Dünyanı velosipedlə dolaşan "mama uşağı" Bakıda – REPORTAJ

Dünyanı velosipedlə dolaşan "mama uşağı" Bakıda – <span style="color:red;">REPORTAJ
7 noyabr 2017
# 12:12

Biz yazıçı Mübariz Örənin maşınında dünyanı velosipedlə gəzən adamın yanına gedirdik. Sükanda Mübariz Örən idi, yanında mən, arxada fotoqrafımız. 28 May küçəsinə çatanda Mübariz maşını saxladı.

Məlum oldu ki, Kəramət Böyükçöl də gələcək.

- Mətbuatın iki əjdahasını bir araya gətirirəm! – dedi gülümsəyərək.

Mübariz Örən həmin velosəyyahın qohumuymuş. İki il əvvəl səyyahla geniş söhbətimiz yayımlanmışdı.

- A kişi, çox qəribədi e, - Mübariz deyir. – “mama uşağı”ydı, evdə oturub kitab oxuyurdu.

- Sən də lap o meyxanaçı kimi danışdın.

- Zarafat bir yana, çox intellektual oğlandı. Sənə Şekspirdən danışsın. Rus ədəbiyyatını əzbərə bilir, əzbərə!

- Düz 2 il yarım keçib Vətəndən uzaqda.

- Hə...

- Adı Tural idi?

- Hə, Tural Abbasov. Bakı Dövlətin Beynəlxalq münasibətlərini qurtarıb. Neçə dil bilir e... İngilis, alman, fransız... Rusdakı hamıdan yaxşı.

Kəramət gəlib çıxmır, Mübariz ona zəng edir, ünvanı tapa bilmir.

- Camaat dünyanı velosipedlə səyahət edib axırda Vətənə qayıdır, Kəramət burdan-bura gəlib çıxa bilmir.

Gülüşmə düşür.

Velosəyyahın bir fikrini xatırlayıram: “Səyahət etməyi, mütaliəni, günəşi, dənizi, dağları, dadlı yeməkləri, qəlyan çəkməyi, bir də Vladimir Vısotskinin yaradıcılığını çox sevirəm”.

Bu fikri Mübarizə də deyirəm.

- Kəramət nəyi sevər görəsən? – Mübariz bunu deyib şaqqanaq çəkir.

Kəramət gəlib çıxa bilmədi, axırda biz gedib onu götürəsi olduq.

Bibiheybətə gedirdik. Velosəyyahı orda qarşılayacaqdıq.

- Ata-anası da gəlib, Mübariz?

- Anası yoxdu, cavan rəhmətə getdi. Atası gələr, hə. Hamı ordadı e bu saat.

Kəramət çatan kimi soruşur:

- Evlidir o?

- Yox, - Mübariz deyir. – Subaydı.

- Denən ona görə düşüb çöllərə də! Arvadı olsaydı, bizim kimi ancaq NZS-ə gedə bilərdi.

Gülüşmə.

Bibiheybət məscidinin qabağında xeyli adam var. Mübariz bizi tanış eləyir. Velosəyyahın qardaşı atamla adaşdır: Eyvaz.

- Sizin səyahətə marağınız var? – soruşuram.

- Əgər mən səyahət edəsi olsam, avtobusla, maşınla, ya qatarla, təyyarəylə gedərəm.

- Normal qaydada yəni.

- Hə... Velosipedlə getdin, ya maşınla, eyni yoldu, eyni mənzərələri görürsən.

Qardaşı Tural hələ məktəbli ikən Jül Vern, Rafael Sabati, Boris Jıtkov kimi uzaq səyahətlər haqda yazan yazıçıların əsərlərini oxuyanda, dünyanı gəzmək, uzaq ölkələri görmək, həyatı boyu yadda qalacaq macəralar yaşamaq arzusunda olub.

Həm də velosiped yolu daha da uzadır, mənzərələri daha yaxından görürsən, xoşbəxtliyin, hüzurun saatını bir az da çoxaldırsan onda.

- Siz Turalla müsahibə eləmişdiniz? – qardaşı Eyvaz soruşur.

- Hə. O, Taillandda olanda.

- Yadımdadır, oxumuşdum.

Bibiheybət məscidindəki quşlar üzbəüzdəki qəbiristanlığa doğru uçub təzədən qayıdırlar.

Uzaqdan velosəyyahımız görünür. Televiziyadan da bir balaca qız gəlib, operatorı dümsükləyir ki, çəksin. Mənim də gücüm öz fotoqrafımıza çatır. Tural velosipedin üstündə bizə əl eləyir. Yorğun əl abidəsi...

Gəlib çatır, alqışlar qopur. Ərincək bir sükut sərilir aramıza. Yalnız maşınların keçib getməyi və fotoqrafların “çak-çuk” səsi gəlir.

Tural velosipeddən düşən kimi soruşur:

- Atam hardadı? – dalınca rusca təkrarlayır: “A qde papa?”

- Evdədi. – qardaşı cavablayır.

- Hə, yəqin evdə gözləyir. Okey.

Sinə dolusu nəfəs alır. Çöllərin və meşələrin ətirli havası var sinəsində.

Baxmayın, aradan iki il keçib. Gedib də gəlməmək, gəlib də görməmək var. Hər şeyə hazır olmaq lazımdır. Onun gözlərində də bir nəfərin yoxluğu dolaşırdı. Sualın cavabını alan kimi o yoxluq aradan çıxdı. Yerinə işıq gəldi.

Ona baxdım, öz-özümə dedim ki, dünyanı tam dövrə vurub tamamlayan bu adam görəsən bundan sonra nə edəcək?

- O deyirlər e, dağları fəth edən adam, yenə dağlara qayıtmaq istəyir. – Mübariz deyir. – Tural burda duran deyil. Bir az dincəlib qayıdacaq yəqin.

Fikir verdim, Tural hamıyla əl tutub görüşəndən sonra rahatlıqla nəfəs dərir. Buğanı geridə qoyan matadora oxşayır.

- Tanış ol, yazarlardı. – Mübariz bizi göstərir.

Mənə diqqətlə baxır:

- Ooo... Ayxan bəy!

Tanıyır, internet üzərindəki müsahibəmizi xatırlayırıq.

Turalın gözlərində yorğun bir parıltı gəzişir.

- Biz sizinlə danışanda Taillandda idiniz – deyirəm. – Sonra Avropa, Amerika...

- Oralara da getdim. Avropada viza problemim çıxdı. Amma Amerikada problem çıxmadı.

Nələr görüb Amerikada, nələr! Macəra dolu Amerika!

Səkkiz ştatda olub. Deridder şəhərində köhnə həbsxana binasından danışdı. Deyir, bir vaxtlar buranın qülləsində insanları asaraq edam edirdilər.

Vil Platt adlı qəribə şəhərciyi xatırlayır. Əsas və ara küçələrdə qaşqabaqlı qara “qədeşlər” gəzişirmiş. Bakıdakı qədeşlərdən deyil bunlar, Amerika qədeşləridir.

- Yüz faiz hər birinin cibində tapança və ya bıçaq vardı. – deyir Tural. – Parkın birindəki elanda “Şalvarınızı yuxarı dartın. Heç kim sizin alt paltarınızı görmək istəmir” yazılmışdı.

Yenə gülüşmə.

- Bir dükana girdim. Dükandakı suriyalı satıcı soruşdu ki, burada nə itim azıb. Dedim yolüstü keçib gedirəm. Küçədəki qoca qaradərili xala isə ehtiyatlı ol dedi və xeyir-dua verdi.

Bir-birindən gözəl villalar, malikanələr görüb. Burda Amerika filmlərini xatırlamaq yerinə düşər.

Baton Ruj şəhərinə çatanda sərxoş bir qadın ona deyib ki, ehtiyatlı ol, şimal tərəfdə atışma gedir.

Fermalar, ranço evləri görünüb üfüqdə...

Zənci gənclər onunla məzələnmək istəyiblər. Tural deyir, belə vəziyyətlərdə ən yaxşı taktika konfliktdən yayınmaqdır, yəni provokasiyaya getmədən inamla öz yoluna davam etmək. Doğrudan da, bir azdan oyun zənciləri bezdirib və çıxıb gediblər.

- Heç velosipedin başına iş gəlmədi?

- Yollar gözəl olsa da, asfaltda xırda zir-zibil çox olurdu. Köhnə paslı mıx təkərimi iki yerdən deşmişdi.

- Başqa nə problem çıxdı?

- ABŞ yürüşünün bitməsinə bir gün qalmış meşə yolu ilə Palatka şəhərinə doğru gedərkən, güclü leysana düşdüm. Elə qəflətən başladı ki, sukeçirməyən paltarımı çıxarmağa heç macal tapmadım və iki dəqiqəyə tamamilə islandım.

Orta Asiya, Çin, Cənub-Şərqi Asiya, Avstraliya, indi də ABŞ-ı arxada qoymuşdu. Dünya turunu bitirməyə bircə Avropa qalırdı.

- Kitab yazacam. – deyir Tural. – Səyahətlərdə başıma çoxlu maraqlı hadisələr gəlib. Danışmaqla bitməz.

Hələ Avstraliyada da olub. Dünyanın qurtaracağında. Cənub okeanında. Təsəvvür edin, qarşı tərəfdə Antarktidadır.

- Dünyanın müxtəlif yerlərində oldum. Müxtəlif insanlarla tanış oldum. Dinindən, dilindən, millətindən, irqindən asılı olmayaraq bütün insanlar mənə doğma gəldi. Xeyirxah insanlar tanıdım və onlardan yalnız qonaqpərvərlik, mehribanlıq və dostluq gördüm.

Dünyanı fəth etmiş bir velosipedçi. Yorğun və sevincli. Qalib gəlmiş oyunçu.

- Evə velosipedlə gedəcəksən? – qardaşı zarafatla soruşur.

- Hə... – deyir gülümsəyərək. – Əlbəttə...

- Yox daha, maşından gedək. Ata gözləyir.

- Onun atı velosipeddir. – fotoqrafımıza deyirəm. – Fikir ver, nə qədər rahatdır. Hüzur doludur.

Tural hamıya əl eləyir. Üstündən meşələrin, çöllərin qoxusu gəlir. Üzündə əbədi təbəssüm var. Hətta bığı da gülümsəyir.

# 2202 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #