Seyran Səxavət: “Onun qoxusu üçün darıxırdım” - MÜSAHİBƏ

Seyran Səxavət: “Onun qoxusu üçün darıxırdım” - <span style="color:red;">MÜSAHİBƏ
23 mart 2019
# 16:49

Bu gün Seyran Səxavətin 73 yaşı tamam olur. Kulis.az bu münasibətlə yazıçını təbrik edir və onun 70 yaşında Şərif Ağayar və Ayxan Ayvazla söhbətini oxucuların diqqətinə çatdırır.

- Seyran müəllim, 70 illik yubiley münasibəti ilə sizi təbrik edirik. Söhbətə yeni nəşr olunan kitablarınızdan başlayaq. Yəqin ki, bu nəşrlər yubileylə bağlıdır…

- Demək olar. Amma yubiley olmasa da kitablarım çıxacaqdı.

- Niyə əsərlərinizi “Seçilməmiş əsərlər” kimi təqdim etmisiniz? Bu “Seçilmiş əsərlər”ə istehza deyil ki?

- Onu yozmaq artıq sizin işinizdir. Mən əsərlərimi həqiqətən də seçməmişəm, nə var çap eləmişəm, ona görə də belə təqdim etmişəm.

- Əslində, hamı seçilmiş əsərlər çap edir, ancaq kitaba bütün külliyatını salır.

- Düzdür. Mənə də elə gəlir. Aldatmaq olmaz da. Yaxşı deyil.

- Məncə, bu kitabları oxuyanlar sizin keçdiyiniz yaradıcılıq mərhələlərini görəcək.

- Mənim adını deyə bilməyəcəyim, stajlı dostum, gözəl şair, eşitdiyimə görə bəzi şeirlərini yandırıb. Mən elə şeyin əleyhinəyəm. Yandırılan şeirlər olmasaydı, indi bizi yandıran şeirlər olmazdı. Ən zəif yazı da qalmalıdır. Məsələn, Dostoyevskinin bir məktubunu oxudum. Bu mətn səni təəccübləndirir ki, doğurdan da bunu Dostoyevski yazıb? Elə götürək, Viktor Hüqonu. Hüqo ilk dəfə şeir kitabı çıxarıb. Özü də şair kimi çox talantsız olub. Onun dayısı gedib bütün mağazalardan kitabları alıb yandırıb. Hüqo da səhər düşüb kitab mağazalarına, deyib ki, aha, kitablarım satıldı. Elə bilib ki, əməlli-başlı şairdir. Beynindəki yaradıcı qəfəs şaqqaşaraq açılıb. Və görün ki, Viktor Hüqo necə böyük, necə nəhəng insandır.

- Kafka da demişdi ki, yazdıqlarımın hamısını yandırın…

- Kafkanı oxumuşam, böyük yazıçıdır, təbii. Amma icazə verin, Kafkanın o sözlərinə inanmayım və qeyri-səmimi hesab edim. Çünki insan zəhməti ilə ortaya çıxartdığını məhv etmək istəməz.

- Kafka doğurdan da böyük yazıçı olduğunu bilməyib. Şübhəli imiş özündən… Çünki kitabı satılmırdı, qiymət verən yox idi.

- Əgər həqiqətən də Kafka böyük yazıçı olduğunu bilmirmişsə, deməli, doğurdan da böyük yazıçı deyilmiş. Bəlkə bizi aldadıb? Məşhur bir Şərq məsəli var. Deyir, adam var, bilmir, özü də bilmir ki, bilmir. Dəhşətdir də, bunu heç kim xilas edə bilməz. Adam var, bilmir, amma hiss eləyir, bilir ki, bilmir. Ondan bir şey düzəltmək olar. Adam var, bilir və bilir ki, bilir. Bunlar artıq dahilərdir. Bu çərçivədən götürsək, deməli, Kafka dahi deyil.

- Azərbaycanda da təxminən buna bənzər bir yazıçı var: İsa Hüseynov. İlkin dövrlər yazdığı əsərlərdən imtina etmişdi.

- İsa Hüseynov mən baxan tərəfdən böyük yazıçı idi. Onun əvvəl yazdığı, hamımızın sevdiyi povestləri sonradan yazdıqlarına bənzəmir. Bənzəsə, bir köpüyə dəyməz. Rusun bir sözü var: “Napisano odnoy rukoy”. Yazıçı yazdığının eyni qələmdən çıxdığını hər yazıda bildirməlidir. İsa Azərbaycan oxucusunu yaxşı tanıyırdı və bəlkə də bizi yaxşı mənada aldatmaq istəyirdi. Bu, onun oxuculara qurduğu şirin bir kələk idi.

- Sizin imtina etdiyiniz əsəriniz olub?

- İmtina elədiyim əsər olmayıb. Amma tutaq ki, hansısa əsərdə yazdığım bir yer olub, düşünmüşəm, onu ayrıca bir əsər kimi yazmaq olardı. Məsələn, “Daş evlər” romanında hamımızın tanıdığı təmiz Bakı təsvir olunub. Sovetski yəni. Danışıq ilə deyil, ləhcəsi ilə Bakı... Orda bir alverçi Zəminə obrazı var, hamıya yanan idi. Sonra bu ölür, dəfn mərasimidir. Tabut gedir, qonşular da arxasınca. Mən orda hər adamın daxili monoloqunu vermişəm. Qonşulardan biri fikirləşdi: “O vaxt Zəminə əlini qaldırdı ki, məni filan yerə maşınla apar, aparmadım. Gərək aparaydım.” Bir başqa qonşu: “Alverçi Zəminə məndən pul istədi və dedi ki, iki saata qaytaracam. Gərək verəydim”. Bir növ peşmançılıq hissi ilə gedirlər, qəbiristanlıqda da o peşmançılıq hissi yaşanır. Qəbirstanlıqdan qayıdanda isə ölüm qorxusundan uzaqlaşdıqlarına görə tərsinə fikirləşirlər. Mən bunu ayrıca bir əsərin nüvəsi kimi görürdüm. Ancaq gec idi, “Daş evlər” romanında artıq getmişdi.

- Seyran Səxavət deyəndə, indi də “Daş evlər” və “Qızıl teşt” yada düşür. Baxmayaraq, ondan sonra “Nekroloq”, “Qaçaqaç”, “Yəhudi əlifbası” romanları gəldi. Sizcə, nə idi bunun səbəbi? “Daş evlər” Sovet vaxtı çıxdığı üçün bu qədər populyar oldu?

- Sovet vaxtı “Daş evlər” iki dəfə çap olundu: bir dəfə 40 min, ikinci dəfə 90 min tirajla. O vaxt romanın dörd çap listini (2 intervalla, 25 səhifədir) ixtisar etmişdilər. Öz variantında, heç nə çıxarılmadan ikinci dəfə 1986-cı ildə çap olundu. Çox sürətlə satıldı. Mənim meyarım bu deyil ki, hansısa kitab sürətlə satılırsa, bu gözəl kitabdır. Yaxud da əksinə. Amma bəzən yerinə düşür. 120 min pul gətirmişdi o kitab. 20 minini mənə verdilər. Neçə maşın ala bilərdim o pula. Şura höküməti də 70 min qazandı. Gözəl təcrübə idi. Bax indiki naşirlər onu eləyə bilmirlər.

- Azərbaycanın rayondan gəlmiş çox istedadlı nasirləri olub. Siz də onların ən tipik və diribaş nümayəndələrindən birisiniz. Həm də sizi qoçaq bir adam kimi səciyyələndirirlər. Doğurdanmı belədir?

- Bunun iki izahı var. Lap yeniyetməlik vaxtından başa düşmüşəm ki, ağlayana məmə yoxdur söhbəti mənə aid deyil. Heç vaxt ağlamağı özümə sığışdırmamışam. İkinci, mənim ətrafım, mühit o qədər bədbəxt və zəlil gündə idi ki, bir balaca çevik hərəkətim onlara qəhrəmanlıq və diribaşlıq kimi görünürdü. Əslində ətraf fağır idi. Bu dediyim iki səbəbin fonunda əlbəttə ki, diribaş görünərdim. Bir dəfə Natiq Səfərov mənə demişdi ki, sən nə bəxtəvər adamsan. Həmən gün mən evə bircə çörək alıb vermişdim. Ondan sonra Natiq bunu deyəndə öz-özümə dedim ki, ay Allah, mən heç, buna kömək ol, yazıqdır. Mən özümü qəsdən belə aparmıram, görünür, təbiətim belədir.

- Hətta, Ramiz Rövşənin “Ayrılıq” şeirini ithaf etdiyi xanıma özü sevdiyini deyə bilməyib, onun yerinə siz demisiniz...

- Ramiz bir az ev uşağı idi. Çox tərbiyəliydi. Siqaret çəkmirdi, içki içmirdi, sağa-sola baxmırdı. Ramiz kimi bir neçə tələbəm olub ki, mən onlara siqareti, içkini öyrətmişəm (gülür). Rusların bir sözü var, deyir, “çelovek sam sebe doljen orqanizovat”. Mən bununla tam razı deyiləm. Hər insanın içində bir proqram var. Mənim içimdə Seyran Səxavət ssenarisi var. 70 ildi Allahın mənə yazdığı Seyran Səxavət ssenarisini oxuyuram. Hələ bitməyib. Mən orda baş roldayam. Bu ssenari oxunub qurtaranda artıq mən olmayacam. Ramiz o qıza sevdiyini bilirsən niyə deyə bilmirdi? Dediyim kimi, o, ev uşağı idi, həm də özündən, üz-gözündən arxayın deyildi. Ramizin cibində yumru güzgüsü vardı, tez-tez çıxardıb ona baxırdı. Mənə dərdini açdı. Dedim, nə problem var. İstəyirsən lap dərsdən çıxarıb gətirim. Mənim diribaşlığım bu səviyyədə olub. Qız da ölürdü bundan ötrü. Özü də iki cür ölürdü: birincisi, Ramizin özünə və şeirlərinə görə, ikincisi, gözləyirdi ki, Ramiz nə vaxt dilə gəlib sevgisini etiraf edəcək (gülür). Ramiz o qıza şeir yazmışdı.

- Siz də şeir yazmısınız... Özü də xeyli populyar idiniz.

- İki-üç gün bundan əvvəl Yazıçılar Birliyindəki təqdimatların birində Ramiz Rövşən deyib ki, bizim vaxtımızda ən çox gözümüzü qorxudan şair Seyran idi. Sonra Seyran şairlərin xoşbəxtliyindən, nasirlərin bədbəxtliyindən şeirdən nəsrə keçdi.

- O zərurət necə oldu?

- Açığı, onu heç hiss eləmədim. Elə şey var, duyğu materialıdır, elə şey də var, beynin materialıdır. Beyin duyğu materialına qarışanda nəsr yazılır.

- Şeir yazmış olsanız da, xalq Seyran Səxavəti yazıçı kimi tanıyır…

- Əslində heç kim xalq üçün yazmır. Yalandan xalqın boynuna minnət qoyurlar. Yazıçı da, rəssam da minnət qoyur. Xanəndə deyir ki, 60 il bu xalqa qulluq eləmişəm. Mahnı oxuyub, pulunu almısan də (gülür). Mənim yaxşı bir eqoizmim var. Yazanda özümə xidmət etmişəm ki, yüngülləşim. Xırda-xuruş nə yaradıcılığım varsa, mən elə bil “şvetski” stol açmaqla əslində özümə xidmət etmişəm. Oxucu da kitabımı oxuyubsa özünə xidmət edib.

- Seyran müəllim, 60-cılardan sonra sizin özünüzü təsdiq etməyiniz çətin olmadı ki?

- Səmimi deyirəm, mən heç bir çətinlik hiss etmədim. Hamı öz əvəzinə yaşayır. Kimsə kiminsə payını yeyə bilər, kimsə kiminsə yerinə vəzifədə otura bilər, ancaq pis, ya yaxşı olmağından asılı olmayaraq, hərə ancaq öz əvəzinə ömrünü yaşayır. Yaradıcılıq da elədir. Şeir gecələri keçirilirdi o vaxt, inandırım sizi, qapı-pəncərə silkələnirdi. Onda məndə arxayınçılıq olurdu ki, 60-cılar nə edir-etsin. Siz deyən kimi, mən həqiqətən populyar olmuşam. Bir dəfə rəhmətlik Əlibala Hacızadə, mən, Zahir Əzəmət, bir də bir xanım bir tədbirdə iştirak edirdik. Nərgiz Cabbarlı moderator idi, İctimai TV də çəkirdi. Orda da əksəriyyəti filologiya fakültəsinin tələbələri idi. Soruşdular ki, Əlibala Hacızadəni tanıyırsız, heç kim tanımadı. Ondan soruşdular, Əlibala müəllim də dedi ki, vallah, mən məktublar alıram oxucularımdan. Başqalarının adını çəkdilər, elə məni də, tanımadılar. Məndən soruşdular, sizin münasibətiniz necədir? Dedim, siz evə gedəndə analarınızdan məni soruşarsınız, onlar məni yaxşı tanıyır. O vaxt qızların yazdığı gündəliklərin çoxunda mənim şeirlərimi var idi. Bu bir həqiqətdir.

- Sizin əsərlərinizdə Azərbaycan reallıqları da mərhələ-mərhələ göstərilib. “Nekroloq”, “Qaçaqaç”, “Yəhudi əlifbası”... Ümumiyyətlə, mənim fikrimcə, yazıçının tematikası olmalıdır. Siz necə düşünürsünüz, yazıçı üçün mövzu nə deməkdir?

- Öz yaradıcılıq mətbəximi deyim. Lap uşaq vaxtından Qızıl Meydanı, Lenini, Stalini görməyə-görməyə onlara şeir yazmışam. Onda həyatdan yox, dərsliklərdən gəlirdi mövzu. Üçüncü-dördüncü sinifdə oxuyanda öz-özümə qeyd edirdim ki, filankəsdən yaz, filankəsin arabasından yaz. Ancaq peşəkar sənətin ərazisinə qədəm qoyandan ta bu günə qədər məndə mövzu seçmək söhbəti yoxdur. Hiss edəndə ki, artıq dolmuşam, yüküm ağırdır, on beş gün hər şeydən imtina edirəm. İdmanla məşğul oluram ki, sağlam olum. Sonra üç addım, dizin-dizin yaxınlaşıram yazı masasına, əlimi havaya açıb deyirəm, Allah mənə kömək elə. Mən fanat deyiləm, inanın. Əsas burda birinci cümləni yazmaqdır. Birinci cümlə çox çətindir, onu sən özün yazırsan. Birinci cümlənin uğuru yaxşı mənada səni intiriqaya çəkir. Ancaq elə cümlə olmalıdır ki, söz səni aparsın. Bir var adam sözün əlindən tuta, bir də var söz adamı apara. Sözün apardığı müəllif heç vaxt peşman olmaz. Mən romanı da belə yazıram, şeir kimi. Masadan qalxmıram, fasilə eləmirəm.

- Hansı romanınızı daha çox sevirsiz?

- “Yəhudi əlifabası” romanım var, təəssüf ki, heç kim oxumadı onu. Heç bir tənqidçi o romanı analiz eləmədi. Mənim özümə də maraqlı idi ki, onun altında nələr var. Adamın bütün balaları əzizdir. Ancaq özümün ən möhşətəm əsərim, yanlış çıxmasın, dünya ədəbiyyatındakı böyük əsərlərdən geri qalmayan, bəlkə də üstələyən “Yəhudi əlifbası” romanıdır. Ona heç bir reaksiya olmadı. Mən də özümə belə təskinlik verdim ki, bu roman ağırdır, başa düşməyiblər, bizim camaatlıq deyil. “Yəhudi əlifbası”nı şeir sürəti ilə yazdım, çox qısa zamanda.

- Siz Orhan Pamuku oxumusunuz?

- Orhan Pamukun rus və Azərbaycan dillərində beş-altı kitabını verdilər mənə, oxuya bilmədim.

- Bu sualı ona görə verdim ki, Orhan Pamuk daha çox qurğu, struktur üzərində işləyir…

- Mətn öz özünü qurmalıdır. Mən yazı masasına oturanda heç nə haqqında düşünmürəm. Sözə, onun mənə olan mərhəmətinə arxayınam. O qurğu işinə çertyoj kimi baxıram. Redaktə işi də olmur məndə, beynimdə redaktə edə-edə qələmə alıram. Bu mənim iş üslubum, stilim də deyil. Öz-özünə belə alınır.

- Sizin dost çevrəniz də genişdir. Mənə şəxsən çox maraqlıdır, radikal çıxışları ilə tanınan Seyran Səxavət necə olur ki, vəzifədə olan adamlarla çox yaxşı münasibətdədir, onlarla dostluq edir? Bir yazıçı üçün dostluq nə deməkdir, ümumiyyətlə?

- Bunu da özüm təşkil etməmişəm. Görünür, Allah məni sevir. Hətta Allahın sevimli bəndələri siyahısında öz adımı da görmüşəm. Ani olaraq. Necə deyərlər, gözüm qəfil sataşıb. Oranı rahat oxumaq olmur axı... Mənim birinci dostum vardı, 6-7 yaşından bir yerdə idik. Onun iyi mənim xoşuma gəlirdi. Bəzən tayanın içində yatırdıq. İndi o adam rəhmətə gedib. Mən həmişə onun qoxusu üçün darıxırdım. Zeynal idi adı, mənim ədəbi çevrəm onu yaxşı tanıyırdı, yeyib-içən oğlan idi. Əsərlərimdə də adı hallanır. İçki məclisində hər dəfə deyirdi ki, ay şairsən, yazıçısan nəsən, de görüm, bəşəriyyətin ən böyük kəşfi nədir? Demə ki, atom bombası, hidrogen ha. Mən də deyirdim ki, sən kefli, mən ayıq, bu suala çətin cavab verərəm. Onda o deyirdi ki, bəşəriyyətin ən böyük kəşfi bir beldən, qarından gəlməyən iki adamın bir-birinə olan sevgisidir. Dostluqdan söhbət gedir burda. Dost azdı və onun maqnit sahəsi də azdı.

- Doğrudan da insan dost üçün daha asan ölümə gedir, nəinki, tutaq ki, qadın üçün...

- Qadın məsələsində həmişə bolluq olub. Dünyanı bir bazar kimi görsən ən bol, ən ucuz, alınıb-satılası olan qadındır. Ancaq dost hansı bazarda satılır? Bir var atadan, anadan gələn bacı-qardaş, sonra qohum-əqraba. Bu Allahın razılığı və valideynlərin fəallığı ilə yaranan bir şeydir. Bir də var sənin öz qazancın. Dost öz qazancındır. İndiki gəncliyin heç bir sahədə qazancı yoxdur. Nə dostluqda, nə tərbiyədə, nə əxlaqda. Amma məndə ünsiyyət, münasibət həmişə yaxşı olub. Mən dostlarımdan Allahım qədər yarımışam. Bəlkə güclü görünməyim həmin o dostlara görədir.

- Gəncləri oxuyursunuz?

- Gənclərin demək olar, hamısını oxuyuram. Axırıncı dəfə Kəramət Böyükçölün “Çöl” romanını oxudum, zəng eləyib fikrimi də özünə dedim. Aqşin Yeniseyi, Qan Turalını, Şərif Ağayarı oxumuşam. Ayxanın o dəfə bir yazısını oxudum, məni yaman kövrəltdi.

- AYB-nin qurultayında demişdiniz ki, gənclərin ruhu yoxdur…

- Yox, elə deməmişəm. Çıxış var, gedin baxın. Mən istedadlı gəncləri sevirəm. Gənclər də bir dəfə dedi ki, sağ olun, Seyran müəllim, siz bizi müdafiə eləmisiniz. Mən də dedim, özünüzə götürməyin, mən sizi yox, bizim gələcəyimizi müdafiə eləmişəm. Məsələn, “Çöl” romanını oxudum. O qədər gözəl yazıb ki…

- Amma bir az səydərəş uşaqdı...

- Hə, səydərəşdi bir az. Özünə demişəm ki, tərbiyəli ol, sənin tərbiyəndə qüsur var. Füzulidə Şəfiqə xanım adlı qonşumuz vardı, Süleyman Rəhimovun qızı... Həmişə müəllimə anamı bezdiridim ki, Süleyman Rəhimov gələndə məni onunla görüşdürsün. Nənəmgilin qonşusu idi. Süleyman Rəhimovu mən birinci dəfə görəndə dedim ki, olar əlimi əlinizə sürtüm. Bu, bəzi gənclərin təqdim elədiyi kimi fanatlıq və mütilik deyil. Ürəyim istəmişdi sadəcə. Öz-özümə deyirdim ki, görən atamın əli ilə onun əli bir-birinə oxşayır? Əlimi toxunduranda hiss elədim ki, bu dədəmin, qağamın əli deyil. Və bu təəccüb də mənim nə vaxtsa babat hekayə yazmağıma kömək olub. İnanmayan və təəccüblənməyən adam nə yazıçıdır, nə rəssamdır, ümumiyyətlə insan deyil.

- On-on beş il əvvəl daha azad, idarə olunmayan gənc yazarlar ortaya çıxdı. Onlarla AYB arasında barışmaz savaş başladı. Amma biz Seyran Səxavəti Anarın və AYB-nin dostu kimi gördük. Bu kənardanmı belə görünür, yoxsa doğurdanmı belədir?

- Məni parçalamaq olmaz və mənə heç kim diktə edə bilməz ki, filan şeyi filan cür elə. “Alatoran” jurnalının hər sayını oxuyurdum. O jurnalı oxuyanda havamı dəyişirdim. Ancaq bütün bu mübarizə deyilən bir şey var ha - mən bunu mübarizə hesab etmirəm. Mübarizənin əvvəl-axır nəticəsi olur. Bu yazarların AYB ilə başlatdığı mübarizə hələ də öz yerində sayır, nə dala gedib, nə də qabağa. On il əvvəl demişdim ki, Yazıçılar Birliyindən Anarı çıxarıb, Məhəmməd Füzulini qoysan da xeyri yoxdur, həmən şey olacaq. Bu gənc yazarların “mübarizə” dövründə yazdıqlarını izləmişəm, narazı olanların AYB-dən nə istədiklərini başa düşə bilməmişəm. Sonra belə başa düşdüm ki, nəsə istəyiblər, o da alınmayıb və deyiblər, AYB ləğv olunmalıdır. Mən səmimi deyirəm, AYB-yə həmişə klub kimi baxmışam. Qurultayda Məmməd İsmayıl çıxış eləyəndə nəsə deyib, eşitməmişəm, o vaxt siqaret çəkmək üçün çölə çıxmışdım. Sonra mənimlə bağlı Qan Turalının yazısı getmişdi ki, guya mənim umacağım var. Əgər mənim umacağım var idisə, niyə bir həsirəm, bir də məmmədnəsir? Əməkdar İncəsətən xadimi deyiləm, Xalq yazıçısı deyiləm, Prezident təqaüdü almıram. Əlimdə böyüyən uşaqlar indi xalq yazıçısı, xalq şairidir. Hansı umacaqdan söhbət gedə bilər? Məmməd İsmayılın o çıxışından sonra Anar müəllim haqqında vaxtıyla yazdığı tərifli bir yazı çıxdı ortalığa.

- Anarın yaradıcılığından yazı yazmaq o demək deyil ki, onun əleyhinə danışmasın. Məncə, Məmməd müəllim çox ləyaqətli çıxış etmişdi. Qurultayda demişdi ki, Anar müəllim, siz əvvəl mübarizə aparırdınız, demokratik düşüncəli bir insan olmusunuz, indi AYB-nin qurultayıdır və fərqli, alternativ fikir səsləndirən yoxdur. Hanı alternativ namizəd? Bu necə qurultaydır?

- Özü bilər. Mən demirəm, Məmməd İsmayıl səhv deyir, ya düz. Onun çıxışından sonra xəbər tutmuşdum. Bir işi yenidən qurmaq, uçurtmaq, ya da tikmək istəyəndə onu yüz ölçüb bir biçmək lazımdır. Bir körpünü ən yaxşı halda yüz günə tikmək olar, ancaq yüz körpünü bir gündə yandırmaq mümkündür.

- Vaxtıyla “Qızıl teşt”iniz tamaşaya qoyulub, çox populyar olub. Son dövrlər pyes yazmamısınız?

- “Qızıl teşt” pyesini təkliflə yazmışam. “Azdrama”nın repertuarı ilə bağlı müzakirə olub. Həsən Turabov direktor idi. Tofiq Bayram durub “Azdrama”nın repertuarını yıxıb sürüyüb. Deyib ki, bu nədi, dadsız-duzsuz, mənasız tamaşalar qoyursuz, ona görə gələn yoxdur tamaşalara. Onlar da deyiblər ki, biz aktyoruq, səhnədə oynayırıq, yaxşı əsəri yazın gətirin də. Tofiq Bayram da deyib, Seyran Səxavətin “Qızıl teşt” povesti çap olunub, xahiş eləyin, yalvarın, pyes eləsin. Həsən Turabov mənə zəng elədi, dedim, ömrümdə dram yazmamışam, bunun da səbəbi odur ki, xasiyyətcə də dramatik adam deyiləm. Dedi, görüşək, müzakirə edək. Axırı getdim teatra, məni Bəhram Osmanovla tanış elədi. Cavan oğlan idi onda. İlk tamaşası idi “Qızıl teşt”. Həsən dedi, bu, hazır pyesdi. 10-15 günə yazdım, gəldim teatra. Bədii şura yığıldı. Mikayıl Mirzə oxuyurdu, ağlaya-ağlaya özü də. Amalya Pənahova dedi ki, – baxmayaraq, sonradan başqa söz dedi – bu əsər bomba olacaq. “Azdrama”nın protokolunda bu əks olunub. Tamaşa yüzdən yuxarı anşlaqla keçdi. İsmayıl Şıxlı yazmışdı ki, mən uzun illərdir səhnədə belə bir əsər görməmişəm. Xəlil Rza odlu yazı yazmışdı, İlham Rəhimli, Hidayət Orucov, Bəxtiyar Vahabzadə yazmışdı tamaşadan.

Sonra siyasi situasiya dəyişdi. Bağırovun yerinə Vəzirov gəldi. Əsəri siyasiləşdirib öz məqsədləri üçün istifadə etdilər. Məni və rejissor Bəhram Osmanovu gündə çağırırdılar Mərkəzi Komitəyə ki, tamaşanın burasını belə eləyin, orasını elə, bunu çıxarın, onu çıxarın. Mən də deyirdim, ümumiyyətlə tamaşanı repertuardan çıxarın. O da olmazdı.

- Sizin hədəfiniz kim idi əsərdə?

- Komunnist Partiyası – komunnist rejimi. Zamanına, məkanına görə bu əsəri istənilən komunnistə yönəltmək olardı. Əsəri çox siyasiləşdirdilər. Bu siyasiləşmə vecimə deyil. Əsas o idi ki, istədiyimi yaza bilmişdim. Orda cavan oğlanın taleyi, orta yaşlı nəslin taleyi, iki qocanın – qadın və kişinin faciəsi var.

İndi pyes yazmıram. Özümü də dramaturq saymıram.

- İndi nəsə yazırsınız? Yeni əsər var?

- İndi heç nə yazmıram. Dolmağı gözləyirəm.

- Son olaraq 70 yaşda belə gənc qalmağın sirrini açardınız...

- Gözü-könlü tox olmuşam. Aza qane olmuşam. Bu gün maşınımı yuduzdurmuşam və mənə möhkəm ləzzət eləyib. Halbuki burda qeyri-adi heç nə yoxdur. Bütün qələm dostlarımın əsərlərini sevmişəm, elə bil özüm yazmışam. Çox adi, sadə şeylərdən xoşbəxt olmağı bacarmışam. Məncə, ən böyük sirrim budur.

Müsahibəni aldı: Şərif Ağayar və Ayxan Ayvaz

# 8974 dəfə oxunub

Müəllifin son yazıları

# # #