Yazıçı adətən hadisələri yazır, biz isə bu hadisələrin kadr arxasındakı mənaları oxuyuruq. Təzahürlə məna arasındakı gizlin oyunlar aşkara çıxan kimi hekayə, təhkiyə... ölür. Yaxşı hekayələrdə bütün məqsədlər (dolayı, yaxud birbaşa) inkar edilir, Vonnehut vaxtilə yazırdı ki, təhkiyədə ironiyadan qaçıram, bir şey deyib başqa şey nəzərdə tutan insanlardan zəhləm gedir. Demək, təhkiyə strategiyasından əsas məqsəd “insan yaratmaqdır”, məlum modellərə qarşı dura bilən, yaxud onların sırasında itib-batan bir model.
Yazıçı Turalın hekayələrinin çapı başqa aspektləri hələlik kənara qoysaq, onun özü üçün önəmlidir və müəyyən əhəmiyyət daşıyır. Kitab şəklində çap olunmaq yazıçının tanıtımı, mütaliə edilməsi və tanınması üçün böyük əhəmiyyət kəsb edir.
Fikrimcə, o, hekayələrinin yazılmasına bir balaca başqa yönlərdən yanaşmağa cəhd edir. Bu meyl onun bizim Oxu Zalında müzakirə etdiyimiz romanına da xas idi. Səbəb aydındır: seçilmək, yazdığını fərqləndirmək və öz cığırını salmaq. Bu fərqləndirici cəhətlər və bu cüzi ştrixlər süjet quruculuğundan tutmuş mətləbin kompozosiya həllinə qədər bir sıra vacib məsələlərin qabardılması ilə nəticələnir və yekunda yol ayrıcına gəlib çıxırsan: ya qələmi yerə qoyub bu yola “əlvida” deməlisən, ya da tapdığın detalları nəfəsinə köçürdüyün koordinatlarla birləşdirməlisən. Hekayə (proza...), əslində sənin ruhi vərdişlərini bir sistem halında ifadə edən, onların kəskinlik dozasını (başqaları üçün yad tərəflərini) ümumişlək dildə çatdıran nəsnədir. Buna görə də, hər bir yeni başlayan şəxs əvvəlcə məhz “yazır”, sistemini, yolunu tapan şəxslər isə daha çox “pozurlar”. Pozulan sıralar, cümlə və ifadələrin sırası sıxlaşdıqca yazıçı sanki susan adamların əvəzində, onların yerinə danışır və bizim içində zillət çəkdiyimiz, donundan cin hürkən həyatın heç nəyə yaramaması bir daha üzə çıxır. Kitabının giriş sözündə Tural sanki bu mətləbə işarə edirmiş kimi yazır: “...Vonnehut deyir ki, hekayədki hər cümlə ya bilinməyən bir şeyi bildirməlidir, ya da süjeti davam etdirməlidir ”Amma sən yazdıqca bu bilinməyənlərin sırası artıqca artır. Söz, təsvir, detal... hədəfə dəydikcə içindəki mübhəm nöqtələr sızıldayır və ölü həyatın (...natürmort) diri, canlı surəti gəlir ekrana. Bu kimyagərlik oyununa dərindən dalsan, ağlını itirə bilərsən. Necə ki, Mopasanın başına gəlmişdi. Turalın sitat gətirdiyi Vonnehut essesinin başqa bir yerində nə deyirdi, desəm, təəccüblənəcəksiniz: “... Tələbələrimə deyirdim ki, kitabın lap başlanğıc hissəsində qəhrəman nəyisə şiddətlə istəməlidir, alışıb-yanmalıdır ki, filan şey olsun, qoy lap bir stəkan su olsun. Tələbələrdən biri bir rahibə haqqında yazmışdı, o, bütün günü dişlərində ilişib qalmış sapı çəkib çıxarmaq istəyir və bunu bacarammırdı. Görün, necə qənirsiz ideyadır!...”.
... İnsanları bəzən ağıl və məntiq yox, çılğınlıqlar birləşdirir (“Çılğınlar”). Hekayədə insan həyatının bir anı (ixtiyari....) və bütün həyatının mənası bir müstəvidə götürülür və müxtəlif hadisələr fonunda göstərilir. Bir dəfə qeyd etdiyimiz kimi, hekayədə (nəsr mətnində) əsas olan “valentliyin ” tapılmasıdır. Kimyəvi maddələrdə olduğu kimi burada da valentlik birləşdirici, daha doğrusu “birləşdirmə gücüdür”. “Çılğınlar” hekayəsində qəhrəmanlar danışmağı yox, susmağı üstün sayırlar, ortaya təsadüfən atılan bircə kəlmə xatirələri oyadır, hadisə bundan sonra onların hər ikisi üçün səssizcə cərəyan edir. Onlar öz həyatlarına tamaşa edirlər. Kadrlarsa bitdiyi yerdən təkan götürür, ortaya minbir süjet, uydurma, mövzu meydana çıxır. Montaj anında bütün səsli danışıqlar kəsilir, sükut həyatın mənasına çevrilir.
Bu “valentlik” duyğusu “O qız və o oğlanın hekayəsi”ndə daha qabarıqdır. Yazılan hekayə və insan həyatı. İnsan bezir və hekayənin içini tərk edir.
“-Mən bu hekayədən sıxıldım. Mətləb müəllim nəyə görə bu prosesdə iştirak eləmir?
- Mətləbə gələcəm də...
- Vonnehut deyir ki, hekayədəki hər cümlə ya bilinməyən bir şeyi bildirməlidir, ya da süjeti davam etdirməlidir.
- Sənin Vonnehutun da bir adam deyil...
- Niyə?
- Adam arağın içinə dərman atıb intihar eləməz
- Bəs?
- Dərmanı içər, sonra da arağı ölümün sağlığına qaldırar.
- Amma sənin Vonnehutun Rüstəm Behrudiyə oxşayır...”
Bir də. Mühüm bir qeyd: “... Kitab çap etmək hər yazıçının başına gələsi ayrılıqdır. Bu ayrılıq labüddür. Onları əlyazma halında stolun çəkməsində saxlamaq qorxuludur. Sanki ruhundan qopub göylərə uçmaq istəyən quşun qanadları qırılır və o, ev tutuquşusuna çevrilir. Yazıçının öz qiymətini alması üçün yazılanlar çap olunmalıdı”.