Aysel Əlizadə: “Biz dəyişməkdən qorxuruq; evimizi, işimizi, kişimizi...” - MÜSAHİBƏ

Aysel Əlizadə: “Biz dəyişməkdən qorxuruq; evimizi, işimizi, kişimizi...” - <span style="color:red;">MÜSAHİBƏ
21 iyun 2017
# 09:00

Kulis.az tanınmış şair, yazıçı Aysel Əlizadə ilə söhbəti təqdim edir.

- Aysel, sən aparıcı kimi fəaliyyət göstərdin, sonra şeirlər yazdın, jurnalist kimi oxucu auditoriyası topladın, nəsr kitabın çıxdı. Eyni zamanda ictimai tədbirlərdə aktivsən. Çoxları düşünür ki, Ayselin bu uğurları qazanmasının səbəbi gözəl qadın olmasıdır.

- Elə deyil. Doğrudur, gözəllik üstünlük qazandırır, amma sən gözəlsənsə, ancaq bunun arxasında heç bir baqajın yoxdursa, qəbul olunmayacaqsan. Əslində, gözəl qadın üçün özünü sübut etmək daha çətin olur. Çünki sən hara gedirsən get, yazdıqlarına yox, ilk növbədə sənə fikir verəcəklər. Sən onlara izah etməyə başlayanda ki, mən yalnız gözəllikdən ibarət deyiləm, buna çox vaxtın gedəcək. Üstünlüyü də var bunun. Məsələn, efirdə tamaşaçıya estetik görünürsən. Ancaq yazıçılıqda belə deyil. Yazıda görünmürsən ki. Bir balaca fotona görə oxuyurlar səni? Yox, yazdığına görə oxuyurlar. İnanırsan, televiziya sahəsində də elədi. 10 ildir yalnız qonaq qismində televiziyaya çıxıram. İşlədiyim müddətdə fikir verdim ki, nə qədər gözəl qadın gəlib keçdi. Hətta məndən qat-qat gözəl, model görünüşlü qadınlar. Ancaq tez unuduldular. Baqaj çox önəmlidir bu mənada. İstedadın yoxdursa, savadın yoxdursa, bir ay efirdən düş, vəssalam, unudulursan. Ancaq bir də var 10 il efirdə olmursan, amma unudulmursan. Mənim oxucularım arasında o qədər tamaşaçı var ki... Deməli, efirdə tamaşaçının yaddaşında qala bilmişəm. Mən buna görə çox zəhmət çəkmişəm.

- Aysel Əlizadə adında müğənni də var.

- Aha...

- Bunun sıxıntısını çəkməmisən ki, səni onunla qarışıq salarlar?

- Ayxan, bu ölkənin tarixində bircə Aysel Əlizadə qalacaq (gülüşmə).

- Bunu niyə soruşdum? Çox vaxt yazarlar ya atalarının, ya da sevdikləri birinin adını imza kimi götürürlər...

- Mənim soyadımı dəyişib, sonluğunu “zadə” eləyiblər. Bu çox yanlışdır, fars sonluğudur. Ondan sonra elə belə də qaldı. Təklif olub ki, Aysel Aydın ol.

- Yaxşıdır. Səslənişi qulağa yatımlıdır...

- Həm türk sözüdür, həm də mənim obrazımı ifadə edən addır. Düşünmüşəm bu haqda. Bilmirəm, necə qarşılanar.

- Ancaq indi imzanı dəyişmək çətin olar...

- (Gülür). Təzədən bir də Aysel Aydını tanıt. Zülmdür.

- İlk dəfə 18 yaşında çap olunmusan. Özü də “Yeni müsavat” qəzetində...

- Bəli, 18 yaşım var idi. İnan, elə qəribə qız idim ki, divara dırmaşırdım (gülür). Böyük arzuları olan, məktəbdə çox aktiv bir qız, təşkilatçı... Bayramları, tədbirləri özüm keçirirdim, tək başına. Fabriklərin bağlanma vaxtı idi. Sevil xala vardı, karamel fabrikində işləyirdi. Bu da işsiz qalmışdı. Mənə elə həyəcanla danışdı ki, ürəyim ağrıdı. Getdim karamel fabrikinə. Sonra da yazı yazdım. Zahid Səfəroğlu sağ olsun, mənə kömək elədi, çap elədi yazını. Onda “Yeni müsavat”ın gurultulu vaxtları idi. Sonra Space TV-yə getdim. Orda staj keçdim. Televiziyada “Yeni müsavat”da çap olunduğumu deyəndə çaşdılar. Xəbərlərdə çalışırdım. PKK-nın terror xəbərlərini ilk dəfə mən Azərbaycan türkcəsində çatdırmışdım. PKK-a işinə mən baxırdım (gülür). Sonra da ABA televiziyasına getdim.

- Sonra da AYB-nin üzvü oldun, ardıcıl yazıların çap olundu. Şair Aysel Əlizadə gəldi...

- Efir üçün yazdıqlarımı çap etməyə başladım. Birinci yazım Azad Mirzəcanzadə haqqında idi. Çox yaxşı qarşılanmışdı. Şeir yazmağım da belə oldu. Ədəbi verilişlər hazırlayırdım. Bir dəfə Anar müəllimə dedim ki, şeir yazıram. Şeirlərimi göstərdim, çox bəyəndi. Dedi, mən yazıçıyam, şair deyiləm, bir də səni çox istədim, ola bilsin, obyektiv fikir demədim, ən yaxşısı sən Fikrət Qocaya göstər şeirlərini. Fikrət müəllimə göstərdim, o da çox böyük ruh verdi mənə. Az şeir yazdığımı dedim ona. Fikrət Qoca dedi ki, nə olsun, Natəvan da az yazıb. Məni elə şişirtdi ki... (gülür) Ağız da büzə bilərdi, amma əksinə böyük mənəvi ruh verdi mənə.

- Bəs sənə bu cür qiymət verirdilərsə, niyə ayrıldın AYB-dən?

- Şərif elədi... (gülür) Hamısı Şərifin ucbatındandır. O vaxt Fikrət Qoca haqqında yaxşı şeylər danışmadı, onlar da yığışıb Şərifi AYB-dən çıxartdılar. Biz də Şərifnən heç vaxt üz-üzə gəlməmişdik, dost da deyildik. Hadisə mənə çox təsir elədi və istefa verdim. Çünki mən Fikrət Qocanı başqa cür tanıyırdım. Düşünürdüm, yumorla cavab verər ki, ay oğul, hələ qocalmamışam, sağam. Mən dörd ilə yaxın idi ordaydım, ilk prezident təqaüdçülərindən idim. Kitablarım çap olunmuşdu, tədbirlər keçirmişdik, təşkilatlanmışdıq. Yəni daha nə etməliydik? Bilirsən, biz cəmiyyət olaraq nəyisə dəyişməkdən qorxuruq. Evimizi dəyişməkdən, kişimizi dəyişməkdən, işimizi dəyişməkdən... Və dəyişən adamlara da pis baxırıq. Bu niyə getdi? Yəqin vurdular bunu. Adam bunlara görə vəzifədən gedə bilmir e... Ona görə bir yerdə çox qala bilmirəm, qalmaq istəmirəm. Çox rəngli, çox axtarışlı, çox fərqli duyğular, yaşantılar kolleksiyasına çevrilib həyatım. Başqalarının da monoton, sıxıcı həyatını görəndə məyus oluram.

- Aysel, deməli şeirlər yazdın, sonra hekayələr kitabın çıxdı. Sonra da “Qadın peyğəmbər”... Adı da çox iddialıdır. Feminist bir çağırış deyə bilərik buna?

- Bəli. Adı elə inqilabdır. Yəni niyə qadın peyğəmbər olmamalıdır axı? Kitabdan xəbəri olmayanlar adını eşidib deyirlər ki, bəyəm belə şey olar, qadından peyğəmbər olar? O adla döyüşən adamlar görürəm və sevinirəm ki, eləmək istədiyim şey baş tutur.

- Roman avtobioqrafikdir. Və romandakı kişi qadının ucalığa çatmasına, İsa ilə söhbətləşməsinə, bir sözlə peyğəmbər olmasına mane olur...

- Burda məsələ kişinin mane olmağı deyil. Ümumiyyətlə, hər kəs məişət xırdalıqlarından keçərək o ucalığa çata bilər. Obraz qadın seçilmişdi, sən dediyin kimi çağırışı səsləmək üçün, yəni qadın peyğəmbərliyinə çağırışı... Peyğəmbər də simvolikadır. Qadın da yazıçıdır. Və mən yazıçılığı peyğəmbərlik kimi qəbul etmişəm. Cəmiyyət, dövlət yazıçını dinləsə o zaman o cəmiyyət, o dövlət xeyli utopik hal alar. Məsələn, Tolstoyu dinləsəydilər, savaşların qarşısını alardılar, daha ali cəmiyyət qura bilərdilər. Yazıçıların dünyanı xilas edəcəyini düşünürəm. Mən də romanda o qadın yazıçını bir xilaskar kimi göstərmişəm. Qadın filosofların, düşüncə adamlarının fazasına düşür, onlarla söhbətləşir və qayıdıb cəmiyyəti xilas edir.

- “Qadın peyğəmbər”dəki kişi obrazı Azərbaycan kişisinin ümumiləşmiş obrazıdır?

- Hə, standart Azərbaycan kişisidir. Yalanı ilə, xəyanəti ilə... Bir də alkoqolizm. Bu bizdə ciddi problemdir. Mən kişinin içib öz arvadını, uşağını döydüyü bir mühitdə böyümüşəm. Bu o demək deyil ki, yalnız şairlər içir, yazıçılar içir. Alkoqolizm peşə xəstəliyi deyil. Bu ümumi xəstəlikdir. Sadəcə bizim mentalitet hər şeyi malaladığı kimi alkoqolizmi də ört-basdır eləyir. Rusiyada bunu malalamırlar, tənqid edirlər, ayıb kimi baxırlar, həmişə qınayırlar. Onların da həmişə ən böyük problemi alkoqolizm olub. Qadınlarının başqa kişilərdə sevgi axtarmasının da səbəbini alkoqolizmdə görürlər.

- O zaman romandakı kişi Azərbaycan kişisinin portretidir: alkoqolik, əyyaş...

- Hə, alkaş... Orta statistik Azərbaycan kişisinin bədiiləşmiş portretidir. Başqa qatlara enmədim. Bizdə kişilər qadınları sındırmaqla məşğuldur. İstəyirlər ki, qadın ona itaət etsin, əyilsin qabağında. Sınmış bir insan onun nəyinə lazımdır? Ailədə ataya baş əyməlidir bu, o nə deyirsə sözü qanundur, kişi gələndə ayağa qalxmalısan. Niyə e? Kimsən sən? Ata özünü evdə elə aparır ki, elə bil firondur. Ata həlimlik, sevgi, İsa obrazıdır axı. Qayğıkeş... Ancaq döyən, söyən... Hər yerdə belə ata görmüşəm.

- Hiss olunur ki, öz yazdığın roman sənə çox təsir eləyib. Hələ də o təsirdən çıxa bilməmisən.

- O hadisələrin təsirindəyəm, əsərin yox. Bu yaxınlarda bir hekayə yazmışam, “Evimizdəki diktator” adında. Azərbaycandakı orta statistik ata obrazını canlandırmışam. Niyə ətrafındakı hər kəsi sındırmaq deyə bir missiyan var? Sınmış bir insan nəyinə lazımdır? Alçaldırsan və sənin yanında boynubükük olur. Niyə istəmirsən ki, sənin qadının yüksəklərdə olsun? Bu, ən çox pulsuz kişilərdə olur. Onlar pullu kişilər qabağında əzilirlər. Və əzilmişliyinin qisasını evdə öz qadınından çıxırlar. Patriarxal cəmiyyətlərdə birmənalı olaraq belədir. Ona görə də deyirəm ki, qadının gəlişi xilasdır. Kişilərin özü üçün də xilasdır.

- Romana reaksiyalardan narazılığını bildirmişdin. Hətta belə bir iddialı söz də dedin ki, Azərbaycanda mənim romanımı təhlil edəcək tənqidçi yoxdur.

- Mən elə fikirləşirəm ki, romanım haqqında heç bir tənqidçi yaza bilməz.

- Gəl, konkret danışaq. Məsələn, Tehran Əlişanoğlu?

- Yox.

- Rüstəm Kamal?

- Yox...

- Əsəd Cahangir?

- Yox, o da yaza bilməz.

- İradə Musayeva?

- Yox.

- Cavanşir Yusifli?

- Yox.

- Tənqidçi qalmadı e... Bəs niyə elə fikirləşirsən?

- Başqa qatdı, başqa dünyadır, yeni ruhdur. Əvvəlcə qadın ruhunu bilməlidir. Həm də siyasi duyumu olmalıdır. Bizdə də tənqidçilər siyasətə qarışmayan adamlardır. Əminəm ki, onlar romanımı oxuyub qorxuya düşərlər (gülür). Qadın dünyası bizdə çözülməmiş qalır. Belə bir roman olmayıb axı. Sonra romana bir az ateist, bir az xristian gözü ilə baxmaq lazım olacaq. Empati duyğusu olmalıdır. Düzdü, Sabir Rüstəmxanlı roman haqqında yaxşı yazmışdı. O da feministdir. Sabir müəllim də istəyir ki, cəmiyyətin aparıcı qüvvəsi qadın olsun. Siyasi duyumu da var. Bu baxımdan yaza bilmişdi yazını. Romanda bir xalqın insestini yazmışam, doğmaları ilə evlənən xalqın faciəsini göstərmişəm. Təsəvvür elə, qardaş dediyin biri ilə necə bir yatağa girərsən? Dəhşətdir. Bu heyvani hisdir. Və irsi xəstəliklər ötürülür bu yolla.

- Maraqlıdır, bizdə kifayət qədər feministlər də var, feminist qruplar da. Ancaq “Qadın peyğəmbər” geniş yayılmadı. Halbuki feministlər bu romanı yaya bilərdilər.

- Yox, əslində o kitabla özüm məşğul olmadım. Yayımla, reklamla maraqlanmadım. Feministlər özləri bu kitabı yaya bilərdilər, doğru deyirsən. Amma, görünür bizdə hər şey yalnız adladır. Bu kitabdan öz ideyaları üçün istifadə edə bilərdilər. Çünki bu yerli ədəbiyyatdır.

- Bu feministlərin yeganə kitabı ola bilər?

- Hə, bizdə azdı bu. Afaq Məsudun bir neçə hekayəsində var. Feminist çaları olan hekayələrdir, amma nəzəriyyəni, fəlsəfə cərəyanı bütöv olaraq ifadə eləmir. Mənim romanımı sənin dediyin kimi adlandırmaq olar. Feminizm bu gün dünyada ən önəmli cərəyanlardan hesab olunur. Sən feminist deyilsənsə, demək problemlisən, nəsə çatışmır səndə. Çünki feminizm insana hüquq bərabərliyi, demokratiya aşılayır. Feminist hərəkatı qadın və kişi bərabərliyini təmin edəndən sonra ölkələr hüquq bərabərliyi yaratdılar. Feminizm demokratiyanın təməlidir.

- Bu yaxınlarda “Qadın peyğımbər”in ikinci imza günü oldu. Və klipin də yayımlandı. Foto-sessiyalar da eləyirsən. Bəzən deyirlər, yazıçının imicinə zədədir bu. Sən necə düşünürsən?

- Elə düşünmürəm. Hesab edirəm ki, bizəqədərki şair, yazıçı obrazını dağıdıb, yeni, çağdaş şair, yazıçı obrazı yaratmalıyıq. Bir var sərgərdan, bir də var rəsmi, quru şair obrazı. Ya məmurdu, ya da bomjdu (gülüşmə). Çağdaş, fərqli, rəngli şair obrazı yoxdur. Dünyada da belədir. Bir adam bir neçə işlə məşğul olur. Yox, mən ancaq şeir yazacam, ciddi olacam (gülür). Foto-sessiyalar da eləmişəm, başqa layihələrdə də olmuşam, videolar da hazırlamışam. Bu həm mənim həyatımı rəngləndirir, həm də məni sevənlərə xoş enerji ötürür. Niyə də olmasın? Nəyi bacarırıq, onu da təqdim etməliyik. Onsuz da boz cəmiyyətik. Qoy heç olmasa yaradıcı adamlarımız boz olmasın, rəngli olsun. İş ondadır ki, yaradıcı adamlar da boz olmaq istəyir. Əvvəl mənə deyirdilər ki, buna bax, şairdir, foto-sessiya eləyir. Sonra yavaş-yavaş öyrəşdilər.

- Bir vaxtlar deyirdin, Nobeli də gətirəcəm. Nə oldu o işin axırı?

- Gətirəcəm də.

- Vaxtını dəqiq deyərdin heç olmasa...

- (Gülür) Hazırlaşardınız, hə? Gətirəcəm. Sən də gətirəcəksən, mən də. Biz çağdaş yazıçılar bu ölkəyə Nobel gətirəcəyik. Markes Nobel aldı, ondan da Latın ədəbiyyatına maraq artdı, yol açıldı hamı tanındı.

- Sən də yol aç, gələk arxanca...

- Elə də olmalıdır. Biz çox qısqanc yanaşırıq bir-birimizə. Paxılıq. Uğursuzluğumuzun səbəbi paxıllıqdır.

# 6446 dəfə oxunub

Müəllifin son yazıları

# # #