Koronavirusa yoluxub oruc tutan bacım - Ayxan yazır...

Koronavirusa yoluxub oruc tutan bacım - Ayxan yazır...
4 may 2021
# 10:12

Bacım koronavirusa yoluxub. Nəticəsi pozitiv çıxanda gülə-gülə mənə Vatsapda yazmışdı: “Zəng gəldi, koronayam”. Ardınca da gülüş işarəsi. Qıraqdan baxanda elə bilərdin, korona olduğuna görə sevinir. Bacım bir az panikaçı adamdır – bu xasiyyət ona anamdan keçib.

Düzü, özünü bu sarıdan narahat hiss edəndə qorxmuşdum, demişdim, vay-şivən qaldıracaq, indidən bizə vəsiyyət-filan edəcək. Sonra da gülmüşdüm ki, nə vəsiyyət, uzaqbaşı bir-iki rəsm tablosu var, onu da bizə verər, vəssalam. Amma zarafat bir yana, bacımın bu xəbəri daha dəhşətli qarşılayacağını sanmışdım. Məni xeyli təəccübləndirdi.

Uşaqlığımızın birgə keçdiyi bir qonşu qızından xəstəliyə yoluxubmuş. O qonşu qızı da başqa bir yerə köçüb, yəni bildiyiniz ərə gedib. Anasının yanına gələndə, bacıma da baş çəkib və bu arada korona şeytan gibi bic-bic gülümsəyib, özünə yeni bir sığınacaq tapdığı üçün xoşbəxt olub.

“Necə hiss edirsən özünü?”

“Ayxan, qəribə də orasıdır. Heç nə hiss etmirəm. Hissizləmişəm”.

Bacım deyir ki, bu xəstəliyin ən dəhşətli tərəfi insanı insan edən duyğulardan, hislərdən məhrum etməsidir. Bir gün yuxudan oyanırsan və sənə əzab verən, səni xoşbəxt edən, səni başqaları ilə təmasda saxlayan hislərdən uzaq düşürsən. Özü də elə uzaq düşürsən ki, o uzaqlığın ölçüsü Çin səddini də vurub keçir. Elə bilirsən, hislərini dörd divara atıb, çıxıb gediblər, qapını da arxadan kilidləyiblər.

“Dadbilmən, iybilmən necədi?”

“Yoxdu onlar da. Amma o gün soğan doğrayanda elə bil soğanın acısını duydum. Burnuma doldu qoxusu”.

Bacımın məşhur bir pişiyi də var, adı Makudur, hər dəfə biz danışanda araya o pişiyin məsum miyoldamağı da girir və o miyoltu mənə nəğmə kimi gəlir.

“Təzə sifarişlər olacaqdı. Hamısından “atkaz” getdim. Eh...”

“Sən özün üçün çək. Dezavantajı avantaja çevir. Əsl sənət nümunələri o zaman ortaya çıxır. Koronanın sona çıxdığını ifadə edən bir rəsm çəkməyə başla...”

“Eeee... Həvəs yoxdu e. Hislərim ölüb. Nəsə çəkmək üçün hissə ehtiyacım var. Bir də onun eskizini tapmaq lazımdı.”

“Maraqlı olan odur ki, elə o hissizliyi çək. Gör necə alınır?”

Rəssam bacıma ürək-dirək verirəm, onu yeni rəsm çəkməyi üçün həvəsləndirirəm, hər gün öz qıt ağlımla sənətdən dəm vururam, guya böyük təcrübəsi olan biri kimi ona məsləhətlər verirəm.

“Bir fikir gəldi ağlıma. Koronayla mübarizə aparan həkimlər... Ya da demirəm. Yoxsa ideyamı oğurlayacaqlar".

Gülür. Özü də bilmir korona olduğu vaxt ona yad olan bu pozitivlik hardan gəlib içinə dolub. Kovidə tutulduğunu Təbibin internet səhifəsində yerləşdiriblər, onun şəklini çəkib atır, ardınca da deyir: “30 yaşda koronaya tutuldum. Bu tarixi unutmayacağam”.

“Dərmanları göndəriblər. Hər gün içirəm. Dövlət mənə ana kimi baxır” – deyib gülür.

Bilmirəm, neçə gün keçib, yenə bu mövzudan danışırıq. Mən həyəcanlıyam, narahatam, o isə deyir: “Əşi, boş şeydi, keçib gedəcək”.

Və o gün ən qəribəsini dedi:

“Oruc tuturam”.

“Nə?”

“Eee... Neyləyim? Oruc tutanda özümü yaxşı hiss edirəm və hissiyyatım qayıdır”.

“Dəhşətsən!” – deyib heyrətlənir və mövzunu dəyişirəm. – “Pişik necədir?”

“Maku bədbindi” – ardınca gülüş işarəsi.

Yadıma düşür ki, bir neçə gün əvvəl hansısa qəssab dükana ət dalınca gələn pişiyin ayağını sındırmışdı və pişiyin o acıqlı görüntüsü sosial şəbəkədə əldən-ələ gəzdi.

“Yəqin, o pişiyə görə üzülür” – deyirəm.

Bacımın səsinin arxasında Makunun kədərli miyoltusu eşidilir...

# 3173 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #