Maştağadakı bu evdə 8 min saat var - REPORTAJ

Maştağadakı bu evdə 8 min saat var - <span style="color:red;">REPORTAJ
25 fevral 2018
# 14:01

Dostumgilin evinin hər otağında zamanı fərqli göstərən bir saat vardı. Günlərin bir günü evə qonaq gəlir, divardakı saatlar diqqətini çəkir və maraqla soruşur: “Niyə hər otaqda bir saat var?” Dostumun atası yarızarafat, yarıciddi cavab verir: “Hərəmiz birinə inanırıq”.

Maştağada bir adam fərqli, başqa dünyaların saatını bir otağa yığıb. Onun öz əlləri ilə yaratdığı bu muzeyə girəndə dostumun əhvalatını xatırladım. Və onda anladım ki, saat həyatın ürəyidir. Hər kəs öz saatı ilə dinləyir dünyanın səsini.

Böyük bir otağa girdik, bizi şıdırğı yağan yağış kimi saat səsləri qarşıladı. Şair demiş, sıra-sıra, inci-inci nur damcılar. Hər saat çıqqıltısı yerə dəyən yağış damlasıydı.

- Bir dəfə bura gəldim, - bizə çay gətirən oğlan danışırdı. – saatların birini qoşurdum. Bir də gördüm düz üç saat vaxt keçib.

Saatların içində də zaman keçir, onlarsız da. Necə oxuyur o məşhur mahnıda: “Vaxt heç cür keçməsə də, günlər, həyatlar keçib gedir”.

- Niyə o qədər vaxt burda durdunuz ki? – sadəlövhcəsinə soruşdum və bu an saatlardan biri sözümün arxasınca zəng çaldı.

Qvazimodanı xatırladım, kilsə zənglərini çalmaqla xoşbəxt olan Qvazimodanı. Parisin ən çirkin, sevilməyən adamını xoşbəxt edən bu zəng səsləri onun qulaqlarını kar eləmişdi.

- Heç bilmədim ki... Sakitlik tapdım nəsə. Elə bildim çöldə yağış yağır, məndə oturub yağışın pəncərəyə döyən səsini eşidirəm.

Sükut çökdü və saatların birlikdə yaratdığı çıqqıltı qulaqlarımızdan içimizə axdı. Yağış qoxusunu duydum sanki. Şair olsa buna saat yağışı deyərdi. Bu zamanın həzin, xoş və bir az da qəmli himniydi.

Böyük bir otağa saatları yığıb zamanın muzeyini yaradan Ramiz Əliyev özü də saat kimi sakit biri idi.

- Nə qədər olar saat kolleksiyası ilə məşğul olursunuz?

- Sizə deyim, 15-20 il...

Saatların arasından birinin gur səsi eşidildi. Arxasınca o biri saatlar öz nəğmələri ilə ona qoşuldu.

- Mənim atam saatsaz olub. Çox yaxşı saatsaz idi. Mən onun xatirəsini yaşatmaq üçün bu kolleksiyanı yığdım.

- Yəqin atanızdan qalan saatlar da var?

- Atamdan cəmi 5 saat qalıb.

Saysız-hesabsız saatlar onun sözünü çıqqıltıları ilə təsdiq elədilər.

Özümü birdən-birə kilsədə hiss elədim. Sanki kilsə zəngləri dalbadal çalır, insanları ibadətə səsləyirdi. Otaqda kilsə sakitliyi, kilsə rahatlığı vardı. Etiraf edim ki, gərgin idim, başım qazan kimi qaynayırdı. Saat səslərinin müalicəvi təsirini hiss edən kimi elə bil kimsə görünməz əlləri ilə ağrılarımı sakitləşdirdi.

Gəlin bu yazı ilə sizi də ora aparım. Gözlərinizi yumun. Elə təsəvvür edin ki, XIX əsrin Fransasındasınız. Parisdə, hansısa bir əsilzadənin sarayında. İçəridə qədimi əşyalar var. Muzeylərdə gördüyünüz əşyalar indi sizin ixtiyarınızdadır. İstədiyinizi əlinizə götürə bilərsiniz. Saysız-hesabsız saatlarla əhatələnmisiniz. Hər tərəfdən zamanın səsi gəlir. Gözlərinizi yumun və bu səsi öz içinizdəki səsə birləşdirin. Əlavə səslər də var burda: patefondan çıxan mahnı səsi. Ramiz bəy bu səsə orijinal, əl dəyilməmiş səs deyir. Eynən elədi, çox təmizdi. Heç nə düşünmədən qulaq asın. Başqa bir səs, sovet istehsalı bir radio səsi də bu ümumi səslərə qoşulub. Və bir də plazma televizordan çıxan səs var. Qədim zamanla müasir zamanın səsini birləşdirib kainatın himninə qulaq asmaq sizə nə böyük hüzur verəcək.

Ramiz bəyin yaratdığı bu zaman muzeyi mənə o böyük hüzurun qapısına yaxınlaşdırdı.

- Özünüz saatsaz deyilsiniz?

- Yox, maşın ustasıyam, amma saatlardan başım çıxır.

- Bura çox xərc çəkərsiniz.

Gülümsünür:

- İnsan sevəndə bununla maraqlanmır. – deyir. – Elə çox olmaz. Bu saatların hamısı tullantı olub. Düzəltmişəm.

- Hamısı?

- Hə, demək olar, hamısı. Mənim marağımdır bu.

Saatlardan biri zəngini çaldı: sanki Ramiz bəyə təşəkkür etdi. Bütün saatları bir araya yığdığına görə ona minnətdarlığını bildirdi.

- Ramiz bəy, nə qədər saat olar burda?

- Açığı, dəqiq bilmirəm.

- Saat yığan dəqiq olar. – ikimiz də təbəssüm qondururuq üzümüzə.

- Təxminən, səkkiz min.

- Saat planeti yaratmısınız ki...

Ramiz bəy sakit, mədəni bir adamdır. Bir az da Budda rahatlığı var onda.

- İşdən çıxandan sonra gəlirəm bura. Oturub saatların səsinə qulaq asıram. Dincəlirəm.

Otağın içində gəzişirik, hər yaxınlaşdığımız saatın səsi daha gur gəlir qulaqlarıma. Hər saatın öz tarixçəsi var. Kimin saatıymış, necə olub taleyi, nə təhər olub bura gəlib? Ramiz bəy bu köhnə, işləməyən, yararsız saatları alarkən tarixçələri ilə maraqlanmayıb. Onu mutlu edən yalnızca o saatın bu kolleksiyanın içində olmağıdır.

- Mən köhnə əşyalar satanlardan alıram bunları. Sonra da düzəldirəm.

Burda şahmat da var, qabaq-qənşər oturub maraqlı bir oyun oynamağa iki nəfər gözləyir. Şahmat taxtasının qabağında iki saat var, hər oyunçunun qabağında bir saat.

Yunan mifologiyasının illüstrasiyasından hazırlanmış saat diqqətimi çəkdi. Ramiz bəy dedi ki, bu saat haqqında araşdırdım, bunun başqa variantı heç yerdə yoxdur. Daha bilmirəm nə dərəcədə doğrudur.

Sonra Yerevan saatı göstərdi, bizim hansısa bir xalq mahnımız səslənirdi. Saatdan çox radioya oxşayırdı. Zaman dayanmışdı Yerevan saatında. Yadıma şairin misrası düşdü: “Bizim evdə saat hələ də doqquzdur”.

Ən qədim saatı da göstərdi Ramiz bəy: XIX əsrin saatı. Onda da zaman durmuşdu. İki əsr keçmişdi üstündən.

Bir də bapbalaca bir şey qoydu ovcuma, elə bildim üzükdür. Açıb baxanda gördüm ki, saatdır: “Bu dünyanın ən kiçik saatıdır” – dedi Ramiz bəy.

Fransanın, Rusiyanın, Almaniyanın və dünyanın bir çox ölkəsinin saatları bu otaqda bir-birinə qovuşmuşdu. Zınqırovlu, fiqurlu, dəniz, vağzal, qol, divar, masa... Gördüyünüz-görmədyiniz hər cür saat...

Vətənlərindən ayrı düşmüş saatlar, Ramiz bəyin yaratdığı bu otaqda təzə vətənə qovuşmuşdular. Hərəsi öz nəğməsini oxuyurdu, hərəsinin duruşu, görünüşü ayrıydı.

- Bu incəsənətdir. – Ramiz bəy saatları göstərib deyir. – Mən bunu özümə görə eləməmişəm. İstəyirəm, hamı gəlib baxsın. Muzey olsun bura. İnsanlar müxtəlif yerlərin saatlarına baxsınlar burda. Mən saatları yığmaq üçün 15 il vaxt sərf eləmişəm. Sağ olsun, dost-tanış da mənə kömək edib. Saatlar gətiriblər mənə.

- Dama-dama göl olar – deyir Ramiz bəyin yanındakı cavan oğlan. – Hərəsi bir yerdən gəlib və hər saatdan yalnız bir dənədir.

- Bu saat... – Ramiz bəy göstərir. – Sıfırdan düzəltmişəm bunu. Üç saatdan bir saat eləmişəm. İçində bizim dildə görürsən nə yazılıb? Ayların, həftələrin adı. Həm ayı göstərir, həm həftəni, həm günü. Üstəlik, hər 15 dəqiqədən bir zəng çalır. Heç yerdə belə saat yoxdur.

Saat neçədir görəsən? Öz-özümə düşündüm. Qolumdakı saata baxdım, gördüm Ramiz bəy də məni süzür.

- Bütün saatlar eyni vaxtda deyil, məncə...

- Düzdür. O mümkün də deyil. – dedi gülümsünərək. – Mexanikalar fərqlidir.

Ramiz bəy daha sonra böyük şəxsiyyətlərə həsr olunmuş saatları göstərdi: burda Xomeyninin, Məmməd Əmin Rəsulzadənin imzalarını gördük. Dostlardan biri qolundan Atatürk imzalı saatı çıxarıb Ramiz bəyin “zaman muzey”inə hədiyyə etdi.

Qolumdakı saat məni ələ verdi.

- Mən də hədiyyə edərdim, Ramiz bəy. Ancaq sevgilimin hədiyyəsidir. – dedim gülümsəyərək.

Saat yağışından çıxdıq axır ki. Qapının ağzında qolumdakı saata baxdım, dayanmışdı. Saatların arasında yuxuya getmişdi...

# 2802 dəfə oxunub

Müəllifin son yazıları

# # #