Əsgərlərimizin Zori Balayanın oğlunu dəhşətə gətirən qəhrəmanlığı - Bircə yazır...

Əsgərlərimizin Zori Balayanın oğlunu dəhşətə gətirən qəhrəmanlığı - Bircə yazır...
30 noyabr 2020
# 11:39

"Bu əfsanəvi döyüş idi, ölənlərin yerini yüzlərlə, minlərlə əsgər tuturdu. Dolu kimi yağan top mərmilərinin altında Azərbaycan əsgəri irəli şığıyırdı..." Qayk Balayan, Zori itin oğlu...

Beş il öncə oğlumun 3 dostunu onların xahişiylə götürüb kəndimizə getdik.
Bu üç dost, son dərəcə modern gənclər idi.
Çənələrində top saqqal, qulaqlarında "nauşnik", kimisi şortikdə, kimisi "arxası sallaq şalvarda", xarici musiqiyə qulaq asan.

Bir həftə qonağımız olacaqdılar. Atam, kiçik qardaşım əldən-ayaqdan gedirdilər ki, uşaqlar yaxşı dincəlsinlər, oğlumun üzü yerə düşməsin.

Bir gecə cavanlar araya pərxaşlıq qatdılar.
Səngərdəki əsgərimizin avtomatını alıb, erməni tərəfə bir neçə güllə guruldatdılar.
İşimiz oldu şuluq. Bir dəstə komandir qapını kəsdi ki, güllələr postdakı əsgərə sayla verilir. Atılan 8 güllə geri qayıtmasa, əsgər həbs olunacaq.
Qardaşım üç günə tanıdığı hərbçilərdən patronları tapıb əsgərin və qonaqlarımızın canını qurtardı.

Üç qonağımız bir həftə boyunca gecələri yatmadılar, qarşı səngərdəki erməniləri söydülər, onlarla daşlaşdılar. Gedən günü daha ağır "dəcəllik"elədilər.

Hardansa tapdıqları "limonkanı" erməni postuna tərəf vızıldadıb qaçdılar. Yenə yazıq atam, "mən ölüm, sən ölümlə"işi yoluna qoydular.

Atam uzun zaman oğluma dostlarına görə tənə elədi...

Nağıl dili yüyrək olar, vədə yetişdi, 27 sentyabr gəlib çatdı...

Xudayarın səsi bütün Azərbaycan boyu yayılır...

Keçdi xəyalımdan öz gözəl yurdum!

Cəbrayıl erməni generalın şah damarını qopardır...

Şuşa min bir müsibətlə fəth olunur. Geridə şəhid, yaralı qalmır. Sıldırım qayalarla, kanatla yuxarı qaldırılır...

Bütün dünya dəhşətə gəlir, düşmənlərimizin canına vəlvələ düşür.
Qalanları, olanları hamınız bilirsiz.

Atamın bir zamanlar quşqulu baxdığı gənclər indi tarix yazırdı. Fürsət düşəndə kişinin qəşəng kostyumlarını, ayaqqabılarını geyib, kepkasını başlarına qoyub, özlərini qımığı kişi cildinə salıb selfi çəkən o gənclər indi düşmənin şah damarını üzürdülər...

Qalibiyyətdən sonrakı günlərdən danışmaq istəyirəm.

Ağır karantindən çıxmış, institutları bitirib işsiz-gücsüz qalan, cibi pul tanımayan o igidlər vurdular, çatdılar, öldürdülər, torpağımızı aldılar.

Xəmir yoğurmağı, təndir odlamağı, kündə yapmağı, sac asıb yuxa yaymağı, tort bişirməyi hardan öyrəndilər bu dar macalda?

Erməniyə daş atmaqla ürəyi soymayan, gizlicə "qranat" tullayıb qaçan, çənəsi top saqqallı Nicat mənə zəng eləyib:

- Xala, aşın dibinə qazmağı necə düzəldirlər, soruşanda , əsim-əsim əsmişdim.

Uçuq evdəki pianoda Bethovenin prelyüdasını ifa edən əsgər də məni dəhşətə gətirmişdi.

Soyuqlamış əsgərləri sıraya düzüb məfi-qaydayla bellərinə banka salan əsgərə yüz dəfə, qadanı-balanı mən alım dedim.

İri qazanlarda bişirdiyi yeməyi "qazan-açdısız" paylamayan əsgərimə heyran oldum.

Bəs bu qədər işləri harda, necə öyrəndi mənim qalib Əsgərim?

"Fəryad"filminə bircə dəfə baxmışam. Aylarla özümə gəlməmişəm. Şəxsən tanıdığım iki nəfəri bu kino "öldürüb".
Əsgərimin çəkdiyi" Fəryad"-revanş yaralarıma su səpdi. İxtiyarım, imkanım olsaydı onlarla, "Oskar" - verərdim o səriştəli, yerli-yerində, can-dərmanı çəkilişə.

Xocalı qatilini "it libaslı" tutanda dıqqılıca toxtadım.

Zoddakı erməni-rus əsgərinin üstünə yeriyən igidimi görəndə sevincdən qanad açdım, uşaqlığı gözümün önündə keçmişdi o Qəhrəmanın...

Hansı qoxutluqla böyüdüyünün şahidi olmuşdum.

Hansı arada böyüdü alnımızın məhşər qarasını silən cavanlar?

"Padval uşaqları" beləmi olur, ay potabaşlar?

Komandirini xilas etmək üçün özünü bombanın üstünə atıb, onu canıyla zərərsizləşdirib sağ qalan, (zirehli jilet qoruyub) Bomba ləqəbli Əsgərim, sənin körpə canına qurban olum.

Hansından deyim, hansından yazım?

Yaralanıb, sakitcə kömək gözləyən, özünün son anlarını çəkən qəhrəman kimlərin yuxusuna girmir...

Hələ bilmədiyimiz, tanımadığımız nə qədər igidlərimiz var.

Güllə yağışı dayanan kimi oxuyan, oynayan, yağının üstünə qəh-qəhəylə atılan igidlər, bu dərsi nə vaxt aldınız, hansı kitablardan oxudunuz bu elmi?

Qarabağı, Şuşanı, Kəlbəcəri görməyən oğlanlar, Qarabağ sevgisini kimdən öyrəndiniz?

Yaxşı ki, öyrəndiniz!!!

Maykl Cekson və Müslüm Maqomayev öləndə halva çalıb iş yoldaşlarıma paylamışdım. Şahidim Təranədi...

Əlində skripka, başında şlyapa olan "Maykl Cekson”u Şuşanın dumanlı küçələrində görəndə səksənmişdim.
Onun Şuşa buradımı, sualı məni kövrəltmişdi.

Əsgərimə yenidən heyran olmuşdum, ondakı qılınc zərbiylə, avtomat zəhmiylə birgə, musiqi duyumuna, yaradıcılıq istedadına pərəstiş eləmişdim.

Gündə bir dəfə Ceksonun Şuşa səfərinə baxmasam, heç bir işin qulpundan yapışa bilmirəm.

Çox şükür ki, Əsgərim dahi sənətkarı "Neverlenddən", uyuduğu yerdən Şuşaya da "gətirə bildi".

Çox istərdim ki, əsgərlərimizin o çəkilişləri bir ələ, bir yerə yığılsın.
Onların hər birinin qarşısında baş əyirəm, alınlarından öpürəm.

P.S. Atamın ruhunun qulağına səslənirəm.
Sənin bir az şübhəylə, bir az yumorla baxdığın oğlanlar sənin həsrətindən qovrulduğun torpaqları bizə qaytardılar. Gözün aydın , ay Ata!!!
Xudayar bütün Azərbaycanın eşidəcəyi bir səslə oxuyur, Deyirlər bülbülə Vətən yaxşıdır...

# 6396 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #