna gəldim, təhglil etdiyimiz, oxuduğumuz şeirlərə bir də baxdım, gördüm ki, onlardan yeni mətnlər cücərir. Filoloji təhlil üçün bu da maraqlıdır. Şəhriyarın müsahibəsindən bir söz yadıma düşdü: istedad, şairlik... həyat tərzidir. Bax, aşağıdakı şeir də bunu deyir Siz də oxuyun...

***

Yorğun

və kimsəsiz qaranlıqların

gizləndiyi gecədən yazıram sənə.

biləsən ki,

hər şey qoyub getdiyin kimidi,

yatağını yığmayan pintinin yekəsiyəm hələ də...

dəyişən təkcə

qonşu həyətindəki darıxan köpəyin zingiltisidi.

qaranlıq da daş kimi düşər bu şəhərə...

xəyanətlər ən əvvəl ağrı kimi olar bədəndə,

daha sonra bir “sevgicik” də düzəldərsən

- ovunmaq üçün...

bütün sevgilərdən geriyə bir neçə təklik qalar,

qollarını daha sadə işlər üçün gəzdirərsən

- hər gecə özünü soyundurmaq üçün...

bəzən üzməyi də buna görə öyrənirsən

- nə vaxtsa bir gün daha dərinlərdə boğulmağ üçün...

heç nə dəyişməmiş sən gedən gündən,

şəhərin yağış döymüş pəncərələrindən

boşalan külqabılar

adamların ən doğma əşyalarıdı hələ də...

gecə - içinə yalqızlıq və kimsəsizlik doldurulmuş

günəşdi bu şəhərdə...

bu şəhərdə hamı bir az başqasıdı,

deyim biləsən...

təklik – hamının çıxıb getməsi deyil

heç kəsin qayıtmamasıdı...

# 24563 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #