Gənc yazar, hazırda hərbi xidmətdə olan Rəvan Cavidə məktub
Salam, Rəvan. Necəsən? Bilirəm ki, yaxşısan (Bəlkə də əksinə). Biz də belə birtəhər, gah yaxşı oluruq, gah da pis, gah ürəyimiz sevinir, gah da kövrəlirik.
Hələ əsgər gedəndən bircə dəfə zəng eləmisən. Ürəyim yerinə düşmüşdü, deyirdim, Rəvan neyləyir oralarda. Dedin, abi, yaxşıyam, burda hamı mənə şair deyir, axşamlar onlara şeir oxuyuram. Mən də zarafata saldım, dedim, oranı Natavan klubuna çevirmisən e...
Yeri gəlmişkən deyim, bu məktubu ən çox ona görə yazıram ki, gələndə məndən soruşmayasan:
"Qaqa, niyə mənə məktub yazmadın? Niyə?"
Bu sualla başımı xarab eləyəcək, məni cırnadacaqdın. Sonra isə güləcək və o gözəl gülüşünlə mənə hər şeyi unutduracaqdın.
Şərif sənin yaraşığını Yusif peyğəmbərlə bir tutur, Yusif üzlü Rəvan deyir. Mən Yusif peyğəmbərin əhvalatına çox ağlamışam, onun quyudakı əzablarını bədənimdə hiss etmişəm. Deyirəm ki, Rəvan, sən də beynində gəzdirmişdin o ağrıları. Yusifin quyuda çəkdiyi ağrılar başının içində əlini-qolunu sallaya-sallaya gəzişib.
Yadımdadır, o ağrılardan qurtulanda və "Qaqa, həkim deyir, beynindəki şiş gedib" deyəndə o qədər sevinmişdim ki. Bəlkə sən heç o qədər sevinməmişdin. Bilmirəm niyə, səni hamıdan çox istəyirəm. Gözəlsən, intellektualsan, yumor hissin, zövqün yaxşıdır, hissiyyatın, duyumun itidir. Hərdən-hərdən səndə də “set tutmur”, arada əsl ədəbiyyatın harda olduğunu qarışdırırsan, yaxşıya pis deyirsən, pisə yaxşı, amma bunu da qəsdən, bilərəkdən eləmirsən. Bilirəm ki, için təmizdir.
Yadıma düşür, Fərid Hüseynin toyunda içib özündən getmişdin. Bütün ədəbi mühit səndən narahat olmuş və başının üstünü kəsdirmişdi. Onda vəziyyəti yumşaltmaq, həm də səni ayıltmaq üçün qışqırdım:
"Dur, Rəvan, Salman Rüşdi gəlir".
Sənin sevimli yazıçı dostunu deyirdim. Və möcüzə!!! Sən elə bil bir az ayılmış kimi oldun, dodaqaltı mızıldandın. Ədəbiyyat sevgisinin gücünə bax e. Salman Rüşdi gəlmədi onda, onun yerinə, ondan heç də geri qalmayan Mübariz Örən gəldi, səni dikəldib oturtdu. Ardınca təcili yardım maşını və sən getdin.
"Salman Rüşdi gəldi, dur" - gedənə yaxın yenə dedim. Bu dəfə üzünə təbəssüm yayıldı.
Bu yaxınlarda sənin sevimli yazıçının "Gecəyarısı uşaqları" romanını bizim Seymur Baycan yıxıb-sürüyüb, yazıb ki, çox mənasız əsərdir. Elə bil Rövşən Abdullaoğludan yazmışdı, çaşmışdım, həqiqi. Yazıda sənin adını da çəkib. Gələndə oxuyarsan. Seymur hər adamın adını çəkmir yazıda. Məncə, buna görə sənə təbrik düşür. Böyük uğurdu. Elə məhz bu səbəbə Seymurun "Gecəyarısı uşaqlarına" diletantcasına mənasız deməyini keçmək olar.
Ay Rəvan, Həsəni əsgərlikdən gəldi gəlməyinə, amma biz yenə də görüşə bilmədik. Pandemiya dövrü, üstəlik uzaq yerlərdə olmağımız və qəfil meydana çıxan müharibə. Sən getdin, Qarabağda döyüşlər başladı. Bəlkə sənin o Yusif peyğəmbəri xatırladan üzünün xətrinə Tanrı bizə qələbə yazar, sən qayıdarsan, biz də gedib Qarabağı gəzərik.
Nə yalan deyim, əsgərliyə getməyini istəmirdim. Məni yanlış anlama, özünə də deyirdim, sənin gözlərindəki parıltının sorulub itməsini istəmirdim. Sonra isə düşündüm. Düşündüm ki, yox e, qoy getsin, o çətinlikləri özü görsün, bərkisin. Bəlkə də elə ən çox sənə lazımdı o cür yerləri görmək. Oturub-durub Borxes, Safran Foer deyirsən, get bir az da həyatın dibinə en, insanları daha yaxından tanı.
Rəvan, arada yadıma düşür, gülməyim gəlir. Orxan Pamukdan təsirlənib gül kimi universitetini atıb roman yazmağa girişdin. Biz də dedik, Rəvan indi elə roman yazacaq ki, hamımızın ağzı açıq qalacaq. Roman da alınmadı, universitet də ara yerdə sıradan çıxdı və “hopp” getdin əsgərliyə. Başına daş dəyməsin, yazıqsan.
Hələ gəlib demişdin, bəs romanın içinə link də qoymuşam. Soruşdum, ay Rəvan, nə link. Dedin: "Romanda real məkanlar olacaq, qəhrəmanın Bakıda oturduğu kafelər filan. Linkə girəcəksən, o məkanın fotoları açılacaq". Dedim, bəs Rəvan, kitabdan birbaşa link açılmır axı, gərək internetə girəsən, linki köçürəsən... Uzundərə işdir. Orda bizim uzun Orxan Saffari də vardı, o da mənə qahmar durdu, dedi, o linklər error versə, nağaracaqsan? Sonra biz bu link söhbətini hər görüşdə yada saldıq, güldük, səni də xeyli cırnatdıq. Bilmirəm, bu zarafatlarmı təsirini göstərdi, ya başqa nəsə oldu, romanı mənə göndərəndə o linkləri görmədim. Linkdən əlavə, roman da görmədim. Özünlə danışmışıq bunu. Demişdim, Aqşinin, Cəlilin romanlarını yıxıb sürüyən Rəvanın romanı belə olmamalıdır. Sən də razılaşdın və romanı çap eləmədin. Bilmirəm, əsgər gedirdin deyə darıxırdın, ya nə idisə, tez-tələsik bir kitab buraxmaq fikrinə düşmüşdün. Get ha getdə şeir kitabını çap elətdirdin, Kəramət kimi özün satmağa girişdin, ara yerdə Müşfiq də hamınıza qaraçı adı qoydu. Sonra "Allah" şeirinə görə dindarların qəzəbinə düçar oldun. Bu məqamda səni Səfərbərliyə Çağırış üzrə Hərbi Komissarlıq xilas etdi, səni qaragüruhun əlindən alıb əsgərliyə göndərdi.
Açığı, sən qalmaqaldan, söz-söhbətdən uzaq, sakit uşaq idin, nə oldusa, birdən-birə oldu, Aqşini tənqid elədin, Cəlili yıxdın-sürüdün, gündəmə gəldin, bir anda mühitin mövzusuna çevrildin. Mən tanıdığım Rəvansa bu söhbətlərdən uzaq gəzməyi sevərdi. Deməli, gəncliyin gətirdiyi çılğınlıq hamıda gec ya tez büruzə verir. Hamımız bu yollardan keçmişik. Bu, mənə elə gəlir, lazımdı, amma davamlı olmamalıdır, arxasınca mətn gəlməlidir. Bunları məndən yaxşı bilirsən, əsgərlikdə ola-ola səni yormayım.
Rəvan, haqqımda ən yaxşı yazını da sən yazmısan, arada oxuyuram, ləzzət eləyir. Həsəni gəldi, sən getdin, yenə qaldıq baş-başa. O da deyir, xaricə oxumağa gedəcəm. Belə çıxır, sən gələndə bu səfər Həsəni olmayacaq. Özüm ölüm, dolamısınız məni. Ya gəlin, ya gedin. Sizdən başqa mənə yaxın, doğma olan ədəbiyyat adamı yoxdur, bilirsiniz. Məni tək qoymayın.
Qaqa, yadıma Buynuz kəndinə, Musa Yaqubun yanına getməyimiz düşür. Birlikdə ilk səfərimiz idi. Nə gözəl gün olmuşdu! Buynuz elə bil bizim gəlişimizdən bir az daha yaşıllaşmış, bir az daha gözəlləşmişdi. Musa Yaqub Xalq şairi adı aldı, sonra gedib yatdı, biz də onun sağlığına badələr qaldırdıq. O qədər içmişdik ki, bir-birimizi doğru-dürüst eşitmirdik. Fərid Hüseyn gətirmişdi bizi. Hərəmiz bir şey danışırdıq, amma heç kim bir-birinə qulaq asmırdı.
Səhər Musa Yaqubla üzbəüz tutduğumuz evə qayıdanda pəncərənin o üzündəki yaşıllığa, yaşıla bürünmüş dağlara baxıb kövrəlmişdim. O kövrəkliyin arxasınca siz - Həsəniylə sən otağıma girdiniz və məni yıxıb boğmağa, öldürməyə çalışdınız. Hə, məni boğur və deyirdiniz: "Köhnə nəsilə ölüm, yaşasın yeni nəsil!".
Çarpayıda reallaşdırdığınız bu "köhnə nəslə ölüm!" əməliyyatınız mənim dirənişimlə uğur qazana bilmədi və nəhayət, üçümüz də ləhləyə-ləhləyə davanı yekunlaşdırıb bir-birimizə baxa-baxa gülüşdük.
Hələ yadındadır, Qubanın ən yüksəklikdəki kəndinə - Qrıza getməyimiz. Orda da Borxesdən danışırdın. Kefsən e, dağ, təbiət, ekstrim və sən yenə Borxesdən danışırsan.
Nəsə... Sonra biz aralandıq bir-birimizdən, sən az qala yıxılıb sıldırım qayadan düşəcəksənmiş, şükür Tanrı ədəbiyyatımıza yazığı gəlib, kimisə göndərib ora, o kimsə sənə əlini uzadıb və beləcə, xilas olmusan. Bəlkə də Borxesin ruhu imiş səni xilas edən, kim bilir. Deyib, Allahın belə unutduğu yerlərdə məni xatırlayan bu gənci qurtarmasam, yaxşı çıxmaz və əlini uzadıb. Həqiqi olsa, “mazqi”mi xarab eləmişdin: "Qaqa, Borxes əlimdən tutdu e..."
Hərdən elə darıxıram ki, Rəvan... Darıxmağımdan yoruluram. "Delikates" kafesi üçün, kafe sahibi Ədalət kişi üçün, sizlər üçün darıxmaqdan o qədər yoruluram ki, axırda əldən düşürəm.
Nə bilim, deyiləsi, yazılası o qədər söz var ki, Rəvan!
Hələ təzə-təzə oralardasan. Özünə fikir ver. Yeməyinə, sağlığına. Bir də arada nəsə yazmağa çalış. Qələmin korşalmasın. Daha camaatın uşağına Borxesdən danışma, özünü onlarla bir tut. Hərdən adi olmaq, sadə görünmək də lazımdı.
Rəvan, səni çox istəyirəm!
Sağ-salamat qayıt, o birisi əsgərlər də sağ-salamat qayıtsınlar. Kaş hər şey istədiyimiz kimi ola. Müharibə də bitə, qələbə də bizim ola. Və hamımız doyunca yataq. İnan, ağlıma ayrı şey gəlmədi. Çünki mənə elə gəlir, bir əsgər üçün ən böyük mükafat yuxudur. Elə qara-qura yuxular görürəm ki, Rəvan. Yusif peyğəmbər xeyrə yozsun, deyir Nərmin.
Öpürəm, Rəvan! O Yusif peyğəmbərə bənzəyən üzündən öpürəm...