Kulis.Az Nizami adına Ədəbiyyat İnstitutunda “Ədəbi ilin yekunları“(“Ədəbi proses” müşavirəsi) Cavanşir Yusifli “Poeziya – 2016” məruzəsini təqdim edir.
2016-cı ildə müxtəlif nəşrlərdə, məsələn, “Azərbaycan” və “Ulduz” jurnallarında, o cümlədən “Ədəbiyyat qəzeti”, “Kaspi” və digər qəzet və portallarda (artkaspi.az) Musa Yaqubun (“İkinci nəfəs”, “Zoğal ağacı”, “Payız üşüyür”, “Özümə oxşatma”, “Bir topa bulud”, “Yaşamalıyıq”), Ağasəfanın (“Qarabulaqda səhər duası”, “Eynəyimdə görünüş”, “Qızıl qəfəs” və sair), Cavi Danın (“Hava həm buludlu...”, “Sərgərdan ruhlartək”, “Dünya başına dolana”, “Köhnə qəzet kimi qadın” və sair), Qardaşxanın, Nisə Bəyimin, Fazil Aydının, Balayar Sadiqin, Emin Pirinin, Əbülfət Mədətoğlunun, Qədir Tərtərli, Əvəz Qurbanlı, Ruslan Dost Əli, Elman Səmədoğlunun, Naibə Yusif, İnqilab İsaq, Aybəniz Əliyar, Sabir Sarvan, Murad Qoçuoğlu, Zirəddin Qafarlı, Zahid Afşar Eloğlu, Səyyarə Məmmədli, Dilsuz Musayev, Etibar Vəliyev, Gülnarə Cəmaləddin, İntiqam Mehdizadə, Bilal Alarlı, Mina Rəşid, Eldar Səfa, Mənsurə Qaçayqızı, Ağacəfər Həsənli, Aqşin Evrən, Adil Cəmil, Kəmaləddin Qədim, İbrahim İlyaslı, Məmməd İsmayıl, Barat Vüsal, Tərlan Əbilov, Vahid Aslan, Ramiz Qusarçaylı, Vaqif Bəhmənli, Orxan Paşa, Qəşəm Nəcəfzadə, Fəxrəddin Əsəd, İsmayıl İmanzadə, Şəmsi Qoca, Tapdıq Yolçu, Firuzə Məmmədli, Əlizadə Nuri, Qulu Ağsəs, Elxan Zal Qaraxanlı, Salam, Afaq Şıxlı, Avdı Qoşqar, Balayar Sadiqin, Qəşəm Nəcəfzadə və Nuranə Nurun şeirləri və Anar Aminin “Bağban” lirik-fəlsəfi poeması çap edilib. 2016-cı ilin poeziya mətnləri şübhəsiz ki, bunlarla məhdudlaşmır, ancaq bir həqiqət də var ki, onların hamısından danışmaq, hətta adlarını tam sadalmaq belə imkan xaricindədir, ona görə də biz bu nümunələri fərqli rakurslardan göstərən əsas tendensiyalar haqqında danışmaq istərdik.
2016 poeziya ilinin materiallarını küll halında nəzərdən keçirdikdə, yəni, ayrı-ayrı kitabları, “Azərbaycan”, “Ulduz” jurnalları, “Ədəbiyyat qəzeti”, “Kaspi” qəzeti, “Sim-sim”, “Kulis” və digər portallarda çap edilən poeziya nümunələrini oxuduqda ümumi təəssüratı formalaşdırmağın çətin olduğunu dərk edirsən, çünki poeziya ilə, aya, günə və təqvimə sığan bir nəsnə deyil, əksinə təqvimdən daşdanan, ona qarşı duran, onu arxada buraxan bir kateqoriyadır. Biz materialları diqqətlə nəzərdən keçirdikdə iki tip nümunəyə rastlaşdıq: 1) təqvimlə və təqvimdə yaşayan şeirlər 2) minillik poeziyanın ümumi axarında nəzərə çarpan şeirlər.
İkinci qabartmaq istədiyim cəhətsə budur; bizim poeziyada ilin, günün bu vaxtında sadəcə şeir olan yazılar, bir də konseptual mətnlər, yəni, onları yaradan mənbələrlə estetik dialoqda və oppozosiyada olan şeirlər. Diaqloq, ünsiyyət daxili oppozisiyanı istisna etmir, edə də bilməz, ona görə də son dövrlər poetik nəsillər arasındakı qarşıdırmadan bəhs edən yazılar bizə süni təsir bağışlayır; heç bir ədəbi nəsil bütün ədəbiyyatı və ya ədəbi prosesi əvəz edə bilməz, gələcəyi qurub-yaradan yeniliklərə, yeni estetik əsaslara yön verə bilər ki, bu da ənənə ilə dilləşmədən keçir (oxu:dialoq-!). İllər keçir, əsrlər ötür, bu bəhsləşmə bədii keyfiyyətə çevrilir və nə zamansa mübahisəli görünən bədii füqur həmin dövrdə bir deyimə çevrilir. Bu deyim bu və ya digər poetik üslubun tipini çox dəqiqliklə bəlləyir. Məsələn, Saib Təbrizini oxuyun və onu Füzulinin deyimçi ilə müqayisə edin. Çox fərqli şeylərdir. Yəni, fərq deyilən nəsnə bir ədəbi nəsil çərçivəsində görünməyə də bilər. Azərbaycan şeirində bir epoxa olan Rəsul Rzanın ədəbi prosesin indiki şəklindən görünüşüylə 60-80-ci illərdəki görünüşü eynidirmi?
... Qeyd edim ki, bu ikinci cəhət (konseptuallıq-!) bizim poeziyada qəti olaraq, yəni bir kateqoriya kimi 90-cı illərdən başlanır (Həmid Herisçi, Səlim Babullaoğlu, Rasim Qaraca, Azad Yaşar, Qismət və sair). Əvvəllər poeziya haqqında tənqid və ədəbiyyatşünaslıqda “məktəb”, “mərhələ” kimi keyfiyyəti yox, daha çox ümumi tendensiyaları bildirən, ədəbi faktı daxili qanunauyğunluq qismində ifadə etmək vurğusu daha güclü səslənirdi. Zaman keçdikcə bu ümumi tendensiyalar poeziyanın daxili-immanent xüsusiyyətlərinin qabardılması ilə əvəzləndi. Belədə, dünya və gerçəkliyi ötüb keçmək, onları başqa, tam fərqli rakurslardan işarələmək keyfiyyəti gücləndi.
Poeziya haqqında qədimlərdən gələn və bu gün də unudulmayan, daha doğrusu dövr və zamandan asılı olmayaraq göz önündə duran bir həqiqət var. Vaxtilə Şəms Təbrizi “Divan”da yazırdı:
Şeirdə sözün meydanı dar,
Mənanın meydanı geniş olmalıdır...
Bildiyiniz kimi, bu fikir günümüzə qədər ən müxtəlif ədib və tənqidçilər tərəfəindən deyilib, köhnəlməyib, köhnəlməyəcək də...
Başqa bir köhnəlməyən həqiqəti də səsləndirmək istərdik, dahi Nizami Gəncəvidən. Ancaq bunu sona saxlayaq.
Yuxarıdakı bölgünü və bu sonuncu köhnəlməyən fikri nəzərə alsaq, bizdə 2016-cı ildə daha çox sözün meydanının geniş olmasını müşahidə edirik. Bu da təbiidir. Poeziya hər deyəndə ələ gəlməyən, tapılmayan bir nəsnədir. Hətta ən qüdrətli şairlərin yaradıcılığı da bu uğursuzluqdan yan keçmir, keçə bilmir. Poeziya hər şeydə var, o, hər şeydir, ancaq hər şey poeziya deyildir.
Bu məruzədə biz ən müxtəlif nəsillərə mənsub şairlərin mətnlərindən bəhs edəcəyik. Ən cavan nəsildən başlamaq istərdim.
Səhərlər durub tanımadığımız
Bir şəhərin dar küçələrini süpürürük,
zibilini daşıyırıq
Gecələr
Oyanıb dərisini gün yandırmış
Qıvrım cod saçlı yetim uşaqlara
Ən xoşbəxt şahzadənin nağılını danışırıq…
Alik Əlioğlunun şeiridir. Adi “əhvalat”dan bəhs edir. Gözləyirsən, amma heç kəs gəlmir. Sən o qədər belə “adiliklərə” qarışıbsan ki, ömrünü çarpaz kəsən məqamdan ayrı düşübsən. Ancaq səni öldürən şey səni yaşadır. Şeirin semantikası bunu deyir. Şeir, poeziya nümunəsi heç vaxt “bildirilən” olmur, çox nəsnəyə, əşyaya işarə edir, ancaq onların hamısından vaz keçib gizlənir. Əşyanın emosional, yaxud mücərrəd keyfiyyətlərinin (konnotativ işarələr) bir yerə yığışmağa meyl etməsi zahiri səciyyə daşıyır, əsas məqam gizlində onların həqiqətən ayrılığa düçar olmasıdır. Belə ki, bu şeirdə ilk gözə dəyən semantika yox, məhz “ikinci işarə” (konnotasiya) funksionaldır. Yəni, “mətndə hər bir konkret məna semantik sistemin onun fərqləndiyi və qarşı-qarşıya durduğu digər işarələri ilə bağlılıqda nəzərdən keçirilməlidir” (U.Eko). Mətndə ən müxtəlif işarələrin və dillərin dərin savaş içində olması onun qurulma mexanizmidir.
...Geriyə baxmaq dəhşətlidir.
Görürsən ki,
İllər öncə qulağını qatar relsinə dirəyib
Qatarın səsini dinləməklə
Uzaqlar arzusunda yaşadığınçün
Səni gətirib uzaqlara atıblar…
Görürsən ki, yiyəsizsən…
Görürsən ki, bu amansız məhəllədə
Günbəgün itlər də yoxa çıxır,
Pişiklər də…
Bilmirsən öldürürlər, ya azdırırlar…
Və sən
Bilmirsən hönkürüb ağlayasan
Ya sadəcə kədərlənəsən…
Elə bir doğma adam gəlməlidir ki,
Onu öpmək yox, qoxlamaq istəyəsən.
Yanında olduğuna əmin olmaq üçün
əlini üzünə qoyub yoxlamaq istəyəsən…
Günlər uzanır, heç kəs gəlmir…
Və sən bir-bir ölürsən…
Bu şeirə də baxın. Fəridə Məmmədovanın şeiri:
Divardan asılan köhnə ov tüfəngi kimi
unudulacaq bədənimin bir küncündə döşlərim…
Sənin də
əllərin düşüb itəcək cırıq ciblərindən haçansa…
əl-ələ tutduğumuz küçədən keçəcəm birgün
əlimdə zibil torbası.
İndi
qoy gəlim, qısılım sənə,
Abort qədər cinayətdi
içində hansısa hissi öldürməyə çalışmaq.
Qoy gəlim,qısılım sənə
bəlkə bir ilğımdı qorxub qaçdıqlarımız,
bəlkə yaxınlaşsaq yox olacaq?…
Dilin öyrəşdiyi sözlər. Dilin altında qalan və deyilməyən sözlər. Dərin bir qüssə sətirdən-sətrə keçir. Kommunikativ kontekstdə dünya obrazı ayrı-ayrı əşyalardan, onların məkanda unudulduğu, evin, məkanın bir küncündə saxlandığı və ancaq zamanda görüntülənən obrazı aparıcı keyfiyyət qazanır. Keçmişə qayıdış ordan adlamaq cəhdidir. Ancaq sən buna var qüvvəni sərf edincə o səni nümayiş etdirir, göstərir və tutub saxlayır. Bu elə bir məqamdır ki, anidən sözlərin semantikası dəyişir və lüğəvi məna yoxa çıxır. Mətndəki “qüssə” sözü darmadağın olub “tale”, “qədər” sözünə çevrilir. Şeirin özünü fəth edir.
Seyid Aynur. Onun bir silsiləsi var: “Kaskad şeirlər”.
Biz şeirləri bəzən necə gəldi (yəni, ürəyimizdən necə keçsə, necə istəsək) oxuyuruq, tipinə, xarakterinə… fikir vermədən. Dalınca gedilən şeirlər var. Və səni ilğıma aparır, indicə oxuduqların da ilğıma dönür. Bərkdən oxunan şeirlər var, daha doğrusu, bərkdən oxunmayanda bilinməyən, suyla yazılan sətirlərə bənzəyən parçalar. Həm də: formanın, poetik fiqurların əzdiyi, ayaq altına alıb xıncımını çıxardığı şeirlər. Ucadan oxuyurlar, deyirlər, bu, filankəsin şeiridir. Xub, amma baş aldatmaq üçündür. Çünki sözlər başına, qulağına, dodaqlarına düşür. Sözlər axışmır, sadəcə buna bənzər effekt yaradılır. Və sair və ilaxır.
Bir də, kaskad şeirlər. Sözlərin gücünü “sovurub”, onlardakı enerjini bir nöqtəyə cəmləyib axıdan, sözlərin aldığı nəfəsi başqa bir nəsnəyə çevirmək istəyən parçalar. Bu kimi, məsələn:
Gözlərinin dibi mavi, yoxsa yaşılmıydı bilmədim,
Gecənin gündüzə toxunduğu o al qırmızı sabah,
Dil açdı bətnimdə azadlıq,
Gileyləndi olanlardan,
Bakının havası düşmədi-qocalar qırıldı bir-bir.
Dizin-dizin alçaldı ucaboy, enlikürək cavanlar,
Ay da kədər dolu baxışlarla son dəfə oxşar kimi.
Daradı o gur, buruq-buruq saçlarını Həkərinin,
Gözlərinin dibi mavi, yoxsa yaşılmıydı bilmədim.
Bədii mətn onsuz da kritik situasiyalardan hörülür, burada adi, normal, gərginliksiz bir “həyat” yoxdu. Ən adi səs, səs qırığı, heca, qafiyə, misra – hər şey bir-birinin dalınca bəlkə də xəyali gərginlik sahəsini artırmaqla, hər hansı hissin semantik sərhəddinin lap qurtaracaq nöqtəsində “ləngər vurmaqla” həyatı, gerçəkliyi inkar edir, adi həyat mənzərəsində dərhal qəza törədir. Ona görə də, yəni, bəlkə ona görə də, burda hər qarışda aldanışın olması mümkündür, belə deyək: səsin var gücüylə çıxmasını istəyən situasiyada sükut, susmağın qızıl olduğu anlarda qışqırıq, həyatın, yaşamın, yaşamağın qaçılmaz olduğu məqamdqa… ölümün verilməsi bədii mətnin strukturunda olmazın dinamika yaradır.
Əlil arabasına bənzəyir məhəbbətin,
sənə çatım deyə,
maşınları saxlayıb,
qarşıdakı yolu keçmək lazımdır.
Alınası iş deyil-
bu şəhərdə maşınlar sürətlə gedir.
Bu şeirlər bir az da qarşsında dayanan, susan qadına baxıb yüz kilometrlərlə uzaqda, üzüm bağında ona toxunacaq barmaqları gözləyən ağ şanını çəkən rəssamın xəyalına bənzədi.
Ötən yaz,
Yağışlar yolunu kəsmədimi,
küləklər əlindən almadımı heç,
sənə yazdığım sevgi dolu şeirləri?.
Sevgimiz ayağında,
xatirələr boz çamadanında gedəndən bəri,
Üzüm tinglərdə,
Günah alma ağaclarında qalmadımı?.
Bizsə payızda tutduq ayrılığın yasını,
əlvida, ey yaz,
ayrılığın günahı almaların,
səndən sonra kədər dolu üzüm,
ağ şanının.
2016-cı ildə Səlim Babullaoğlunun qrafik şeirlər kitabı çap edildi və sərgi keçirildi. Səlimin bu il “İlyas Göçmənin şəkil dəftəri” adlı kitabı təkrar nəşr edildi. Yenə də bu şeirlərin içinə aldığı fotolardan ibarət sərgi keçirildi. 40 fotoya yazılmış şeirlərdən on ikisi ingilis dilinə çevrildi və nəşr edildi.
İndi bizim poeziyada belə deyək, dar bir məqsədlə yazılan şeirlər üstünlük təşkil etməkdədir. Bu qisim şeirlərdə aldadıcı effekt öndədir. Yəni, insanı (oxucunu-!) bir yerə qədər gətirib onu təəccübləndirmək olsa-olsa, indi kluarlarda deyildiyi kimi, yanıltmacla nəticələnir. Getdim gördüm bir dərədə iki kar, kor... Yəni, belə şeirlər çoxalır, artır, poeziyadan sonrakı poeziya kimi. Şübhəsiz ki, yanıltmac da, tapmaca da, hətta jonqlyorluq da fikrə, hissə qida verə bilər, olsun ki, qafiyəli biçimdə həzz də... Ancaq T.S. Eliotun vurğuladığı kimi, “...Düşüncəmə görə, belə bir fikri sübut eləməyə ehtiyac yoxdur ki, hər hansı xalis şair, hətta böyük şairlər pleyadasına mənsub olmayan şair də yazdığı şeirlərlə bizə təkcə həzz vermir; çünki hər şey həzdən ibarət olsaydı, onunla bitib-tükənsəydi, bu həzzin özü də elə bir yüksək səviyyədə olmazdı...” Müəllif daha sonra yazır ki, “... Poeziyanın öz qarşısına qoyduğu və mənim ayrı-ayrı poeziya növlərini nümunə gətirməklə haqqında artıq bəhs etdiyim xüsusi vəzifələrdən başqa, poeziya həmişə yeni təcrübə, yaxud artıq bizə tanış təcrübənin yeni şərhi, yaxud buna bənzər, bizim artıq təcrübədən keçirdiyimiz ancaq ifadə etməyə söz tapmadığımız nəsnə haqqında artıq formalaşmış informasiyanı çatdırmaq funksiyasını icra edir...” Yaxşı şeir həmişə məlum olanla məlum olmayanın, rasionallıqla irrasionallığın, bir sözlə gerçəklikdən alınan təəssüratla bizim daxili təcrübəmizin müəyyən bucaq altında görüşməsi, qaynayıb-qarışması və ya çulğaşmasıdır. Metaforanın təbiətindən, epitet və ya bənzətmələrin, hətta sözlə oynamağın xarakterindən bilinir ki, hansı şeir özündə bu iki nəsnəni birləşdirir, hansı şeir yalançı qaynaq təəssüratı oyadır. Bir məqam da var; daxili təcrübənin necə deyərlər “üzdə” olduğu (yəni üzdüyü-!) nümunələrdə deyim dərinliyi deyil, elə səthi, səthə düşən şüaları əks etdirir. Yəni, poetik nümunədə bu “emal prosesi” şeirə qədər, yaxud onun tərkibində dərin təbəddülatdan keçməlidir. Nəticədə poeziya bizim gerçəkliyi qavramaq hissimizi gücləndirir. Əfzələddin Xaqani yazanda ki, “tale orağın dişlərindən də intiqam alır...” (professor İmmaverdi Həmidovun tərcümə etdiyi nümunədən), (yaxud Nizami Gəncəvinin “...düşmən qəlbi kimi xarab(a) bir kənd gördüm” misralarını) bunu, həm də ona müxtəlif reaksiyaları biz, şübhəsiz ki, Eliotun verdiyi “bütün cəmiyyət üçün poeziya hansı rolu oynayır” sualına cavab kimi də nəzərdən keçirə bilərik. Nəzərə almaq lazımdır ki, “...bu rolu mən nəzərdə tutulduğundan da geniş təsəvvür edirəm. Çünki, fikrimcə, hər bir xalqın özünəməxsus poeziyasının olması çox vacibdir və bu təkcə poeziyanı anlayan insanlar üçün vacib deyil, - bu insanlar çox asanlıqla xarici dilləri öyrənə və bu dillərdə poeziya nümunələrindən feyziyab ola bilərlər, - həm də poeziyanı anlamayan, hətta mənsub olduğu ölkənin böyük şairlərinin heç birinin adını bilməyən insanlar da daxil olmaqla bütün cəmiyyət üçün mühümdür.” Niyə? Yuxarıdakı nümunələrdə (Nizami və Xaqani) ən asan şey şairlə, ondan gətirilən nümunə ilə mübahisə etməkdir (şeirdə görünüb tez də yoxa çıxan predmet, əşya, onun funksiyaları səviyyəsində). Və hər bir mübahisə şeirin, yəni bu parçanın bizə aşıladığı hislərdən uzaqlaşmağa təkan verəcək. Məlumdur ki, zaman keçdikcə insanların hisləri, yaşantı və qavrayışları da dəyişir, dil də, poeziya da dəyişir, poeziyanın dili dəyişdirmək yolları da... Əsas məsələ indi, bu dəqiqə bu nümunəyə reaksiyanın gücündədir və xarakterindədir. Yəni, bu gün o nümunənin gücünü anlamaq səviyyəsində şairlər nəsli (yaxud ayrı-ayrı şairlər) olmasa klassikanın da bir əhəmiyyəti qalmaz. Çünki yuxarıda dediyimiz kimi, hislər və yaşantılar zaman keçdikcə dəyişir, başqalaşır və bu güclü, heç nədən asılı olmayan dəyişmə bəzi şeylərin ən azı olduğu kimi saxlanmasına, ya da dərinləşməsinə səbəb olur. Bu gün biz Füzulidən boş bir plakat kimi istifadə edirik, sufi və təsəvvüf nümunələrindən ömrümüzə yapışdırdığımız şüarlar kimi bəhrələnirik (və daha çox da daldanacaq kimi, qüsurlarımızı örtən geniş bir ərazi kimi...). Demək, həyatın, talenin gizlinlərini, hansı dövrdəsə ürəyin dərinliyində gizli saxlanan dəyərləri sadəcə qafiyələndiririk. Bir sözlə, klassikanın həyatımızda real yerini analiz etməklə müasir poeziyanın gücünü və gücsüzlüyünü araşdıra bilərik.
Cavan nəslə aid olan Aqşin Evrənin gücü və gücsüzlüyü nədədir? Yaxud aşağıda haqqında bəhs edəcəyim digər şairlərin. Aqşinin şeirində əsas xassə gerçəkliyi bütün cəhətləri ilə götürüb onu bir nöqtədən, bir obrazın, metaforanın içindən çox fərqli biçimdə göstərmək cəhdindədir. Onun ayrı-ayrı nümunələrində bu hiss aydın-açıq görünür və proses, zənnimizcə, indi müşahidə edilən nöqtələrin onun özünə, istedadına uyğun geniş bir ərazini tutacağı yöndə gedir.
Göy qurşağından asılmış yelləncəkdəyik
Başını çiynimə söykəmisən
Qolumu şərf kimi dolamışam boynuna
Bizdən bir qədər aralıda,
yayından çıxmış oxu ətrafında fırlanır Yer kürəsi:
Asta-asta parfümlü külək əsir,
Pinqvinlər bu soyuqluqdan yorulub Günəşə sarı tələsir
Buzlaqlar əriyib Afrikanın stəkanına dolur
Çətirimizin üstünə balaca mələklər yağır
Ölü dəniz balıq doğur
Yavaş-yavaş Çernobıla yayılır oksigenli hava
Uşaqlar atomları gizlədirlər Marian çökəkliyində
Ozon dəliyini örtürlər çərpələnglə
Bütün dinlərin surələri eynidir:
“Əxlaq”
Ancaq bir məqam da qeyd edilməlidir: Aqşində şeir bəzən zahiri effektə əsaslanır, görünəndən fərqli bir şey anlatmır, sadəcə assosiasiyalar təqdim edilir, bu da obrazın “çılpaq” qalması ilə nəticələnir:
... Fizika da çin işgəncəsi idi
Bircə “Ümumdünya cazibə qanunu”nu
səni qucaqlayarkən başa düşdüm
Nyutonun başına alma düşməmişdən qabaq
sən mənim ürəyimə düşmüşdün...
Coğrafiya dərsində bütün yollar sənə gedirdi,
bütün çaylar sənə axırdı
Hərdən ayaqlarımı geyinib qaçırdım ekvator boyu
Hara dönürdümsə kompasın əqrəbi sənə baxırdı.
Qulu Ağsəsin iki şeirini nəzərdən keçirək. Bu iki şeirdə onun gücsüzlüyü gücünün hansı səviyyədə gerçəkləşə biləcəyindən xəbər verir. Çünki o, poeziyada yeni imza deyil, nəfəsinin, şeirdəki intonasiyasının qabarıq və kamil şəkildə duyulduğu nümunələrdə qırıqlıq yoxdu, misralara, qafiyələrə, mətnin digər komponentlərinə hopan yumor hissi, hətta bəzi nümunələrdə ironiya bu mətnlərin sistemi haqqında çox şey deyir. Ancaq Qulunun, dediyimiz kimi, “gülləsiz patronları” da yetərincədir və qəribəsi də budur ki, oxucular məhz bu nümunələri bəh-bəhlə qarşılayırlar. Bir yazıda deyildiyi kimi, “mətnin özəlliyi orada hansı mübahisələrin getdiyi ilə deyil, nə ilə və hansı səviyyədə mübahisə aparılması ilə şərtlənir”. Məhz bu kimi nümunələrdə şeir gəlişigözəlliyin qurbanına çevrilir. Baxın, mübahisə varmı:
Təzədən qaramat basar dünyanı,
Hanı doğan Günəş? körpəsi hanı?
…Görsən hər tərəfdən əlin üzülür,
Görsən üşüyürsən… yandır özünü…
2016-cı ildə başqa bir gənc şairin – Fərid Hüseynin “Bir də heç vaxt” adlı kitabı çıxdı. Bu mətnlər modern poeziyanı dəyərləndirmək, onun əzəli xassəsini bəlirləmək mənasında xarakterikdir.
Bir şairdən danışmaq üçün, xüsusən əgər indi bu şairin kitabı nəşr edilibsə, yəni biz onu küll halında oxumaq fürsəti bulmuşuqsa, onun metaforasının keyfiyyətini və obrazlarının hərəkətini bəlləməliyik.
Fərid fikrində tutduğu böyük, hələ bəlkə özünün də sona qədər kəşf edə bilmədiyi bir aləmə ani toxunur, təmas yaradır, bu “yumşaq sürtünmə” qəribə hislər yaradır, yəni şairin xəyalı obraz və epitetləri ard-arda düzüb “məsələni” bu şəkildə həll etmir, o aləmi, belə demək mümkünsə, xanalara bölür, həm də bir-birindən şəffaf xətlərlə təcrid edilmiş xanalara, baxışını onların arasından keçirib ilk baxışdan fərqli anımlara yol açır, nəticədə bir “semiotik xəritə” yaranır, dərdini danışan yox, gizlətməyə çalışan bir ürəyin ağrıları işıqlar kimi yanıb-sönür, uzaqdan baxırsan – bu bir şəhərdir, yaxına gəlirsən, bu – xaraba qalmış, ağır döyüşlərdən sonra kimsənin sağ qalmadığı bir yerdir. Bu iki bir-birinə əks görüntünü qoruyub saxlayan metafora açılır, pardaqlanır, həm də bütöv qalır. Bu xanaların arasından keçən “xatırladıcı” detllalr (məsələn, “Vardı” şeirində “xaraba taleyin uçuq qalası”) sevgi, tale, qədər zamanının üstündə şırım açdığı məkanı nişan verir, bununla da qalmır, bu detal bütün şeirin arxitektonikasını bəlləyir.
Fəridin şeirlərində iki əsas anlayış var: tarix və tale. Adi, keçici hadisələrdən yazanda mətninn dibindən tarixin dərsləri görünür, yaxud hansısa kitabın içinə kömülən tarixdən yazanda taleyinin “tarix kitabını” vərəqləyir. Və bu iki şeir, söyləm tipi arasında da əlaqə var, çünki onun obrazları çox fərqli detallar işığında eyni həsrətin müxtəlif yönlərdən görünüşünü verir. Onun mətninin bir özəlliyi də elə burdan doğur – düşüncə, poetik an tarixin sarsıntısından, oxuduğu kitabların arasından keçməsə tam şəkildə doğulmur və işıqlanmır. Yəni, bu şeirlərdən hansısa kitab qəhrəmanlarının adlarını pozmaq da olar, onların yerinə ixtiyari, ancaq şeirin mayası ilə səsləşən misraları da qoymaq olar. Ancaq bu halda həmin mətn çox mühüm bir özəlliyini itirər.
Söhbət Fəridin mətnindəki detallardan gedir, bu detallar diqqətlə baxıldıqda keçici, təsadüfi, müvəqqətilik hissi aşılayır. Sanki bir azdan bu detallar çəklibib gedəcək, mətn, yalnız hislərdən hörülmüş mətn efirdə yaşayacaq. Yəqin ki, bütün bədii mətnlərdə bu, ümumi xassədir, ancaq Fəridin mətnlərində bu qabarıq nəzərə çarpır.
Fəridin obrazının bir xassəsini də burda vurğulamaq istərdim. Janr duyğusu. Təkrardan qaçmaq. Keçmiş və gələcəyi birləşdirmək.
Qadınını öldürmüşdü -
Oğlunun anasını, qızının sirdaşını,
Düşündükcə günahı çoxalırdı...
Yaxud:
Məhkəmədən qayıdan məhkum
İçində
Hakimin çəkic səsini də gətirib.
Fikri bu şəkildə ifadə etmək, mənanı bu şəkildə “döndərmək” yalnız Fəridin ağlına gələ bilər.
Yaxud
Qızının saçlarını oxşayıb görüşdə.
əl verib salamlaşmaq istəmir
heç kəslə.
Fəridin metaforası və obrazı getdikcə, həm də zaman keçdikcə açılan, pardaqlanan bir biçimdə dünyaya gəlib. Belə də demək olar, şəklə, fotoya baxırsan, o qədər tamaşa edirsən ki, keçmişdə onun arxasında yazılanları oxuyub gələcəyin addım səslərini eşitmək istəyirsən. Yəni, bu bir yoldur, şeirin arxitektonikasının, qurulma üsulunun guşə daşıdır. Zahirən oxucuya elə gələ bilər ki, şair “qısa dalğada” dediklərini ona görə bizə ünvanlayır ki, heyrətlənək, bu adi faktın nələr doğura biləcəyindən xəbərdar olaq. Ancaq əsas məsələ hislərin hər hansı hadisənin təsiri və təzyiqi altında tez-tələsik mətnə çevrilməsinin qarşısını almaqdır; şübhəsiz ki, Fəridin bu kitabında o tipli şeirlər də var, yəni, güclü təzyiq altında dışarı çıxan, zühur edən, yalnız effekt doğuran mətnlər. Ancaq əsas kütlə belə deyildir. Şair ən müxtəlif “sitatları”, keçmişdə olanları, indi baş verənləri və gələcək illüziyasını bir girdabın içində ataraq hislərin maksimum gərginliklə mətnə çevrilməsinə nail olmaq istəyir.
Məhz buna görədir ki, onun bu mənada ən uğurlu şeirlərində poetik tarixin müxtəlif mərhələlərində - həm səsimizin çatmadığı keçmişdə, həm də “müasir” keçmişdə donub qalmış artefaktlar mətnin sınırları daxilində hərəkət edir, ən müxtəlif mətnlər arasındakı virtual əlaqələri aşkarlayır.
İşığımı
İmam Hüseyn Kərbala çölündə çırağını
Söndürən kimi keçirirəm...
Demək, bu mətnlərdə, onun formalaşmasında iki istiqamət var: 1) bütün mümkün vasitələrdən istifadə edib hisləri əlbəəl şeirə çevirmək, poetikləşdirmək, - bu tendensiya Fəridin birinci kitabında da var idi və zənnimizcə gələcəkdə də davam edəcəkdir, çüni bu, onun şair naturasını bəlləyən xüsusiyyətlərdən biridir. 2) Mətni ən müxtəlif zamanların artefaktlarından hörmək, mətni bu kimi artefaktlarla doldurmaqla onun daxilini keçici hislərdən təmizləmək, bədii effekti mətnin dərinliklərinə atmaq. Hər iki istiqamət arasında, daha doğrusu onları birləşdirmək mənasında bir əsas keyfiyyət də var – şeirin qəsdən bitməməsi, yəni, oxucuya tema vermək məqsədini daşıması. Oxucu bu “əntiq dşları” əvvəlcə olsun ki, eqzotika kimi qəbul edir, onunla təmasa girir, ona öz hislərini qatır və mətn onun üçün fərqli şəkildə doğulur. Qeyd edək ki, müasir şeirdə bu aparıcı xətlərdən biridir. Bu keyfiyyəti termin şəklində də adlandıra bilərik: bütün gücü sərf edib minimallaşmağa meyl.
Modern şeir, dorğu fikirdir ki, özündən əvvəlki nümunələrin içindən keçir, amma onun artıq hökm işarələrinə dönmüş sərhədlərini dağıtmaqla! Ancaq bu qəsd deyil, yeni şeirin inkişaf, yol getmək stixiyasıdır. Bu mətnlərdə “dilin aradan qaldırılması” prosesi alt qatda gedir və belə olduğu üçündür ki, mənalar ən müxtəlif variasiyalarda çarpazlaşır, o vaxta qədər ki, sözlərin yox olduğu, aradan qalxdığı yerlərdə “işıq yansın”. Bu şeirlərdə ekspozisiya hissəsi (yəni, nağıllama...) həmişə reduksiyaya uğrayır. Mətləb ənənəvi şeirdən fərqli olaraq fərqli biçimdə və konstruksiyalarda meydana gəlir. Qismətin şeirinə diqqət edin:
Zaman haqqında efirə getməyənlər
İstəsəniz, montajda kəsərsiniz.
Keçmiş yaddaşımızda olan qədərdi,
bundan artığı…
Üzümüzü həmişə keçmişə tutduq deyə,
gələcəyə arxamızı çevirdik.
Amma sonraya saxlamasaydıq,
işıq dirəklərinə qonan göyərçilərin səsini,
körpələrin gülüşünə inansaydıq birinci gündən,
Bu Günü elə Bu gün yaşasaydıq,
onda Zaman axsaq addımlarla
yanımızdan ötüb keçməzdi…
Yağış yağdı, yağmadı,
günəş doğdu, doğmadı,
çay evlərinə tərəf ambulans tələskənliyi ilə
qaçır adamlar, dillərində eyni cümlə:
“Gedək vaxt öldürək”.
Cəmi bircə şəkli olan qocanın dediyi kimi,
“sözlər də ikiüzlüdürsə…”
və həm də “insan öz dilinin altında gizlidirsə…”,
demək,
hamımız qatilik bir az, ən azı dildə.
(Mikrofonunuz işləmirdi, lütfən təkrar…)
İlk görünən bəlirti ən müxtəlif poetik komponnetlərin bətnindən müəllifin, şeiri yazan adamın daxili təcrübəsinin ifadəsidir. Bu daxili təcrübə gənc bir adamın gerçəkliyə uzaqdan baxışını (zəndlə-!) bildirir, quru mühakimələr, üslubun “təhkiyə axarında”, söyləm aktında realla irreal olanı qəribə bucaq altında birləşdirir. Daha doğrusu nümayiş etdirir. Qismətdə belə bir “səhnə mizanı” poetik sistemin aparıcı xəttidir.
Yaxud:
Tanış küçələrdə
Axşamüstü saat beş radələrində,
sənədsevər dövlət idarələrində
içindəki şeiri qanunsuz silah kimi
hamıdan gizlədən bir adam
tez-tez saatına baxmağa başlayır;
bir pişik miyoldayır divardakı kölgəsinə,
qalstukunu boşaldır,
dünəndənqalma bir ümid tapıb başını qatır…
Öz adı başqa olan qadınlar küçəsindən keçib düşünür:
çoxdandır yorğun təbəssümlər ayıdır,
ödənişli səadətlər həftəsi.
İndi onun fikrincə,
dostların yarısı xərçəngdən gedib,
yarısı təkəbbürdən…
İndi o bilir ki,
mövsümlərin dəyişməsini çiçək dükanları,
yolların uzunluğunu siqaret qullabları ilə ölçdüyü adam
meşələrin birində ağaclara qonşudu.
Axşamüstü saat beş radələrində,
bir adam mövsümləri masasındakı
təqvim yarpaqlarından cırıb atmağa başlayır.
Bir azdan tanış küçələrdən birində,
əlləri ciblərinin,
gözləri eynəyinin dərinliyində çırpınarkən,
başını qaldırıb buludlara baxacaq və gülümsəyəcək.
Əgər fikir verdinizsə, bu mətnlərdə nəzəri ilk cəlb eləyən xassə “birnəfəslikdir”, yəni dərinlik, gerçəkliyi fəhm etmənin iztirabı, insanın, ağlın və duyğunun dərinliklərindən silkinib göy üzünə baxması prosesi heç bir qırılma, yaxud belə deyək, nəfəs dərmə olmadan ötürülür. Burada allüziyalar (məhz allüziyalar-!) mətnin daxilinə kömülüb, assosiativ sel içəridən, mətnin dərinliklərindən baş alıb axır. Dil bu sürəkli axının proyeksiyasına dönür. Birinci şeirdə //İstəsəniz, montajda kəsərsiniz // Keçmiş yaddaşımızda olan qədərdi// bundan artığı…üç nöqtə kar qafiyənin də yeri ola bilər, hislərin dalana dirənməsindən boylanan çıxılmazlıq ovqatı da...
Qismətin yaşıdı olan elə şair var ki, bu prosesi fraqmentlərlə ötürməyin ustasıdır, yəni, orada, üfüqün hansısa nöqtəsində qərar tutarkən qəfildən çəkisizliyə düşmək, mətnin dərinliyindən təkan alıb davam etmək onun üslubi keyfiyyətidir. Hər dəfə dərinliyə baş vurmaq və geri qayıtmaq, assosiasiyaları üzə çıxarmadan onların bir-iki ştrixlə ötürülməsi... Qismət isə, yuxarıda dediyimiz kimi, prosesi heç bir qırılma məqamına yer qoymadan , deyək ki, onun şeir mətnində vacib element olan ironiyanı üzə çıxarmadan gizlətmək və münasibətini bu şəkildə bildirməyi xoşlayır.
Günel Şamilqızı son illər gənc şeirdə tapıntıdır. Bəli, “... bura qanadların sınan yeridir”. Günel içində qıvrıldığımız gerçəklliyi belə qavrayır. Onun “Ədəbiyyat qəzeti”ndə gedən şeirləri bunun əyani nümunəsidir. Onun “artkaspi” portalında serb poeziyasından etdiyi tərcümələr də ustalığı ilə seçilir. Bizdə xüsusən poeziya nümunələri dilimizə bu gözəllikdə az tərcümə edilir.
Bu tendensiyalar Nuranə Nurda da müşahidə edilir.
Hara baxsaq,
Gözlərimiz biz doldura biləcəyimiz yerləri axtarır.
Yaxud,
Hara getdim, qabağıma sirr çıxdı,
Bir sirr açdım, milyon dənə hürr çıxdı,
Bir sevdam var, yatır, üstü açıqdı,
ürəyimin üstə sərib gəlirəm.
Bu isə Qəşəm Nəcəfzadədir.
Sonda Nizami Gəncəvinin misralarını xatırlatmaq istərdik:
Söz demək dürr deşmək kimidir,
Hər kəs də söz deməyə layiq deyil.
“Ədəbiyyat qəzeti”, 29 aprel 2017-ci il.