Tanınmış yazıçı: “Bakılı deyə bir şey yoxdur” – BAĞDAN REPORTAJ

<span style="color:red;">Tanınmış yazıçı:  “Bakılı deyə bir şey yoxdur” – <span style="color:red;">BAĞDAN REPORTAJ
25 sentyabr 2017
# 09:00

Biz o bağ evinə gedəndə avtobus sürücüsü dedi ki, dəniz gözə dəyəndə düşəcəksiniz. Yol acı bağırsaq kimi uzanıb gedirdi və biz şəhərdən uzaqlaşırdıq. Gözlərim dənizi axtarırdı, qarşımda isə balaca evlər, şam ağacları görünüb sürətlə yoxa çıxırdı...

Səs-küydən, tünlükdən sükuta düşdük, onda baxdım ki, dəniz görünür. Gömgöy dəniz. Sahilində yelçəkən var, balıqçılar tilov atıb səbirlə gözləyirlər.

Yazıçı-tənqidçi Rəhim Əliyev bizə Damba deyilən yerdə düşməyi tapşırmışdı. Damba mənə səsli-küylü yer kimi gəlmişdi, ancaq təkcə dənizin sahilə döyən ləpələrinin səsini eşidirdik.

- Xan sənsən? – Rəhim müəllimin maşınına minəndə gülümsəyərək soruşdu.

- Mənəm.

- Sən Gürcüstanlı olarsan. Bütün xanlar orda olur.

Sükutun içində bircə bizim maşının səsiydi, dəniz də bizə qoşulub arxamızca gəlirdi. Bir də gülüşlərimiz vardı...

Buralara Artyom deyirdilər. Pirallahı tərəfdə sükutun dayanacağı. Bu dəniz sahilinin eni balacadı, uzunluğu isə bitmək bilmir.

Dəniz rəngində darvazaya yaxınlaşanda maşın dayandı. Düşəndə başımın üstündəki elektrik xəttində göyərçinləri gördüm.

- Quşlar sizindi, ya qonşunun?

- Mənimdi. – deyir Rəhim müəllim və əli ilə uzaqdakı mayakı göstərib əlavə eləyir - O da mənimdir.

Gülə-gülə qapını açıb xoş gəldin eləyir və fotoqrafa deyir ki, Stalinin şəklini çək. Qarajda Stalinin şəkli görünür.

- Stalinin şəkli nə gəzir orda?

Rəhim müəllimdən soruşub qarajda ora-bura səpələnmiş kitablara göz gəzdirirəm.

- Stalin dünyanın yarısını almışdı, amma kommunist elitası o ərazilərdən istifadə eləyə bilmədi. Aclıq başladı. Gərək elə idarə edərdilər ki, varlı olardılar, amma dönüb kasıb oldular. İndi hesab eləyirlər ki, Stalinin idarə etməsi Hitlerinkindən üstün olub. Mən ona görə Stalinə hörmət edirəm. Stalin böyük təşkilatçıdır, dahidir.

21 il əvvəl bu yerlərə qonaq gəlibmiş Rəhim müəllim. Deyir, onda buralar bom-boş əraziymiş. Bir dostunun yanında gecələyib. Həmin gecə daş kimi yatıbmış.

- Yaxşıca yatmışdım. Dedilər, buranı satırlar. O vaxtı Artyomun bircə restoranı olub, o restoranın müdiri evin sahibiymiş.

- Stalinin şəkli elə o vaxtdan burdadır?

- Restoranda olub bu şəkil, ordan gətirib bura.

Quşlar darvazanın üstündə uçuşurlar, onların arxasında mayak var.

- Bağı alandan almışam quşları. Uşaqlıqdan quş həvəskarı olmuşam. Quşbazlıq atəşpərəstlərdən qalma bir şeydir. Yəni qədimdə olub. Quş səhrada tək yaşayan adamların təsəllisidir. Mən quşu uçurdub göyə baxıram, kosmosla əlaqə yaradıram. Havanı, buludları istənilən adamdan yaxşı bilirəm. Gözlərim də itidir...

- Quşlar darıxmağa qoymazlar...

- Tərkidünya adamlar saxlayıb quşları. Mən özüm onları yemləyirəm. Yaxşı uçurlar, özünəməxsus, bir cür oynamaqları var. Quş da insan kimidir. İnsana məxsus hər şey quşda da var. Qısqanclıq da, xəyanət də. Qabaq dünyada tənhalıq idi, qapalı idi hər şey. Quşlar dünyayla əlaqə qurmaq üçün bir vasitə idi. Yaşamağa kömək edən bir şeydi. Həm də tənhalığa qarşı mübarizədir.

- Sizin də tənhalığınıza qarşı mübarizənizdir?

- Əlbəttə... İşdir, qadınlardı, araq, narkotik. Hamısı insanın tənhalıqla mübarizədir. Quşlar isə sağlam mübarizədir.

Bu yerdə Rəhim Əliyev gülümsəyərək soruşur:

- Hansınız kənd uşağısınız?

- Mən! – deyirəm. – Nə olub ki?

- Onda odun doğrayacaqsan.

Fotoqrafa göz vurdum, kabab iyi qabaqcadan burnuma doldu.

- Bakılılar üçün bağ tərəkəmələrin yaylağı kimidir. – deyir Rəhim Əliyev. - Müvəqqəti yaşayışdır. Bir var ki, ev tikib yaşayırlar, həmişəlik qalırlar orda. Bir də var elə-belə. Məsələn, oğlum tikib Mərdəkanda, orda yaşayır. Mən isə bağ kimi saxlamışam bunu, arada gəlib qalıram. Heç nə əlavə eləməmişəm. Necə almışam elə də qalıb.

Bağdakı ağaclar söhbətimizi dinləyirmiş kimi yarpaqlarını şəklədilər. Ağacların bir çoxu qurumuşdu, solğun görünürdü. Küskün-küskün yellənirdilər.

- Ağac az əkmişəm. Bax bu tut ağacını mən əkmişəm. Burda ağac əkmək çətindir. Torpaq qurudur, çınqıllıdır. Hələm-hələm yetişdirmək olmur. Avqusta qədər sulayırsan, avqustda yenə də quruyur.

İyunun ortaları ağacların bayramıdır. Yarpaqları mirvari kimi par-par parıldayır, budaqlar həyat eşqini qucaqlayır. Elə ki avqust gəldi, xəstəlik özünü yetirir, ağaclar boynu-bükük qalır. Bağdakı ağaclara diqqətlə baxsanız onların budaqlarından süzülən göz yaşını görə bilərsiniz.

Rəhim Əliyev hərdən ağaclara baxıb köksünü ötürsə də, gümrahdır, şəndir, deyib-gülməyi sevir. Özü də səhər-səhər qalxıb roman yazır. Sükutun dayanacağında öz içinin nəğməsini dinləyir.

- Səhər durub roman yazıram. Yemək yemədən əvvəl özü də. Yemək yesəm yaddaşım zəifləyir və yaza bilmirəm. Yeyəndə təzyiqim qalxır, yaddaşımı dağıdır. Gündəlik normam 3 min işarədir. Özümü rahat hiss eləyirəm yazanda.

Ondan sonra quşlarla vaxt keçirir, onları göyə uçurdub əlini alnında günlük eləyib baxır. Hərdən quşlar da onu tərk edir. Ya da hansısa pişiyin cənginə keçir.

- Pişik burdakı adamın davranışını yaxşı bilir. Bilir ki, evə girəcək və bir azdan çıxacaq. Mən bir dəfə quşları buraxdım havaya, girdim içəri pencəyimi götürməyə, qayıdanda gördüm pişik quşun birini qamarlayıb aradan cırdı.

Quşların öz-özünə çıxıb getməsi də olur:

- Yetkinlik yaşına çatanda uçub gedir və bir də gəlmir. Eşqə düşür, özünə bir “para” axtarır. Sürüdən ayrılmaq, fərd olmaq onlarda da var. Cüt düşəndən sonra isə heç yerə getmirlər.

Quşlardan başqa onun tənhalığını dolduran başqa şeylər də var: dəniz, televizor, internet, kitab. Bir də balıqçılar...

Bu vaxt qayıqlar gözə dəyir. Dənizin üzərində yellənirlər.

- Balıqçılar orda olar yəqin.

- Hə... Maraqlı balıqçı dostlarım var. Düşünürəm ki, yaradıcı adamın həyatı dəyişməlidir. Bu bağı alandan sonra çoxlu hekayə yazmışam. Yaxşı yazıçıların həyatına baxsan mərhələ-mərhələ dəyişiblər. Mühitlərini tez-tez dəyişiblər və bu yaradıcılıqlarında onların mərhələ keçməsinə kömək edib.

Bir qonşusuyla dostluq edirmiş. Günlərin birində həyətinə it gəlib. Rəhim müəllimin də tərs damarına düşüb, iti vurub. Zingildəyə-zingildəyə sahibinin yanına qayıdan itin arxasınca dostu gəlib çıxıb. Boxçasında “sən nöş belə eləyirsən”lər, “ayıb döyül”, “biz dostuq” sözlərini gətirib...

- Sonra nə oldu?

- Əsəbiləşmişdi. Mən də heç nə demədim. Özü də çox yaxşı kişidi. Bilirsən, Artyomda başqa bir həyat var. Ora bax – dəniz tərəfə əlini uzadır. – Yatanda ordan gələn işıqları axtarıram. Dənizə düşən işıqları görməsəm yata bilmirəm.

Fotoqrafımızın səsi gəlir bu dəm:

- Burda tısbağalar var ki...

Rəhim müəllim gülümsəyir:

- Sevgilidirlər. Səhərdən axşama görüşürlər orda.

Gedib tısbağalara baxıram. Bilmirəm, erkək getdi, ya dişi. Biri aradan çıxdı. O birisini əlimə götürdüm. Arsız tısbağaydı, çanağına girmədi. Başını çıxarıb mənə göz elədi, sonra ayaqlarını dənizdə üzürmüş kimi tez-tez tərpətdi, əlim boşaldı, yerə düşən tısbağa yeyin-yeyin sevgilisinin yanına tələsdi.

Mən də növbəti sualımı vermək üçün Rəhim müəllimin yanına qaçdım:

- Tənqidçi və yazıçı. İkisi bir yerdə gedir, müəllim?

- Əvvəllər elə bilirdim ki, elm ayrıdır, bədii təfəkkür ayrı. Elmin də fundamental anlayışları bədii anlayışlardı. Tutaq ki, din. Bir Allah var dünyanı yaradıb. Süjetdir də bu... Elmdə elə şeylər var ki, gəlib bədii təfəkkürə, həyata çıxır. Əvvəl bizə deyirdilər ki, sözlərin mənası var. İndi baxıb görürsən ki, sözlər sadəcə işarədir. Sözün konkret heç bir mənası yoxdur. Sənin adın Ayxandı, gedib bir yerə görəcəksən Ayxan adından yüz dənədir. Yaxud it, pişik. Dünyada milyonlarla it və pişik var. Sadəcə it və pişik olduğunu işarə eləyir. Qabaqlar nəzəriyyəyə çox bağlıydım. Ədəbiyyat nəzəriyyəsi də yazmışam. Konkret bilik isə nəzəriyyədən çox böyükdür. Hegel deyir ki, bir ayrıca anlayış var, bir də ümumi. Bir var ağac, bir də var konkret göyəm ağacı. Hegelin fəlsəfəsi çox sadədir. Deyir, konkret məfhumlar ümumidən min dəfə zəngindir. Biz tənqiddə ümumidən, meyarlardan çıxış edirik. Mən cavanlıqda tənqidlə məşğul olanda ümumidən çıxış edirdim və düşünürdüm ki, yazıçılıq üçün istedad, intellekt, həyat təcrübəsi lazımdır. Ancaq mən konkretə gələndə, Azərbaycan ədəbiyyatını bir-bir oxuyub müşahidə elədim ki, əslində istedad önəmli deyil, ümumiyyətlə, istedad boş şeydir.

- Necə yəni? İstedad olmasa yazmaq olar?

- Əsas yazmaqdır. Yaza bilmək. Sən 15 roman yazsan, bunun üçü heç olmasa yaxşı roman olacaq. Yəni ki, ümumi bilikdə bir istedad amili var. Konkret analiz eləyəndə isə görürsən istedadın rolu yoxdur. Kim yazır, yazıçı olur. Yazır ha... – şəhadət barmağını yuxarı qaldırır. - Yazmağı bilir və yazır. O qədər istedadlı adamlar görmüşəm ki... Çayxanada yeyirlər-içirlər, danışırlar, heç kimi də bəyənmirlər. Və heç nə də yazmırlar. Amma o heç kimin bəyənmədiyi o adam bir yazır, bəyənmirlər, iki yazır, ağız büzürlər, üçüncüdə alınır. O boyda Anarın bir romanı yoxdu ortada. Aslan Quliyevə bax. Deyək, yazdığı 15 romandan 12-si zəif olsun, bunun üçü heç olmasa prozadır, demirəm böyük ədəbiyyatdır. Konkret biliyin bu xüsusiyyəti var. Ömrümün sonunda anlayıram ki, nəzəri biliklərin, ümumi biliklərin hökmən istisnaları olur. Bütün nəzəriyyələrin istisnaları daha çoxdur. Mən lap cavanlığımdan bilmişdim ki, yaxşı prozaik başqasına oxşamır, özünəməxsus olur.

Divandakı “Balıq gülüşü” kitabını göstərir:

- Bax Mübariz Örən mənim tələbəm olub. Yaradıcılıq fakültəsində. Qan Turalı onun povesti haqqında yazmışdı. Mən də Turalın zövqünə inandığımdan Mübarizə zəng elədim ki, göndər kitabını mənə. Sən demə, o povest əvvəl hekayə olub, elə ki hekayə itib, təzədən yazıb bunu. Dedim, Mübariz, yaxşı yazmısan, səndən heç gözləməzdim. Bəs sən necə yazdın? O da mənə dedi ki, müəllim, yadınızdadır, bir dəfə demişdiniz, insan öz yaddaşının potensialını bilmir. Bax məsələ budur. Yaddaşın potensialı yalnız yazanda, özü də manyakcasına yazanda üzə çıxır. Balzak məhkəmədə katib idi, yazırdı, belələrinə qrafoman deyirlər. Manyakcasına yazırdı. Məhkəmədən çıxanda da yazdı və başladı bunun kitabları satılmağa. 90-a qədər roman yazdı. Kasıb oğlan idi, arvadbaz idi, aristokrat olmaq istədi. Pulları alıb xərcləyirdi, sonra qalırdı belə. Ömrünün axırına qədər məhkəmə icraçıları onu axtarırdı. Sevgililərin yanına qaçırdı o da....

Tısbağalar gözə dəydilər bu vaxt, yarpaqları xırçıldada-xırçıldada uzaqlaşdılar. Rəhim müəllim isə danışırdı:

- Mən özümü elə də böyük ədəbiyyatşünas hesab etmirəm. Cəfər Cabbarlı haqqında monoqrafiya yazmışdım. Bilərsən yəqin. Dahi idi o, həm də cəsarətli idi. Onlara mədəni inqilab lazımıydı, Cəfərə də pul. O da Balzakfason yazırdı, pulu da alıb xərcləyirdi və bu əsərlər də tuturdu. “Sevil” Azərbaycan xalqının tarixini göstərən dəhşətli bir doktrinadır. “Almaz”a get bax, tamaşaya qoyublar, rejissor əlavələr eləməyib heç. Nə qədər ironiya var. Hamısı “Almaz”ın özündə var. Sosializmə ironik münasibət-filan. “1905-ci ildə” də elə. “Od gəlini” Azərbaycanın şah əsəridir.

Balıqçıların səsləri az-maz bura gəlib çatır, ancaq nə dedikləri anlaşılmır, üstəlik quşlar da kefsizdirlər, eləcə elektrik dirəyində dim-dik durublar. Dəniz tərəfdə qağayılar hərdən gözə dəyir, yem axtarırlar. Sahildə bəlkə də ölü balıqlar var. Balıqçıların bugünkü qənimətləri...

- Gördüm ki, nəzəriyyə ölü bir şeydir. – Rəhim Əliyev deyir. - Konkret bilik lazımdır. Mən də nəzəriyyədən konkretliyə gəldim. 1984-cü ildə çıxıb hekayələr kitabım. O vaxt indiki kimi deyildi. “Ulduz”da bir hekayəm çıxanda necə sevinirdim. Onda hər şey monopoliyada idi. Qocalar sağ idi, subardinasiya vardı. Süleyman Rüstəm, Rəsul Rza, Mirzə İbrahimov, Əli Əliyev. Bunlar büronun üzvü idilər. Əvvəl bunlar çap olunmalıydı. Kənddən gələn bir adam kitabını çap elətdirə bilməzdi. O dərəcədə ədalətsizlik vardı. Sən rəydən keçməliydin. “Azərbaycan” jurnalında çap olunmasan səni yazıçı saymazdılar. Cəlal Bərgüşad Əli Vəliyevin qohumu idi. Əli Vəliyev öz əsərini çıxartdırdı nömrədən, Cəlalın romanını nömrəyə saldı. “Boz atın belində”. Ondan sonra dedilər, bu yazıçıdır. Amma bunlar boş şeydir.

- Çətin dövrlər idi... İndi amma hamısı geridə qaldı.

- Elədi...

- Rəhim müəllim, sizin hekayələrinizdə qadın mövzusu hakimdir.

- Mən tanıdığım adamlardan yazıram. Həyat iki şeydi mənim üçün: zəhmət və qadın. Başqa maraqlı heç nə yoxdur. Zəhmət baş qatmaq üçündü. Qadın isə həmişə insanı gümrah saxlayır. İnsanlardan yazmaq lazımdı. Tarix, inqilablar filan boş şeydi. İnsanın dərinliyini yazmaq lazımdı. Bu mənada mənim üçün qadın da maraqlıdır. Və Azərbaycan ədəbiyyatında düşünürəm ki, qadından az yazılıb. Riyakar mentalitetə görə qadın bağlı temadır. Mənim üçün isə elə deyil. Bəzən qadınlar deyir ki, bizim haqqımızda bədbin yazırsan, mən də bəzi hekayələri nikbin bitirdim. Amma həyat elə deyil. Nə insanlar dəyişir, nə də insanların həyatı. İnsan dəyişmir. Neçə yaşında olur-olsun...

- Bəs yeni roman nə haqqındadır?

- Bu roman babam haqqındadır. Atamın bir dayısı müsavatçı olub. Həmişə onun haqqında yazmaq istəmişəm. 90-cı illərdən sonra gördüyüm şeyləri yazıram. Babamın taleyi fonunda Azərbaycan xalqının tarixi.

Rəhim müəllim ayağa qalxdı, dedi, kənd uşağısan, o balta, o da odun, hünərini göstər görək. İşə düşdüm, baltanı əlimə alanda hiss elədim ki, mənə qıraqdan baxıb gülürlər.

- Sən “kitayski” kənd uşağısan ki...

Fotoqraf da kömək elədi, manqal qaladıq. Rəhim müəllim manqalın qırağında durub kabab bişirirdi.

- Əsgərlikdə olmusan?

- Hə... – sevincək dilləndim. – Özü də cəbhə bölgəsində.

- Mən iki il Leninakanda qulluq eləmişəm. Leytenant kimi. Komandir vzvod idim. Moto-piyada hissəsində.

- Ora haradır elə?

- Ermənistanın ərazisi, Türkiyə ilə sərhəd. Amasiyanın yanında idi. Həm də rus-türk müharibəsinin dayandığı yerdi. Orda ermənilər də abidələr tikiblər. Silah anbarları da doludur. Orda o qədər qoşun, texnika var ki... Qarabağı elə Leninakanın zabitləri tutdu. Bir batalyon idi, rayonları onlar alırdılar. Ərazini yaxşı tanıyırdılar, həm də təcrübəliydilər. Bir-iki ev yanan kimi camaatı köçürürdülər. “Öpüş” hekayəsi var, orda bu yaşantıları yazmışam. Amma hərbi işdən az yazmışam. Cavanlıqda əsgərliyə çox mənfi yanaşırdım. Sonra vaxt keçəndən sonra anladım ki, elə nə görmüşəmsə orda görmüşəm. Cavan vaxtı əsgərliyi tragediya hesab edirsən.

Kabab bişməkdə olsun, siz də Rəhim müəllimin Abşeron haqqında mühazirəsini dinləyin:

- Şirvanın dağlıq hissəsinin bir tərəfi Bakıya düşür. Yaylaq və qışlaq. Atasından-anasından küsənlər gəlib Bakıda qalırdılar. Bir neçə ay qalıb gedirdilər Şirvana. Dağ camaatı Abşeronu sevir. Mən özümü Şirvanlı kimi hiss edirəm. İsmayıllıya gedəndə ürəyim əsir, hiss eləyirəm ki, oralıyam. Bakılı deyirlər e, bu süni anlayışdır. Bakıda adam olmayıb. Keçən əsrlərdə Bakıda cəmi 12 min əhali olub. Çünki burda su yox idi. Bakının indi də problemi sudur. Buranın camaatını yaşadan o dağ olan hissələrdi. Çünki qoyunu sağlamlaşdıran oralardı. Ora getməsə hamısı öləcək. Ermənilərlə konfliktimiz nə üstəydi? Ermənilər 1905-ci ildə dedilər ki, azərbaycanlılar, müsəlmanlar özlərini yaxşı aparmırlar, dağdan endirin onları. Biclik idi bu. Aşağı düşsələr qırılacaqdılar. Qoyun yaylaqda ot yeməsə ölər. İnsan da ora getməsə ölərdi. Amma orda uşaqları ölmürdü. Dağda ac-susuz, yeməksiz böyüyürdülər. Dağıstandan Xızıya qədər olan dağı nəzərdə tuturam. Onun hamısına dağ deyirlər. Dağlı da süni sözdü, ruslardan gəlmədir. Musa Yaqub mənə müsahibəsində demişdi ki, atam dağdan gəlib. Mən də yerin adını soruşdum, dedi, Zanqa. Sonra maraqlandım ki, sən demə, bu yer İsmayıllıda Buynuz kəndindən 30 km uzaqdadır (gülür). Xalqın içində dağ rəmzdir. Vətən rəmzidir. Onu xüsusi deyir həmişə. Dağsız yaşaya bilmirlər bu insanlar.

Göyərçinlər elektrik xəttindən üzülüşüb göy üzündə bir dövrə vururlar, təzədən qayıdırlar. Kabab hazırdır. Bizi bağışlayın! Qarın qardaşdan irəlidir.

# 3586 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #