Lenin, Atatürk və ayaqqabı silən cocuq

Lenin, Atatürk və ayaqqabı silən cocuq
19 yanvar 2016
# 09:00

Ayxan Ayvaz

Sovet İmperiyasının çöküşündən sonra iki azərbaycanlı Türkiyəyə gedir. Bir az gəzəndən sonra qarşılarına ayaqqabı boyayan balaca bir oğlan çıxır, üzü-gözü qap-qara. Biri çox qaba, ipə-sapa yatmayanmış, kimisə cırnatmaqdan ötrü ürəyi gedirmiş.

- Ay uşaq, ayaqqabımı təmizlə. – oğlana yaxınlaşıb.

Uşaq işə girişib. Bir azdan kişi başlayıb onunla məzələnməyə:

- Heç türk də kiminsə ayağına əyilərmi?

Oğlanın iki əlində tutduğu şotkalar tüfəngin lüləsi kimi kişiyə tuşlanıb.

- Bu nə demək, əfəndim? Mən haqqın qabağında əyilirəm, çörək qazanıram. Pis iş görmürəm ki?

İpə-sapa yatmayan kişini bu sözlər kövrəldir, üzündə güllər açır, oğlanın başını sığallayıb üzr istəyir. Amma cibindən pul çıxardıb uşağa uzadanda yenə biclik eləyir, onunla məzələnməyə başlayır, əsginası əlində yelləyə-yelləyə sırtıqcasına gülümsünür. Sonra bu əyləncəsindən usanıb pulu gülə-gülə yerə atır.

Bunu görən bir neçə millətçi kişini qabaqlarına qatıb əməlli-başlı danlamağa başlayırlar:

- Sən mənim dövlət sahibimin şəkli olan pulu necə yerə atırsan?

- Sənin heçmi millət, Atatürk sevgin yoxdur?

- Axı biz qardaşıq.

Mübahisə çox uzanıb. Kişi quyruğu qapı arasında qalmış pişiyə oxşayıb, bu vəziyyətdən necə çıxacağını düşünüb. Bu vaxt onun imdadına dostu yetişib:

- Əfəndilər, biz Sovet imperiyasının tərkibindən təzəcə çıxıb rahat nəfəs almağa başlamışıq. Dostum da bu pulun üstündəkini Leninin şəkli zənn edib. Ona görə də əsəbindən fırıldadıb yerə.

Millətçilər getdikcə soyumağa başlayıblar:

- Bu başqa məsələ!

- Halaldı belə millətçiyə!

- Vallah belə olduğunu bilsəydik heç vaxt bu təmiz qəlbli adama bu sözləri deməzdik.

Ara sakitləşəndən və millətçilər uzaqlaşandan sonra meydana solçular girib:

- Sən bizim Lenini təhqir etmisən!

- Heç bilirsən Lenin necə böyük adam olub?!

- Lenin bütün kasıbların yanında olub həmişə!

Bu dəfə işlər fırıqdır: bunları susdurmaq daha çətindir. Nə desən, ağzından vuracaqlar.

Bu dəmdə millətçilər solçuların üstünə düşür, əməlli-başlı dava düşür. Qışqır-bağır, söyüş, atılan yumruqlar.

İki azərbaycanlı tez aradan çıxırlar. Parka çatanda biri siqaret çıxarır.

- Mənə də ver.

- “Ostav” eləyək, başqası yoxdu.

Siqaret tüstüsü sükuta dolanır.

- Səncə, - gülə-gülə dostu həmin ipə-sapa yatmayan adamdan

soruşur. – Atatürk böyükdür, yoxsa Lenin?

- O ayaqqabı boyayan.

- Onda Lenin böyükdür. – dostu gülür və onlar parkdan çıxırlar.

# 2654 dəfə oxunub

Müəllifin son yazıları

# # #