Köhnə sevgililərimə məktub! - Ayxan Ayvaz yazır...

Köhnə sevgililərimə məktub! - Ayxan Ayvaz yazır...
24 oktyabr 2019
# 14:20

Hamınıza “salam”. Sonra da “necəsiniz?” Bilmirəm sayınız nə qədərdir, açığı unutmuşam. Üç, dörd, yoxsa beş?

Mən sizinlə çox gözəl günlər yaşadım. Siz mənim gözəl keçmişimsiniz. Ancaq keçmiş olaraq qalsanız yaxşıdır. Sizi xatırlamaq da olmur daha, bunu da biləsiniz.

Hamınız məni yaxşı tanıyırsınız. O gün dostuma deyirəm ki, bəlkə toyuma keçmiş sevgililərimi də dəvət edim, gəlib haqqımda danışsınlar. Doğrudan, bir adam haqqında ən yaxşı onun sevgililəri danışa bilər axı. Nəyə küsdüyümü, nəyi sevdiyimi, çayı neçə qəndlə içdiyimi sizdən yaxşı bilən yoxdur. Əsəbiləşəndə məni sakitləşdirməyi, kövrələndə kədərimə şərik olmağı...

Yaxşı, bəs bu şeyləri ki bilirdiniz... Bəs onda biz niyə ayrılıdıq? Həqiqətən bunu xatırlaya bilmirəm. Bircə onu bilirəm ki, birinizi sevməyə cəhd etdim, alınmadı, o biriniz məni tərk etdi, başqa birinizlə isə heç cür anlaşa bilmədik.

Hərdən keçib getdiyim küçələrdə xatirələr boy qaldırır. Baxıram o küçəyə, xatırlayıram... Hansınız idiniz, gözlərimi arxadan əlləri ilə bağlayan? Yaxud hansınız mənə gəzdiyi şəhərlərdən bir əşya gətirmişdi? Mən indi sizi adlara bölmək istəmirəm. İndi siz keçmişsiniz, köhnə sevgililərsiniz. Açığı, indiki xanımdan da bir az qorxduğumdandı, çox da dərinə getmirəm. Allah eləməmiş, yazını oxuyub çıxıb gedər. Sonra düş onun dalınca, yalvar-yaxar... Düzdü, tez barışandı. Bircə dondurma alsam, bəsidir. O dəqiqə yumşalacaq. Məktubun bu yerində də onu sevdiyimi deyim ki, ayrı fikirlərə düşməsin.

Hamınız məni dəyişməyə çalışdınız. Biriniz siqareti tərgitməyimi istəyirdi, nə qədər elədi, yalvardı-yaxardı, xeyri olmadı. Siqareti ata bilmirdim (indi atmışam). Axırda ayrılanda mənə alışqan aldı. Doğrudan, o alışqan hara yoxa çıxıb? Əşyalarla aram yaxşı deyil, bilirsiniz. Birinizə görə saat taxa bilmirdim, neçə vaxtdır. O, tez-tez intihar fikrinə düşür, biləyini kəsirdi və saat taxıb o kəsik izini gizlətməyə çalışırdı. Mən bunu biləndə dəhşətə gəlmişdim, etiraf edim. Uzun illərdən sonra (əslində elə də uzun deyil) o qız mənə mesaj yazdı: “Mən sənin həyatında hekayə olaraq qalmaq istəyirəm, məni yaz”. Qəribə gəlmişdi mənə. Sonra həyatı haqda öyrəndim. Ögey atası varmış, onu çox bezdiribmiş, hətta necə deyim, bilmirəm... ən yaxşısı deməyim, qanımızı qaraltmayaq. Hə, o qız mənim ən dağınıq vaxtımda ömrümə gəldi. Yavaş-yavaş dağıntını düzəldib, bina inşa edirdim ki, təzədən vurub dağıtdı: “Köhnə sevgilimə qayıdıram”. Belə... Söhbət də burdaca bitdi. Deyirdim, onu unuda bilməyəcəm, ondan başqası olmayacaq. Amma böyük danışmışammış...

“Evlənməyəcəm!” deyirdim hamınıza. Bunu yaxşı bilirdiniz. Bəlkə də buna görə bizdə axıra qədər alınmadı. Amma həqiqətən o zamanlar elə düşünürdüm. Öz təkliyimi sevirdim. Həm də ki elə bilirdim, bu dünyada məndən çətin adam yoxdur, heç bir qız dözə bilməz mənə. Dözən tapıldı. Mən artıq yorulduğumu hiss edirdim. Hətta bilirsiniz, bu qızla da neçə dəfə ayrılmaq təhlükəsi ilə üz-üzə qalmışam. Bu yerdə bilirəm, “aha” deyib gözlərinizi bərəldirsiniz. Maraqlıdır, hə? Sizinlə cəmi bir dəfə ayrıldıq və bitdi. Ancaq indiki ilə nə qədər get-gəllər oldu. Deyim ki, mən onu itirmək istəmədim və təzədən qazandım onu. Bilirsiniz, artıq yorulmuşdum və kişilər yorulandan sonra qarşılarına çıxan ilk qadında dayanırlar. Mən də dayandım. Ona görə dayandım ki, artıq öz dayanacağımı tapdım. Hüzur tapa biləcəyim dayanacaq idi bu. Və yaxşı ki, mən o dayanacağı tapa bildim.

İndi xatirələrə baş vurmağa lüzum yoxdur. Yeri deyil həm də. Mənim “sarım” əsəbiləşə bilər. Ancaq yadınızda saxlayın: heç vaxt dəyişdirmək istədiyiniz biri ilə bir yerdə olmayın.

Bilirəm ki, məni izləyirsiniz, hamınızda məndən bir nişanə var. Ən azı kitablarım, hədiyyələrim. Baxanda xatırlayırsınız. Hərdən-hərdən televizorda da görürsünüz. Bilirəm, yazılarımı da bitdə-bitdə izləyirsiniz.

Və belə də qalsın.

Elə bu yazını da oxuyacağınızı bilirəm.

Bu sizinlə sağollaşmaq idi. Sizə təşəkkür borcum vardı, onu da ödəmək istədim. Bəzən deyirlər e, qadınlar bir kişinin həyatını məhv edir. Heç bir qadın mənə pislik eləmədi, ciddi deyirəm. Şairin dediyi kimi, ən gözəl qadınlar mənim ömrümə düşdü.

İndi isə yola biri ilə davam etmək qalır...

Özünüzə yaxşı baxın, köhnə sevgililər!

# 5249 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #