Millət vəkili: “Atamı heç vaxt görməmişəm” – Müsahibə

Millət vəkili: “Atamı heç vaxt görməmişəm” – Müsahibə
7 oktyabr 2019
# 09:00

Kulis.az “İşdən kənar” layihəsindən Milli Məclisin deputatı, Azərbaycan Sosial Rifah Partiyasının sədri Xanhüseyn Kazımlıyla müsahibəni təqdim edir. Xatırladaq ki, layihədə müxtəlif peşə sahibləri ilə ədəbiyyat söhbəti aparılır.

- Bildiyimə görə, ədəbiyyatı çox sevirsiniz...

- Ədəbiyyatla yaxınlığım orta məktəbdən başlayıb. Özümü ədəbiyyata yaxın biri kimi hesab edirəm. Baxmayaraq ki, Kirov adına Azərbaycan Dövlət Universitetinin iqtisadiyyat fakültəsini bitirmişəm. Fərqlənən tələbə olmuşam. Rəsmi işlərə də məni cəlb edirdilər. Mən də canla-başla bu işləri yerinə yetirirdim.

Doğulandan 36 gün sonra atam İkinci Dünya müharibəsinə getmişdi. Ordan da qara kağız gəlmişdi...

- Deməli, obrazlı şəkildə desək, ədəbiyyatla sizi həyat tanış eləyib.

- Bəli, bəli, mənim hekayəm belə başlayıb. Atamın düşmənlə döyüşdə qəhrəmancasına həlak olduğunu yazmışdılar. Rusca yazılan qara kağızda...

- O hekayənin davamı necə idi bəs?

- Biz tərəkəmə olmuşuq. Yayda yaylaqda, qışda qışlaqda yaşayırdılar tərəkəmələr. Təmiz əqidədə, təmiz vicdanda olurlar. Anam saxlayırdı bizi. Üç yaşım olanda məni dəvənin üstündə oturtdu. El dağdan qayıdır, irəmədən aşanda dəvə löhrəmləyir, mən də yumalanıram. Özü də yuxuluyam. Qəfil elə olur ki, dəvənin üstündən düşürəm, anam məni göydəcə tutur. Yerə düşsəm parça-parça olardım. Dəvə yeniş yenəndə başıma bir qapaz vurdu. Bayaqkına hirslənmişdi. Dedi, ə, səni bu daşlıqda basdıracaqdıq, nağarırsan sən? Uşaq idik də. Az qala öləcəkdim. O da qorxmuşdu bundan. Yaşadığım o ağır illərə baxmayaraq, taleyimdən razıyam. Mənə xoş günlər verib.

- Atanızı görə bilmədiniz...

- Bəli. Onun qara xəbərinin doğru olub-olmadığını sonralar da yoxladıq. Ancaq heç bir xəbər çıxmadı. Bizə bircə “ne znayu” dedilər...

- Onu təsəvvürünüzdə canlandırmışdınız heç?

- Yox... Şəkillərdə görmüşəm ancaq. Əmilərim onu xatırladırdı. Gəlirdilər tez-tez. Amma necə deyərlər, bu evin işığı o evə düşmür.

- Oxuduğunuz əsərlərdə həyatınızdakı bu ağır dönəmlərin izlərini axtarırdınız? Paralelik...

- Hə... Hə... Axtarırdım... Hələ 6-cı sinifdə oxuyarkən mən kitab həvəskarı olmuşam. Əyyub Abbasovun “Zəngəzur” romanı mənə ən çox təsir edən romanlardan olub. “Zəngəzur” romanı ilə bağlı sizə bir əhvalat danışım. Azərbaycan Dövlət Universitetində oxuyuruq, yataqxanada qalırıq. Cəvahir adlı bir komendantımız var, bir gün bizə dedi ki, bura təmir olunacaq, gedin özünüzə ev axtarın. Komendantımızın bu sözündən sonra tələbələr başladıq ev axtarmağa. Universiteti qurtarmağımıza da 2 aya yaxın vaxt qalıb. Biz Ostrovski küçəsində, universitetə solaxay bir yerdə axtarışlara başlamışdıq. Bir kişi qabağımızı kəsdirdi ki, nə istəyirsiniz? Məsələni ona danışanda dedi, boş yerə camaatı narahat eləməyin, versə-versə, sizə filan adam ev verər...

- Lap Jan Valjanın qalacaq ev axtardığı vaxt ona yepiskopun evini göstərmələri səhnəsinə oxşadı...

- Hə... Həmin yerə getdik. Bir qadın qapını açdı və rusca soruşdu ki, sizə nə lazımdır? Mən də əsgərlikdə rusca öyrənmişdim, qadına izah elədim. Bizi içəri dəvət elədi. Divarda bir şəkil vardı, mənə çox tanış gəlirdi. Qadın azərbaycanca soruşdu: “Oğlum, nəyə baxırsan elə?” Dedim, o şəkildəki Əyyub Abbasov deyil? “Zəngəzur” romanının müəllifi... Dedi, hə, odur, sən onu hardan tanıyırsan? Dedim, mən onun romanını oxumuşam, iki cildini də. Qadın sevindi.

- Bəs o qadın niyə yazıçının şəklini ora vurmuşdu?

- Sən demə, ora Əyyubun eviymiş, bu qadın da onun yoldaşı. Əslən tatar qadınıymış özü də. Əyyub Abbasov rəhmətə getmişdi və o divardakı şəkil də mənim oxuduğum kitabdakı şəkilin eynisiydi.

- Bəs qadın evi sizə verdi? Kirayə qalmaq üçün...

- Yox. Dedi, ev qızlar üçün kirayəyə verilir, oğlanlara verilmir.

