Qapıçı, mühasib, fəhlə, müəllim işləyən yazıçının MÜSAHİBƏSİ

Qapıçı, mühasib, fəhlə, müəllim işləyən yazıçının <span style="color:red;">MÜSAHİBƏSİ
17 yanvar 2017
# 14:37

İman Usuboğlu 80-ci illər nəslinin maraqlı imzalarındandır. 1954-cü ildə Qərbi Azərbaycanda anadan olub.

Klassik şeirlərə yeni tərz gətirib İman Usuboğlu.

Bundan başqa onun nəsr yaradıcılığı da var.

“Yuxu”, “Yox kəndinin sakinləri”, “Fars-major” kimi nəsr əsərləri ədəbi jurnallarda işıq üzü görüb.

Təəssüf ki, yazıçı kimi tanınmayıb. Zaman maşın kimi keçib üstündən.

Ailə, qayğılar, problemlər... Bu ağırlığı həmişə çiyinlərində daşıyıb. Ağrılarını yazıya köçürməklə təskinlik tapıb. Heç nə ummadan...

Kulis.Az İman Usuboğlu ilə müsahibəni təqdim edir.

- Qərbi Azərbaycanda doğulmusunuz...

- Əvvəllər İrəvan xanlığı olan, indi isə Ermənistan adlanan yerdə. Mahalımızın adı Pəmbəkdir. Gürcüstana yaxındır.

- 1988-ci ildə gəldiniz Bakıya?

- Mən 1970-ci ildə gəlmişəm Bakıya.

- Oraları necə xatırlayırsınız?

- Ora mənim Vətənim idi. Ən rahat olduğum yer. Ən böyük arzum da kənddə müəllim işləmək idi. İşlədim də...

- Rusiyada da işləmişdiniz bir ara...

- Universiteti qurtarandan sonra Rusiyaya getdim. Bir müddət Oryolda işlədim. Orda mən sahə müvəkkilinin müavini olacaqdım. Atam zəng elədi ki, dayıların Tümendədir, mən elə bilirdim sən onlardan da uzağa gedəcəksən. Oryol Moskva yaxınlığındadır. Nə isə işləyə bilmədim. Qayıtdım. Ruslarla bir yerdə yaşamaq, adaptasiya olmaq mənə çətin gəlirdi. Hər gün içmək-filan... Gəldim öz doğma yurduma. İndi adı Spitak olan, əslində isə Hamamlı adlanan yerə. Azərbaycan dili və ədəbiyyatından məktəbdə dərs deməyə başladım. Üçmü, dördmü ay işlədim. Ondan sonra kəndimizin məktəbinə dəyişdirildim. Özüm məcbur elədim ki, dəyişsinlər. Çünki qış orda çox soyuq keçirdi, hər gün qar yağırdı. Avtobusla o boyda yolu getmək zülm idi. Sürücülər məni tanıyırdı, bəziləri ilə dost, bəziləri ilə düşmən münasibətim vardı. Türk olduğum üçün ermənilərlə mübahisələrim düşürdü. Mənə aşağılayıcı tonla hansı millətdən olduğumu soruşurdular, mən də “türkəm” deyirdim. Müəllim işlədiyim vaxt kənd sovetinin sədri bir azərbaycanlı qızı zorlayıb öldürmüşdü. 7-ci sinifdə oxuyan başqa bir qızın üstünə şər atdılar ki, sən öldürmüsən. Yazıq 10 il türmədə yatdı. Ermənilər zülm elədilər. Ancaq Allah onların da cəzasını verdi. Kənd sovetinin sədrinin oğlu öldü.

- Siz Bakı Dövlət Universitetinin kitabxanaçılığını bitirmisiniz...

- Bəli. Öz istəyimlə getmişdim. Kənddə məktəb kitabxanasında işləmişdim. Ordan sonra Kirovakan şəhərinə. Ermənilərlə dostluq elədim. Öz-özümə deyirdim ki, görüm bunun axırı necə olur, bir yerdə yaşamaq mümkündürmü. Kimya zavodu vardı, atam 40 il orda işləmiş, sonra pensiyaya çıxmışdı. Məni də zavoda qəbul elədilər, başladım işləməyə. Ancaq mümkün olmurdu. Milli hisslərimə toxunurdular. İstəmirdilər, bizim millət yüksəkdə dayansın. Dözmək qeyri-mümkün idi. Yeyib-içdiyin yerdə bir də görürdün belə deyirlər: “Sən yaxşı oğlansan, amma heyf ki, türksən”.

- İman müəllim, işləyə-işləyə həm də şeirlər yazırdınız...

- Yazırdım yazmağına. Amma heç kimə göndərmirdim, nə də çap etdirirdim. Ermənistan Yazıçılar İttifaqında Azərbaycan bölməsi də vardı. Hidayət Orucov oranın müdiri idi. Mən də şeirlərimi ona oxumağa vermişdim. Bir dəfə “Azərbaycan” jurnalı almaq üçün Gəncəyə gəlmişdim. Jurnalı açıb vərəqlədim, gördüm ki, iki-üç şeirimi veriblər, çox böyük sevinc yaşadım. Sonra da imkan olduqca çap olundum. İsa İsmayılzadə bir dəfə Yazıçılar Birliyinin qurultayında adımı çəkmişdi. Bu da yaddaşlarda qalmağıma səbəb oldu. Sonra da Yazıçılar Birliyinə üzv etmişdilər.

- Sizin nəsr əsərləriniz də var...

- Əslində, mən əvvəllər hekayə yazırdım. Şeirlərimi aparmışdım “Ulduz” jurnalına. Baş redaktorun adını unutmuşam... Şəkər xəstəsi olduğuma görə yaddaşım yaxşı deyil. Bircə onu bilirəm ki, yaxşı şair idi...

- Ələkbər Salahzadə...

- Yaşa! Şeirlərimi çap eləmişdi. Dedim, nəsr də yazıram. Dedi, gətir, oxuyum. “Yuxu” povestini apardım. Oxuyub bəyənmişdi, amma dedi, bu, bizim jurnalda getməz, apar “Azərbaycan”a orda çap edərlər.

- “Yuxu” povestini oxumuşam. Gərdək günü canavara çevrilən gəlin...

- Hə... O povestimi, bir də bir neçə hekayəmi çap etmişdilər.

- Sizin “Fars-major”, “Yox kəndinin sakinləri” nəsr əsərləriniz də maraqla qarşılanmışdı. Rafiq Tağı “Fars-major” hekayənizi əsl klassika hesab etmişdi. Ancaq həm də bir tərəfdən tənqid olunurdunuz. Nəsrinizin Mövlud Süleymanlının nəsrinə oxşadığını deyirdilər.

- Düzdü, deyirdilər bunu. Mövludla eyni mühiti paylaşdığımızdan irəli gələ bilər. Onun əsərlərini oxumuşam, Mövludu böyük yazıçı hesab edirəm. Mövlud Süleymanlı, bir də Çingiz Aytmatovdan öyrənmişəm. Çingiz Aytmatovu rus ədəbiyyatındakı heç bir yazıçıdan aşağı görmürəm. Mövlud Süleymanlının əsərlərindəki həqiqət məni cəlb eləyib. Dünya yalnız insandan ibarət deyil. Sovet vaxtı Allahsızlığın təbliğ olunduğu vaxt Mövludun əsərlərindəki haqq çağırışı riskli idi. Mövlud belə vaxtda deyirdi ki, Allah var, din var... Dostluq, torpaq deyilən anlayışlar var. Mövlud Süleymanlı çox böyük yazıçıdır. Düzdü, dostum Əlabbas Mövlud Süleymanlının onu çap etməməsini haqlı olaraq yazmışdı. Əlabbasın haqqı idi orda çap olunmaq. Ancaq səhvlərini çıxıb əsərlərini ortaya qoyanda görürsən ki, Mövlud çox böyük yazıçıdır. Anar, Əkrəm, Elçin bir yerdə durur, Mövlud başqa yerdə. Onda mistika da var, xalqımızın adət-ənənələri də. Mənim nəsrim də bu mənada ona oxşayır. Mövludun əsərlərində insanlıq tərbiyə olunur.

- Bir az da xəyali dünya. Sizin elə “Yox kəndinin sakinləri”, “Yuxu”, elə Kulis.azda çap olunan “Yalanların gerçək vaxtı” adlı son povestiniz də sanki xəyal dünyasında baş verir. Məsələn, vaxtın edam edilməsi...

- Adam var həyatdan çox şey istəyir, adam da var, istəməyi bilmir. Mən istəmişəm ki, çox kitabım çap olunsun. Heç kim məni məcbur etməmişdi kitabxanaçılıqda oxumağa. Hamısı vaxtın əlində olan bir şeydi. Bizim vaxt öldü. Öldürdülər onu. Bizim nəsil, yəni 80-ci illər yazıçı ola bilmədik. Vaxtı öldürülmüş adamlar necə yazıçı ola bilərlər ki? Niyə mənim vaxtımda yıxıldı sovet hökuməti, bir başqasının vaxtında yox? Hər şeyimi itirdim; vətənimi, işimi, sağlığımı...

- Düzdü, deyirsiniz vaxtımız öldü. Ancaq siz çap olunan hekayələrə, şeirlərə Usuboğlu adı ilə şərhlər bildirirdiniz. Oxu zalında sizin şərhlərinizi tez-tez görürdüm. Sonra şeirləriniz çap olundu və sanki yenidən bir vaxt verdilər sizə...

- Bu yaxınlarda gənclərdən biri ilə söhbətləşirdim. Soruşdum ki, Nizami Gəncəvi kimdir. Dedi, yaxşı futbolçudur (gülüşmə). Bu, vaxtın faciəsidir. Gedib pul verib diplom alır və bitirdikdən sonra Nizami Gəncəviyə futbolçu deyir. Gənclərin içində şərh yazdığım tək-tük adamlar var və mən buna çox sevinirəm. Amma bizdə bəzi çatışmazlıqlar var. Məsələn, kino, teatr haqqında çox az yazılar çap olunur. Anarı sevməsin heç kim, amma onun “Qobustan” jurnalı ensiklopediya kimi təzədən nəşr edilməlidir. Qobustan ensiklopediyası. Cavanlara çatsın, oxusunlar. Bu gün oxuduğum, sevindiyim imzalar var. Kənan Hacı, Şərif Ağayar... Rasim Qaraca ədəbiyyatımıza çox yaxşı təsir eləmişdi. Bir 10 il nəfəs vermişdi gənclərə. Verilən vaxtı itirmək olmaz...

- İtirdiyiniz vaxtı tapdınız deyəsən...

- Tapdım, amma çox gec. İndi görürsən ki, mənim yaddaşım gedib. O zaman qaldıracağım yükü indi qaldıra bilmərəm. Şəkər xəstəsiyəm. Buna görə də yarımçıq qalan yazılarımı tamamlaya bilmirəm.

- Kitabınız da çıxmayıb...

- İstəsəydim çıxardardım. Uşağımın boğazından kəsib kitab çap edərdim. Yoldaşım da xəstədir. Kitaba verəcəyim pulu elə buna xərcləyərəm də. Amma yeni vaxt qazandığıma bir yandan da sevinirəm. Yeni yazılar oxumağa, yeni adamlarla söhbət etməyə...

Amma axı biz niyə maddi çətinlik çəkməliyik? Niyə çətinliklə yaşamalıyıq?

- Müxtəlif işlərdə işləmisiniz...

- Qiymətli Kağızlar Komitəsinin təhlükəsizlik şöbəsində qapıçı işləmişəm. Sonra zavodda da işləmişəm, kimya zavodunda, erməni dilindən sənəd tərcümə etmişəm. Sonra Milli Bankda mühasib işləmişəm. Belə...

- Siz erməni dilini yaxşı bilirsiniz. Tərcümə də etmisiniz. Erməni ədəbiyyatına münasibətiniz necədir?

- İndi xəstəliyimə görə oxuya bilmirəm. Neçə ildir artıq Ermənistandan gəlmişəm. Bəli, onların da yaxşı yazıçıları, şairləri var. Ancaq Ermənistanda ədəbiyyatçı, rejissor, alim olmaq üçün bircə şey önəmlidir, qalanlar ikincidir. Türkə nifrət etmək.

- Bir açıqlamanızı oxumuşdum. Teatr haqqında sorğu idi. Siz demişdiniz ki, işsiz-gücsüz bir adamın küçədəki faciənin içindən bir də gedib faciəyə baxmasının özü elə faciədir.

- O vaxtı “Azdrama”da qolu zorlu cavanları qarovul qoyurdular. Mənim fiziki gücüm bu işə əl vermədiyindən işə götürmürdülər (gülür). Ancaq o uşaqlar məni buraxırdılar ki, sən get tamaşaya bax. Yəni çox tamaşaya baxmışam. Bir dəfə getdim “Azdrama”ya, gördüm, baş rejissor da eyni adamdır, rəssam da. Azər Paşa eyni zamanda rəssam ola bilərmi? Yüzdən çox rəssamımız var, birinə ver işləsin də. Qoy beş-üç manat pul alsınlar. Mən Azər Paşanın sərgisini görməmişəm. Bu faciənin qabağında gedib “Hamlet” faciəsinə baxmaq nəyə lazım? Çölümüzdəki faciəyə də baxmalıyıq. Faciədir də. Evin yox, işin yox, həyatın darmadağın olub, hələ üstəlik teatrda da gedib faciəyə baxırsan.

- Bu ömürdən razısınız?

- Yox, heç razı deyiləm. Bu ömrə tüpürüm mən. Sevdiklərimin heç biri mənim olmadı. Yoldaşımın xəstə olması ilə barışa bilmədim. Məni tanımır, yaddaşı pozulub. İndi yaxşıdır, amma ömür də gedib axı...

- İndi işləmirsiniz?

- Yox, pensiya alıram.

- Dolanmaq olur?

- Olur e, amma baxır necə dolanmaq (gülür).

# 1676 dəfə oxunub

Müəllifin son yazıları

# # #