Kulis.az "Cəhənnəmdən keçmiş mələk" avtobioqrafik romanından növbəti hissəni təqdim edir.
Səhər güzgüdə özümə baxanda məzməzək tutmuş dana kimi hıçqırmağa başladım: sağ gözüm üfürülüb alnımdan qabağa çıxmışdı, sir-sifətim cırmaq-cırmağıydı, sıyrıqlarımın göynərtisi əmgəyimi zoqquldadırdı. Qapı-baca, adamlar gözümə tərs-avand görsənirdi, baxdığım hər şey fır-fır fırlanırdı. Aysel məni xıncımlayıb dərimə yığmışdı. Gözümü yumub bir balaca huşa gedən kimi yenə məni qara basırdı, nənəmin qarğıdan düzəltdiyi uzunqol gəlinciklərə bənzər həvədiş məxluqlar qənşərimdə gülə-gülə oynayırdılar, qucağıma köz torbası boşaldırdılar.
İki dünya arasında zirdəst oldum. Yatağımdan qalxammırdım, ağzıma nə alırdımsa öyüyürdüm. Nə qədər vahiməli olsa da gerçək dünyadan çox içimdəki mücərrəd aləmdə rahatlıq tapırdım, sayıqlamalar mənə real dünyanın mənzərələrindən xoş gəlirdi.
Təzəcə özümə qayıdırdım ki, Aysel yenidən zınqımı vurdu. Bir günorta kimsə başıma çəkdiyim yorğanı dartıb üstümdən saldı. Əlim alnımda ərincək-ərincək gözlərimi açanda üstümə əyilmiş Ayselin şeytani gülüşü üzümü cəhənnəm alovu kimi qarsdı. Dəbərmədim, elə bildim yenə məni qara basır. Qızın iri qara gözləri çalasında oynayırdı, üzümün, alnımın, boyun-boğazımın yarğanlarına baxıb ləzzətlə gülürdü.
Əlim ona toxunanda bədənim uyuşdu: yox, məni qara-zad basmırdı, iki gün qabaq məni yarımcan eləyən əzrayılım indi qalan canımı da almağa gəlmişdi!
Dikəlib qızı ehmalca özümdən araladım. Əlim Ayselə dəyər-dəyməz elə bildim saatlı bomba partladı – qızın gülüşləri üzündə dondu, üstümdən aldığı yorğanı yerdən qapıb başıma atdı, sinəmə çöküb məni boğmağa başladı:
- Mən sənə neylədim atama xəbərlədin? Qardaşın yediyimi burnumdan gətirib, indi səni burda öldürəcəm, görsünlər ölmək necə olur, - deyib yıxıldı üstümə.
Mən yorğanın altında, o üstündə başladıq yenə hölləşməyə. Arada imkan tapıb bir ağız Aytacı harayladım, bilirdim uşaq hardasa yaxınlıqda olmalıdı. Aysel bu səfər üzümə dəymirdi, baldırlarımı, budlarımı, kürəklərimi cırıb-yumruqlayırdı.
Qəfil gəlib hadisə üstünə çıxan əmim oğlu Məhər həyəcanla:
- Aysel, neyləyirsən?! - deyəndə qız məni buraxdı, əlində hövkələdiyi yorğanı üstümə atıb heç nə olmamış kimi gülməyə başladı.
- Heç nə, Məhər əmi, Bircə mama yıxılıb, onun yarasına baxırdım.
Məhərin ardınca atam, anam, gəlinimiz içəri doluşdular. Aysel üzümə nifrətlə baxıb qapıdan güllə kimi çıxdı. Atam onun dalınca gedib gözüylə qızı evlərinə ötürəndən sonra geri qayıtdı.
Ayselin ikinci hücumundan sonra dönəlgəm tamam döndü; evin hər büşkəyindən üstümə eybəcər məxluqlar tullanırdı, qaranlıqdan uşaq kimi üyüdürdüm, kimsə qabağıma düşüb işıq yandırmasaydı getdiyim yerə doğru addım ata bilmirdim. Gecə-gündüz yorğana bükülüb başımı çölə çıxarmırdım.
Mən yemək-içməkdən tamam kəsiləndə evdəkilər əməllicə qorxuya düşdülər. Yenə qaldım Telli mamamın, Səməndərin, Kamilin umuduna. Başım cin-şəyatinlə qovğaya nə təhər qarışmışdısa Cavid də yadımdan çıxmışdı. Telli mama dil boğaza qoymurdu:
- Bircə qorxub, bunu yaxşı bir mollaya göstərmək lazımdı.
Əlaltdan adam salıb baxıcı, molla yeri manşırlayırdılar. Bir az soraqlayandan sonra rəhmətlik Tahir əminin arvadı bibimi rayonda dillə deyilən bir mollaya tuşutdu. Mollanın adını eşidəndə Səməndər qəşş elədi:
- Ay mama, qadan alım, o Rəcəb ağa dediyin fırıldaqçının biridi. Buraxın bu söhbəti, bizə yaraşmaz.
- Ay Səməndər, Allahı arada gör, şəkk eləmə, onun ocağına dəli gedən ağıllı qayıdır, ağzı əyri gedən gülə-gülə geri dönür.
- Deyirəm bizi o hüllükbaz qəcələnin qapısına aparıb el içində gülünc eləməyin. Qoyun qız bir az özünə gəlsin, göndərək Bakıya həkimlərinin yanına. O dediyiniz Rəcəb mən olan məclisə ayaq basmır, çünki həmişə onun paxırını açmışam.
Səməndər çox dedi, Telli mama az eşitdi. Bir gün hamı evdən çəkiləndə Tahir əminin xırda oğlunun maşınıyla məni dedikləri ocağa apardılar. Şəfa ummurdum, sadəcə bibimin sözünü sındırmaq istəmirdim, bir az da maraqdan düşmüşdüm arvadların dalına.
***
Maşın qəlbi hasarlı bir evin qabağında dayandı. Tahir əminin arvadı içəri girib tez də qayıtdı, bibimin qulağına nəsə xısıldadı. Telli mama üzümə baxıb içini çəkdi, maşından pulqabını götürüb dedi:
- Sən Xanımla burda gözlə, mən indicə qayıdıram.
Bunu deyib bibim yelbə kimi gözdən itdi. Xanım xalanı yanladım:
- Mamam hara getdi?
Qohum-qara təəssübü çəkən bu çoxbilmiş, diksözlü arvad artıq danışan deyildi:
- İndi gələcək, narahat olma, - dedi.
Rəcəb ağa deyilənin darvazasının ağzı maşınla doluydu. Adamlar dəstə-dəstə içəri girib-çıxırdılar, hərəsinin də əlində iri bir toyuq xoruzu. Çox keçmədi bibim də əlində iri qırmızıpipik bir xoruz özünü təntik bizə yetirdi:
- Ay Xanım, bax gör bu yarayar? Vallah bazarı ayaqladım, bundan irisini tapmadım.
Xoruzu bibimin əlində sallağı görəndə məni gülmək tutdu:
- Bunu neylirsən, ay mama?
- Qadan alım, dinmə, kişi deyir xoruz olmasa xəstənizə baxammaram.
Yenə şitliyim tutdu:
- Mən də xoruz hesabına sağalmaq istəmirəm, - dedim, - neyləsəz də maşından düşən deyiləm.
Bibim başladı yalvarmağa:
- Aman günüdü, bura kimi gəlmişik, düş görək nə deyir, nə götürür, nə qoyur.
Dostum, yadındasa demişdim – balaca vaxtı nənəm məni qonşu kənddəki erməni kilsəsinə aparmışdı, orda keşiş ovcumda şam yandırıb çirkli kasada mənə nəsə içirtmişdi, günortayacan məni kilsədə yatızdırıb geri qaytarmışdılar. Bunu biləndə Hakim əmim oğlanlarını başına yığıb mənə lağ eləmişdi, “Uşaqlar, Bircə murdardı, erməni ona su içirdib, üzünə üfürüb” deyib bir müddət tay-tuşumu məndən diksindirmişdi. İndi də hər şeydən çox bu xoruz məsələsinin dillərə düşəcəyindən qorxurdum.
Telli mama nə dedisə başıma batmadı. Darvazadan içəri-çölə axışan adamları görəndə elə bildim hardansa mənə göz qoyub rişxəndlə gülürsən, Dostum, elə bildim bu avam arvadlara qoşulub bir teylənmiş fırıldaqçının qapısına şəfa dilənməyə gəldiyim üçün məndən üz döndərəcəksən.
Sözümün üstündə bərk durduğumu görəndə Xanım xala üstümə tüyüdü:
- Buracan gəlmişik, düş girək içəri, elə ordakı xəstələrə bax, oranı ayağınla ziyarət elə, çıxaq gedək.
Telli mama qarşımda diz çöküb uşaq kimi ağlayırdı:
- Sən mənim ölmüşüm gəl, ləngimərik, tez də geri qayıdarıq.
Naçar qalıb maşından düşdüm. Xanım xala qolumdan tutdu, bibim ayağı cələkli qırmızıpipik xoruzu yerdən götürdü, üçlükdə darvazadan içəri girdik. Güllü-çiçəkli həyətdə xeyli adam vardı. Qucağı şikəst, xəstə uşaqlı analar, başı örtülü qız-gəlinlər budaqlarından alabəzək yaylıqlar asılmış nar ağacının başına dərdli-dərdli dolanırdılar.
Sıpa irtməyi qopardana oxşayan göbəyi yağlı cuqqugöz bir kişi gülə-gülə Xanım xalaya yaxınlaşdı:
- Xoş gəlmisiz, ay Xanım bacı, keçin içəri gəlirəm.
Geniş aynabənd arvadla doluydu. Bibim əlində xoruz qapıda tovlanırdı. Kişini görcək nənəmin qardaşlarım bir ziyanlıq eləyəndə oxuduğu qədim mahnı yadıma düşdü:
Ədə, ədə, Abbasqulu,
Camış bağa girdi, gəl,
Teşt-tabağı qırdı, gəl.
Səni saca göndərmişdim,
Əlim küldə qaldı, gəl...
Elə bildim bağa girən camış elə budu, dayanıb qarşımda. Xanım xalanın böyründən sivişib Telli mamanın yanına qaçdım. Başı çalmalı bir gəlin xoruzu bibimin əlindən alıb evin dalına keçdi. Mən də arvadla dabanqırma o gedən səmtə getdim. Arvad xoruzun çatağını açıb iri ağuldakı yüzlərlə əsir xoruzun içinə atdı. Yenə məni gülmək tutdu, güldüyümü görəndə arvad karıxdı, qanıq gözləriylə üzümə baxıb acıqlı dilləndi:
- Dalıma niyə düşmüsən, keç evə. Güldüyünü ağam görməsin ha, yoxsa duası müstəcəb olmaz.
Özümə söyə-söyə qayıtdım bibimgilin yanına. Kişiylə mehriban danışmağından bildim ki, Xanım xala bu evə çox gəlib. Rəcəb ağa bizi tünlüyün arasından keçirib yığcam otağa apardı. Otağın divarlarından dini şəkillər asılmışdı, künclərdən üstü ərəb əlifbasıyla yazılı yaşıl ipəklər sallanırdı. Kişi yerdəki xalçanın üstündə oturub məni də qarşısında oturtdu, sonra bir müddət məni diqqətlə nəzərdən keçirdi. Birdən cuqqu gözlərini yumub-açıb gövdəsini geri atdı, özünü xalçanın üstünə sərdi. Sərib əcaib səslər çıxarmağa başladı. Elə bildim kişi yekə bir camış udub, həmin camış da onun qarnında manqırır.
Səksənib özümü bibimin üstünə atdım. Kişi pişik cəldliyilə qalxıb yenidən xalçanın üstündə oturdu, sevincək gülməyə başladı. Gülməyi də gülməyə bənzəmirdi, deyərdin bəs şeypur guruldayır.
- Şükür, çox şükür sənə, İlahi! - deyib əl çala-çala oynamağa başladı. - Tək günü yerə qaynar su tökmüsən, cinin-fəriştənin balalarını yandırmısan. Ana cin girib içində bardaş qurmuşdu. İndi mən o cini öz canıma keçirdib öldürəcəm.
Rəcəb ağa iməkləyib yanıma gəldi. Gödək ayaqlarını uzadanda yağlı göbəyi yerə dirəndi. Kişi nəfəs aldıqca elə bilirdim sinəsində kimsə fit çalır. Məni də özü kimi oturtdu, ayaqlarının altını ayaqlarımın pəncəsinə söykəyib yenə nərildədi, bədənini bərkdən əsdirib xalçanın üstünə sərildi. Gözlərini qorxunc şəkildə bərəltdi, ağzının tüpürcəyi deşilmiş borudan su fışqıran kimi kənara sıçradı. Xoruzu bibimin əlindən qarpan arvad əlində yaş dəsmal özünü ağanın üstünə yıxdı:
- Boooy, gör nə boyda cindi ey, az qalır kişini boğsun!
Matım-qutum qurumuşdu, ağlım azmışdı. Rəcəb ağanın çıxardığı oyunların yanında meydan tamaşası yalan olmuşdu. Artıq gülə də bilmirdim, başıma hörülən coraba dəhşətlə baxırdım.
Arvad dəridən-qabıqdan çıxıb kişini guya özünə gətirdi. Qalxıb oturan kimi kişi irişməyə başladı:
- Belə xəstələrimi mən torpağa basdırıram. Hazır qazılmış çalalarım var, bəlkə bunu bir torpaqdan keçirim?
Bibimə baxıb bərkdən güldüm.
- Görürsüz, inanmır, mənə şəkk eləyir, mən də buna görə xəstənizi sağalda bilmirəm.
Qalxdımsa da mənlə gələn arvadları bu şeytan yuvasından çıxara bilmədim. Xanım xala yenə mənə göyərdi:
- Ay bala, buracan gəlmişik, el-oba bu qapıda qada qoyub gedir, qoy görək başımıza nə gəlir.
Arvadın ona qahmar çıxmağı fırıldaqçını ürəkləndirdi:
- Sənin içindəki qoca cin məni az qala öldürmüşdü, - dedi. - Di dur pirin, nar ağacının başına dolan, üstünə nəzirini qoy, get yaşa. Sənin canındakını öz canıma ötürdüm.
Deyib tüpürcəyini sifətimə püskürtdü. Kişidən gələn at iyi, ağzının seliyi məni bərk öyütdü. Mən də ağzıma dolan qusuntulu tüpürcəyi onun sifətinə püskürüb ayağa qalxdım. Kişi üz-gözünü turşudub Xanım xalaya baxdı. Xanım xala ovcundakı pulu ona uzatdı, ağa pulun qulağını görəndə gülməyə başladı:
- Onda günah yoxdu, - dedi, - içindəki cinlər onu ağaya qarşı doldurub.
Xanım xalanı içəridə qoyub Telli mamanı zala sarı sürüdüm:
- Düş qabağıma, bir bu şeytan yuvası qalmışdı gəlməmiş. Məni bu lotunun yanına gətirmisən ki, üzümə tüpürə? Durma, tərpən gedək evə, bu dəqiqə çimməsəm, özümə salavat verməsəm çatlayacam...
***
Bizim müqəddəs torpağa səfərimizdən Səməndərlə Kamil xəbər tutanda özümü Mirzə Fətəlinin, Mirzə Cəlilin, Əbdürrəhim bəyin avam, cahil, mağmın personajları kimi hiss elədim. Səməndər bu əhvalatı felyeton kimi bəzəyib Bakıdakı bacı-qardaşıma danışdı. Adam bəzəməkdə usta olan Telli mama Rəcəb ağanı yamsıladıqca, onun kimi özünü yerə sərib nərildədikcə eşidənlərin, görənlərin qəlbindən müqəddəslik xofu silinib gedirdi.
Ziyarətimizin üstündən xeyli keçmiş əmim oğlu Mahir sevincək xəbər gətirdi:
- Rəcəb ağanı tutublar, xoruzlarını da müsadirə eləyiblər.
Mahirin deməsinə görə, kişi o xoruzların xayalarını bişirdib yeyirmiş, ətini isə öz yeməkxanasında satdırırmış...
***
Yorğan-döşəyə səvərib qaldıqca lap ağırlaşırdım. Getdiyim bir-iki yerdən, o cümlədən Kamilgildən ayağımı kəsmişdim. Bakıya həkimə getmək gözümə durmuşdu. Olan-qalan dərmanlarımı udub başımı bükürdüm. Kamil işə gedəndə də, işdən qayıdanda da məni görməmiş evinə dönmürdü, məni həyatla barışdırmaqdan ötrü dəridən-qabıqdan çıxırdı:
- Bacı, yüz hadıx yığılsa güc doğana düşər, - deyirdi, - qalx qaramat tozunu üst-başından çırp, balan gəlib səni belə görməsin. Yenə kitablarına sarıl. Validənin gözü yoldadı, get ona dəy.
Validə məsələsini Kamil özündən uydururdu. Bütün kənd bilirdi ki, yazıq qız qurumuş canını əzrayılının boğazına bağlayıb...
***
Qış qapını kəsdirəndə lap xarablaşdım – artıq yata da bilmirdim, gecələri gözaçıq qarşılayıb gözaçıq da yola salırdım. Gündə bir yol Aysel hamının nəzərindən oğurlanıb gəlib düz qarşımda dayanırdı, mənə gülürdü, məni ələ salırdı, sonra çıxıb gedirdi. Əlimdə böyütdüyüm, danışdığım nağılların hərisi olan, mənim bir sözümü iki eləməyən doğmaca qardaşım balası indi nədənsə mənim qanıma susayırdı. Atamgil məni ondan qorğandıqca qız daha da zalımlaşırdı, mənə əli yetməyəndə əşyalarımı qırırdı, kitablarımı cırırdı. Artıq xəyalımın cənnəti olan gecələrim də zindana dönmüşdü, qorxudan gecə də başımı eşiyə çıxarammırdım.
Saçlarım sel kimi axıb tökülməyə başlayanda Səməndər məni Bakıya qaçırdı. Ağabəy həkim hansısa ölkədə səfərdəydi, bir neçə gündən sonra qayıtdı, qayıtdığının ertəsi günü məni qəbul elədi.
Kabinetinə girəndə həkim məni uzun-uzadı süzdü, deyəsən görkəmim xoşuna gəlmədi. Sonra qaşqabağını sallayıb əlindəki qovluğu qurdalamağa başladı. Həkimin soyuq duruşu məni üşütdü. Sükut uzun çəkdi, handan-hana Ağabəy həkim başını qaldırmadan dedi:
- Nə quruyub qalmısan, otur da.
Tez özümü həmişəki yerimə – meşin divanın küncünə yıxdım.
- Bax buna görə deyirdim e, qadın pasiyentlərimdən qorxuram, onları müalicə eləyə bilmirəm. Keçən dəfə mənə meydan oxuyurdun, sosiallaşmışdın, camaata dərs keçirdin, indi nooldu?
Həkim danışdıqca mən büzüşüb cücəyə dönürdüm, deməyə söz tapmırdım, çünki haqlı olduğunu bilirdim.
- Axırıncı dəfə güzgüyə nə vaxt baxmısan? Nə vaxta kimi doğmalarını, qardaşlarını özünə bağlayıb dalınca sürüyəcəksən?
- Həkim, axı mən..
- Nə sən? Sən kimsən axı, sənin nəyin var? Nə vaxta qədər özünü artistliyə qoyacaqsan? Sənin udmadığın dərman qalıb tibb sənayesində? Mənim də, özünün də, qardaşlarının da zəhmətini yerə vurandan sonra bura neyçün gəlmisən?
- Gəlmirdim, zorla gətiriblər.
- Sən mənə bir şeyi de – yaşamaq istəyirsən, yoxsa ölmək?
- Yaşamaq.
- Yaşamaq istəyirsənsə niyə özünü bu günə salmısan?
- Xəstəlik məndən icazə alıb gəlmir.
- Sənin xəstəliyin var? Sən bir xəstənin əlində aciz qalmış cılız məxluqsan. Bir az da üstündə əsirlər deyə özünü lap naza qoyursan. Aqilə tapşıracam səni o kənddə ən ağır işlərə buyursunlar, bəsdi daha!
Bu dəfə Ağabəy həkim həmişəki adam deyildi, mənlə başqa dildə danışırdı. Dediklərinin çoxuyla ürəyimdə razılaşırdım.
- Yaxşı, yatmırsan yatma, yeməyə sözün nədi, yeməkdən niyə küsmüsən? Xəbərin var indi dünyanı qadınlar idarə eləyir? Sənə dedim axı Virciniya Vulfu oxu. Marqaret Tetçer də, Benəzir Bhutto da sənin kimi qadınlardı, gör hardan hara gəliblər! Sənsə oğru siçan kimi yorğan dalından boylanırsan.
Həkim məni bircə kinə belə yazmadan yola saldı:
- Sağlam adama yazılası reseptim yoxdu, yaşamaq istəyirsənsə get yaşa.
- Axı mənim saçlarım da tökülür.
- Tökülər də! Sən bir aydı fərli yemək yemirsən, yuxu yatmırsan, yarasa kimi qaranlıqdan çıxmırsan, o saç niyə qalsın ki sənin başında? Nə var, nə var, bir uşaq sənə xox eləyib.
Əmgəyim buz bağlamışdı, deməyə söz tapmırdım.
- Sağalmaz xəstə sənə əl qaldıran uşaqdı. Həmişə demişəm, yenə deyirəm – sən qorxaq, aciz, tənbəl, müftəxorsan. Öz ailənin boynunda oturmaqdan zövq alırsan...
Suyum süzülə-süzülə özümü Laləgilə çatdırdım, görüb eşitdiklərimi danışdım. Həkimin dedikləri Səməndəri sarsıtmışdı.
- Bəlkə Aqillə danışım səni ayrı həkimə göstərək?
- Yox, Aqilə heç nə deməyəcəksən, sabah kəndə qayıdırıq.
Lalə məni dilə tutmağa başladı:
- Belə hara tələsirsən? Sabah evinə dəy, sonra gedək mənim ustamın yanına, saçına bir əncam çəksin.
- Yox, qəti fikrimdi, sabah kəndə qayıdacam, - dedim.
Dan söküləndə yığışıb bacı-qardaş yola çıxdıq. Yol boyu özümü yatmışlığa vurub gözümü açmadım – Səməndərin öyüd-nəsihətini eşitmək istəmirdim.
***
Evə çatan kimi nazilib sıçan quyruğuna dönmüş saçlarımı boynumun arxasında dəstələyib burub atamın işlətdiyi qoyun qırxlığıyla kəsdim. Kəsdiyim saçı topasıyla “Boğaz”dakı lüt çinarın budağından asdım. Açıq qalmış boynuma, qayçılanmış başıma kəc-kəc baxan anam:
- Hə, bax indi lap qəşəng oldun, - dedi, - keçəl sağsağana oxşatdın özünü.
Anamın köhnə yaylıqlarından birini başıma çalıb özümü verdim mətbəxə.
Həkimin danlaqları məni ayıltmışdı – hər gün gözümə cin-şəyatin donunda görükən Ayseldən daha qorxmurdum, dimdik dayanıb düz gözlərinin içinə baxırdım. Ondan qaçmadığımı görən qız tezliklə yaxamı buraxdı.
Telli mama qaz yağından, toyuq pətənəyindən, gicitkən kötüyündən məlhəm düzəldib saçıma yaxırdı. Səməndər də rayon aptekində cürbəcür dərmanlardan yaxmalar hazırladıb gətirirdi. Bibimlə yarışırdılar, mən də heç birinin qəlbini qırmırdım, nə gətirirdilərsə hamısını yaxırdım başıma.
Ara-sıra qapımızı elçi döyəndə atam mənə söz atırdı:
- Bilsələr saçını qırxlıqla qayçılamısan adını tutmazlar.
- Həə, qəssab piy hayında, keçi can dərdində.
Anam hazır kəlamlarından birini tez aramıza tullayırdı:
- Ətin yeyilməz, dərin geyilməz, oğlanlarıma görə səni adam yerinə qoyurlar.
Rüfət onun arxasınca dil çıxarıb bizə göz basırdı:
- Qoburnatın qızı düz deyir, qızı qardaşlı yerdən alarlar.
Var gücümü toplayırdım ki, qulağıma gələn səslərə, dörd yanımda atılıb-düşən eybəcər məxluqlara məhəl qoymayım. Qorxudan, vəsvəsədən, şübhədən, vahimədən Sənə sığınırdım, Dostum. Sənə, bir də göndərdiyin kitablara. O çətin günlərimdə ən çox iki kitab – Conatan Sviftin “Qulliverin səyahəti”, bir də Nodar Dumbadzenin “Mən, nənəm, İliko və İllarion” əsəri dadıma çatdı. Bu iki kitabdan düşən sehirli işıq o günlər məni ölməyə qoymadı. Elə ki başıma cin-şəyatin yığışırdı, həmin kitabları götürüb çəkilirdim sakitliyə.
ardı var