Ədəbiyyatımız Hüseyn Cavidə niyə borcludur?

Ədəbiyyatımız Hüseyn Cavidə niyə borcludur?
9 iyun 2016
# 13:56

Kulis.az Azər Turanın Elnarə Akimovanın "Çağdaş poeziya və ədəbi təmayüllər" kitabı barədə yazdığı “Yeni düşüncə təmayülləri” məqaləsini təqdim edir.

Elnarə Akimovanın çağdaş şerimizdə çöküş fəlsəfəsinə, dekadansa yönəli məqamlara daha çox diqqət yetirdiyini 2001-2003-cü illərdə "Yeni Azərbaycan" qəzetinin "Ədəbiyyat" əlavəsinin məsul redaktoru olduğum çağlarda görürdüm. Fərqli yazırdı, tənqidinin rakurslarını dəqiq müəyyənləşdirirdi, lirik mənin mənəvi, psixoloji çöküşünün, nihilist ovqatının nədənlərini araşdırırdı.

Üstündən illər keçdi... Akimovanın filoloji və estetik meyarları dəyişmədi. Dəyişməməsinin ən etibarlı şahidi isə onun bu günlərdə nəşr olunmuş "Çağdaş poeziya və ədəbi təmayüllər" kitabıdır.

Müəllifin bəllədiyi poetik əyar - XX yüzildə milli ədəbiyyatın ümumdünya üfüqlərində fəza uçuşunu gerçəkləşdirən Hüseyn Cavidin poeziyasıdır. Bu poeziyanın araçılığı ilə ədəbiyyatımıza dünya insanı ilə boyaboy dayanan milli fərd və eləcə də müasir poeziyaya dünyanın çağdaş ədəbi təmayülləri daxil olurdu. "XX əsrin əvvəllərində ədəbiyyatın dünya ilə bağlılığına ən böyük töhfəni Hüseyn Cavid yaradıcılığı verir... Cavid səmavi düşüncəli, ovqatlı, hallı-ruhlu qəhrəmanları ilə əslində, Azərbaycan ədəbiyyatının semiotik harmoniyasını yaratmağa xidmət edirdi".

Cavid yaradıcılığını "yeni düşüncənin, yeni əxlaqın, yeni sənət nəzəriyyələrinin dünya ilə dialoqu" mislində dəyərləndirən Akimova tamamilə haqlıdır. Cavid öz yaradıcılığı ilə həmin dialoqu başlatmasaydı, semiotik harmoniyanı yaratmasaydı, mistik və mifoloji işarələr, kodlar, kim bilir, nə vaxta qədər ədəbiyyatımız üçün sirr olaraq qalacaq, onların yenidən oxunması, açılması, çağdaş anlamda interpretasiyası və mətnə tətbiq edilməsi, eləcə də müasir ədəbi təfəkkürün dünya ilə irtibatı çətin baş tutacaqdı. Təsəvvüf düşüncəsini, təsəvvüf poetik cizgisini çağdaş poeziyamızda ehya etdiyi, bədii, özəlliklə dramaturji mətnə tətbiq etdiyi üçün ədəbiyyatımız Cavidə borcludur. Türkiyədə Rıza Tevfiqin poeziyası istisna olunarsa, başqa şairlərdə bu yoxdur. Tofiq Fikrətdən başlayaraq, təkcə Mehmet Akif nəzərə alınmazsa, bütün digər şairlərin yaradıcılığında tərəzinin ağır basan gözü pozitivizmdir. XX yüzil türk poeziyasında "Ənbiyadan yaşaram müstəğni, bir hörümçək götürər haqqa məni" antitezisi var. Cavid isə uzlaşması mümkünsüz kimi görünən bu iki fikir sistemini - təsəvvüf və pozitivizmi (bəlkə də tezis və antitezisi) öz sisteminin alt sistemində sintez edib birləşdirdi. Eyni zamanda Elnarə Akimovanın dediyi kimi, "Cavidin əsərləri Tanrı, insan, təbiətlə bağlı təsəvvürlərimizin sınırlarını genişləndirdi, Cavid poeziyası bu təsəvvürləri dünya hüdudlarında gəzişdirəcək qədər potensiala malikdir. Ona görə yalnız milli və Şərq hadisəsi olan digərlərindən fərqli olaraq Cavid həm də dünya ədəbiyyatı faktıdır... Cavid yaradıcılığı ədəbi hərəkatın başlanğıcı sırasında olmaqdan daha çox, onu dünyada gedən qlobal-mənəvi, ictimai-fəlsəfi hadisələrin nəticəsi kimi almalıyıq". Müəllifin bu mülahizəsi, əslində, Cavid poeziyası ümumtürk ədəbi hadisəsi olduğundan o, Azərbaycanda çağdaş dünya ədəbiyyatının başlanğıcı, ümumtürk ədəbiyyatı kontekstində isə qlobal-mənəvi, ictimai-fəlsəfi (və ədəbi) hadisələrin nəticəsi və yekunu kimi anlaşıla bilər anlamına gəlir.

"Çağdaş poeziya və ədəbi təmayüllər" kitabı postmodernistin ruhi yapısını incələyir, irfan və postmodern düşüncəni hasilə gətirən ruhların aspektlərinə işıq tutur, postmodern və irfan axımını vahid filoloji müstəvidə təşrih etməyə qalxışır. Üslubu canlı orqanizm kimi onun zamanı, məkanı, həzzi, ritmi, səsi, duyğusu, enerjisi, ədası... ilə birgə təhlil edir. Öz şəxsi mifinə və mistikasına doğru yola çıxanların, dərviş yolçuluğuna (və "yolsuzluğu"na) tutunanların timsalında çağdaş poeziyada irfani gəlişmələrin nəzəri şərhini verir və haqlı olaraq belə bir təkzibolunmaz qənaətini ortaya qoyur ki, klassik sufi poeziyasından əxz olunmuş obraz və arxetiplər çağın yeni və çağdaş modifikasiyasında təqdim olunmalıdır. Azərbaycanda metafizik ruhlu şerin yeni modifikasiyada təqdiminə çağırış ümidlərə nikbin zəmin yaratsa da, dərhal düşünürsən ki, ümumi türk ədəbiyyatı, Şərq poetik obrazlar sistemində dərviş yolçuluğunun ən kamil örnəyini Fəridəddin Əttar "Mantık al-tayr" da, Füzuli "Hədiqətüs süəda"da, Cavid "Şeyx Sənan"da təqdim edib və əgər bu qaynaqlar, eləcə də XX yüzil türk şerindəki bəlli-başlı imzaların - Nəcib Fazil Qısakürəyin və Sezai Qaraqoçun təsəvvüf anlamlarına qarışmış modernist şeirləri də ümumən çağdaş ədəbiyyatşünaslığımızın predmetinə çevrilə bilsəydi, o zaman Azərbaycanda irfana dayalı mistik, yaxud təsəvvüf ruhlu poeziyanın poetik iqlim qurşağı, necə deyərlər memarisi və mənzərəsi tam dolğunluğu və panoramı ilə canlanardı. İstər postmodern, istərsə də irfan düşüncəsini yansıdan mətnlər barədə danışan Akimova məlum mətnlər "müəllifin ruhsal-mənəvi enerjisindən hasilə gəlir. Amma təbii, ruh var, ruh var da. Hər ruhun meydana qoyduğu ideya harmoniyaya xidmət eləmir. Qəzali ilə Nitsşenin ruhunun ortaq məqamları harda kəsişə bilərsə, biz irfan mətnlərinin də postmodernizmlə müştərək çalarlarını o nöqtədə izləyə bilərik" qənaətinə gəlir. Amma o nöqtə haradadır? Ümumiyyətlə, bu baxımdan kəsişən xətlər varmı? Müəllif Nitsşe ilə Qəzalinin ruhi yapısını çağdaş Azərbaycan poeziyası ilə bağlı araşdırmasında çözməyə çalışır və bunu gerçəkləşdirmək üçün ənənəvi ədəbiyyatşünaslıq qəliblərindən sanki vaz keçir. Vaz keçməklə yanaşı ən yeni dövr poeziyamızda müxtəlif estetik dalğalar (və təbəddülatlar) yaradan belə bir filoloji təkanın episentrində elə ən yeni dövrün tənqid arsenalı kimi "Çağdaş poeziya və ədəbi təmayüllər" kitabının özü dayanır. Kitab təkcə yeni dövr Azərbaycan poeziyasının ədəbi təmayüllər baxımından elmi-tənqidi təsnifatı deyil, eyni zamanda, ədəbi mətnin tənqid müstəvisində yorumlanması təsirini bağışlayır.

İnsan ruhdan gəlib ruha qayıdacaqsa (qayıdacaqdısa) bəs onda irfana, mistik qata (fanidən mənaya) eniş edən insan, (bəlkə də) təsəvvüfdəki kamil insan modernizmdəki və indiki halda postmodernizmdəki mütləq dünya mərhələsindən nə üçün, (və zorən) keçməlidir? Axı postmodernizm özünəqədərki dünyanın metafizik rənglərindən arınıb (Seyid Nasr). Arınıbsa başqa və metafizikaya arxa çevirən bir ədəbi dönəm, daha doğrusu, ədəbiyyatda yeni bir əyyam başlanıb.

Ədəbi düşüncəmizin Avropa modernizminə ilk dəfə Əli bəy Hüseynzadənin "Qırmızı qaranlıqlar içində yaşıl işıqlar" məqaləsi ilə yönəldiyini cəsarətlə iddia edən E.Akimova milli ədəbiyyatşünaslığımız üçün vacib bir məqama aydınlıq gətirir. Doğrudur, bu fikir, ötən əsrin sonlarından etibarən bu şəkildə filoloji gündəmdədir ki, Əli bəy diqqəti dekadentizmə yönəltməklə ədəbiyyatda modernist cərəyanların öyrənilməsinə, mənimsənilməsinə təşviq edib. Avropa mədəniyyətinin qürubu, zəvalı, çöküşü Əli bəy Hüseynzadənin diqqət mərkəzindəydi və maraqlıdır ki, bu proseslər Osvald Şpenqlerdən öncə (R.Mirzə) Bakıda Hüseynzadənin qələmilə izhar olunurdu. Dekadentizmin çöküş və qürub mənasına gələn inhitat yaxud zaval adlandırılması da Azərbaycanda Əli bəyin adı ilə bağlıdır. Modernizmin məhvərində də bu proseslər dayanırdı. Eliot da "zəmanəmiz - süqut zəmanəsidir" deyə öz zəmanəsini səciyyələndirmişdi. Avropa mədəniyyətinin qürubu həm də hafizəsini itirən, dəyərlərinə yabançı qalan, onları xatırlamayan dünyanın qürubudur. Şəxsiyyətin qürubu səhnəyə postmodern təsəvvürləri, yeni mədəni kabusları da çıxarır. Dünyanı mətnə, bəzən isə bildiyimiz əlifba ilə deyil, fərqli və mübhəm əlifba ilə yazıldığındandır ki, bizim üçün çox vaxt tam da anlaqlı olmayan bir mətnə dönüşdürür. Elnarə Akimova da Azərbaycan poeziyasında 1990-cı illərdən vüsət almış o mərhələni ki, bu mərhələ özüylə birgə həm asi, həm də nihilist (və yeni) obrazlar sistemini gətirirdi, dekadant mərhələ olaraq araşdırır. Çağdaş poeziyanı çöküş fəlsəfəsinin məhvərində tədqiq edir. "Çağdaş poeziya və ədəbi təmayüllər" kitabının yansıtdığı düşüncələr həm də ondan ibarətdir ki, dekadans ruh mənəvi mədəniyyətin tənəzzülü, çöküşü ilə başlanır. Nehru deyirdi ki, mənəvi mədəniyyətin tükəndiyi yerdə müharibələr qaçılmaz olur. Aləmdə dekadansa səbəb verən amillər azalmadıqca, poeziyada dekadans ovqat keçilmiş mərhələyə çevrilmədikcə ideal dünya estetik deyil, hərfi mənada hər zaman taşizmin (ləkələrdən oluşmuş düşüncənin) o tərəfində qalacaq. Yeni dövr Azərbaycan poeziyasına dekadans ovqatın gəlişi "Allah, məni yarı öldür, yarı saxla ağlamağa" deyə iltimas edən poetik qəhrəmanın təzahürü ilə yola çıxır, "yer üzü ilə bütün bağlılığını qırmış" (E.Akimova), gizlənməyə yer axtaran, mübhəmə qoşan obrazlarla sonrakı mərhələyə adlayır, Faust örtüyündən çıxıb şizofrenik havasızlıqdan təntiyən və az qala boğulan xəyal və təsəvvürlərlə yoluna davam edir... Fəqət elə buradaca İslam İbrahimovun altmışıncı illərin əvvəllərində qələmə aldığı bir mülahizəsini xatırlayıram. Yazırdı ki, "Faust: "An dayan. Sən gözəlsən!" - deyir, sürrealist Salvador Dali böyük bir saatı kətana mıxlayıb güllələyir və beləliklə də zamanın hərəkətini dayandırmaq istəyir". Belə çıxır ki, şizofrenik düşüncə ədəbiyyatın içərilərinə və dərinlərinə şaxələndikcə bəşəriyyət Faustun dayandırdığı, dayanmasını istədiyi anın həsrətini bundan sonra daha tragik bir şəkildə çəkəcək. Çünki Faustun anı gözəl idi.

Elnarə Akimovanın aydın, kəskin (və poetik) üslubu, səbatlı və dərin filoloji təfəkkürü, sərrast təhlilləri, ədəbi mətni elmi müstəviyə cəsarətlə, şövqlə, inadla sövq etməsi və dəyərləndirməsi, ədəbiyyat-sənət barədə geniş təsəvvürləri, düşüncələrinin əhatəli, qapsamlı çevrəsi "Çağdaş poeziya və ədəbi təmayüllər" kitabında yazdıqlarına, ədəbi-tənqidi mülahizələrinə etibarı artırır. Azərbaycan ədəbiyyatşünaslığında son dövr mərhələnin yaradıcıları sırasında onun da adını diqqət mərkəzinə gətirir. /“Ədəbiyyat qəzeti”/

# 1920 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #