Babamı qapıdan qovan dul qadın

Ayxan Ayvaz, yazar

Ayxan Ayvaz, yazar

26 noyabr 2021
# 15:05

Mənim ana babam dünyada tanıdığım ən unikal adamdır. Müharibə söz-söhbəti, arvadbazlığı, mollalığı və s. O qədər qəribə və qeyri-adi adamdır ki, balaca bir köşə yazısında ondan danışmaq zülüm işdir.

İmkan olsa, Allah qoysa, nə vaxtsa babamdan roman yazaram. Hələ qeydlər də götürmüşəm. Qohum-əqrəba, qızları, yəni xalalarım bunu eşidib daş atıb başlarını tutmuşdular: “Ədə, ondan niyə roman yazırsan? Bizi biabır eləməyə?”

İndi bütün romanı burda danışmağa ehtiyac yoxdur. Sadəcə bir məqamı diqqətinizə çatdırmaq istəyirəm. Yəqin ki, “Yuxu” filmini hamınız bilirsiniz. Baş qəhrəman Əliabbasın yuxuda polis rəisinin qızını görməsi və ondan sonra baş verən hadisələr. İnsafən, pis film deyil. Hətta ona yaxşı da deyərdim. Bakı koloriti, doğmalıq var.

O filmin rejissoru Fikrət Əliyevlə atamın (Eyvaz Əlləzoğlu) dostluq münasibəti vardı. Bir gün parkda gəzib sənət söhbətləri eləyirlərmiş. Söhbət necə hərlənib fırlanırsa, gəlib çıxır ana babamın üstünə. Atam babamın unikal tərəflərindən danışır, müsahibini çaş-baş qoyurmuş.

Bu yerdə necə olursa, atam babamın kənddəki məşhur hekayəsini danışır.

Babam günlərin birində yuxusunda qonşuluqda yaşayan dul qadını görür.

Qadının əri müharibədən qayıtmayıbmış.

Öldüsü, qaldısı bəlli deyilmiş.

Özü də babam dul qadını bir az açıq-saçıq halda görüb.

Ən qəribəsi bu deyil.

Yuxudu da. Yuxuda hər şeyi görmək mümkündür. Yəni yuxuda sərhəd yoxdur. Orda hər şey azad və demokratikdir.

Qəribə olan nədir, bilirsiniz?

Babam, bilmirəm, hansı ağıllasa, səhərisi qalxıb və o yuxunu dul qadının özünə danışıb.

Təbii, qadın dəliyə dönüb.

Pis söyüşlərlə babamı qapısından qovub.

Söhbət dul qadının qardaşlarına qədər gedib çatıb.

Və babamın evinə tüfənglərlə hücuma keçiblər.

Sonrası böyük bir “istoriyadır”.

Rejissor atamdan eşitdiyi bu əhvalatı çinədanına yığıb və çıxıb gedib. Üstündən bilmirəm nə qədər vaxt keçib, günlərin birində Fikrət Əliyev gəlib ki, bəs mən sənin danışdığın əhvalatı bir az dəyişdirib ssenariləşdirmişəm.

Yəni belə desək, Fikrət Əliyev atamdan əhvalatın halallığını alıb.

Atam da nə deyəsidir?

Uğurlar arzulayıb.

Və film çəkildi.

O əhvalat Bakı mühitinə gətirildi.

Yuxunu görən cavanlaşdı.

Yuxudakı qız polis rəisinin qızı oldu.

Uzun müddət bu yazını yazıb-yazmamaq haqqında düşündüm. Dedim, birdən elə bilərlər ki, mən bu əhvalatı danışmaqla əslində o filmin müəllifinin atam olduğunu demək istəyirəm.

Qətiyyən!

İndi hər ikisi haqq dünyasındadır. Və bir-biri ilə sağlıqlarında halallıq alıblar.

Mənim bu yazını yazmağın məqsədi ayrıdır.

Sabah-biri gün, işdi-şayət romanı yazası olsam və bu əhvalatı orda qeyd eləsəm, sonra deməyin ki, “Yuxu” filmindən çırpışdırmısan.

Yəni o filmin orijinalı mənim babamın əhvalatıdır.

Və nə yalan deyim, məncə, o əhvalat filmdən daha güclüdür.

# 4103 dəfə oxunub

Müəllifin son yazıları

# # #