Hüqonun qəmli sevgilisi

Hüqonun  qəmli sevgilisi
3 yanvar 2024
# 14:00

Kulis.az Azər Qismətin "Hüqonun qəmli sevgilisi" yazısını təqdim edir.

Viktor Hüqonun adı çəkiləndə qarşımızda zəhmli baxışları ilə bizə boylanan, yaşlı kişi, sifətinə qətiyyətli üz cizgiləri hopan insan canlanır. Adətən, belə insanları xarakterizə etmək elə də çətinlik yaratmır: kimsə onun yanında artıq-əskik danışa bilməz və belə adam zarafat etməyi xoşlamaz, hər zaman ciddi mövqeyi ilə fərqlənər. Hətta suyu içəndə, xörək yeyəndə də qidalanma mədəniyyətinin bütün qaydalarına əməl edər, övladları cıqqırını çıxarmaz, kimsə icazəsiz mənzildən çıxmaz, kənar qadınlarla göz-qaşla danışmaz, ümumiyyətlə belə kateqoriyadan olanları yaxına buraxmaz. İlk baxışda Viktor Hüqo da yuxarıda söylənən xarakterik obrazla uyğun gəlir. Sən demə, burada yanlışlıq varmış. Hər bir kişi kimi Hüqonun da içində balaca uşaq əyləşibmiş, o da dostları ilə kafe-restoranlara gedib hündürdən danışıb-gülüb, o da gözəl qadınlardan vaz keçə bilməyib, yaradıcılıq üçün ilham pərisini zərif cinsdə axtarıb. Necə deyərlər, həyatın qanunauyğunluğu, Tanrının kişilərə bəxş etdiyi bütün xüsusiyyətlərdən dahi yazıçı da qidalanıb.

Böyük insan, bütün dövrlərin ən möhtəşən roman ustası, adı qızıl hərflərlə yazılan Viktor Hüqonun çox da yazılmayan gizli həyatı hamını maraqlandırıb. Hələ sağlığında qəzet müxbirləri qapısının ağzından çəkilməyib, şəxsi həyatına dair qeydlər götürüb tirajlarını artırıblar. Fotoqraflar şəklini çəkib iri qonorar alıblar, mənzilindəki qulluqçular da səxavətindən yararlanıblar. Bir sözlə, bu zəhmli kişi ürəyi istəyəndə çox səxavətli olurmuş. Hərdən isə xəsisliyi tutarmış. Səbəbi izah olunmur. Belə güman edilir ki, Hüqonun tərs damarı ovqatı ilə bağlı imiş. Kefi kök olanda pul xərcləyər, təlx olanda bircə qroşuindan keçməzmiş.

Viktor Hüqo qadınları əlcək kimi dəyişib və il vaxtlar belə əlaqələrini gizlətməyə çalışıb. Sonra hamının bildiyini duyub daha heç nəyi gizlətməyib. Yalnız bir qadından üzülüşə bilməyib. O qadının adı Cülyetta Drue olub. Hüqo Cülyettanı unuda bilməyib. Düzdür, Hüqo ilə rəsmi nigah bağlamaq Cülyettaya nəsib olmasa da, istənilən vaxt - düz 50 il şirin qadın obrazında qalmağı bacarıb. 20-ci əsrdə Hüqonun hansı səbəbdən onunla evlənməməsi müzakirə mövzusuna çevrildi. Məlum oldu ki, yazıçı həyat yoldaşından ayrılmaq istəməyib. Ümumiyyətlə, kənarda çoxsaylı qadınları olan məşhur yazıçılar həyat yoldaşları ilə ayrılmağa üstünlük verməyiblər. Belə bir kişi sistemi onda da qüvvəsində imiş: "Həyat yoldaşının öz yeri, kənardakıların öz yeri". Düz 50 il ərzində Drue Hüqonun kölgəsində qaldı. Yalnız gilzi görüşlər, sevgi dolu sözlər. Gerçəkdə isə məşuqə adlandırılan Cülyetta qəmli həyatını yaşayırdı.

Onlar tanış olanda Hüqonun 31 yaşı vardı. Kifayət qədər cəmiyyətdə tanınan oğlan daha yeni bir uğura imza atdı. Həmin uğur "Notrdam kilsəsi" əsərinin dərcindən sonra yarandı. Şan-şöhrətin qanadında uçan 5 övlad atasına qadınlar biganə qalmırdı. Cülyetta Druenin isə taleyi gətirmirdi. Iki yaşında yetim qalmış, 19 yaşında isə məşhur heykəltaraş Jan Jak Pradye ilə nigahsız yaşayırdı. Heykəltaraş onun büstünü də yonmuşdu. Onların qızı oldu. Ailə münaqişələri belə həyatı yarıda qoydu. Cülyetta ayrılandan sonra özünü və yenicə doğulan qızını təmin etməli idi. Nəhayət, teatrda işə düzəldi. Az məvacib verirdilər. Tamaşaçılar istedadına yox, daha çox gözəlliyinə baxırdılar. Buna baxmayaraq, getdikcə Druenin ulduzu parlayırdı. Çünki tamaşaya gələnlər arasında imkanlı adamlar da var idi. Tamaşa qurtaran kimi onu müxtəlif yerlərə dəvət edir, kimisi pul, kimisi bahalı hədiyyə verirdi. Yuxarı təbəqə ilə tanışlıq Cülyettaya xoş təsir bağışlayırdı. Artıq bahalı paltarlarla bal mərasimlərində görünür, zinyət əşyaları taxırdı. Yeni arzular, yeni sevgilər. Düzdür, yenə pul çatmırdı və borca girirdi, ancaq əvvəlki çətin günlərdən canını qurtarmışdı. Yazıçı Viktor Hüqo ilə tanışlıq Cülyetta Druenin həyatını kökündən dəyişdi.

Bəzi araşdırmalara əsasən onlar maskaradda tanış olublar. Başqa romantik ehtimallar da səslənir. Belə ki, Hüqo pyeslərindən birinin tamaşası zamanı teatra gedib və Cülyettanı görüb aşiq olub. İkinci dərəcəli surətlərdən birini həmin qadın oynayırmış. Müasirləri Cülyetta Drueni istedadlı aktrisa hesab etmirdilər. Ona yalnız ikinci dərəcəli rollar həvalə edilərmiş. Hüqonun pyesində kiçik rol alması qadını sevindirmişdi. Həmişə deyərmiş ki, "cənab Hüqonun pyeslərində kiçik rol olmur". Tale elə gətirdi ki, kiçik rol həyatının həlledici məqamına çevrildi. Parıltılı paltarda Cülyetta çox cazibədar görünürdü. Dostları Hüqoya məsləhət gördülər ki, belə yüngül qadına baş qoşmasın. O, heç kimə qulaq asmadı.

Cülyetta ilə tanışlıqdan sonra onun qarşısına şərtlər qoyan yazıçı bəzən qısqanclıq nümayişində həddini aşırdı. Nəticədə qadın teatrdakı işindən ayrıldı. Ayrılma təkcə teatrla qurtarmadı. Varlı kişilərlə ünsiyyətinə də son qoydu. Rus knyazı Anatoli Demidov onun üçün Parisdə ayrıca iqamətgahda qalmasına icazə vermişdi. Daha o evə də ayaq basmadı, məclislərə qatılmadı, imkanlı kişilərin hədiyylərindən imtina etdi, pullarını özünə qaytardı. Indi o, yalnız Viktor Hüqonun səxavətinə bel bağlayırdı. Yazıçı ona qarşı elə də səxavətli deyildi. Cülyetta istənilən vaxt ondan ayrıla bilmirdi. Həm məşhurluğunun kölgəsində xumarlanır, həm də zabitəsindən çəkinirdi. Tezliklə cəmiyyət arasında söz-söhbət yayıldı ki, Hüqonun yeni məşuqəsi var. O, bundan əsəbləşmir, əksinə söz düşəndə deyərdi ki, Cülyetta ilə tanışlıqdan sonra özünü yaxşı hiss edir. Cülyetta isə özünü elə aparardı ki, qeybət üçün əsas yaranmasın. Həm köhnə məşuqlarının Hüqoya sirr açmalarından qorxar, həm də yazıçını çox da zərbə altında qoymazdı. Bu məqsədlə qadın qapalı həyata başladı. Hətta cəmiyyətdəki şübhəli baxışları azaltmaq üçün təzə paltarlar və ənlik-kişrşanlar almadı. Solğun bənizlə gəzdi, nimdaş paltarla küçələrdən ötüb keçdi. Bunun bir neçə səbəbi vardı. Birincisi, adamların şübhələnməməsi üçün qapalı həyat tərzini seçmişdi. Ikincisi, təzə paltar üçün pul az idi. Üçüncüsü, Hüqo onu anlatmışdı ki, "gözəl qadına gözəl paltar lazım deyil. O köhnə paltarda da gözəldir". Amma camalından nisbi razılıq da əskik olmazdı. Belə bir yazıçı məhz onu seçmişdi.

Hüqo gecələr yanına gələr, onsuz yaşaya bilmədiyini söyləyər, ancaq qəti qərara gələ bilmirdi. Heç cür ailəsindən ayrılıb Cülyetta ilə rəsmi nigaha girmirdi. Yazıçı hesab edirdi ki, məşuqə ilə evlənmək olmaz. Hərçənd, Cülyettasız qala bilmirdi, ancaq evlənmək də istəmirdi. Bəlkə də əvvəllər subay vaxtında rastına çıxsaydı, rəsmi qaydada evlənərdi. Lakin indi, 5 uşağı olduğu halda belə etməyi özünə sığışdırmırdı. Həm də Hüqo cəmiyyətdə ailə dəyərlərindən danışa bilməzdi.

Mehriban günlərin birində Cülyetta ilə Hüqo arasında qalmaqal yarandı. Söz-söhbətin səbəbi maliyyə ilə bağlı idi. Yox, söhbət yazıçının ona pul verməməsindən getmirdi. Məlum oldu ki, Hüqo ilə tanışlıqdan əvvəl Cülyettanın ayrı-ayrı adamlara ümumilikdə 20 000 frank borcu varmış. Cülyetta borcları qaytarmaq üçün bütün qızıl-zinyət əşyalarını lombarda qoysa da, vəziyyətdən çıxa bilməyib. Onu axtarsalar da, tapa bilməyiblər. Nəhayət, bu barədə Hüqoya şikayətləniblər. Yazıçı qadının yanına gedərək qışqırıb: "Belə fırıldağına görə səndən ayrılıram". Və çıxıb gedib. Qayıdanda isə mənzili boş görüb. Cülyetta evi tərk etmişdi. Hüqo öyrənib ki, sevgilisi Normandiyaya - qohumlarının malikanəsinə üz tutub.

Əvvəlcə yazıçı onsuz yaşaya biləcəyinə ümid edib. Ayrı-ayrı evlərdə müxtəlif qadınlarla görüşüb. Ona elə gəlirdi ki, "Səfillər" qədər ağır roman yükünü çəkmək üçün ətrafında mütləq qadınlar olmalıdır. Viktor Hüqo çox zabitəli kişi təcəssümünü özündə əks etdirdiyindən, hər qadın yazıçı ilə sevgili olmağa razılaşmazmış. Məşhur adamla sevgi həyatını yaşamağa razılaşanlar, sonradan peşmanlıq çəkərmişlər. Heç Hüqo da onların arxasınca qaçıb geri qaytarmazmış: "Kim imtina edir, özü bilər, Fransa başdan-ayağa gözəl qadınlarla doludur". Ancaq bütün bu sevgi romanları müvəqqəti təsir bağışlayıb. Qəlb sevdası tapmayan yazıçı yeni sevgisinə ümid bəsləyər. Həyat yoldaşı ilə həmin qəlb sevdası alınmayıb. Beş övladının sevinci də qəlbindəki narahatlığı aparmayıb. Yeni romanlar üçün yeni qadınlar. Ancaq heç cür alınmırdı. Nəhayət, yenidən Cülyetta Drueni axtarıb. Normandiyaya gedərək köhnə sevgilisini tapıb. Onu sevdiyini, yaşamağın çətinliyini anladıb. Qadın ünsiyyətin yeni mərhələsinə razılaşıb. Bir şərt qoyub ki, zabitəli yazıçı onun xətrinə dəyməsin. Bildirək ki, Cülyettanın borc məsələsinə aydınlıq gəlməyib, bu barədə çox da yazılmır. Ola bilsin ki, Hüqo o vaxtkı külli miqdarlı borcu bağlayıb. Bəlkə də yox. Hər halda qadın yenidən Parisə qayıtmağa razılaşmazdı. Çünki borclular onu gündüz vaxtı çıraqla axtarırdılar. Qayıtmışdısa, deməli pullar qaytarılmışdı, şikayətçilərin ağzı yumulmuşdu.

Onlar yenidən birləşdilər. Hüqonun yaradıcılığının çiçəklənmə dövrü yenidən başlandı. Bir-birinin ardınca romanlar yazdı. Ancaq bu o demək deyildi ki, Hüqo yalnız Cülyetta ilə görüşürdü. Bütün Fransa və Cülyetta bilirdi ki, Viktor Hüqo kənar məcaralarından usanan deyil, yenə də qadınları əlcək kimi dəyişir. Ancaq bu qadının ürəyində bircə xətircəmlik vardı ki, kimin yanında olursa-olsun, sonda məşhur sevgilisi yenə onun yanına gələcək. Görəsən, niyə Hüqo hələ də ondan əl çəkə bilmirdi? Bir səbəb vardı. Viktor Hüqo ilham pərisini və ruh gözəlliyini bu qadında tapmışdı. Cülyetta da bunu hiss edirdi. Hətta baş verən bir hadisədən sonra qadın yenə onu atmadı. Günlərin birində Hüqo evli qadınla təmas qurdu. Həmin qadının əri arvadından şübhələnib xəfiyyələri ardınca saldırdı. Izlənmə prosesinin sonu yaxşı qurtarmadı. Hüqo ilə o qadını bir yerdə tutdular. Qəzetlərdə yazıçı rüsvay edildi. Ölkə rəhbərliyi jandarmeriya ilə razılığa gəlib Hüqonu rüsvayçılıqdan qurtardı. Həmin evli qadın isə həbsxanaya salınıb iş kəsildi. Bu hadisə baş verəndə Cülyetta Druenin 40 yaşı vardı. O, yazıçını bağışladı. Həm də bağışlamaqdan savayı əlacı yox idi. Artıq neçə il gizli görüşdüyü kişiyə alışqanlıq yaranmışdı. Digər qadınlardan fərqli olaraq düşünürdü ki, yaradıcı adamın xətrinə dəymək, onu öz dünyasından ayırmaq olmaz. Yoxsa, Hüqo başqa qadınların yanına getməklə, onu birdəfəlik unudar. Yazıçı xəstələnəndə qadın onun qulluğunda dayanar, ən qəmli vaxtlarında ürək-dirək verərdi. Hətta, əsərlərini oxuyub ruh yüksəkliyi bəxş edər, yenidən yazmağa həvəsləndirərdi.

Düz 50 il bir yerdə oldular. Sevgili həyatlarının 50-ci yubileyində Hüqo Cülyettanın şəklini çəkdirdi. Şəklin üstündə yazılmışdı: "50 ilin sevgisi". Qadın daha qocalmışdı. O şəkli bağrına basdı, qoca Hüqonu qucaqlayıb öpdü. Lakin əlləri titrəyir, səsi xırıldayırdı. Üç aydan sonra Cülyetta Drue həyatdan köçdü. Hüqo bu ayrılığa 2 il dözdü. Çox yaşaya bilmədi. 50 il bir yerdə olduğu qadının yoxluğunu başqa sevgililərlə çıxmağa çalışdı. Alınmadı. Ürəyi aldatmaq olmazdı. Viktor Hüqo Cülyetta Druedən sonra yalnız iki il yaşadı. Ölənə yaxın nəvəsinə məktub yazdı: "Öz sevgini axtar. Ona sevinc bəxş et. Sev onu. Nə qədər ki, sevir, sən də sev".

# 873 dəfə oxunub

Müəllifin son yazıları

# # #