- Təəssüf. Evi əldən qaçırtmısınız. Bəs o roman niyə sizə daha çox təsir eləmişdi?

- Mən Mirzə İbrahimovun “Gələcək günü”nü də oxuyub bəyənmişəm. Süleyman Rəhimovun “Şamo” romanı, Ordubadinin “Qılınc və qələmi”ni də... Amma bu roman daha çox təsir edib.

- Mirzə İbrahimov uşaq yaşlarında valideynlərini itirib. 3 yaşı olanda anasını... Atasını da neft buruqlarındakı fontanda itirib. Sizin taleyinizə oxşarlığı var hardasa. Körpə yaşda ata itkisi... Və sonra böyük vəzifələr, həyatının qəfildən dəyişməsi...

- Elədi. Oxşarlıq var. Ancaq mən onunla özümü müqayisə edə bilmərəm. Böyük adam idi. “Gələcək gün”ü də, ordakı qəhrəman Firidunu da xatırlayıram. Yaxşı oxumuşdum o romanı. O vaxtlar Ali Sovetin sədriydi Mirzə İbrahimov. Ona Moskvadan zəng edib deyirlər ki, yeni bir romanını ver, plana daxil eləyək. O da öz romanını yox, “Zəngəzur” romanını verir. Öz “Gələcək gün” romanını yox, “Zəngəzur”u onlara göndərir. Bu romanın təsiri haqda soruşursunuz. Romanın ağır mövzusu var. Çətindir bu haqda danışmaq...

- Bəs dünya ədəbiyyatında sizə bu cür təsir etmiş əsər yaxud yazıçı varmı?

- Əlbəttə. Dostoyevski mənə çox təsir edib. Onun əsərlərini çox sevirəm.

- Deyəsən, rus ədəbiyyatını daha çox oxumusunuz...

- Bəli, bəli... Tolstoy da, Qorki də. Və başqaları. Ancaq Dostoyevskini daha çox sevmişəm. Başqa ədəbiyyatları da oxumuşam. Fransız, alman, ingilis və s.

- Xanhüseyn müəllim, indi izləyə bilirsinizmi müasir ədəbiyyatı? İndi də şeir yazan, özünü şair elan edən çox adam var...

- Yox, izləyə bilmirəm.

- Vaxtınız olmur, ya səbəb başqadır?

- Marağım yoxdur.

- Yazıçılar Birliyinə münasibətiniz necədir?

- Yaxşıdır. Mən Yazıçılar Birliyinin üzvüyəm. “Böyük siyasətin davamı” kitabıma görə üzv olmuşam.

- Yazıçılar Birliyi həmişə tənqid olunur. Anar müəllimin sədrliyi...

- Məni elə Anar müəllim dəvət eləyib Yazıçılar Birliyinə ki, üzv ol. Mən də getmişəm, ərizə verib üzvlərin sırasına keçmişəm. Anar müəllim birinci növbədə yazıçıdır. Milli Məclisin də üzvü olub. Rəsul Rzanın və Nigar Rəfibəylinin oğludur. Ana tərəfi də, ata tərəfi də şair. Sonra “Beş mərtəbəli evin altıncı mərtəbə”sini yazıb... Anar hər şeyin yerini yaxşı bilir. Fikrət Qoca da. Yazıçılar Birliyini də yaxşı idarə edirlər.

- Bəs gənclər niyə narazıdır?

- Sizin kimi gənclər hər şeydən narazıdır. Zaman dəyişib.

- Xanhüseyn müəllim, özünüz nəsə yazmısınızmı? Şeir, hekayə...

- Yazmışam. “Ana” şeiri yazmışam. Yadımdadır, Moskvada “doktorskiy” işi yazanda yoldaşım mənə teleqram göndərmişdi. Yazmışdı ki, evdə hər şey yaxşıdır, bircə milçəklər rahatlıq vermir. Bu hadisədən bir şeir çıxdı.

- Aha... Maraqlıdır... Necə şeir idi? Xatırlayırsınız?

- Hə, xatırlayıram. Gözlə, deyim... (düşünür)

Bilmirəm, bu nə işdir, milçəklər, ay milçəklər

Sizdən şikayət gəlir, milçəklər, ay milçəklər

Əlbət, mən də gələrəm, sizi yaxşı görərəm

Şirni, konfet verərəm, milçəklər, ay milçəklər

Dəyməyin Firəngizə, toxunmayın o qıza

Qonaq gəlmişdi bizə... (fikirləşir) nə bilim, milçəklər, ay milçəklər...

- Bunu cavab kimi yazıb göndərdiniz?

- Hə... Belə bir şeir idi... Demişdim, milçəklər sənə dəyəndə bu şeiri oxu, hamısı uçub dağılışacaq (gülüşmə).

- Çap eləmişdiniz yazdığınız şeirləri?

- 8-ci sinifdə “İmişli kolxozçusu” qəzetində bir şeirim çıxmışdı.

Mil düzü, gör nələr yetirmisən sən

Bu ellər ayağa durandan bəri

Neçə cür nemətlər gətirmisən sən

Xalqın bu dövranı qurandan bəri

Bu cür bir şeir idi.

- Yaxşıymış. Bir az da yazsanız, şair olarsınızmış.

- Yox. Şair olmaq istəmirəm.

- Niyə?

- Çünki şair olmaq hər kəsə nəsib olmur. Mikayıl Müşfiqin bir şeiri var...

- Şairəm söyləyir yerindən duran, Adamın üzündə həya gərəkdir!

- Bəli. Adamın üzündə həya gərəkdir! Hər yerindən duran şair olsaydı, nə var idi ki?

Fotolar: İlkin Nəbiyev

# 4399 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #