Adamların gözü qabağında məni yerlə sürüdü - Bircənin romanı

Adamların gözü qabağında məni yerlə sürüdü - Bircənin romanı
6 mart 2020
# 09:00

Kulis.az “Cəhənnəmdən keçmiş mələk” avtobioqrafik romanından növbəti hissəni təqdim edir.

əvvəli burada

Cavidin ev kirəsindən artıq qalan pulla Xədicənin əynini başdan-ayağa təzələdim, qulaqlarını deşdim, yarası sağalan kimi ona balaca bir qızıl sırğa aldım. Məndən beş yaş böyük olsa da qız uşaq yaşında, uşaq ağlında qalmışdı. Sırğalar qulağında Xədicə evimizi dörd dolandı, hərənin qabağında bir az əylənib doyunca güldü, sonra mənim üzümə baxıb kəkələdi. Firəngiz yenə bizi ələ salmağa bəhanə tapdı, bir gözüylə qıza, bir gözüylə mənə baxa-baxa dedi:

- Xədicə, utanma, xalamı bərk-bərk qucaqla üzündən öp.

Onun fırıldağını anlayırdım, istəyirdi Xədicə ağzının suyunu üzümə yaxsın. Fikir vermədim, qızların kolleksiyasından götürdüyüm dırnaq boyasını, yarımçıq ənlik-kirşanı, saç sancaqlarını, yumru güzgünü əl çantalarımdan birinə yığıb Xədicənin qoluna taxanda Taylan məni qucaqlayıb hönkürdü:

- Ya annəm, sən nə böyük adamsan, ya sən adam kimi adamsan.

Xədicənin evlərinə getməyiylə ağlaya-ağlaya qayıtmağı bir oldu – deməyəsən özü kimi xəstə bacısı qızın çantasını, dırnaq boyasını tutub əlindən alıb. Bundan sonra hələ neçə dəfə də mən Xədicəni bəzəyib yuxarı göndərdim, evdəkilər onu lütləyib üstümə qaytardılar.

Özümə təzə evcik kuklası, canlı oyuncaq tapmışdım. İşlərimi görüb qurtaranda gecə yarı olurdu, ondan sonra hamamlanıb günümü Xədicəylə tamamlayırdım – divanın üstündə büzüşüb məni gözləyən qızın saçını fenləyirdim, dırnaqlarına boya çəkirdim, bəzəyib-düzəyib onu evlərinə ötürürdüm. Firəngiz hər dəfə deyirdi:

- Ay Xədicəni vurğun vursun, ona saç maraqlı deyil ey, başında dızıldayan fendən xoşlanır. Xala, vallah səndə də ağıl yoxdu, gedib yatmaq əvəzinə dəli başı bəzəyirsən.

- Elə demə, ay Firəngiz, mənim özüm Telli mamanın boş ətir şüşələrini, pudra qablarını o qədər iyləmişəm, qırıq güzgüsünə o qədər baxmışam ki...

- Belə de bilim də, bəs demə buna görə Xədicəni belə bəzəyirmişsən.

- Hələ sizin acığınıza ona saat da alıb bağlayacam qoluna.

- Ağlın olsun, xala, Xədicə saat bilir bəyəm?

- O gün səninkini qoluna taxıb gülürdü.

Firəngiz qaçıb otağından saatını gətirib masanın üstünə tulladı:

- Mən də deyirəm iki gündü niyə canım qaşınır. Al bunu bağla Xədicənin qoluna, saatın pulunu ver gedim özümə təzəsini alım.

- Xədicənin qoturu var sənə keçə? Onu şərlədiyinə görə verməyəcəm.

Çox keçmədi qızların üçü də Xədicəyə alışdı, hətta deyərdim onu sevməyə başladılar. Mən işdən qayıdanda qapını üzümə bəzəkli Xədicə açırdı – qızlar onun saçını cürbəcür şəkillərə salıb üz-gözünü boyayırdılar. Gözü üzümdə məndən tərif gözləyən Xədicənin ürəyini qırmırdım:

- Boy, nə gözəl olmusan bu gün, - deyirdim, - mən də sənə dondurma almışam, apar mətbəxdə ye.

Sonra başımı qızların otağına salıb ağzımı açırdım:

- İt qızları, bu yazığı niyə klouna döndərmisiz?

Firəngiz durna boğazı kimi uzun boynunu yorğanın altından uzadıb:

- Xala, belə xoşuna gəlir, - deməyiylə otaqda gurultu qopurdu.

***

Payız üzülürdü, Cavidin gəlməyinə artıq beş ay qalmışdı. Gərgin iş rejiminə çoxdan alışmışdım, sutkada uzağı beş saat yatırdım. Hər qəpiyimin üstündə əsim-əsim əsirdim, iş yoldaşlarımdan kimsə məni toya-nişana çağıranda xeyli sonalayırdım. Yediyim hər tikəni elə bilirdim oğlumun boğazından kəsirəm. Allah üçünə Səməndər, Sevil, Cavidin bacısı bizdə qalan dostunun anası bizi ərzaq sarıdan korluq çəkməyə qoymurdular. Mən evin əsasən xırda-para bazarlığını eləyirdim, bir də kommunal xərcləri ödəyirdim.

Qəpiyə güllə atdığım o günlərin birində yenə bir iş yoldaşım məni toyuna çağırdı. Getmək istəmirdim, Elgün şirin dilini işə saldı:

- Ay Bircə xanım, niyə gəlmirsiz, kollektiv hamılıqla orda olacaq. Allah qoysa bir azdan siz də oğlunuzu evləndirəcəksiz.

Bir-iki ayrı iş yoldaşım da ona qoşulub məni həvəsləndirdi, birləşib başımı bişirdilər. Toyun pulunu hazırladım, qaldı əyin-baş məsələsi. Hansı dükana girdimsə yüz manatlıqdan aşağı paltar tapmadım. Kor-peşman evə qayıdıb sandığımı tökdüm, nazik batistdən bir yorğan-döşək dəsti əlimə keçdi. Gecəni səhərəcən yatmayıb özümə don tikdim.

Yenə Eminin öldüyü günün gecəsi ağır qanadlarını üstümə gərdi, Telli mamanın kafiri imana gətirən avazı qulaqlarımdan, ipə-sapa yatmayan, bir hovur əylənməyən körpəmin balaca toppuş əlləri gözlərimdən çəkilmədi. Elə bilirdim biçdiyim parça deyil, öz dərimdən yaralı canıma don tikirəm, iynə gözündən keçirdiyim də sap deyil, özcə damarlarım, sinirlərimdi. Dan sökülənəcən bədənimin hər yeri deşdək-deşdək olmuşdu, təpəmdən-dırnağımacan canımda min-min iynənin yeri gizildəyirdi...

Tikdiyim toy paltarı olsa da onu yas ovqatıyla tikmişdim, ona görə də o donu tək bircə dəfə geyindim, sonralar ona əl vurmağa qolum uzanmadı. Bir müddət dolabımda yatıb-qalan o paltarı günün birində qapımı döyən dilənçiyə sevinə-sevinə verdim, elə bildim evdən böyük bir qaramat, ağır bir meyit çıxardım.

***

Şənbə-bazar gəzmək həvəskarı olan Aygün nə qədər dil tökürdüsə evdən eşiyə baş uzatmırdım. Bacılığım son vaxtlar özünü bir az qəribə aparırdı, bizə seyrək gəlməyə başlamışdı. Səbəbini soruşanda deyirdi:

- Sən daha mənlə maraqlanmırsan, mən də acığa ərə gedəcəm.

- Aygün, qadan alım, - deyirdim, - hara gedirsən get, bircə ərə getmə.

- Niyə, ər belə pisdi bəyəm?

- Ər bəlkə də pis olmaz, amma yaxşı da olsa aramıza girib bizi ayıracaq.

- Eləsinə gedərəm ki, qardaşına da səni alım, elti olaq.

- Elti əyrisi, balta əyrisi, - deyəndə bacılıq gerçəkdən eltimmiş kimi mənə tərs-tərs baxırdı...

Qızlar mənim evimin içində yaşasalar da hərəsinin öz aləmi, öz vətəni, öz sərhədi vardı. Amma Taylanla Xədicə mənim dünyamın sakinləri, sağ əlimlə sol əlimin arasında idilər. Canımın bütün ehtiyatını – var gücümü, umudumu, səbrimi səfərbər eləyib Cavidin gələcəyi vaxta hesablamışdım. Hər ay zülümlə topladığım min dolları onun hesabına köçürəndən sonra həyəcanımı dincə qoyurdum. Qolumdan qopanın qəpiyinə də qızırqalanmırdım, bir qara qəpiyin də arxasınca baxmırdım, o pulları oğlumun gələcəyinə yatırdığım sərmayə bilirdim. Ən vacibi də, o məşəqqətli günləri ağlayıb-sızlamaqla yox, deyə-gülə yola verirdim.

Belə günlərin birində başıma ağlamalı-gülməli bir iş gəldi.

Əslində şənbə günləri də bir neçə saatlığa işdə olmalıydıq, ancaq çox vaxt Elgün bizə zəhmət vermirdi, hamının yerinə özü ofisə gedirdi. O, şəhərdə olmadığı günlərdə bölgədəki filialdan gələn pulu sürücü gətirib blokun ağzında mənə təhvil verirdi. Səhər ertə mən işə çatcaq möhkəmcə bürülüb-bükülmüş pulları sayıb xəzinəyə mədaxil eləyirdik. O qiymətli bağlamanın bir gecə məndə qaldığını heç evimdəkilər də bilmirdilər.

O səhər hazırlaşıb evdən çıxanda amanatı əlimdə çox vərəvurd elədim – gah sinəmə sıxdım, gah qoynuma-qoltuğuma dürtdüm, gah da çantama qoydum. Qapını arxamca örtəndə ağlıma nə gəldisə pulu çantadan çıxarıb sellofan torbada özümə günortalıq götürdüyüm dovğa bankasının yanına atdım. Çantam sağ qolumda, yemək torbası sol əlimdə blokun girişindən sağa-sola boylandım: Əjdər hələ görünmürdü. Gözləməyə hövsələm çatmadığından sürücünün gələcəyi səmtə doğru addımladım. Hər səhər olduğu kimi qəssab yenə dana kəsmişdi, qanın, qarın-qartanın iyi aləmi bürümüşdü. Ondan azca aralıda balıqsatan paltar vannalarına diri balıqlar boşaldırdı. Bir az da irəlidə göysatan pəstərəsini düzəldirdi. Bütün bunlara ötəri nəzər salsam da gözüm Əjdər gələsi yolda qalmışdı.

Bu dəm qarşı səkidən ilanoynadana oxşayan arıq uzun birisi yolu qaça-qaça adlayıb üstümə şığıdı. Gədə qoluma keçirdiyim çantanı dartanda ayıldım, torbanı sol əlimlə özümdən aralı tutub sağ qolumu qatladım ki, çantamı əlimdən ala bilməsin. Ayağına bir cüt cırıq şəpid geymiş ilanoynadan o qədər adamın gözü qabağında məni yerlə sürüdü, çantamı qolumdan çıxarıb qaçdı.

Bir müddət başıma nə gəldiyini anlayammadım. Gözüm dovğa bankasının yanındakı bükülüyə sataşanda bir torba pul tapmış kimi sevindim, yerdə oturuluca torbanı bağrıma basıb sıyrıq dizlərimə, qanamış dirsəklərimə, qəssabxanadan axıb yolda göllənən qanlı suya bulaşmış üst-başıma utana-utana göz gəzdirdim. Həm sevinirdim, gülürdüm, həm də gələn-gedən adamların üzünə baxıb onlardan mədəd umurdum. Yanımdan ötən bəzəkli xanımlar, səliqəli kişilər zımrıqlı suyun içində oturub əzik torbanı sinəsinə sıxmış, üstəlik də gülən adamı bilmirəm nə sayırdılar. Heç kim irəli durub qolumdan yapışmırdı.

Çantamda gedənlər eynimə deyildi, bütöv bir xəzinənin əlimdə-ovcumda qaldığını düşündükcə toxtayırdım. Sellofan torbanı qaragünlük saxlancımı göz bəbəyitək qoruyub-saxlamış etibarlı doğmam kimi bərk-bərk köksümə basıb geri qayıtdım.

Qızlar hələ yatışırdılar. Soyunub təzədən duşun altına girdim; isti su dizimə-dirsəyimə dəydikcə yaralarım cızıldayırdı. Evə dönəndə də, çiməndə də, hamamdan çıxıb əyin-başımı təzələyəndə də yalnız bunu düşünürdüm: “İlahi, nə yaxşı pulu çantamdan götürüb torbaya atdım, yoxsa kimi inandıra bilərdim?”

Maşına oturanda Əjdərə çəmkirdim:

- Niyə belə gec gəldin, harda midilənirdin?

Onun nə cavab verdiyi yadımda deyil. İşə çatan kimi pul bağlamasını götürüb birbaşa müdirin yanına qalxdım. Qollarımı, dizlərimi ona göstərib dedim:

- Mən daha işləmək istəmirəm, görün bir küçə uşağı məni nə hala salıb.

- Vay, niyə bu gündəsiz, ay Bircə xanım?

- Günüm gözümə girsin, deyin görək bu pulu əlimdən alıb aparsaydılar neyləyəcəkdim, kim mənə inanacaqdı?

- Pul cəhənnəmə, nə yaxşı salamatlıq olub.

- Baxın görün o pulu cəhənnəmə göndərmək olar? Mənim evim kimi azı dörd evin pulu var burda. Nə vaxtacan belə olacaq?

- Bircə xanım, Aqil müəllimə bir söz demisiz?

- Deməmişəm, amma deyəcəm.

- Sizə qurban olum, heç nə deməyin, özüm hamısını yoluna qoyacam.

Müdir sözünün üstündə durdu: mənə bir həftəlik istirahət verdi, üstəlik bizi çantamızda idarənin pullarını daşımaq qayğısından, qayğı bir yana, bu işin xatasından-bəlasından qurtardı.

İndi deyim çantamda gedənlərdən: bütün sənədlərim, qızıl bilərziyim, bahalı ətirim, bir də maaş kartıma vurulmuş 200 manat avans. Kartın kodunu da yazıb kamali-ədəblə üstünə qoymuşdum – qolu qurumuş məndən aralanan kimi pulu da çıxarıb itilmişdi.

İllər öncə başıma bundan da betəri gəlmişdi: heç kəs anlamasın deyə kodlarla yazdığım gündəliyim vardı, o gündəliyə bütöv gəncliyim sığışmışdı. Günün birində avtobusda onu da çantamdan çıxarıb apardılar. Bəlkə bir ay həmin avtobusun marşrutu boyunca aşağı-yuxarı yeridim, yolların sağına-soluna baxdım, dedim bəlkə namərd oğru dəftəri buralara atar. Tapa bilmədim...

Evdə qaldığım bir həftəni diz qatlayıb dincəlmədim, daha da çox çalışıb o iki yüz manatın yerini doldurdum. Qış ağzı dükan-bazarda heyvadan, nardan, almadan savayı ucuz meyvə tapılmırdı. Yaxşı ki, vaxtında o kafeylə danışmışdım, arada onlara blinçikdən başqa yarpaq dolması, dovğa da bişirib verirdim. Bu da mənim qazancımı xeyli artırırdı.

***

Gözəlim həyat başımı necə qatmışdısa adamlarından, heyvanlarından, yollarının tozundan, ocağının-təndirinin tüstüsündən, hətta tövləsinin-təzəyinin qoxusundan ötrü burnumun ucu göynəyən kəndimiz də yadıma düşmürdü. Atam hər zəng vuranda zarafatından, atmacasından qalmırdı:

- O iş yerində heç səni istəyib eləyən yoxdu?

Kişi hər dəfə bu sualı verdikcə hirsimdən caynaq çıxarırdım:

- Yox, ay ata, - deyirdim, - ürəyini buz kimi saxla, burda heç adımı tutan da yoxdu.

Zarafat bir yana, ağlımın ucundan da keçmirdi ki, kimsə gəlib məni bu ortalıqdan götürə bilər, qardaşlarımdan savayı hansısa insan erkəyi qazancından qazancımın üstünə qoyub yükümü yüngüllədər, uşağıma arxa durar. İnsafən heç oğlum da gərəyindən artıq pul-para istəyib məni artıq yükə salmırdı. Qalırdım özüm, özümü də yola verməyə, iki əllə bir başı saxlamağa nə vardı!

İlk günlər işə geydiyim dikdabanları çoxdan soyunub atmışdım. Aqilin bir zamanlar baha qiymətə aldığı, ancaq artıq geyinmədiyi köynəklərin boyunluğunu, düyməliyini dəyişib özümə qəşəng qoftalar qondarmışdım. Evimin yanında yeni açılmış ikinci əl dükandan həmin qoftalara, köynəklərə uyğun ucuz şalvarlar, ayaqqabılar alıb işə bunlarla gedirdim. Mənim dikdaban geyib paçamı gen qoya-qoya yeriməyə vaxtım, amanım nə gəzirdi!

Axşamlar işdən çıxanda ürəyim yuxalırdı, həlim, yumşaq duyğular içimi doldururdu. Nahardan sonra xanımlar günün sonunu maraqlı keçirmək üçün planlar cızanda mən qaçıb hardasa daldalanırdım. İş saatı bitər-bitməz qız-gəlinlər çantalarını qapıb çölə axışırdılar, kimi ərinin, kimi nişanlısının, kimi də sevgilisinin maşınına doğru sevincək yüyürəndə onların arxasınca nisgilli boylanırdım; istəyirdim məni də kimsə gözləsin, kimsə məni də kinoya, teatra, lap elə axşam yeməyinə dəvət eləsin. Yalnız günün bu saatları – şər vaxtı mənim də bir qadın olduğum yadıma düşürdü. Peşman-peşman çantamı çiynimə salıb xaşalqarın Əjdərin motal iyi verən köhnə “Jiquli”sinə doğru addımlayırdım, evə çatana qədər arxa oturacaqda bulanıq xəyallara dalırdım. Evdə isə xəyal atı yük qatırına dönürdü, çatan kimi başlayırdım blinçik bişirməyə...

***

Bir şənbə Aygün zəng vurub məni evinə çağırdı. İş-gücümü bitirəndən sonra bişirdiyimdən bir qazan götürüb getdim.

Qapını üzümə Aygünün hələ Xuraman müəllimənin sağlığında tanıdığım rəfiqəsi açdı. İçəridə bir xeyli adam bəzəkli süfrə başında halay vurub oturmuşdu. Aygünü soruşdum, dedilər mətbəxdədi. Qonaqların çoxunu tanıyırdım, rəhmətlik müəllimimin uzaq qohumlarıydı. Başdakı kürsüdə kepqalı arıq bir kişi oturmuşdu. Hamıyla görüşdüm, Aygün də gəldi, məni qucaqlayıb öpəndən sonra üzünü məclisə tutub dedi:

- Bircə mənim kiçik bacım hesab olunur, onun da söz demək haqqı var.

Aygün mənlə tanışlığından, ana əvəzi bacısını mənə qısqanmağından qonaqlara xeyli danışdı. Sonra birdən üzümü özünə tərəf çöndərib dedi:

- Ərə gedirəm, istəyirəm mənə xeyir-dua verəsən.

Elə bildim zarafat eləyir, gülə-gülə soruşdum:

- Kimə gedirsən, bəs bəyimiz hanı?

Aygün masa başında oturub əlindəki çay fincanını başına çəkən kepkalı kişini göstərdi:

- Bircə, bax mən bu adamla, Asiflə evlənirəm.

Pərtliyimi büruzə verməmək üçün gülümsəyirdim. Mənə elə gəlirdi qorxulu kölgələrlə, kabuslarla dolu qaranlıq zirzəmiyə düşmüşəm. Hamı danışıb-gülürdü, fındıq boyda yarpaq dolmalarını qovurğa dəni kimi ağızlarına atıb həvəslə çeynəyirdilər, Aygünün bahalı boşqablara yığdığı şirin piroqları lopa-lopa içəri ötürürdülər. Mənimsə əlim ağzımın yolunu unutmuşdu, üzümə gicbəsər təbəssüm maskası taxıb mal kimi onun-bunun üzünə baxırdım.

Buna qədər Aygün bir dəfə ərdə olmuşdu. İndi – 55 yaşında bu qadının ər nəyinə gərək idi, anlamırdım. Yaxşı evi, gəlirli işi, təmtəraqlı bağı vardı. Oturub qazancını qovğasız yeyə bilməzdimi?

Gözümü dolandırıb süfrə başına yığılmış qadınlara baxdım – hamıdan kiçik mən idim. Əlimi üzümə atdım, bir anlıq mən də onlar sinndə, onlar cilddə olmaq istədim – üzüm qırışlı, gözlərim torbalanmış, alnımda dərin yarıq. Bəlkə elə olsaydım məni adam yerinə qoyub demək istədiklərimə inanardılar. Ancaq indi nə desəydim dediyimi ya bir uşaq sadəlövhlüyü, ya da qadın paxıllığı sanıb mənə güləcəkdilər. Hərçənd elə o süfrənin başındaca, o bəzəkli boşqabların işığındaca Aygünün sonrakı peşmançılığının anonsunu verən epizodların, fikir, davranış toqquşmalarının şahidi oldum.

Handan-hana özümü toplayıb ayağa qalxdım, üzümü əvvəlcə qonaqlara, sonra ev yiyəsinə tutub:

- Sağlıqla qalın, Aygün, toyun mübarək, - deyib qapıya yönəldim.

Aygün məndən bunu gözləmirdi, çaşqın-çaşqın soruşdu:

- Bircə, bəs niyə belə?

- Necə belə?

- Niyə oturmursan, sevinmirsən, mənə kömək eləmirsən?

- Bacı, Allah səni yarıtsın, - dedim, - xəbəri qəfil verdin deyə həyəcanlıyam, gedim, sonra görüşərik.

Qapıdan güllə kimi çıxdım. Aygünün evi Xəzər sahilinə yaxın idi, istədim gedim dərdimi-sözümü bu nəhəng su yatağına – suların Allahına danışım. Bir az üzü dənizə durub baxdım, baxdım, ancaq getmədim. Mənə elə gəldi indi Xəzər də dəniz qırağında böyümüş bakılı balasının tərəfində olar, məndən çox onu anlayar. Əlbəttə, ulu Xəzər qucağında böyütdüyü bir qızı qoyub məni – bu şəhərə gələnəcən arxdan, kəhrizdən böyük su yatağı görməmiş kəndçi qızını dinləyəsi deyildi ki...

# 11335 dəfə oxunub

Müəllifin son yazıları

# # #