Rəşad Məcidin yersiz statusları

Rəşad Məcidin yersiz statusları
21 yanvar 2020
# 10:59

Kulis.az Ayxan Ayvazın "Rəşad Məcidin kitabında diqqətdən yayınan statusları" yazısını təqdim edir

“İndi qələm dəbdən düşüb! Durna lələyilə yazan da yoxdur! Universitetlərin birində dedilər ki, 700-ə yaxın bal toplayan tələbə qələmlə ərizə yaza bilməyib! “Kompüter var ikən qələm nəyə lazımdır?” – deyib! Mən də düşündüm ki, status və sms-ləri toplayıb “Qələmsiz yazılanlar” adlı kitab nəşr etdirim!”.

Bu, AYB katibi şair Rəşad Məcidin yeni kitabını çap etməsinin səbəbi...

“Qələmsiz yazılanlar” - adından da göründüyü kimi qələmin iştirakı olmadan yazarın yazdıqlarının toplusudur. Yəni qısacası: “Facebook”dakı statusları.

Düzü “tvit atmaq” da var... Amma Rəşad Məcid “Facebook”un daha aktual olduğunu nəzərə alıb, orda fəaliyyət göstərib və bu statusları yazıb.

Niyə “Facebook”u seçdiyi də kitabda var. Gəlin, bir yerdə oxuyaq:

“On ildir Feysbukdayam! Tvitterdə bir müddət oldum, sonra davam etmədim. Statusları çap etdirdiyim ərəfədə İnstaqrama da girdim – fərqini, üstünlüyünü, kəm-kəsirini görüm deyə. Feysbuk mənə daha sivil məkan kimi gəldi. İnstaqram hər cür xırdavatın, kimin nəyi var; satışa çıxardığı “tolkuçka”nı xatırlatdı mənə”.

İnstaqramı “tolkuçka”ya bənzətmək maraqlı gəldi mənə. Ancaq Tvitterdən niyə getdiyini anlaya bilmədim. Halbuki rəsmi, belə deyək, ciddi adamların toplaşdığı məkan Tvitterdir.

Baxın, Facebooku tərifləyən Rəşad Məcid kitabın başqa yerində hörmətli Mark Zukerberqə barmaq sallayır və sanki onu “təhdid edir”. Diqqət statusa:

“Markın böyük günahıdır bu feysbuk! Düşüncəsi yerində olmayanlara meydan vermək olmaz! Vəfa Zeynalovaya nifrin yağdıranları da silirəm getsinlər!”

Əziz Rəşad müəllim, Feysbukun sivil məkan olduğunu söyləyib, sonra da bu fikirləri demək mənə anlaşılmaz gəldi. Axı Mark düşüncəsi yerində olmayanı necə ayırd eləsin? Elə bir aparat varmı ki, o adamları həmin aparata salasan və düşüncəsini ortaya çıxarasan. Təsəvvür eləyin, Mark bunun üçün xüsusi işçilər tutur və düşüncəsi yerində olmayana deyir ki, Feysbuk sənlik yer deyil, get “tolkuçka” İnstaqrama.

Halbuki Feysbuk hamıya meydan verdiyinə görə maraqlıdır. Fikir verin, Rəşad müəllim, biz məktəb illərindən bu sosial şəbəkəyə qız tutmaq üçün (ifadəmə görə üzr istəyirəm) gəldik, indi isə az qala Orta Şərq, Yaxın Şərq, ABŞ-İran münasibətləri, geosiyasi tarix, fəlsəfə, ədəbiyyat üzrə ciddi ekspertlərə çevrildik. Demək istədiyim odur ki, çağdaş dünya məhz çoxsəsli dünyadır. Orda hər kəsə yer var: düşüncəsi yerində olana da, olmayana da.

Həm Markın sayəsində kitab çıxarmaq imkanı əldə etmisiniz (statuslar yazaraq), həm də onu tənbeh edirsiniz. Nə bilim vallah.

Açığı, mən bu kitabı yenilik saymıram. Gördüm, bəzi dostlarımız bu kitabı yenilik kimi təqdim etmək istəyirlər. Ancaq elə deyil. Feysbukda səhv eləmirəmsə, artıq 1 milyard insan qeydiyyatdan keçib və hamı status yazır. Ekonun da dediyi kimi, hər kəsin yazıçı olduğu belə bir texnoloji dünyada statuslardan ibarət kitab çıxartmaq yenilik ola bilməz.

Akademik İsa Həbibbəyli ön sözündə Rəşad Məcidin statuslarını “yeni janr” adlandırır. Ancaq kitabdakı statuslarla tanış olanda biz ordakıların “yeni janr” yox, sadəcə yazmaq istənilən mövzuların eskizi olduğunu görürük.

Feysbukda fenomenlər var – istifadəçilərin hamısı onları tanıyır və yalnız onlar bu janrın tələblərində nələrsə yaradırlar. Bu isə “günlükdür”, yəni “fəst-fuddur”. Hansısa bir Feysbuk fenomeninin kitab çıxartmasını görmüsünüz?

Rəşad Məcidin bu kitabı çıxartmaq məqsədini isə anlayıram. Uzun müddət çoxsaylı işləri səbəbi ilə yaradıcılıqla ciddi məşğul ola bilməməyi tutaq ki buna bariz misaldır. Ya da kitaba verdiyi adda bəlli olduğu kimi artıq qələmsiz yazdığını və yeni bir eraya keçdiyini göstərmək üçün bu kitabı çıxartmaq qərarına gələ bilər.

Və yaxud da ən düzü bəlkə də budur: Rəşad Məcid sosial şəbəkədə olmayan və hələ də qəzetə, kitaba inanan qocalara öz fikirlərini çatdırmaq üçün “Qələmsiz yazılanlar”ı çıxardıb.

Yoxsa onun dostluğunda olan, yaxud da Feysbukda olanlar bu kitabı nə etsinlər? Hamının əlində onsuz da planşet, ayfon var, girərlər Feysbuka, Rəşad Məcidin adını axtarıb taparlar və girib statuslarını oxuyarlar.

Kitab iki yerə ayrılır: status-esselər və sms-esselər. Bəri başdan ümumiləşmiş fikirləmi deyim, sonra seçdiyim statuslar üzərindən rəylərimi (axı Feysbukda hər statusa rəy yazmaq da olur) oxuyarsınız.

Məncə, Rəşad Məcidin statuslarını belə sinifləndirə bilərik: yarımçıq xatirələr, yarımçıq hekayələr, yarımçıq ad günü təbrikləri... Ancaq o statusların bir neçəsini çıxmaq şərti ilə heç biri İsa Həbibbəylinin dediyi “yeni janr”a aid deyil. Hətta kitabdakı “ön söz” belə yenilikdən uzaqdır – Sovetdən üzü bəri bu “ön söz” yaxamızdan düşmür e... Hamının yenilik kimi qəbul etdiyi və çağdaş dünyanın platformasından istifadə edərək fikirlərini yazan Rəşad Məcid bu kitabı “ön söz”süz də təqdim edə bilərdi.

Keçək, statuslara yazdığım rəylərə.

“TV-də bir təzə gənc müğənni oxuyur. On dəqiqədir baxıram, ayırd edə bilmirəm, bu, qızdır, yoxsa oğlan?” – günümüzün aktuallığı. Amma bu statusda bir az cinsi ayrımcılıq yoxdurmu?

“Mənimlə deyişmə - pis sancıram hirslənəndə!..” – Bilirəm. Vaxtı ilə AYB söz-söhbətlərində məni yaman sancmışdınız. Burda bir gülüş işarəsi qoyaq və keçək növbəti statusa.

“Əgər cibimdə mobil telefon varsa və saatı göstərirsə, niyə qol saatı taxmalıyam ki?!” – Hə də. Mən də sevmirəm qol saatı taxmağı. Həm də acı bir xatirəsi var.

“Ədəbiyyat depressiyaya düşənlərin, xiffət çəkənlərin son sığınacaq yeridir!” – Məncə də. Doğrudan elədir. Ədəbiyyat böyük təsəllidir.

“Xeyli vaxtdır, metroya minmirdim. “28 may”ın bu qədər dərin olduğunu da unutmuşdum!” – Rəşad müəllim, “Elmlər Akademiyası” daha dərindir – elm dərindir axı...

“Saf olanları hamı aldadır”. – bunu hamımız bilirik axı. Yəni bu xüsusi bir söz deyil ki. Kitabda bu cür hamının deyə biləcəyi fikirləri görəndə məyus oldum. Axı yaradıcı biri seçib irdələməli, uyğun olanları, ən yaxşılarını kitaba salmalıydı. Rəşad Məcid isə, nə yazıbsa, onu düzüb bura. 2019-dan ta 2009-a qədər. Allah üzümüzə baxıb, Feysbuku 80-ci illərdə yaratmayıb, yoxsa bu kitabın qalınlığı daha çox olardı.

“Qızışma də! Havalanma də! Hələ bir sədr ol, sonra!..” – bu yaxşıydı. Rəşad Məcidi ifadə edən statusdu. AYB-yə sədr olmaq istəyən və hələ də söhbəti bilməyən üç gənc haqdadır.

“Qadın həbsxanasında gözəllik salonu...” – gözəldir. Bir hekayə, yaxud bir şeir üçün başlanğıc ola bilərdi.

“Kişilər qocaldıqca öz atalarının eyni olur...” – Yaşım artıqca bu gerçəyi daha dəqiq hiss edəcəm.

“Mənim Balaxanım nənəm bəy qızı idi...” – bu uzun bir status idi. Status da deyil, hekayəydi. Sadəcə Rəşad Məcidin hövsələsi olmayıb yazmağa. Yazsa, bəlkə də gözəl bir hekayə olardı.

“Heç nəyin dadı-duzu qalmayıb” – bu da deyilmiş fikir. Bunu bütün Rəşad Məcidin yaşıdlarından eşitmişik.

“Gözəl və ağıllı Qadın həmişə Allahlıq iddiasında olur! Bəzən gizlətsə də...” – Ax bu qadınlar, Rəşad müəllim!

“Xəyanət görmüş adam qorxaq və özgüvənsiz olur” – maraqlı fikir idi. Bu da xəyanət haqda yazılacaq essenin ilk cümləsi...

“Ağzın isti yerdədir”. – Kimə deyir görəsən? Bu statusun burda nə işi? Bəlkə inboksla qarışdırıb?

“Təzə sevgiliyə köhnənin sirrini verməzlər” – bizə belə statuslarla gəlin, Rəşad müəllim.

“Ağciyəri rentgen edən həkim dedi ki, siqareti atmalısan. Dedim, çalışıb azaldaram. Dedi, azaltmaq yox, atmaq lazımdır. Heç üstündən 2 saat keçməmişdi, köşkdən 3 qutu siqaret aldım – həm də həkimin sözlərini satıcıya deyə-deyə...” – Yox, bu olmadı. Siqareti təbliğ etmək olmaz. Məncə, həkimin sözlərinə qulaq asın. Hələ siqaretə şeir də yazırsınız, olmaz belə. Hər tərəfi tüstü götürdü...

“O da bir dövr idi – keçdi getdi”. – Hansı dövr? Daha bir göydəndüşmə status. Yoldaş status, siz hardan düşmüsünüz bura? Status açıqlama verir: “Vallah, yoldan keçirdim, tutub gətirdilər ki, kitabda olmalısan”.

“Siz çoxsuz, mən tək...” – Bunu Rəşad Məcid illər əvvəl Şərif Ağayara görə istefa verən 8 yazıçı (içlərində mən də vardım) haqda deyib. Bir anlıq o dövr yadıma düşdü, gülümsündüm.

“Artistlik eləməyin!..” – bunu da bizim – yəni gənc yazarlar - haqqımızda deyir. O vaxtların söhbətlərindəndir.

“Vaxtilə belə bir qəzet olub”. – Hansı qəzet? Yenə? Bu status niyə kitaba düşüb? Bəlkə Rəşad Məcidin əvəzinə kimsə yığıb kitabı? Kim yığıb bu kitabı, siz Allah? Qardaşmı, yadmı?

“Gözəl qadınla ünsiyyət risklidir!” – Rəşad müəllim hər gün bu riski edir. Özü də dəfələrlə...

“Heç kimlə işim yoxdur! Barışmışam...” – Bu hiss olunur. Yavaş-yavaş hamımız eyni hisləri yaşayırıq. Barışmağı öyrənirik.

“Sevgi ən etibarsız duyğudur”. – həm də necə!

“Məğlubiyyətini xatırladan hər şeydən qaç!” – Qaçmaqla olmur ki... Məğlubiyyətlərimiz arxamızca düşüb gəlir. Yazmağın özü məğlubiyyət deyilmi?

“Mənim məkanımda dava eləməyin! Gedin, başqa yerdə haqq-hesab çürüdün!

Statusu silirəm”. – etiraf edim ki, kitabda oxuduğum ən maraqlı status bu idi. Rəşad Məcidin virtualda sildiyi statusunu oxuyuruq. Necə maraqlıdır...

“Görməmişlik pis şeydir”. – Məncə də... Burda da kiməsə söz atdığı hiss olunur. Amma kimə?

“Həyəcanlandırmırsa, Qadın deyil!” – Yes!!!

“Ala qarğa sosial şəbəkədə bala çıxarmaz. İnstaqramda heç çıxarmaz” – bax bu İsa Həbibbəylinin dediyi “yeni janr”a uyur.

“...Anar müəllimin “525”də çıxan məqaləsindən anons...” – bu statusun əvvəli AYB sədrinin essesindən çıxarışdı. Rəşad Məcidin kitabında Anar müəllimin essesinin anonsu... Qəribədir, elə deyilmi. Rəşad müəllim, həqiqətən bu statusun nə işi var kitabda? Feysbukda başa düşdük, qəzetiniz üçün anons verirsiniz. Amma statusunuzdan xəbər tutanlar çoxdan Anar müəllimin essesini oxuyublar və o statusun artıq heç bir əhəmiyyəti qalmayıb.

“Biz tərəfə də qar yağar...” – Yağsın da. Nənəm demiş, yerinə-yurduna yağır...

“Məmməd Aslanın 75 yaşı mübarəkdir!” – ad günü təbriklərinin də kitabda yer alması ayrıca bir dərddir. Həmin adamla bağlı maraqlı bir xatirə olsa, yenə deyərdim, hə. Ancaq bu təbriklər sadəcə o gün üçün Feysbukda maraqlıdır. Yoxsa ki kitabda bu təbriklər yamaq kimi görünür. Gərək Rəşad Məcid bir dırmıq alıb düşərdi kitabın canına, artıq-urtuqları kənar eləyərdi.

“Vaşinqtonda qar...” – Vizual dünyada yaşayırıq. Vaşinqtonda qar statusu yazmaqdansa, təklif edirəm ki, bundan sonra Rəşad Məcid canlı yayım açsın və hamımız o qarı əyani olaraq görək.

“Qadınlar dostluqda sədaqətli olurlar! Sevgidə deyə bilmərəm...” – Çox iddialı statusdur. Bu feministlər ancaq mənim yazdığımı görürlər? Niyə Rəşad Məcidə bir dərs vermirlər?

“Sabahı düşünən qəhrəman olmaz! Biznesmen olar!)” – Bu da “yeni janr”a uyğun növbəti status. Hamının bildiyi cümlədə ideyanı dəyişmək. Maraqlıdır.

“Sevgisi də soyuq idi, təzə əkini
Hər bəladan hifz eləyən qalın qar kimi... – Əli Kərimin misralarını xatırladım...” – kitabda bu cür statuslar da geninə-boluna var. Başa düşürəm, Rəşad Məcid şeiri sevən və çoxlu şeir bilən biridir. Ancaq kitabda o misranı verib, sonra xatırladım yazmaq bizə - oxucuya heç nə demir.

“İstedadlı dost statusundan bilinər.” – Kitabda dördəlli razılaşdığım yeganə status.

“Sizsiz həyat da, feysbuk da maraqsız olardı! Bayramınız mübarək, mənim xanım dostlarım!” – Bu da ünvanına çatmayan məktublar kimi...

“Oktyabrın 24-də şənbə günü saat 14-də “Nizami” muzeyini gəzəcəyik. Bütün gənc yazarlar və jurnalistlər dəvətlidir!” – Söhbət 2009-dan gedir. Rəşad müəllim o vaxt bu elanı verib. İl olub 2020. Bu status sadəcə mənə və mənim kimi gənc yazarlara keçmişi xatırladır, vəssalam. O zaman hamımız “Nizami” muzeyinə getmişdik, ümidliydik, içimizdə yazmaq eşqi vardı. Bu statusu məhz bizə o günləri xatırlatmaq üçün kitaba salmısınız, Rəşad müəllim?

Bu statuslar altını xətlədiklərim idi – vaxtı keçmiş, artıq aktuallığını itirmiş, eyni zamanda uzun, yarımçıq esse və hekayə tipli çoxsaylı status var idi.

Kitabın ikinci hissəsi isə daha maraqlı idi: sms-esselər. Sizə deyim ki, o hissəni daha maraqlı oxudum. Çünki o hissə “sms” idi – gizli idi, bizim bilmədiyimiz, görmədiyimiz söhbətlər idi. Bu, həqiqətən də uzun illərdən sonra Rəşad Məciddən oxuyacağımız ilk “yazılar” olacaqdı.

Sizə deyim, bəzən bir romanın, bəzən bir hekayənin girişi kimi oxuduğum, yazmaq, ədəbiyyat, sənət haqda düşüncələr mənə çox maraqlı gəldi. Tutaq ki, “Köhnə Bakı üçün nostalji...” başlıqlı sms-esse ləzzət elədi. “Mühacir Adilin söhbətlərindən” olan hissələri oxumaq da mənə xeyli xoş oldu.

Ümid edirəm, Rəşad Məcid bu zarafatyana iradlarımdan inciməz. Hər halda bu kitab mənə elə gəlir, bizim zamanımızın, dünyamızın Feysbuku sayəsində ortaya çıxıb. Və bu kitab haqda söz demək də bizim haqqımızdır.

# 8014 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #