Prezidentin qucaqladığı uşağın hekayəsi – Ayxan Ayvaz

Prezidentin qucaqladığı uşağın hekayəsi – <span style="color:red;">Ayxan Ayvaz
17 fevral 2016
# 08:30

Kulis Ayxan Ayvazın “Uşaqlar günü” hekayəsini təqdim edir.

Sabah Tiflisdə uşaqlar günü olacaqdı. Məktəbdən indicə gəlmişdik, dinməz-söyləməz çantalarımızı döşəməyə tullayıb paltarlarımızı çıxarmağa başladıq. Evə girən kimi pəncərədən görünən mənzərəyə baxıb qardaşımla şaqqanaq çəkdik. Bir azdan bacım da bizə qoşuldu, balaca əllərini bir-birinə vura-vura şirin səslə güldü.

Bu, balaca gürcü Miriko idi, əlində çubuq hoppanıb düşürdü. Qabağında əzilib-büzülən küçük Mirikonun çubuğu uzatdığı səmtə atılır, tutmağa çalışır, alınmayanda geri çəkilib küskün-küskün havada xətt çəkən budağa baxırdı.

Atamın səsi gəldi, yeməyə çağırırdı. Biz isə pəncərənin qabağından aralana bilmirdik.

- Ay bala, bir tikə çörək yeyin. Yoxsa cinə deyəcəm gəlib aparacaq sizi. – anam idi.

Üçümüz də cindən çox qorxurduq. Ağız-burnumuzu büzə-büzə keçib masanın kənarında oturduq. Biz yeməkdə olaq, sizə Mirikodan danışım.

Səhərdən axşama qədər məhəllədən qırağa çıxmaz. Həmişə əlində bir ağac qırığı o küçə sənin, bu küçə mənim dolaşır. Məşğuliyyət tapan kimi gülləri tabaqda oynayır, bütün günü beləcə yola verirdi. Yorulanda hansısa ağaca söykənib başını qaşıyır, saatlarca belə dayanırdı. Adamlar işdən qayıdanda zəhlələrini tökür, məhəlləyə girənlərə: “Ey! Günəşə bax!” – deyirdi. Hamı Mirikonu başından eləyirdi.

Bir dəfə necə oldusa, Miriko bacıma sataşıb aradan çıxmaq istədi. İki qardaş onu o ki var döydük, yerə yıxıb başından tapdaladıq. Qan şorullayıb burnundan qoluna axsa da Miriko dinməz-söyləməz bizə baxır, qımışırdı. Küçənin başında əlində çörək bir qadın göründü onda. Anamız işdən indicə gəlirdi, Mirikonu uzaqdan görüb əllərini dizinə çırpdı, yüyürüb oğlanın yanına çatdı. Balaca gürcü hələ də yerdə uzanıqlı qımışmağındaydı. Anam döş cibindən burun dəsmalı çıxarıb onun ağzının-üzünün qanını sildi, bizim qaramızca deyindi, qarğış tökdü. Öz dilimizdə: “Allah başlarına daş salsın. Mənə oğul olmasınlar, a bala. Elə kökə düşsünlər ki...” - dedi. Anamın əlindəki çörəyə tərəf əyildi, o da yarı bölüb Mirikoya uzatdı. Elə təntik yeyirdi ki, elə bil əlindən alacaqdıq. “Ay bala, - anam yenə öz dilimizdə danışırdı. – qorxma, mən burdayam. Pox yeyirlər. Tələsmə, ye, əlindən alan döy heç kim”. Miriko anlayan adam kimi başını yellədi və birdən göy üzünü göstərib dedi: “Günəşə bax!”

Məhəlləmizdə tut ağacı var. Böyük, qollu-budaqlı. Atam fotoaparat almışdı, dedi, durun burda şəklinizi çəkim. Əlimizdə şar tutmuşduq, hansısa bayram şənliyindən gəlirdik. Atam əli titrəyə-titrəyə düyməni basanda qəfil arxadan Miriko əlində çörək çıxdı.

İndi o şəkil televizorun başına qoyulub. Mirikonu da anam çox istəyir, şirniyyat bişirəndə kağıza büküb birini də ona verir. Gürcü buna o qədər alışıb ki, evdən yemək iyi gələndə qapımızın ağzını kəsdirir. Hərdən atam zarafatla deyirdi: “O şəkilə ki Miriko düşüb ha, elə bil evimizə də düşüb. Ay Telli – anama deyirdi – sənin üç yox, dörd balan var”.

Atam qaşığı ağzına aparanda fürsət tapıb soruşdum:

- Ay dədə, prezident nədir ki?

- Prezident paççaxdır da...

- Paççax nədir bəs?

- Paççax uşaqlardan böyük olur – yeməyi ağzında gəvələyə-gəvələyə əlavə elədi - Elə böyüklərdən də böyük.

- Onda uşaqlarla niyə görüşür ki, paççax? – bacım yerindən dilləndi.

- Kefi çəkib görüşür də – atam gülümsündü – Həm də sizin bayramınızdır axı.

Gecə yerimizə uzanıb tavana baxa-baxa pıçıldaşırdıq.

- Ay qaqa, prezident də dədəmə oxşayır?

Qardaşım bacıma baxıb qımışdı:

- Yox bir. Səyləmə! O böyükdü.

- Özü də dədəm onun yanında işləyir – mən dedim.

- O da uşaq olub? – bacım soruşdu.

Qardaşımın yuxulu səsi gəldi:

- Yəqin olub da.

- O paççaxdı axı, uşaq deyil.

- Nolsun paççaxdı? O da məktəbə gedib da... – yerimin içindən dikəldim.

- Yıxılın yatın, sabah tezdən durassız, - qardaşım təpindi. – Dır-dır başımı apardız təmiz, qoyun yataq da.

Qardaşım bizdən iki sinif yuxarı oxuyurdu deyə onun kəsdiyi kəlməyə artıq söz ola bilməzdi: öl dedi, ölməlisən, qal dedi, qalmalısan.

Bir azdan saatın çıqqıltısı eşidildi, sükut otağın içində bardaş qurub oturdu. Qapı açıldı, anam içəriyə göz gəzdirdi, köksünü ötürdü, qaranlıqda gözləri fosfor işığına bənzədi, içəri keçib bacımın alnından öpdü. Hamı yatmışdı, bircə mən cırtdan oyaq idim: gözlərim bayaqkı mənzərəyə sancıldı, yerimdə qurcuxmağa başladım.

- Tural!

Anamın səsinə cavab vermədim. Otağa yoldan keçən maşının uğultusu doldu.

- Ox, canıma dəysin, mama hamıdan çox məni istəyir, sabah bayramda mənə marojna alacaqlar. – Bu bacıma bir bax, sən demə, yatmırmış. Hələ qardaşımın da o biri tərəfdən səsi gəldi:

- Sən qızsan deyə öpür səni. Yoxsa məni çox istəyirlər.

- Ee, yox, məni. Sabah soruşacam mamamdan. Paxıllar! – bacım deyəsən dilini çıxartdı, hərəkətin səsi gəldi, sadəcə qaranlıq olduğu üçün görə bilmədik.

Uşaqlar günündə hava elə bil bir az da gözəlləşmişdi. Tezdən altdan-üstən qıfıllanıb, bərli-bəzəkli paltarlarımızı əynimizə keçirib yollandıq prezident babanın olduğu yerə. Prezident ilə hansısa yekə, işıqları bol sarayda görüşəcəkdik. Atam yerin adını da demişdi, amma uşaq ağlı, neyləyəsən, suya yazılan yazı kimi yadda qalmır.

Valideynlərin içəri keçməsi qadağan olunmuşdu. Saraya girəndə elə bilərdin, uşaq baxçasına girmisən. Nəzarətçilər iki dəqiqədən bir gah yuxarı, gah aşağı tərəfdən gələn ağlaşmaya yüyürür, dinc durmaları üçün konfetdən, xaçaburidən verib onları kiridirdilər.

Qabaq yerlərdən birini tutduq. Mən yekə kişilər kimi bacımla qardaşımı təlimatlandırdım: “Səsinizi çıxartmayın. Kirimiş durun. İndi paççax çıxacaq”.

Bir azdan ağ saçlı, kök bir kişi səhnəyə çıxdı. Salonun yuxarısında bir-iki alqış səsi gəldi, sonra bütün iştirakçılar xor dərnəyi kimi buna qoşuldu. Bacım mızıldandı: “Mən əl çalmıyacam”

- Az, görürlər, belə eləmə. Qovallar bizi. – dedim.

Qorxdu elə bil, balaca ələrini bir-birinə vurdu.

Prezident uzun nitq söylədi, uşaqları çox sevdiyini, onların bizim gələcəyimiz olduğunu dedi. Tədbir qurtaran kimi qocanın yanına tələsdik. Mənimlə heç kim yarışa bilməzdi, hamını yara-yara “paççax”la üz-üzə qaldım, bir də gördüm bacımla qardaşım yanımda əsgər kimi farağat dayanıblar.

- Siz tatarsız? – prezident bizə baxıb soruşdu.

Atamız bizə bu sözü öyrətmişdi, üçümüz də başa düşmüşdük. Üzümüzdə təbəssüm başımızı tərpətdik.

- Məni tanıyırsan, qara oğlan?

- Sizi televizorda görmüşəm – tez dilləndim.

- Kiməm mən?

Bacım öz dilimizdə dedi:

- Paççax.

Mən yavaşca onu dümsüklədim. Atamın öyrətdiyi sözü dilimə gətirdim:

- Prezident!

Qoca məni qucağına aldı, alnımdan öpdü, cibindən konfet çıxarıb verdi.

- Sən nə yaman tatarsan! Gəl, səni özümlə aparım.

Mən prezidentin qucağında başımı aşağı salıb dilimi sürüdüm:

- Anamla atam gözləyir axı...

Prezident yırğalana-yırğalana güldü, elə şaqqanaq çəkdi ki, başım hərləndi. Onun yekə əllərindən xilas olmaq üçün çırpındım, balaca ayaqlarımı qarnına vurdum. Bu mənzərəyə baxan, bayaqdan “paççax”la görüşməkdən ötrü dəridən-qabıqdan çıxan uşaqlar elə bil qorxulu filmə baxırmış kimi donub qalmışdılar.

Prezident elə bil birdən ayıldı, məni yerə düşürüb rəsmi qaydada bizimlə əl tutub sağollaşdı:

- Sizi Vətənimizdə görməkdə şad oldum!

Bundan sonra çölə çıxdıq: qardaşımla bacım adamların arasında itib-batdı, tək qaldım.

Ana:Bu balaca yoxdurmu, oddu, od. Görürsən, a kişi, qorxduğum başıma gəldi. Onsuz da avtobusa, metroya girməyimə peşmandım, qucaqdan-qucağa gəzirdi elə. O qədər şirindi ki, küçüyün balası, gürcülər o dəqiqə qapırdılar. Bu da dəcəlin, bicin biri. Yaman xatakar uşaqdı. Bir də görürdün, gürcü qızının qucağında dinc durmur, döşünü çimdikləyir. Özümü yetirirdim, qoqo, sən Allah keç günahından, uşaqdır, bilmir. Qız da mənə baxıb gülürdü, narahat olmayın, deyirdi, bu uşağı özümlə aparacam. Boyy, mən də qorxağın biri, bu uşaq da üç-dörd dəfə yıxılıb, bir dəfə də sistemə taxılıb, kimsə bir söz deyəndə elə bil yaramı təzədən qanadır. İndi də balaca boyuyla hara itib batıb, Allah bilir. Sən mənə ölüm ver, ay Allah.

Ata: “Səndə də az yoxdu, uşağına yiyə dura bilmirsən. Gəl indi bunu tap görüm, nə təhər tapırsan. Ha qışqır, bu qarışıqlıqda necə tapacağıq? Ay uşaqlar, siz də qışqırın, görək bu şeytan hara gizlənib. Amma qabağa getməyin, bizdən aralı düşməyin. Orda polislər var, elə bilərlər siz də o qışqır-bağır salanlardansız, tutub basarlar içəri...”

Qaş qaralmışdı. Sarayın qırağındakı qələbəliyi görəndə ora tərəf yüyürdüm. Çığır-bağır, qəzəbli səslər gəlirdi. Bərli-bəzəkli qutular diqqətimi çəkdi.

Başlarına qırağı zərli silindr qoymuş üç qız tələsə-tələsə adamları yola salırdılar.

- Bu satılan şey nədir? - yanımdakı gürcüdən soruşdum.

- Şəkər...

- Yaxşı, mənə də ver. – qızların birinə dedim.

- Anlamadım. – gülümsündü qız.

Başa düşdüm ki, bunlar gürcü deyil. Anamla bir yerdə türk televiziyalarında o qədər seriala baxmışdım ki, indi nədənsə yekə qutunun içində danışan o adamların burda peyda olmağına şaşırdım.

- Siz türksünüzmü?

- Evet.

- Ben de. – gülə-gülə dedim.

Qızlar elə sevindi, elə sevindi, gəl görəsən, biri məni qucağına götürüb öpüşlərə qərq elədi. Onlara baxanda çərpələng uçurduğum günlər yadıma düşdü. Onda eynən belə sevinirdim. Özü də indi yadıma düşdü: çərpələngim keçən dəfə qırılmışdı.

Qızlar dinc durmur, hərəsi bir tərəfdən məni çimdikləyir, əzizləyirdilər. Mən də qarşılıq verməsəm ölərəm axı! Açıq qalmış döşlər əlimə keçdi. Müştərilər yaddan çıxdı. Adamlar narazılığa başladı. Qışqır-bağırın biri bir qəpiyə... Bir qarı səsini başına atdı: “Ey türk, burax əyləncəni”. O birilər ona qoşuldu: “Ey türk...”

Ana: “Yusiflə Sevinc saraydan çıxanda sən gedibsən türklərdən bir qutu şəkər alıbsan. Sonra yoxa çıxıbsan. Biz səni tapanda bir polisin qucağında idin. Hahaha! Polisin fitini ağzına alıb çalırdın. Elə qorxmuşduq ki, kopoğlu. Həmin gün Tiflisdə yaman qarışıqlıq idi, hamı küçələrə axışmışdı. Dədən deyir ki, prezidenti güc-bəla ilə aparıblar ordan. Yumurta-zad atırlarmış. Biz də səndən yana yaman qorxmuşduq.”

Ata: Uşaq bayramında ölkədə mitinqlər başlamışdı. Hər yerdə aclıq, işsizlik. Gürcülərin də beyni qanlı. Yaxşı ki, uşaq olmusan, polis səni qucağına alıb qırağa çəkib, yoxsa başımıza haranın daşını salardıq. Anan dizinə çırpır, baş-beynimizi aparırdı, sən itmişdin, o biri tərəfdən camaat qışqırırdı ki, istefa.”

Dediklərinə görə, uşaq bayramında itmişdim, bütün gecəni məni axtarıblarmış. Üstündən xeyli vaxt keçib, artıq mən universitet tələbəsiyəm. Bakıda kənardan köhnə gəmilərə bənzəyən bir yataqxanada yaşayırıq.

Uzun müddət bu xatirənin yarımçıqlığı beynimdə dolandı, yata bilmirdim. Elə bil yuvasından çıxan saysız-hesabsız qarışqalar kimi beynimin içində qaynaşan, etiraz edən, plakat daşıyan adamlar yüyürür, qışqırırdılar. Hə, yadımdadır, mən bir polisin qucağında türk qızından aldığım şəkəri yeyirdim. Sonra? Ondan sonrakı xatirəyə qaz bombası atmışdılar sanki: ağappaq tüstünün içində itib qalmışdım.

Yaddaşımı bərpa eləmək həm yaxşı, həm də pis təsir elədi. Bu xatirənin, mənim itməyimin arxası da varmış, sən demə. Bir gecə yuxumdan dik atılıb yerimin içində oturdum və uşaq bayramından sonrakı gün yadıma düşdü, gözümün qabağına gələn mənzərə yumruq kimi mənə dəydi.

Evdə səs-küy vardı, qardaşım, bacım və mən bir-birimizə sığınmışdıq. Bu yerdə yadıma heç nə düşmür. Sonra nəsə qırıldı, atışmadan sonrakı səssizliyi xatırladan bir sükut doldu evimizə. Atamın qışqırtısı ilə sönmüş ocaq təzədən alovlandı. Onun dedikləri indi başımın içində əks-səda verirdi:

- Başa düş, ay itin qarnından çıxan, mən o əclaflarla işləyən deyiləm. Bundan sonra Tiflisdə yaşaya bilmərik. Gözün kordu, bir bax da. Heç kim bu prezidentlə yola getmir. Yavaş-yavaş hamı ərizəsini yazıb çıxır. Mən də elə elədim. Vəssalam, qurtardıq. Gedirik Bakıya!

Düşmən əsirlərə verilən komandaya oxşadı atamın sözləri. Mənə elə gəlir ki, ondan sonra anamın hıçqırtısı eşidildi.

- Kiri, az. Zarıma. – bu səs də yadımdadı, amma bu səsdə vəhşilik, bayaqkı qəddarlıq yox idi. Xatırlayıram, hə, dəqiq xatırlayıram: bu sözlər qırıq-qırıq töküldü atamın ağzından.

Anamın bircə yalvarışla dolu səsini xatırlayıram:

- Balaların yazıqdı, təzəcə gün görürdülər. Niyə başa düşmürsən? Göt öpməklə ağız murdar olmur.

Qorxumuzdan otağımızdan çıxa bilmirdik. Qardaşım bizdən ürəkli çıxdı, qapını aralayıb baxdı, onun başının üstündən gördüyüm mənzərəni indi xatırlayıram: anam yerə sərilib belini tutmuşdu, böyür başında taxta qırıqları vardı, atam isə ayaqüstü siqaret çəkirdi, həm də deyəsən gözləri dolmuşdu.

***

Tiflisdən ayrıldığımız gün uşaq bayramındakı kimi gözəl hava vardı. Anam əşyaları çölə yığmışdı. Bir azdan maşın dayandı evimizin qabağında. Gürcü qonşularımız maraqla bizə baxırdılar, ancaq heç nə soruşmurdular.

Əlimizdə dondurma olsa da, yemirdik, təpənin aşağısından görünən Tiflis mənzərəsinə baxırdıq. O tərəfdə atamın səsi gəlirdi: fəhlələrə göstəriş verirdi. Səhər tezdən məhəlləmiz bazar yeri kimi səsli-küylü idi.

Bir azdan maşına doluşduq, mən anamın qucağında oturdum, yarımçıq qalan dondurmamı eşiyə tulladım. Bu vaxt əlində çubuq kefli adamlar kimi yerində dingildəyən Mirikonu gördüm, gürcü mənlə göz-gözə gələndə gülümsünüb qışqırdı: “Ey! Günəşə bax!” Başımı maşının pəncərəsindən çölə çıxardım, baxışlarım yuxarı sancıldı, Mirikonun barmağı ilə işarə elədiyi yerə diqqət kəsildim, qıpqırmızı üfüqdə günəşi tapa bilmədim.

2016

# 1937 dəfə oxunub

Müəllifin son yazıları

# # #