Özünü Seymur Baycan kimi aparan böyük rus yazıçısı - REPORTAJ

Özünü Seymur Baycan kimi aparan böyük rus yazıçısı - <span style="color:red;">REPORTAJ
16 iyun 2017
# 15:00

Dostumuz Qismət çox mütərəqqi bir iş görüb: Nabokovun rus ədəbiyyatı haqqında mühazirələrini doğma dilimizə çevirib. İki gün öncə təqdimatını da keçirdi. Amma Nabokovun işığına yığışan adamlar barmaqla sayılacaq qədər az idi.

- Bütün intellektuallar burdadı? – gələn kimi Fərid Hüseyndən soruşdum.

Fərid ətrafına göz gəzdirib gülümsəyərək dedi:

- Yəqin ki, hamısı burdadır.

Qismətə yaxınlaşdım:

- Nabokovun yerinə imza ata bilərsən?

- Niyə atmıram? Ver görüm...

Qalın, yaşıl üzlü kitab.

- Bu Nabokova bax e... Bir “Lolita” yazıb özünü göynən aparır. Dostoyevskiyə-zada ilişir. – Mən deyirəm. Qismət gülümsünür.

- Rus ədəbiyyatında sataşmadığı adam qalmayıb. Dövrünün Seymur Baycanı imiş ki! – sözümə davam eləyirəm.

Qismət deyir ki, təfəkkürü yaşlı, klassikaya bağlı adamlar Nabokovu qəbul edə bilmirlər.

- Özü də bu Nabokovun taleyi də qəribədir. Yersiz-yurdsuz adam olub. Təsəvvür elə ki, o cür aristokrat bir ailədə dünyaya göz açasan. Rusiyanı tərk edib əvvəlcə Londona, sonra da Berlinə gedəsən. Heç vaxt da evin olmaya. Ölümünü İsveçrədə bir otel otağında qarşılayasan.

- Bizimkisi olsaydı Londonda da, Berlində də biznes qurardı – deyirəm.

- Sonra arvadı və oğlu ilə bir yerdə Amerikaya köçür. Mühazirələr deməyə başlayıb. “Lolita” kimi əsər, təsəvvür elə ki, “Playboy” jurnalında çap olunub. Heç kim çap eləmək istəmirmiş. Özü də deyirlər, ingilis dilinin ən yüksək mərtəbəsində yazırmış. Elə ilk yazmağa başladığı əsərdən. Adı da “Sebastyan Naytın gerçək həyatı”. A kişi, dörd dil bilirmiş e... Rusca heç... İngilis, fransız, alman. Əsərləri orijinaldan oxuyurmuş.

Qismət adda-budda Nabokovdan məlumat verdikcə öz-özümə düşünürəm: bizdə bu qədər dil bilən adamlar yəqin ki var, ancaq onlar heç bir dildə özünü ifadə edə bilməyib. Adam rus ola-ola gedib ingilis ədəbiyyatının içinə və fırtınalar əsdirib.

Nabokov həyat yoldaşını və oğlunu itirir, tək-tənha qalır. Yersiz-yurdsuz. Vətənindən uzaqda.

- Neçə uşaq olublar? – soruşuram.

- Bir qardaşı vardı. – deyir Qismət.

Image result for qismətin Nabokov tərcüməsi

Nabokov elə belə oğul olmayıb. Rus ədəbiyyatından dediyi mühazirələr səs-küy yaradıb. Dostoyevskini sentimentallıqda suçlayır, banallıqda ittiham edir, Tolstoyda, Qoqolda səhv tutur. Hətta bu yetməmiş kimi, Dostoyevskini, Tolstoyu ingilis dilinə tərcümə edənləri də yıxıb sürüyür, onları nadan adlandırır.

Nabokov belə Nabokovdur!

- Hiss edirəm ki, Nabokovun ruhu da buralardı. – deyirəm. - Öz kitabının təqdimatına gəlib.

- Yox e, sən də ki... – Seyfəddin Hüseynli razılaşmır. – Onun ruhu da bizi vecinə almır.

Fərid Hüseyn qolundakı saata baxıb narahatlıqla dillənir:

- Qismət, Nabokov gəlməyəcəksə biz gedək.

- Yoldadır, gəlir. Baxma da, uzaqdadır. – Qismət gülümsünür.

- Hələ rus arağı da gətirəcək. – bunu da mən deyirəm.

Vaxt keçir və mən indi fikir verirəm ki, Nabokovun işığına yığışan bizik – yazarlar. Niyə kənar adam yoxdur? Başqa bir oxucu... Bəlkə də Nabokov uzaqdan bizi görüb əlini təəssüflə yelləyib ki, mənimki bunlarla tutmaz və çıxıb gedib.

- Bu kitabla özünü intellektual kimi göstərə bilərsən. – Mübariz Örənə deyirəm. – Əlində tut, getdiyin məclislərə apar, bəsdi.

Mübariz Örən gülümsəyərək razılaşır, elə Cavanşir Yusifli də. Son vaxtlar ikisini bir yerdə çox görürəm.

- Deyəsən, gəzərgi tənqidçi tapıbsan, Mübariz.

- Gəzərgi yox, - Cavanşir Yusifli sözümü düzəldir. – Səyyar tənqidçi.

- Əsas odur, Nabokov kimi yıxıb sürüməyəsiniz.

Yavaş-yavaş sıralarımız seyrəlir.

- Nabokov gəlmədi e... – Fərid yenə gileylənir.

- Üzrlü səbəbdən iştirak edə bilmir. – bu da Ömər Xəyyamdır.

- Bəlkə mənə görə gəlmir. – Kəramət Böyükçöldür. – Deyir, bundan oxuyan olmaz.

Nabokovun yaşıl üzlü kitabını yığışdırırlar. Çay içmək üçün plan qururuq.

Kəramət:

- Gəlin, 5 çaynik çay içək, əvəzində Nabokovun kitabını verək.

Şərif Ağayar:

- Mübahisə eləyək ki, niyə Nabokovu oxumamısınız. Nadanlar, səviyyəsizlər!

Gülüşmə.

- Lap Seymur Baycan kimi dedin... – deyirəm.

Qismət demiş, dünya səviyyəli hava vardı. İntellektual söhbətlərlə yol gedirdik. Nabokov da yanımızda...

# 2162 dəfə oxunub

Müəllifin son yazıları

# # #