Fədayə Laçının Tacirdən qoruduğu sevgi

Fədayə Laçının Tacirdən qoruduğu sevgi
25 oktyabr 2017
# 13:30

“Sevgi günah deyil ki! Allahın verdiyi hisdir. Sevgi nə qız uşağına, nə varlıya, nə kasıba, nə də tərbiyəsiz qadın olmağa baxır. Pozğun qadını da sevmək olur, dilənçiyə də aşiq olmaq olar”.

Bu cümlələrdə ürək döyüntülərini eşitdiniz? Ədəbiyyat var hər sətirdə. Yox, bu hansısa əsərdən parça deyil.

Müğənni Fədayə Laçının açıqlamasındandır.

Mən bu qadını tanımıram, açığı. Yalnız müğənni olduğunu bilirəm. Mahnılarını dinləməmişəm. Bircə bu açıqlamadan sonra onun nə böyük ehtirama layiq olduğunu başa düşdüm. O qadına bütün insanlıq qollarını açmalıdır. Şəklinə baxdım Fədayə Laçının. Həmin sözləri deyərkən hansı halda olduğunu öz-özümə təsəvvür elədim.

Gəlin, bu açıqlamanın tarixçəsindən söz açaq. Fədayə Laçın bir zamanlar duet ortağı olan Tacir Şahmalıoğlu ilə sevgili olub. Aradan uzun illər keçib, hərə öz yoluna gedib. İndi Tacir müəllim durub deyib ki, bəs mən elə birini tanımıram, bizim aramızda heç nə olmayıb.

Və Fədayə Laçına bu əməlli-başlı toxunub. Qadın tapdalanmış sevgisini yerdən götürüb üstünü-başını təmizləyib. Elə bir açıqlama verib ki, Dostoyevski olsa, götürüb ondan bir roman yazardı. Tolstoy olsa, göz yaşlarını saxlaya bilməzdi. Ədəbiyyatın dayandığı nöqtə də məhz onun açıqlamasıdır. Ədəbiyyat burda nəfəs dərir:

“Tacir saf adamdı. Mənim ona yazığım gəlir. Bədbəxt insandı. Saflığından istifadə edirlər. Qaldı aramızda olan münasibəti danmağına, biz müğənnilərin həyatı hamıya bəllidir. Yalan danışmağın nə mənası var. Göz önündə olmuşuq. Sevgili olmuşuq. Niyə danım ki? Mən deyim ki, yox, biz onunla bacı-qardaş olmuşuq, ayıb olar. Bilən bilirdi. İndi yalan necə danışım? O vaxt özü bar-bar bağırırdı ki, sevirəm. Deyirdim, a balam, belə reklam eləmə. Deyirdi, yox, sevirəm”.

Fədayə Laçını qeyzləndirən səbəbi tutdunuz? Bəlkə mən çox şişirdirəm, bilmirəm.

Amma bu necə çarəsizlikdir, ilahi?!

Bir vaxtlar ona sevgisini bar-bar bağıran kişi bu gün onu danır. Qadının sözləri çiyinlərində ağrı daşıyır. Nə vaxtsa böyük sevgi yaşamış qadındır o! İndi yaşadığı adam bütün bunları əlinin tərsi ilə itələyir, deyir, o keçmiş günlər olmayıb. Sevgi yoxmuş deyir! Biz bir-birimizi tanımamışıq deyir. Qadın isə qürurunu bir tərəfə qoyub içindəki yanğını aşkara çıxarır:

“Mənə toxunan odur ki, insan sevirsə, buna görə utanmaz. Mən ona özümü qız uşağı kimi təqdim etmişdim ki? Başa düşmürəm. Mən onunla münasibətim olanda oğlum var idi, bunu bilmirdi ki? Ancaq qız uşağını sevmək olar ki? Sevgi günah deyil ki. Allahın verdiyi hissdi. Sevgi nə qız uşağına, nə varlıya, nə kasıba, nə də tərbiyəsiz qadın olmağa baxır. Pozğun qadını da sevmək olur, dilənçiyə də aşiq olmaq olar. Sevmisən, bunu da etiraf etmək üçün cəsarət lazımdı. Mən də sevmişəm. Burda nə var ki? Mən cansız əşya deyiləm ki, hisslərim olub. Mən sevgi nədi bilmirəm? Qısqanırdı da, qadağaları olurdu da. İndi illər ötüb, hərə öz işində, gücündədir. Amma demə ki, aramızda heç nə olmayıb. Bu yalandı. Bizi görənlər, tanıyanlar olub. Mən səninlə münasibət yaşamışam. Onu necə dana bilərsən? Sevgini danmaq kişilik deyil”.

Pozğun qadını da sevmək, dilənçiyə də aşiq olmaq olar. Məncə, açıqlamanın ürəyi bu cümlədə gizlənir. Qadın üçün özü, öz şəxsiyyəti önəmli deyil. Ona sevgisi əsasdır. Bu sözləri yana-yana deyir.

Bir qadının çarəsizliyimi deyək buna? Necə də sevgisini göz bəbəyi kimi qoruyur. Hər şeyə, olub-bitənə boyun əyib. Bircə onun sevgisinə toxunma. Toxundunsa, bitdi. Onu yaşadan itmiş sevgisidir. Hərdən o sevgini sandıqdan çıxarır, toz-torpağını təmizləyir, öpüb başına qoyur.

Mən bu qadının əzabları qarşısında diz çökmək istədim. Əllərini öpüb alnıma qoymaq istədim.

Kim olmaq önəmli deyil. İstər müğənni, istər fahişə, istər dilənçi, istər fəhlə. Sevgini öz içində əbədi yaşadan adam ehtirama layiqdir. Sən bu sevgini üstündə daşıyırsansa, deməli hər şeyə tab gətirə bilərsən.

Fədayə Laçının sevgisinin üstünü örtmək istəyir o kişi. Amma o qadın o sevgini gizlətmir. Necə xoşbəxt olduğunu göstərir. Hərdən o xoşbəxtliyinə toxunub acı-acı ağlasa da...

# 3147 dəfə oxunub

Müəllifin son yazıları

# # #