Kişiyə bir qadın bəs eləmir – Ayxan Ayvaz Adnan Oktardan yazır...

Kişiyə bir qadın bəs eləmir – <span style="color:red;">Ayxan Ayvaz Adnan Oktardan yazır...
12 iyul 2018
# 11:47

Adnan Oktarın həbsi də bizim gündəmimizə gəlib “kurs” oldu. Şəkillərinə baxanda açığı deyim ki, xeyli təəssüfləndim. Mən Adnan Oktarı heç vaxt bu qədər əlacsız görməmişdim. İki polisin qollarında üzündə çarəsizliyin rəsmi gedirdi həbsxana divarlarının arasına.

Hələ “kediciklər”i demirəm. Onlar da bir gecəyə toplanıb bölməyə aparıldı. Türk arkadaşlardan biri yumorunu işə salmışdı. Deyirdi ki, baş aça bilmirəm, makiyajsız “kediciklər”i polis necə tanıyıb. Həqiqətən də baş açılan məsələ deyil. Şəkilləri görəndə siz də təəccüb edərsiniz. Yəni o makiyajlı qadınlarla o tutulan qızlar eynidirmi? Doğurdanmı Adnan Oktarın “kedicikləri” bu qədər çirkindir? İnanmağım gəlmir. Ola bilsin, türk polisi gedib səhv qadınları tutub. Amma yox, görünən odur ki, tutduqları “pişiklər” Adnan Oktarın “pişikləridir”. Bu başarıya görə türk polisimizə təşəkkür edib keçirəm növbəti abzasa.

Vaxt var idi, Adnan Oktar ekranlarda xanımlarla dəm-dəsgah qurur, bizim də boz həyatımıza rəng qatırdı. Düzdü, hələ də tilovuna bir qız keçirə bilməyən milli qaqaşlarımız bu görüntülərdən xeyli pəjmürdə olurdular. Amma mən qətiyyən incimirdim. Hətta “din hara getdi” deyənləri də eynimə almırdım.

Adnan Oktardan müsahibə alacaq və sonra da yazıçı kimi onun təriqətinə qoşulacaqdım. Hətta bunun üçün xeyli hazırlaşmışdım da. Saçımı, saqqalımı eynən Adnan Oktara bənzədəcək, onun kitablarını oxuyacaq, sonra da qarşısına çıxacaqdım. Bu fani dünyada qəmgin bir Azərbaycan yazıçısı “kediciklər”lə firavan həyat keçirməsinmi? Niyə də olmasın?

Bu nə gözəl təriqət və dindir deyə düşünürdüm. Adnan bəy deyirdi ki, hər şey gözəllikdən ibarətdir, sən o gözəlliyi bu dünyada yaşamalısan. Yəni cənnətin bizə təqdim edəcəyi (hələ bunun da real olub-olmayacağı sual altındaykən) gözəllikləri Adnan bəy bəri-başdan sənə “büllur tepsidə sunacaqdı.”

O “kediciklər” mənim ilham mənbəyim olacaqdı. Biri ilə şəhərdə çıxıb gəzəcəkdim, birini yanımda otuzdurub yazı yazdıracaqdım, o biri boynumu masaj eləcəkdi, başqa biri mənə yemək gətirəcəkdi.

Vallah, sizi əmin edirəm, bir kişiyə bir qadın bəs eləmir. Mən şair dostumuzun fikrini bir az dəyişdirmək istəyirəm: bir qadın kişiyə ziyandır. Yəni nə qədər qadın varsa, o qədər kişi böyük zirvələri fəth edə bilər. Bəs Osmanlı necə üç qitənin sahibi oldu? Sizə elə-belə gəlməsin. Bizimkilər deyir ki, elə kişi ömrü boyu bir qadınla yaşasın. Niyə axı? Bu haqsızlığa dünya birliyi hələ də susmaqdadır.

Mən Adnan Oktarın təriqətinə qoşulmağa tam hazır olarkən...

Bir dəqiqə!

Siz elə bilirsiniz ki, hər yoldan ötən o mübarək təriqətə qoşula bilər? Bu asan məsələ deyil. Gərək bunun üçün xeyli çalışasan, əziyyət çəkəsən.

Nə başınızı ağrıdım, Adnan Oktarı polislərin əllərində görəndə qüssə məni boğdu. İndi heç bir kedisi belə yoxdu, anlıyormusunuz? Heç olmasa, ona hörmət əlaməti olaraq qolundan tutmağa qadın polislər göndərərdilər. Bunu da ona qıymadılar. Adnan Oktarın qadınsız halını video-rolikdə görəndə gözümün qabağına şeytan gəldi. İlk dəfə ondan çox qorxdum və düşündüm ki, o “kedicikler” mələk imiş, bu da şeytan. Xeyr və şəri bir araya gətiriblərmiş. İndi həbsxana divarlarında da Adnan Oktarın “hərəmxanası”nı özünə qaytarsalar, ürəyi rahat olardı.

Mən isə onun təriqətinə qoşulmaq fikrindən vaz keçdim artıq. Səbəb isə arvad qorxusudur. Arvad yoxdur, amma qorxusu var.

# 2797 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #