“Kaş o tabutda özüm olaydm” – BİRCƏNİN ROMANI

“Kaş o tabutda özüm olaydm” – BİRCƏNİN ROMANI
5 may 2017
# 11:53

Kulis.az Bircənin “Cəhənnəmdən keçmiş mələk” avtobioqrafik romanından növbəti hissəni təqdim edir.

əvvəli burada

İkinci bölüm

Cəhənnəm

Yad evdə, yaxşı tanımadığım insanların arasında Allahın unutduğu bəndə kimi yaşayırdım.

Səhərlər hamı evdən çəkiləndə sürünə-sürünə otağımdan çıxırdım. Belimi hələ də düzəldəmmirdim. Uşaq vaxtı nəm torpaqda sürünən soxulcanları ortasından əzər, sonra da çöməlib o soxulcanların əzabla sürünməyinə saatlarla tamaşa eləyərdim. İndi özüm də o gündəydim, beli qırılmış gövdəmi güclə sürüyüb aparırdım.

O məşum hadisədən yeddi gün keçirdi. Emin hələ də gözə dəymirdi. Mən canımı dişimə tutub ev işlərini görəndən, bir az da yemək hazırlayandan sonra özümə çəkilirdim. Deməyə, danışmağa heyim yoxuydu. Bayırda da çox qala bilmirdim, içimi-içalatımı yel aparırdı. Qadın olandan mənə elə gəlirdi geydiyim paltarların hamısının ətəyi deşilib; əslində isə deşilən bədənimin özüydü, o yırtıqdan canım gecə-gündüz yel çəkirdi. Tir-tir əsirdim.

İçim bomboş qalmışdı, duyğularım koralmışdı. Əlim işdən-gücdən aralanan kimi özümü sürüyüb hamama salırdım. Saatlarla isti suyun altında qalıb canıma çoxlu salavat versəm də, çirkabdan arına bilmirdim, yenə bədənimə murdar cəmdək kimi baxırdım. Yadımdadı, nənəm aybaşılı qızı-gəlini xəmirə yaxın buraxmaz, südü mayalamağa qoymazdı, deyərdi murdarsız, mayama əl vurmayın. Ta o qız, o gəlin təmizlənib qüsullanana qədər qatığı özü çalardı, xəmiri özü yoğurardı. İndi mən də, hələ qadınlıq mərəzinə tutulmadığıma baxmayaraq, qaba-qaşığa əl vuranda çimçəşirdim, bişirdiyim xörəyə duzu belə qorxa-qorxa atırdım. Yaxşı ki, qaynanam belə şeylərə məhəl qoyan deyildi.

Günorta yeməyinə hamı evə gəlirdi. Külfət yığışana kimi sümüklərim sızıldaya-sızıldaya süfrəni sahmana salırdım, yemək-içməyi masaya düzüb otağıma çəkilirdim. Canımın ağrısından da çox, evdəkilərin üzünə çıxmaqdan utanırdım. Qaynanam mənim çəkingənliyimin səbəbini heç başa düşmək istəmirdi, elə hey deyinirdi ki, niyə üzə çıxıb külfətə qulluq eləmirəm.

Saatlarla çarpayının üstündə sərili qalıb bütün olanları dönə-dönə yaddaşımdan keçirirdim. Gün uzunu fələyə yalvarırdım ki, məni bu hala salan adam bir də bu evə qayıtmasın. Kimsədən ötrü darıxmırdım, heç kimi arzulamırdım, xəyallarımın darmadağın olmuş sarayının xarabalığında bir uçuq-sökük daxma da qurub başımı içinə soxa bilmirdim.

O günlər qonşuluqda bir cavan gəlin uşaq üstə can verdi. Gəlinin anasının naləsi, körpə balalarının mələrtisi neçə gün qulağımdan getmədi. O gəlinə sidq-ürəkdən həsəd apardım, tabutu çiyinlərdə gedəndə ürəyimdə yüz dəfə dedim ki, kaş o tabutun içindəki mən olaydım.

Gecələrim daha ağır keçirdi, nə illah eləyirdim gözümə yuxu getmirdi. Əlimə kitab alan kimi qaynanam yellənə-yellənə gəlib otağımın işığını söndürürdü ki, yat, sabah ertədən oyadacam səni. Qaranlıq otaqda üzüm divara saatlarla düşünürdüm. Məsumluğumu itirdiyim o gündən güzgüyə baxmaqdan qorxurdum, elə bilirdim baxsam, ürəyim partlayar; mənə elə gəlirdi pırtlaşıq saçlı, çuxur gözlü, şırım üzlü bir qarıya dönmüşəm.

***

Ər evində təkcə qaynatamla dil tapa bildim. O, həm oxumuş, həm rəhimli, həm də müdrik kişiydi. Köklü-köməcli bir nəslin törəməsiydi. Qaynatam ölənəcən mənə dəstək olmağa, məni anlamağa çalışdı. Bu münasibətin yaranmasında, söz yox, onun atamla qohumluğu da rol oynayırdı. Baxırdın ki, kişinin mənə hayıfı gəlir; gündüzlər hamı iş-güc dalınca gedəndən sonra evdə ikimiz qalırdıq, qaynatam əlindən gələni eləyirdi ki, mən çox əziyyət çəkməyim. Yemək hazırladığım vaxt bağda əkdiyi göy-göyərtidən dərib mənə gətirirdi, hərdən bişirdiyim yeməyə uyğun soğan da soyurdu. Bütün bunlar mənə qol-qanad verir, qəribliyimin, kimsəsizliyimin sıxıntısını ötəri də olsa azaldırdı.

Qaynatamın bundan əvvəl də haqqında danışdığım muzeyə bənzər otağı mənim evdə sığınacaq yerim idi. Qınayan olmasaydı, elə bu geniş, yarıqaranlıq, qışı isti, yayı sərin otaqda yatardım. Boş vaxt tapan kimi özümü verirdim qaynatamın otağına, Emin mənlə dalaşanda hərdən qaçıb onun şifonerində gizlənirdim. Hətta bir dəfə yatıb o şifonerdə qalmışdım.

Aprelin birinci ongünlüyü başa çatırdı. Emin hələ də ortalıqda yoxuydu. Düzü, hərdən gözüm axtarırdı onu: həm gerçək, həm də xəyal dünyamı alt-üst eləyən, məni sevdiklərimin (lap elə olsun sevmədiklərimin) əlindən alıb bura qədər gətirən, mənə belə bir işgəncəni rəva bilən adam hara yox olmuşdu?.. Bilmirdim. Hesabla bu evdə mənim yiyəm, ağam, sükançım o olmalıydı – ərim olmalıydı. Bu üzdən özümü bir az da köməksiz, arxasız, ortalıqda qalmış atılğı kimi hiss eləyirdim.

Bir səhər qaynanam:

- Niyə o paltarları yumursan, kimi gözləyirsən? – deyib turşumuş sifətiylə üzümə baxdı.

Mən təəccüblə soruşdum:

- Hansı paltarları?

Qaynanam əlini evin sağ böyrünə uzatdı. Onun göstərdiyi səmtə baxanda gözlərim qaraldı, başım hərləndi: həyətdə bir taya pal-paltar qalaqlanmışdı.

Qollarımda, belimdə, sümüklərimdə o qədər ağrı vardı, ağzıma bir loxmanı da gücənə-gücənə aparırdım – indi bu qədər kirli paltarı necə yuyacaqdım? Bir paltar tayasına baxdım, bir də əzik canıma, oturub uşaq kimi zar-zar ağladım. Allaha yalvardım ki, mənə güc-qüvvət versin, bəlkə bu dağı əridə biləm.

Ertəsi gün səhər obaşdan durub günorta yeməyini hazırladım. Həyətdəki nəhəng qovaq ağacının altında ocaq qalayıb yekə bir qazanda su qızdırdım. Su qızana qədər çirkli paltarların ağını qarasından ayırdım. Canımın hovurundan az qalırdım öləm. Bu dəkədə nədənsə anamı xatırladım – duvaqqapma günü məni şillələyib gedəndən anam yadıma düşməmişdi, indi niyə düşdü, bilmirəm. Görünür, adam naçar qalanda, köməksiz qalanda belə olurmuş.

Qaynanam qızına çox yanımcıl idi. Əlinə bircə konfet düşsəydi, qaçıb onu qızının ovcuna basardı. Evdə bişən ən ləziz yeməkləri öz əlləriylə üç uşaq anası qızına yedirdərdi. O, sözünü-danışığını bilməyən, əlindən yönlü bir iş gəlməyən, bütün günü qaynanası, eltisi, baldızlarıyla aşıq kimi deyişən nöysət qızından ötrü sino getdikcə mənim özümə də, anama da nifrətim artırdı...

Belimi güclə-birtəhər dik tuta-tuta kirli camaşırı ovxalayırdım. Çoxu da toydan qalma bulaşıq süfrələr, əl məhrəbaları, çay dəsmallarıydı. Gözümün yaşı dən-dən axıb çirkli suyla dolu vannaya tökülürdü. Bu məqamda fələkdən bir yanımcıl əzizimin harayıma gəlməsini diləyirdim.

Elə bil sifarişim fələyə bir göz qırpımında çatdı – şaqqıltıyla açılan darvazadan bibimlə kiçik bacım Lalənin içəri girdiyini görəndə özümü qovağın altındakı kürsüyə yıxıb hönkür-hönkür ağladım. Bibim məni qucaqlayıb doyunca qoxulayandan sonra bədənimin soluxmuş qançırlarına diqqətlə baxdı. Bu arada mənim gözüm onun zənbilində qalmışdı – istəyirdim tez açsın görüm orda nə var, mənə nə gətirib.

Telli mama zənbili mənim qucağıma qoyub qollarını çırmaladı. Dolu zənbil bir anda hər şeyi mənə unutdurmuşdu, bir taya paltar gözümdə bir ovuc əskiyə dönmüşdü. Bibimlə bacım paltarları yuduqca mən zənbili eşələyirdim: Telli mama mənə isti peraşkilər, mürəbbələr, xırda bir qazanda döşəməli aş gətirmişdi. Üstəlik, anam da evimizdə qalmış paltarlarımı, çoxlu yumurta, bir də kitablarımdan bəzilərini göndərmişdi. Bütün bunlardan başqa bibim mənə bir cüt heyva, bir cüt də nar gətirmişdi. O zamanlar aprel ayında narın, heyvanın nə demək olduğunu bilənlər bilir.

Bibim kirli camaşırı yuyur, Lalə suya çəkib sərirdi. Pal-paltar azaldıqca üstümdən dağ götürülürdü. Əzabkeş, cəfakeş, fədakar bibim – mənim qoruyucu mələyim bu dəfə də yaxamı zülmün əlindən aldı. Mama-bala gün batanacan bir taya əski-üskünü yuyub sərdilər, gün batanda yenə məni sürgün olunduğum xarabada taleyin umuduna qoyub, gəldikləri kimi dinməzcə çıxıb getdilər...

Axşam süfrəsi arxasında qaynanam dedi:

- Sabah Emin gələcək. Bir az tez durub ev-eşiyə əl gəzdirərsən.

Qulaqlarım uğuldadı, içimdə toxuduğum umud tutalğasının ilməsini çəkdilər sanki, hamısı bir anda sökülüb çözələndi. Eminin bu neçə gündə harda olduğunu, niyə görünmədiyini, haçan gələcəyini bilmirdim, indiyəcən də bilmirəm – onu gözləmirdim deyə soruşmamışdım, maraqlanmamışdım.

O gün axşam süfrəsini çox könülsüz yığışdırdım, gecəni heç yatmadım. Yenə içimə səksəkə dolmuşdu, canıma vəlvələ düşmüşdü. Elə bil qiyamətdən sonrakı günləri yaşayırdım.

Dostum, sirr deyil ki, bu dünyada hamı qiyaməti gözləyir. Amma qiyamət gününün səhəri necə olacaq, insanlar bir-biriylə necə davranacaqlar – bax, işin burasını kimsə bilmir. O gecə mən də qiyamətdən sonrakı səhərin açılmağını gözləyən adam kimi qarşıdakı günü necə yaşayacağımı bilmirdim; bilmirdim necə davranacam, necə xoşgəldin eləyəcəm ərim sayılan adama. Bilmirdim dostumdu bu adam, yoxsa düşmənim. Bilmirdim indən belə necə yaşayacağıq birlikdə, harda yatacağıq... O vaxtacan qarşılaşmadığım suallar yolumu kəsib düz gözümün içinə baxırdı.

***

Dünyanın milyon-milyon səhərindən seçilməyən o səhər də, nəhayət, gözünü açdı. Emin səssizcə gəlib yanımdan keçdi, mənə salam da vermədi. Atasıyla görüşüb otağımıza adladı. Mənim başım süfrə açmağa qarışmışdı, bir azdan külfət günorta yeməyinə yığışacaqdı. İşlərimi bitirsəm də, yalandan mətbəxə girib-çıxmaqla özümü çox məşğul göstərirdim, Emin məni görmədiyi kimi guya mən də onu görmürdüm.

Günortaya yaxın qaynanam da, qaynım da gəlib çıxdı. Emin anasıyla çox mehriban görüşüb öpüşdü. Hamı masa arxasında yerini tutdu. Mən qulluq eləmək üçün ayaq üstə qaldım, ancaq qaynatam israrla məni də süfrə qırağında otuzdurdu. Eminlə qaynım kənddəki yenilikləri evdəkilərlə bölüşdülər. Yeməkdən sonra yenə hərə öz işinin dalınca getdi. Qaynatam otağına çəkildi. Qaldıq ikimiz.

Mən yuyub yığışdıra-yığışdıra hiss eləyirdim ki, Eminin gözləri məndədi. Belimin ağrısından ayaqlarımı düz ata bilmirdim, axsayırdım. Qabları mətbəxə iki-iki aparırdım, yüküm ağır olan kimi əllərim əsirdi, qab-qaşığı əlimdən salıb sındırırdım.

İşlərimi bitirdim, Eminin zaldakı divanda uzandığını görüb öz otağımıza keçdim. Oğru kimi güzgünün önündə dayanıb bir az özümə tamaşa elədim: gözlərim quyuya düşmüşdü, solmuşdum; bununla belə, güzgüdən baxan qızdan (ya bəlkə qadından) azacıq xoşum gəldi.

Birdən Eminin güzgüdən mənə baxdığını görəndə utandım. O məni zənlə süzüb:

- Gedirəm sizin kəndə, - dedi, - istəyirsən səni də aparım evinizə. Bir az oturarsan, gələndə gətirərəm.

Elə bildim dünyanı ayağıma sərdilər, istədim hoppanıb onun boynunu qucaqlayım, üzündən-gözündən öpüm. Bir addım irəli atıb tez də geri döndüm, sevinc məni necə dingildətdisə, deyərdin bəs belimin ortasına xəncər soxdular. İlan çalmış kimi qıvrılıb kürsüyə çökdüm:

- İstəmirəm, - dedim.

- Niyəəə?.. – o, əməlli-başlı təəccübləndi.

- Bu canla əzizlərimin üstünə necə gedim...

Eminin sevinci üzündə qurudu, qəfil gəldiyi kimi qəfil də qapını örtüb içəridən çıxdı.

Bu evə gəldiyim gündən bəri evimizə getmək barədə düşünməmişdim – öz-özümə deyirdim axı hara gedim, kimin üstünə gedim. Qardaşlarımı istəyirdim, amma utanırdım onların üzünə çıxmağa. Bacılarım məndən balacaydılar, bu yaşımacan onlarla cici-bacılıq eləməmişdim, bu səbəbdən onları çox da arzulamırdım. Anamınsa heç üzünü də görmək istəmirdim. Mən ondan (dərinə getsən, elə bütün doğmalarımdan) ötrü, nənəm demiş, tərəzidə qalmış boyun ətiydim, ərə verdilər, məndən canlarını qurtardılar. İndi durub kimin üstünə gedəydim ki, bəs gözünüz aydın olsun, çıxın pişvazıma, mən gəlmişəm...

Qəflətən beynimdən bir işıq dalğası keçdi: Eminə deyim məni bibimgilə aparsın!

Ayaqlarımı sürüyə-sürüyə özümü qapıya çatdırdım. Emin pilləkənləri düşürdü.

- Bəlkə Telli mamagilə aparasan məni? - deyib yalvarışla onun üzünə baxdım.

- Atangil inciməz?

- Yox, niyə incisinlər?

Emin gözünü mənə zilləyib duruxdu:

- Anam da evdə yoxdu, qalsın başqa vaxta. Ondan icazə alarsan, apararam.

- Sən aparandan sonra anan nə deyəsidi?

- O, icazə verməsə, apara bilmərəm, - deyib pillələri yeyin-yeyin düşdü, maşına oturub həyətdən çıxdı.

Mən onun dalınca baxa-baxa pilləkənə çöküb ağladım. Dostum, inan, o gün Emin məni bibimə qovuşdursaydı, mən ona vurulardım, onun yolunda bəlkə ölümə gedərdim...

Handan-hana belimə güc verib qalxdım, həyətə düşüb ordan da bağçaya adladım. Qaynatam məhlədə nadir ağaclar, bitkilər əkmişdi, hamısına da səliqəylə, qayda-qanunla qulluq eləyirdi. Ağacların çoxu yarpaqlamışdı, lək boyu düzülən nərgizlər soluxmağa başlamışdı, bənövşələrsə hələ də təzə-tər qalmışdı. Bir iri dəstə bənövşə yığdım, bir az da nərgiz dərdim, sonra çiçəkləri aparıb otağımda suya qoydum.

Axşam Emin bənövşələri görəndə coşdu:

- Bunları sənə kim verib?!

- Özüm yığmışam, - dedim, - bu dörd divarın arasında kim mənə bənövşə verəsiydi?

O, inana bilmirdi, çünki həyət-bacadan, bağ-bağçadan xəbəri yoxuydu. Hədəqəsindən çıxmış gözlərini oyur-oyur oynadıb:

- Sən bir də bağda təkbaşına gəzsən, ayaqlarını sındıracam, - deyəndən sonra otağımıza girdi.

O gecə bütün işlərimi görüb qurtarmışdımsa da, mətbəxdə yalandan qurdalanırdım, otağımıza girmək istəmirdim. Gecə yarıdan keçəndə qaynatam saata baxa-baxa:

- Dovşan, daha gecdi, get yat, səhər ertədən durmusan, - deyib məni yatağıma göndərdi.

Mən içəri girəndə Emin xoruldayırdı. Qaranlıq otaqda qapının ağzındakı kürsüyə çöküb bir xeyli fikrə getdim. Düşünürdüm bir ömrü bu minvalla yaşamağa, bu damın altında, bu çarpayının üstündə, bu adamla nəfəs-nəfəsə keçirməyə gücüm-hərdəmim yetəcəkmi? Öz-özümə deyirdim çətin olacaq, çətin, çox çətin...

İnsafən o gecə Emin mənə toxunmadı. O – çarpayıda, mən – divanın üstündə, sülh və əminamanlıq şəraitində yatdıq.

ardı var

# 1148 dəfə oxunub

Müəllifin son yazıları

# # #