Bu hekayətlər həyatınızı dəyişə bilər - ZEN HEKAYƏLƏRİ

 Bu hekayətlər həyatınızı dəyişə bilər - <span style="color:red;">ZEN HEKAYƏLƏRİ
21 oktyabr 2016
# 11:42

Kulis.Az Azad Yaşarın tərcüməsində üç Zen hekayəsini təqdim edir.

Quru yarpaqlar

Çin imperatoru üç il ərzində şəxsən özü min bir əziyyət bahasına bir bağ salır və günlərin bir günü bu bağın gözəlliyini görmək, dəyərləndirmək üçün nüfuzlu şəxsləri buraya qonaq çağırır.

Bağı görən-görən heyranlığını bildirir, təriflər sel kimi yağır. Amma bağ salma sənətinin misilsiz ustadı sayılan Lin-çinin fikri imperatoru digər qonaqlarınkından daha çox maraqlandırırdı. Odur ki, qibleyi-aləm rəyini öyrənmək üçün ustada müraciət elədi.

Lin-çi dedi:

- Bu bağda bircə dənə də qurumuş yarpaq görmədim. Bəyəm yaşamla ölüm hər zaman qoşa və qonşu olmur ki?! Xəzəllərin yox­luğu bağınızı donuq və cansız göstərir. Hər halda onları bu səhər “Qonaqlar gələcək” deyə süpürüblər. Bu yanlışı düzəlt­mək istəyirsinizsə, göstəriş verin, bir qucaq quru yarpaq gətirib töksünlər buralara.

Bu təklif gerçəkləşəndən sonra külək yerdəki xəzəllərlə oy­na­mağa başladı. Onların xışıltısı və pıçıltısı sayəsində bağ sanki canlandı!

Ustad bunu görüb dedi:

-İndi bu bağda hər şey yerli-yerindədir. Bağınız çox gözəldir, yeganə çatışmazlığı isə onun hədsiz dəqiqliklə planlanmasıdır. İstənilən sənət özünü kölgədə tutduğu və gözə batmadığı zaman misilsiz olur.

Qərar verərkən tələsməyin

Çin kəndlərindən birində ahıl yaşlarda bir kişi yaşayırmış. Son dərəcə yoxsul olsa da, onun adı dillərdə gəzən çox gözəl, dümağ atı varmış. Ölkə başçısı min bir yolla bu atı ələ keçirməyə çalışsa da, ondan ötrü qocaya xəzinəsinin bütün ləl-cəvahiratını vəd eləsə də, qoca heç cür yola gəlmirmiş. Kral isə bu misilsiz atın belə yoxsul kimsədə olmasıyla heç cür barışmırdı. Qoca hər səfər onun araçılarına “Bu, məndən ötrü sadəcə bir at deyil, dostdur, sir­daşdır. Bəyəm insan da öz könül dostunu paraya-pula satar?!” deyirdi...

Bir səhər tövləyə baş çəkən qoca atının yoxa çıxdığına şahid olur. Bütün kənd camaatı qocanın başına yığılır, onu tənbeh elə­yir: “Vay səni, ağılsız qoca! Bu atı sənin əlindən ya oğur­luq­la, ya da doğruluqla alacaqları onsuz da lap əvvəldən bəlliydi. Əgər sən başısoyuqluq etməsəydin, vaxtında və ağıllı tərpənib, bu kə­hər atı krala satsaydın, ömrünün axırına qədər gen-bol yaşa­man üçün yetəcək bir sərvətə yiyələnərdin. İndi isə ha başına-gö­zünə döy, ha ağla-sıtqa: at da əldən getdi, sərvət də...”

Ahıl qoca heç təmkinini pozmadan: “Siz gəlin, belə əlüstü qə­rar verməkdə tələsməyin. Hələlik itirdiyim sadəcə bir atdır” de­yir. “Bütün qalan söz-sov isə sizin uydurmalarınızdan, yorum­la­rınızdan başqa bir şey deyil. Heç bilmək olmaz: bu atın itməyi xe­yirə calanacaq, yoxsa şərə. Sonunu gözləmədən, bir tək olaya görə, gəlin, qərar çıxarmayaq”.

Kənd camaatı onun bu sözlərini lağa qoydu, oradakı hər kəs­dən qəh-qəhələr yüksəldi.

Aradan heç on beş gün keçmir, at göz­lə­nilmədən qocanın həyətində peyda olur. Sən demə, o, oğur­lan­ma­yıbmış, sadəcə özbaşına dağlara gedibmiş. Üstəlik, geri dö­nəndə on iki yabanı (əhliləşməmiş) atı da ardına salıb gətirmiş­di. Məsələnin belə gözlənilməz dönüşündən çaşan kəndlilər yı­ğı­lıb, o ahıl qocadan üzr diləməli oldular: “Babacan, - dedilər, - sən haqlı çıxdın. Doğrudan da, atın itməsi səndən ötrü bir itki yox, əsil sər­vət, qazanc mənbəyinə çev­rildi, çünki artıq bütöv bir ilxı sa­hi­bisən”.

İxtiyar kəndli yenə də həmişəki təmkinini, tövrünü pozmayıb: “Val­lah, sizlər ye­nə də qərar çıxartmaqda çox səbirsiz davranır­sı­nız” dedi. “Şəxsən mənə qalsa, təkcə o olub ki, itən atım ta­pı­lıb. Vəssəlam. Bildiyim tək gerçək - hələlik budur. Bu olayın öz ar­dınca nələri gətirəcəyindən, nələrə vəsilə olacağından isə mən yer­li-dibli xəbərsizəm. Yəni, bu da sonrakı olaylar üçün bir baş­lan­ğıcdır. Hər hansı kitabdakı iki-üç kəlməni oxumaqla onun nədən bəhs et­diyinə, necəliyinə nə cür qərar verə bilirsiniz axı?”

Ona qulaq kəsilən yerli camaat bu sözləri lal-mat dinləsə də, eti­raz etmir, hər kəs “Bu adam doğrudan da sarsaqlayıb” deyə dü­­şünür özü-özlüyündə...

Aradan bir həftə ötür. Qocanın vəhşi atları əhliləşdirməyə ça­lı­şan yeganə oğlu atın belindən yıxılaraq, ayağını sındırır. O günə qədər evin dirəyi sayılan gənc oğul uzun müddətə yataq əsirinə çevrilir. Kəndlilər yenə qocanın dizinin dibini kəsdirib: “Sən ye­nə də haqlı çıxdın” deyirlər. “Çünki bu göydəndüşmə qazanc sa­yı­lan vəhşi atlar üzündən yeganə oğlunun ayağı sındı, çalışmaz oldu. Halbuki sənə baxan, qulluğunda dayanan tək övladın idi o sə­nin. Ona görə də bundan belə günün, dolanışığın əvvəlkindən da­ha betər və ağır olacaq”.

Qoca onların sözünü yarımçıq kəsməyə nail oldu: “Gəlin, ye­nə tez-tələsik bir nəticə çıxarmağa tələsməyək. Düzdür, oğlumun bir ayağı sın­dı. Buna sözüm yoxdur. Amma bütün yerdə qalan yorumlar si­zin əmri-vaqe verdiyiniz hökmlərdir. Onların doğruluğu hələlik sual altında­dır. Həyatda bütün olacaqlar bir işarət və ya nişanə şəklində gə­lir, amma onların öz ardınca nə gətirəcəyi hər zaman gizli qa­lır”.

Bir neçə həftə də ötür. Düşmən ordusu Çinin üzərinə hücuma ke­­çir. Ölkəsini, iqtidarını qorumaq məqsədiylə kral əli silah tu­tan bütün gənclərin ordu sıralarına çağırılması barədə fərman ve­rir. Kral fərmanını icra edənlər, bizim qocanın bir ayağı sınıq oğ­lu dışında, kəndin bütün cavanlarını savaşa yollayırlar. Bütün kənd camaatı matəm havasına girir, çünki yağı düşmənin önünü kəs­mək üçün səfərbər olunan gənclərin döyüş meydanından sağ-sa­la­mat geri qayıdıb-qayıtmayacağını, əsir düşüb-düşməyəcəyini heç kəs bil­mir.

Durum belə olunca, kənd əhli təkrar ahıl qocanın başına cəm olur. Hamı yerbəyerdən qocanın yenə haqlı və uzaqgörən oldu­ğu­nu dilə gətirir: “Sənin oğlun ayağı qırıq da olsa, ən azından böy­­rün­dədir. Bizimkilərin isə geri dönüb-dönməyəcəkləri bir xə­yal oldu artıq. Belə çıxır ki, sənin oğlunun atdan yıxılıb, ayağı­nı qırması da, bir uğursuzluq əlaməti deyil, bəxtəvərlik nişanəsi imiş”.

Ahıl qoca onlara “Köhnə xasiyyətinizdən heç əl çəkmirsiniz. Elə hey vaxtsız qərar çıxarırsınız. Halbuki zamanla nəyin necə ola­cağını, nəyin nələrə yol açacağını heç kim bilməz. İndi də bildi­yi­miz tək gerçək budur: mənim oğlum yanımdadır, sizin övladla­rı­nız isə düşmənlə qanlı çarpışmalarda... Bu iki fərqli durumdan han­sının uğura, hansının isə talesizliyə calanacağı bizə yox, yal­nız uca Allaha bəllidir”.

Çjuan-çzı və kəpənək

Qədim Çin müdriki Çjuan-çzı bir sə­­hər yuxudan oyanan kimi hönkürməyə başlayır. Başına yığışan tə­ləbələri soruşurlar:

- Nə olub sənə, ustad? Niyə belə zülüm-zülüm ağlayırsan?

Ustad cavab verir:

- Çox çıxılmaz durumdayam. Yuxuda gördüm ki, kəpənəyə çev­­rilmişəm.

Tələbələri ona ürək-dirək verməyə girişdilər:

- Eh, adam da bunu özünə dərd eləyər? Hər kəs yuxuda başqa bir şeyə çevrildiyini görə bilər də. Bunda pis nə var axı?

Çjuan-çzı qayğılı halda dedi:

- Məsələ, əlbəttə ki, bunda, yəni çevrilmədə deyil. İndi başım dərd­dən, qayğıdan ayrılmır, içimi şübhə­lər yeyir və üstəlik, bil­mi­rəm ki, bü­tün bunları nəyə və haraya yozum. Gecə mən, Çjuan-çzı, gördüm ki, bir kəpənəyə çevrilmişəm. Sonra içimi fikir bürü­dü və mən hələ də düşünürəm: bəlkə elə kəpənəyə də elə gəlirmiş ki, o, Çjuan-çzıya çevrilib? Hə?

# 2756 dəfə oxunub

Müəllifin son yazıları

# # #