Kulis.az tənqidçi Cavanşir Yusiflinin yazıçı Ataqamən "Dişlək alma" hekayəsi haqqında yazdığı "Göz bəbəyi, yaxud mahnı bitənəcən qayıdacam..." yazısını təqdim edir.
Füzulini bir oxuyursan (ömrün hansı dönəmindəsə) anladığını zənn edirsən, ancaq onu (mətnləri) hiss etməyə başlayanda bilirsən ki, bir ömür yetməz buna, yəni istənilən bədii mətn əslində, heç zaman bitmir, son nöqtəsi yenidən başlamaq adıyla qoyulur. Torpaq da elədir, sən onu hiss etməyincə ağuşuna çəkməz səni, qocaldar, huşun, yaddaşın gedər, yenə qalarsan; eşqdə bəlkə satanik şeylər də var, çünki zamanla əlindən hər şeyini alar, bəzən tanrını da. Vətən, torpaq eşqi tanrının verdiyi hər şeyi bütünləşdirməkdir...
Bu günlərdə, müharibə getdiyi bir zamanda nə oxusan, nə yazsan gəlib vətən, torpaq mövzusuna dirənir, ya da ürəyindən keçən hər şeyə onunla bağlanırsan, oxuduğun hər mətndə, sətirlərin arasından sənə boylandığını hiss edirsən, bu mövzu oxuduğun və yazdığın mətnləri dəyişdirir. Facebook-dakı bir dostumuz indi baş verən hadisələri Füzulinin bəndləri ilə "şərh edir" (məsələn, uğurlarla, əsgərimizin rəşadətiylə bağlı: Heyrət, ey büt...), demək, heç bir bədii mətndə son nöqtə qoyulan məkan yoxdur, bizim dilimizdəki adi bir lətifə də içəridən böyüyüb roman olur...
...Boğduğun dərd dərdlərin ən şirinidir. Çoxdan planlaşdırsam da, macal edib oxuya bilmədiyimi "Dişlək alma" hekayəsində məhz bu cümlə diqqətimi bir nöqtəyə cəmlədi. Hekayədə bu tipli deyimlər boldur, həm də bəzən situasiya ilə bağlı, bəzən də ilk baxışdan konkret nəsnə və mətləblə bağlı olmayan sözlər. Bəzi ifadələr əvvəldən hikmətli sözlər kimi deşifrə olunsa da, sonradan, yəni təhkiyənin gedişində özünün tərs üzünə çevrilir. Evlənməyə icazə üçün qəbiləxanın yanına gedəndə Kvame onu tərifləyir, yəni eşitdiklərini necə var, elə deyir, əzbərə: müdrik adamdır, "...- ağlı az olana ağıl verir, çətinə düşənə yol göstərir. Bilirsən nə gözəl sözlər bilir?! Deyir, adam qocalanda harda oturacağını bilmək istəyirsə, cavanlıqda harda durduğunu yadına salsın. Ya da bu, - Kvame uğundu, üzünə bir neçə yüngül şillə vurub gülməyini kəsdi, - deyir, pullu meymuna ərə getsən, pul qurtarar, meymun qalar". Bu sözlər Kvamenin eşidib yadında saxladıqlarıdır, yeri gələndə bir kəlməsini də təhrif etmədən əzbərə deyir, yəni bu sözlərin bu çərçivədə həyat və yaşama heç dəxli yoxdur. Qəbiləxanın yanından kor-peşman qayıdandan sonra isə "onun heç bu toyuqlar qədər ağlı yoxdu, dünyanı başıboş və sarsaq adamlar tutub...".
Ataqamın "Dişlək alma" hekayəsi semantika və struktur-semantik kontekstdə bir neçə baxımdan təhlil edilə bilər. Məlum mif mətnlərinə istinad edib hekayənin mətləbinin bədii həllini çözmək və bu əsasda şərhlər vermək olar. "Nifaq salan nəsnə..." kimi "Dişlək alma" hekayəsini izah edən çoxlu məqamlar var; ancaq bu alma o almadan deyil, söhbət dişlək almadan gedir və hekayədə konkret situasiyada belədir ki, qadının qəfil itmiş əri (qızının dünyaya gəldiyi gün taksisinə oturmuş hansısa qıza qoşulub şəhərə gedir...) ilə yeni tapdığı kişi arasında mübahisənin "qarşısını almaq" üçün qadın çantasından iki alma çıxarır, hərəsinə birini verib deyir ki, xartladın... Və: "...Unutmayın, üstünü mamır örtmüş müqəddəs daşlarımız, qanadlarını yelləyib bizimlə danışan ağaclarımız deyir ki, evdə iki kişi, bir qadın varsa, son sözü qadın deyər, - Zuri kibrit qutusundan iki çöp çıxardı, əvvəl Kvameyə, sonra Barutiyə göstərdi, - baxın, bu çöplərdən birinin ayağını qırıram, kim uzun çöpü çəksə, bu gecə ubulilim onun olacaq". Diqqət edin: nitq axarında bütün söz və ifadələr "elliklə" müdriklik, kamillik (və çoxbilmişlik-!) pərdəsinə bürünüb, konkret situasiyada bütün ifadələr az qala yalan çıxır, yəni ağıllı sözlər o qədər mükəmməldir ki, artıq həyata, onun sərtliyinə davam gətirməyib bir andaca yalan olurlar. Miflərdə və folklor mətnlərində alma meyvələr padşahıdır, hər şeyin başında gəlməklə hər şeyin də dəqiq dəyərinin ölçüsü və əyarıdır. İnsan nə qədər ki kamillik və müdriklik zirvəsindəydi, qızıl alma göz bəbəyiydi, insan o mərtəbədən enən kimi həmin ölçü vahidi və əyar öz mənasını itirdi, belədə mif mətnlərində ölçü vahidi olan nəsnənin öz əksinə çevrilməsi zamanla dünyada baş verən pisliklərin arasındakı bağı... çox aydın əks etdirir. İndi o alma sadəcə xartlatmaq və baş qatmaq üçündür.
Doğrudan da, son zamanlar oxuduğumuz hər mətn bizi eyni zamanda bir neçə gerçəkliyin içinə atır, özü də eyni zamanda. Uzaq keçmiş, yaxın gələcək, yaşadığımız uşaqlıq, gənclik illəri, nə varsa, gəlib torpaq və bütünləşmə uğrunda gedən mübarizələrə qatır, bu, fikrin dolaşması deyil, əksinə, bir neçə gerçəkliyin birləşib xəlitə şəklində dünyanı, elə bizim özümüzü də bizə olduğu kimi göstərmək cəhdidir. Əksər dillərdə "göz bəbəyi" ifadəsi var (yuxarıda dediyimiz anlamda - apple of one's eye), bu kimi söz birləşmələrində "alma" sözü var, yəni birinci qorumalı olduğun nəsnə. Mərhum şair Məmməd Aslanda belə bir beyt vardı: Vətən gözdü, biz kiprik / Vətənimizin keşiyini çəkirik...
Hekayədəki qadın və kişi (Zuri və Kvame) alma (ən şirin şey, göz bəbəyi-ən müqəddəs şey) ilə günahın mif mətnlərində keçdiyi yolda nə varsa əks etdirir, bu və ya digər şəkildə göz önündə canlandırırlar. Kvame yaşı qırxdan keçsə də (qırxı da çoxdan çıxıb...) saf və avamdır, xeyirxah olduğu üçün bicliklərin yanından gülərək keçir, anlayanda pərt olur, amma yenə yoluna davam edir, çünki hələ ümid var... Bu dünya, həyat və yaşam əslində, avamlıqla, sadəlövhlüklə bicliyin qaynayıb-qarışıb yol yoldaşı olduğu məqamdır. Qəbiləxanla əlaqəli məqamlar da lətifələrdəki oyunları xatırladır; iki toyuqluq hədiyyəyə görə o, Kvamenin qarşısında əvvəlcə yüngül şərt qoyur, sonra deyir ki, ümumiyyətlə, nikah köhnə qayda ilə baş tutmalıdır (yəni qadın əvvəlcə qəbiləxanın yatağına girməlidir); ikinci mərhələdə, yəni Kvame qəbiləxana hədiyyə kimi keçini aparır, daha böyük hədiyyə müqabilində qəbiləxan şərtini yüngülləşdirir: olsun, ancaq qırx gün cütləşə bilməzsiniz... Bu zəmində, dünya adlanan teatrda bütün oyunlar, onların hərəkət və dinamikası, sanki qəsdən yavaşıdılır, o niyyətlə ki, qabaqcadan "planlaşdırılan" məqsədə nail olunsun: avamlıqla biclik bir köynəyə dola bilsin... Bu yolda Kvame cinayət işlədir (bu məqamda mif mətnin məntiqiylə yazılı mətnlərin məntiqi arasında suayrıcı yaranır), rəqibini, özü də qadının biclik işlədərək üstünlük verdiyi kişini aradan qaldırır, püşk zamanı gizlində hər iki kibrit çöpünün ayağını qıran qadın onun birinci ərini öldürdüyünü şübhəsiz ki, bilir və üstünü vurmur, hətta köməkləşib onu da, taksisini də qamışlıqda dəfn edirlər. Təhkiyənin "suayrıcı" modeli bədii mətnin semantika baxımından şaxələndiyi məqamı dürüst şəkildə ifadə edir. Elmi terminologiyada təhkiyə ilə bağlı belə bir ifadə ("suayrıcı") yoxdur, ancaq hekayənin ümumi pafosuna uyğun gəldiyi üçün o, mif mətnlərindəki, folklor örnəklərindəki (bəzən də lətifələrdəki) "sadəlövhlüklə" yazı mətnlərinin "bicliyi" (çoxbilmişliyi) məhz həmin təhkiyə ayrıcı vasitəsilə gah bir kontekstdə, gah da fərqli kontekstlərdə nümayiş etdirir. Mif məntiqindəki "yüngüllük", - Kvame rəqibini boğub öldürür və dərhal sonra, həm də heç nə olmamış kimi adi işiylə, həvəngdəstədə duz döyməklə məşğul olur, bu məqamda qəsdli niyyətlə cinayəti bilməyərəkdən, avtomatik hərəkət kimi icra etmək, sanki eyni zamanda baş verir. Əslində, bu məqsədlə o məqsədsizliyin əsasında bir niyyət durur: qadını sevdiyi üçün (bəlkə də qəsdən aldanmaq istədiyi üçün -!) könüllü olaraq özünü onun qollarına buraxır, bundan sonra çayların suyu tərsinə də axsın, nə olacaq... Hekayə mətnində həmin o yazı bicliyinin bir məqamda ironiyaya, ironiya mətninə çevrildiyi an qabarlq nəzərə çarpır. "...Zuri ayağa durdu, çöpləri Kvamenin gözü qarşısına tutdu. Kvame tərəddüdlə əlini çöplərə uzadıb tez də çəkdi:
- Zuri-Zuri, mən səni sevirəm!
Zuri çöpləri Kvamenin burnunun ucuna yaxınlaşdırıb sərt tonla dedi:
- Kvame-Kvame, şeir vaxtı deyil, çöp çək!
Kvame əlini bir neçə dəfə çöplərə aparıb qaytardı, sinəsini hava ilə doldurub üfürdü, çöpün birini çəkdi...".
"Şeir zamanı deyil..." ifadəsi "indikiz amanı" işarələyir, Kvame folklor mətnindən gəlib, onun məntiqiylə hərəkət edir, məqsədinə ulaşmaq naminə hər şeyə göz yumur, ona görə də qadının ironiyasını dərk etmir, hansısa hadisənin stixiyası ilə hərəkət edir (onun indiki zamana düşən kölgəsi də var, qəbiləxanın yanına icazə üçün gedəndə şuxluq edir, Zuriyə deyir ki, qəm eləmə, bir mahnı oxu, mahnı bitənəcən qayıdacam...), onun hərəkətlərində az qala hər şey proqramlaşdırılıb, Zuri isə (qadın) mif mətnlərindəki "alma əhvalatını" bilən, ondan sonra, yaxud onunla birgə dünyaya gəlmiş varlıqdır, bu iki qütb mahnı bitəndən sonra həyatın nə qədər acımazsız olduğunu bilmir...
Hekayədə, təhkiyə axarında (və məntiqində)... hər bir nöqtədə bir almanın iki üzü var, oxşasalar da, fərqlidirlər, həm də yerlə göylər qədər fərqli. Almanın bir üzündə Kvame doğrudan da, sadəlövhdür, xoşu gələn, içində günəş şüası kimi doğan şeyə sahib olmaq istəyir, bu hiss onun xilası üçündür, amma necə? Qadın ona qəbiləxanı öldürməyi təklif edir, yolunu da göstərir (çapılca ilə düz başının ortasına vur...), Kvame isə deyir: " - Başqa əlac yoxdur, Zuri-Zuri, mənim qayışbaldır cüllütüm, mənim qızılboyun flaminqom, həyatda bəzən düşünülmüş yanlış qərarlar vermək lazım gəlir, məsələn, mən nişanlımdan ayrılanda, daha doğrusu, nişanlım məni atıb gedəndə, qapının ağzında durdu, - Kvame qapıya tərəf gedib ayaqlarını yerə vurdu, - bax elə burda dayandı, mənə acıqla baxıb dedi: "Kvame-Kvame, qoca zahı cavan hadıxdan yaxşıdır. Dur durduğun yerdə, ardımca baxma, dalımca gəlmə!".
Deyir ki, mən ondan ötrü çox darıxdım. Amma qəti qərar verdim ki, onun dalınca baxmayacam, dalınca getməyəcəm! Zuri-Zuri, məni anlayırsan? Keçmiş adətlər tumboa kolu kimidır, yapalaq yarpaqları yanır, kökü qalır. Amma mən Kvameyəm, Coab oğlu Kvame! Çətin işlərin öhdəsindən gələ bilən qırx yaşlı dünyagörmüş kişiyəm, - Kvame yüngülcə sinəsinə vurdu, səsini qısdı, - uzun həyatımdan götürdüyüm dərslərdən ən vacibini deyim, yadında saxla, Zuri-Zuri: Boğduğun dərd - dərdlərin ən şirinidir.
Doğrudan da belədir: dərdlərin ən şirini...
“Ədəbiyyat qəzeti”