Türkiyədə gecə klubunda işləyən azərbaycanlı şair: "Rus qızı dedi ki, mənimlə bunu eləsən..."

Türkiyədə gecə klubunda işləyən azərbaycanlı şair: <span style="color:red;">"Rus qızı dedi ki, mənimlə bunu eləsən..."
25 iyul 2018
# 09:02

Kulis.az Türkiyənin Antalya şəhərindəki gecə klublarından birində işləyən gənc şair Ulucay Akiflə söhbəti təqdim edir.

- Ulucay, əvvəlcə bundan başlayaq. Türkiyəyə getmək qərarını nə vaxt verdin?

- Türkiyəyə bundan əvvəl də dəfələrlə gəlmişdim, amma ilk dəfədir ki, işləmək üçün gəldim. Bu da ağlımda 3-4 ildir vardı. Başqa ölkədə işləyib yaşaya bilərəmmi, ya yox bunu yoxlamaq istəyirdim. Gördüm ki, alınır.

- Hazırda Antalyada barmen kimi işləyirsən. Hərdən klubdan şəkillər də paylaşırsan. Ora necə bir yerdir? Bir şair kimi necə təsvir edərsən bizə?

- Antalyanın ən böyük gecə klubu "Aura"da işləyirəm. Bura hər gecə ən az 4 min adam gəlir. Konsert zalı kimi nəhəngdir. Daha çox turistlərin gəldiyi, striptiz şou, köpük partisi, məşhur müğənnilərin konserti olan bir məkandır. İnsanlar burada əylənir, amma etiraf edirəm ki, buranın işçisi olmasam, müştəri kimi gəlsəydim də bir zərrə əylənməzdim. Mənim üçün çox mənasız, maraqsız bir yerdir.

- Barmenliyi seçməyində xüsusi bir səbəb varmı? Həm də ofisiant kimi də fəaliyyət göstərirsən. Bir yaradıcı kimi həyatını maraqlı etmək üçünmü Türkiyəyə getdin, yoxsa sadəcə pul qazanmaq üçünmü?

- Barmenliyi seçməyimdə xüsusi səbəb yoxdur. Heç bura gələndə gecə klubunda işləyəcəyim ağlıma gəlməzdi. Həyatımda bir dəfə də olsun bara, gecə klubuna getməyən adamam. Gecə həyatım maksimum Bakının mərkəzi küçələrindəki hansısa pubda pivə içmək olub. O da saat ikidə, üçdə anam zəng edib ki, gecdir, evə gəl, qalxıb evə getmişəm. Yəni hamının ağız dolusu danışdığı gecə klublarının, barların, gecə həyatının necə bir şey olduğunu öyrənmək maraqlı gəldiyi üçün bu işə girişdim.

Əlbəttə, mən heç vaxt pul qazanmaq üçün özümü bu qədər əziyyətə salmaram. Bakıdan qalx Antalyaya gəl, burada gecə klubunda işlə, sonra de ki, pul qazanmağa gəlmişəm. Mən sadəcə dəyişiklik istədim. Maraqlı və fərqli bir şey olsun istədim. Ən əsası isə gücümü yoxlamaq istədim. İstədim görüm başqa ölkədə tək yaşayıb, işləyib pul qazana bilərəm, ya yox? Bildim ki, bacararam və bu bacarığım həmişə ehtiyat üçün yanımda gəzdirəcəyim silah olacaq.

- Nə qədər maaş alırsan? Harda qalırsan?

- Günlük təqribi 100 lira pul qazanıram. Əclaf müdirimiz "çak-çuk" etməyimə icazə versə, daha çox qazanaram. Qalmağa yeri də işdən veriblər. İş yerindən 5 nəfər bir evdə qalırıq. Buranın mərkəzi küçəsi olan Liman caddesində yaşayıram. Evin özü də gözəldi, yeri də, amma 1-2 günə ayrıca evə çıxmaq fikrim var. Uyğun kirayə ev tapmağa çalışacam, bir otaqlı da olsa. Çünki həm ev yoldaşlarımın xarakterindən xoşum gəlmir, yola gedə bilmirəm, həm də mən pinti adamam, onlar da icazə vermirlər rahatca pintiliyimi edəm.

- Bir şair kimi, hətta şair oğlu kimi bu işdə olmağın səni sıxmır ki? Hərdən öz-özünə deyirsənmi ki, mən axı ziyalı adamam, burda nə işim var?

- Şair kimi burada işləməyim məni heç narahat etmir, amma həm bakalavr, həm magistratura pilləsi üzrə təhsil almış, 4 dil bilən bir gənc kimi nəinki gecə klubu, başqa ölkədə işləməyim məni narahat edir. Düzdür, mən bura pul qazanmağa gəlməmişəm, amma fakt faktdır.

Çoxunuz bilirsiniz, bura gəlməmişdən əvvəl Azərbaycanda çox tanınmış saytlarımızdan birində jurnalist işləyirdim. Səhər tezdən işə get, axşam çıx, gündə on saat işlə, müsahibəyə qaç, reportaja qaç, bütün bu qaçaqaçların pulunu öz cibindən ver, yeməyini özün al, bütün enerjini qoyub nəsə yazmağa çalış, axırda da 250-300 manat versinlər. Burada gecə klubunda günlük maksimum 5-6 saat işləyirəm və bir həftədə qazandığım pul Bakıda bir aya qazandığım puldan çox olur. Ən əsası da odur ki, bu işin mənəvi yorğunluğu yoxdur, sadəcə fiziki yorğunluq olur, o da adama ləzzət edir.

Heç kim səhv anlamasın, anlayırsa da öz problemidir, amma mən bu qədər ilimi təhsilə, elmə, dil öyrənməyə verib axırda heç orta məktəbi bitirməmiş bir fəhlədən, ya satıcıdan az pul qazanacağamsa, ta nə oldu? O zaman heç bir valideyn övladını "Oxu ki, sonra yaxşı iş tapasan, yaxşı pul qazanasan" deməsin. O zaman bütün valideynlər övladlarına "Oxuma, get fəhlə işlə, bizneslə məşğul ol, pul qazan, puldan başqası yalandır" desin. Bizdə təhsilli ilə təhsilsizə fərq qoyulmur. Hələ deyərdim ki, təhsil almış adama avam kimi baxırlar. Yəni hələ "Molla Nəsrəddin"çilərin, Sabirin tənqid etdiyi dövrdəyik.

- Yəqin ki, tez-tez maraqlı hadisələrlə qarşılaşırsan. Bir neçəsini danışsaydın, gözəl olardı.

- Türkiyəlilər filmlərdə gördüyümüz kimi maraqlı insanlar deyillər. Bizim qədər səmimi, mehriban deyillər, ona görə elə də çox maraqlı hadisələr baş vermir. Baş verən maraqlı, fərqli hadisələr haqqında isə yazılar yazacam, qısa şəkildə danışılası hadisə gəlmir ağlıma.

Amma birini danışım. Klubumuzda məşhur rus reper Timatinin konserti idi. Müştərilər həddindən artıq idi. Çox qızğın işləyirdik. Tər içindəydim. Bir də gördüm, bir rus xanım mənə yaxınlaşıb söhbət etməyə başladı. İçkili idi. Məndən gündəlik nə qədər pul qazandığımı soruşdu, sonra dedi ki, onunla birgə klubdan çıxsam, həmin məbləğin yüz qatını mənə verəcək. Güldüm. Özümü çox qəribə hiss etdim. Həm pis, həm yaxşı.

- Razılaşmadın?

- Yox (gülür).

- Bir dəfə türkiyəlilərin mədəni səviyyəsinin aşağı olmasından yazmışdın. Bizimlə onların nə kimi fərqləri var?

- Bəli, elədir. Ən primitiv misal, çox söyüşcüldürlər. Hətta bunu yüksək səslə küçənin ortasında, ya başqa hardasa etməkdən də çəkinmirlər. Kobuddurlar, bizim kimi mehriban, istiqanlı deyillər, nəinki yad, heç yaxınlarına güvənmirlər. Biz isə iki saniyə içində tanıdığımız adama da güvənə, doğmamızmış kimi davrana bilərik. Kimsə bizim bu xarakterimizin pis olduğunu deyə bilər, amma mənə görə belə deyil.

Bura nə qədər kurort yeri olsa da, türkiyəlilər turizmin səviyyəsini endirirlər. Təsəvvür edin, mağazanın qabağında dayanan satıcı rus turisti mallara baxmaq üçün içəri dəvət edir, turist içəri keçməyəndə də söz atır. Əksəriyyəti belə edir. Ya da nəsə satdıqdan sonra tanış olmağa çalışırlar, yenə söz atırlar. Ümumiyyətlə, türkiyəlilər elə bilir ki, bütün ruslar əxlaqsızdır və onlara qarşı çox ədəbsiz davranırlar.

Bir də ki, türkiyəlilərin böyük qismi savadsız, bir çox şeydən xəbərsiz və məlumatsızdır. Bura gələndən özümüzünkülərə şükür edirəm.

- Rus turistlər də müştərilərinizdi. Ruslar Türkiyədən necə görünür?

- Mən rusların mədəniyyətini həmişə sevmişəm. Hətta düşünürəm ki, bizim mədəniyyətimizdə gözəl nə varsa, elə Sovet dönəmindən qalıb. Rusları pisləmək istəyəndə birinci "alkaş" olduqlarını deyirik, amma inanın adamlar bütün günü içkili olsalar da bunu heç hiss etmirsən. Ofisiant kimi də həmişə mədəni rəftar görürəm ruslardan. Ümumiyyətlə, mənim ətrafımda uşaqlıqdan ruslar çox olub, həm yaşadığım yerdə, həm də rus bölməsində təhsil almışam deyə rusların mədəniyyəti həmişə məni heyran edib.

- Barmenlərin qızlarla münasibəti yaxşı olur. Qızların sevimlisi olurlar. Yəqin ki, sənə də maraq yaranıb. Heç o qızlara şeir oxumusan?

- Tək barmen kimi yox, ofisiantlıq edəndə də elə idi. Mənim xidmət etmədiyim masalardan da məni çağırırdılar, çünki digər işçilərimiz rus dilini bilmirlər. Müdirimiz çox vaxt hansısa turistin "başını aldatmaq" istəyəndə həmin masaya jest olaraq içkilər göndərir, amma həmin müştərilərin onunla yox, mənlə daha çox ünsiyyətdə olduğunu görəndə mənə əsəbiləşir. Elə bəlkə də buna görə məni barmen etdi ki, yolunda "maneə" olmayım, müştərilərlə aramda məsafə yaransın, amma yenə də dəyişən bir şey yoxdur. İndi bar masasının arxasında daha çox müştəri əyləşir. Qaldı ki, şeir oxumağa, səhərlər dənizə, günəşə, gecələr yenə dənizə, aya şeir oxumaq daha çox xoşuma gəlir. Bir müddətdir məndə belə bir hiss, düşüncə yaranıb ki, insan şeiri insanlar üçün yazmır. Tanrı üçün yazır, təbiət üçün yazır, cansız əşyalar üçün yazır, özü üçün yazır, amma digər insanlar üçün yazmır.

- Neçə saat işləyirsən? Gün ərzində nələr edirsən?

- Gecə saat 10-dan səhər saat 5, 6-ya kimi işləyirəm. İşdən çıxanda özümlə içməyə nəsə götürüb dəniz sahilinə düşürəm, günəşi qarşılamağa. Bir az üzürəm, sonra sahildə uzanıram, gün boyu ağlıma gələn misraları bir araya yığmağa çalışıram.

- Təzə şeirlər yazmısanmı? Ümumiyyətlə, iş yoldaşların səni şair kimi tanıyırlarmı?

- Hə, yazmışam. Elə günəşi qarşılayanda ağlımdakı misraları toplayıb şeir yazıram. Məsələn, biri bu şeir:

Bir yaz sabahında

Güneşi bekliyorum deniz sahilinde,

yarı yorğun, yarı sarhoş.

Günaydın, Güneş!

Günaydın, Güneş!

Ben "geceler hiç olmasın" demiyorum

ama hep doğsa denizin arkasından

sabahlar güneş.

"Çiçekler hiç solmasın" demiyorum

ama hep toprağında kalsa çiçekler.

"Çocuklar hep çocuk kalsa" demiyorum

ama savaşlarda öldürülmese çocuklar...

Güneşi beklerken

hayal ediyorum bunları

yarı yorğun, yarı sarhoş.

Uyuya kalmışım sahilde,

Günaydın, Güneş!

Günaydın, Güneş!

İş yoldaşlarım da məni şair kimi tanıyır. Hərdən görürəm internetdən şeirlərimi, yazılarımı oxuyurlar, ya yutubdan videolarımı izləyirlər. Klubun DJ-i şeirimə bəstələnən mahnını remix edib, hərdən onu da qoşur parti zamanı. Yəni şair olduğumu bilirlər deyə daha çox hörmət edirlər mənə.

- Türkiyədə münasibətlər bizə nisbətən azaddır. Yəqin ki, bunları müşahidə etmisən. Orda da cavanlar “seks”ə ayıb bir şey kimi baxır, ya necə?

- Ümumiyyətlə, seks deyilən anlayışın sevgidən ayrı kontekstdə istifadə olunmasının əleyhinəyəm. Çünki sevgisiz seks heyvani bir tələbat kimidir, ruhu çirkləndirir, amma yenə də sualına cavab verməyə çalışım.

Türkiyədə münasibətlər bizdən qat-qat azaddır. Burada "azad seks" deyilən anlayış da var, amma kobud da çıxsa deyəcəm, insanları, xüsusən gənc oğlanların əksəriyyəti "acdılar". Gördükləri bütün "dişi"lərə hücum edə biləcək potensialdadırlar. Ona görə də hər gün Türkiyədən min cür "xəbər" alırıq. Bura hələ ən inkişaf etmiş sivil şəhərlərdən biridir.

Qızları da çox eqolu, intellekt baxımından sıfırın altında və filmlərində gördüklərimizdən daha açıq-saçıqdırlar. Belə. Əlbəttə istisnalar da var, mən əksəriyyətdən danışıram.

- Statusunda yazmışdın ki, təmizlik işi aparan vaxt işçilərdən biri şüşə qıranda hamı onu alqışlayır. Sənə də bu cür reaksiya olub? Ümumiyyətlə, bu cür qəribəliklərlə qarşılaşırsanmı?

- Qarşılaşdığım qəribəliklərin əksəriyyəti heyf ki, mənfi şeylərdir. Məsələn, eyni yerdə işləyən adamların biri-biri ilə normal salamlaşmaması, yemək yeyəndə "nuş olsun" deməməsi. Türkiyə insanının ağzından ən çox eşidə biləcəyiniz cümlə bu olar: "Bu hayatda kimseye güvenmeyeceksin!" Biri-birinə güvənməyən insanlardan gözəl qəribəlik gözləmək olmaz.

- Azərbaycanlılar kluba gəlirlərmi? Onlarla ünsiyyətin olurmu? Türkiyədən azərbaycanlılar necə görünür?

- Mən Antalyanın Kəmər adlanan hissəsindəyəm. Burada istirahət edən azərbaycanlılar görməmişəm. Gördüyüm azərbaycanlılar işləməyə gələn gənclərdir. Əksəriyyəti dükanlarda satıcı işləyir. Onlar da özlərini çox yaxşı aparır.

Kəmər başdan-ayağa turistlə, xüsusən də ruslarla doludur. Elə bilirsən ki, Rusiyadasan. Çünki otellər ruslara çox ucuz paketlər təklif edir. Burada dincələn ruslara baxıb düşünürəm ki, kaş bizim Azərbaycanın da zəhmətkeş insanları heç olmasa bir həftəlik gəlib burada dincələ bilsələr. Buna həqiqətən layiqdirlər. Bəzən səhv öz insanımızda olur elə, çünki azərbaycanlılar pulu yastıq altına yığmağı sevir.

- Azərbaycanlı olduğunu biləndə sənə münasibət necə olur?

- Türkiyədə azərbaycanlılara yaxşı münasibət yoxdur. Bu mənim Türkiyəyə ilk gəlişim deyil. Hər dəfə də bunun şahidi olmuşam. Burada azərbaycanlıları "dolandırıcı", yəni "kələkbaz" kimi tanıyırlar. Bakının Özbəkistan şəhəri olduğunu düşünənlər də var. Azərbaycan haqqında heç məlumatları yoxdur. Yəni o qədər də veclərinə deyilik. O bizik Türkiyə haqqında hər şeyi əzbərə bilən. Heç türkiyəlilərin özləri Türkiyəni bizim qədər yaxşı tanımır, bilmir.

- Asudə vaxtın necə keçir? Nələr edirsən?

- İşdən sübhçağı qayıdıram. Bəzən dənizə də girirəm elə. Gün çıxandan sonra evə yollanıb yatıram. Hərdən dəniz sahilində də yatıb qalıram. Günorta oyanıb yenə dənizə gedirəm. Yəni boş vaxtımda ya dənizə gedirəm, ya da yatıram. Bir də ki, axşamçağı motosiklet kirayələyib şəhəri gəzirəm.

- Saçını da sarıya boyamısan... Bu ordakı ab-havaya qoşulmaq üçündü?

- Hə, saçımı boyamışam. Buradakı ab-havaya qoşulmaq üçün yox. Uşaqlıqdan həmişə saçımı boyamaq istəyirdim. Yaraşıb yaraşmayacağı da maraqlı gəlirdi. Bakıda etmək olmazdı, burada etdim. Məncə, yaraşdı da.

- Bu Türkiyə səfəri uzunmu çəkəcək, Bakıya qayıdıb oxucularını sevindirəcəksənmi?

- Bir aydır Türkiyədəyəm, amma telefonumda, qolumdakı saatda vaxt Azərbaycan vaxtındadır. Ümumiyyətlə, oxucularımın olduğuna, olsa belə onlar üçün hansı ölkədə olmağımın bir fərqinin olduğuna inanmıram. Qayıdanda doğmalarımı sevindirəcəm, özüm də doğmalarıma görə sevinəcəm. Həm də magistratura təhsilimin bir ili qalıb deyə qayıdacam. Əvvəl imtina etmək istəyirdim, sonra fikrimi dəyişdim.

Yəni bütün çatışmazlıqlarına baxmayaraq, Azərbaycanı pisləyə bilmərəm. Əminəm ki, bu ən mədəni Avropa ölkəsində olsam da belə olar. Mən Azərbaycanı, daha doğrusu, insanlarımızı sevirəm. Sadəcə bir-birimizin qədrini bilməliyik.

# 3861 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #