Kulis.az Aydın Talıbzadənin “Müfəttişin rüşvət teatrı” adlı məqaləsini təqdim edir.
Harada “Müfəttiş” var, yanında mütləq “Ölülər” dayanır.
Harada dirilər ölü kimi yatır, onları ayıltmağa həmişə bir müfəttiş tapılır.
Bir qazalaq yolu bəs edir ki, “Müfəttiş”dən “Ölülər”ə çatasan: İskəndər həmişə Xlestakovun qonşusudur: revizorro Firəngistandan da gələ bilər, Moskvadan da.
“Müfəttiş”lə “Ölülər”in repertuarda “qol-qola girib” teatrı reklam eləməsi yaxşı bir əlamət! Mirzə Cəlilə də min rəhmət, Qoqola da min-min...
Amma kimə gülürük?! Əlbəttə ki, özümüzə. Əgər gülürüksə, əgər gülə biliriksə... Çünki Qoqolun da, Mirzə Cəlilin də dünyasında vahiməli kabuslar, təhlükəli danabaşlar, qorxulu, adamsifət siçovullar, cinlər, şeytanlar, saqqallı uşaqlar dolaşır...
Öncə rejissor Mikayıl Mikayılovun qurduğu “Müfəttiş” tamaşasının mövzu seqmentləri: rüşvət, yaltaqlıq, xəyanət, satqınlıq, şəhvət, əxlaqın devalvasiyası. Rejissor yozumunun konseptual tezisini mən bu cür qavradım: “Müfəttiş” dünyanın rüşvət teatrıdır: rüşvətin anatomiyası, sosiologiyası, dialektikası, futurologiyası və kulturologiyası burada.
Rüşvət vermək də, rüşvət almaq da bir tamaşadır: elə tamaşa ki, ayinə maksimal şəkildə yaxınlaşır. Bu müstəvidə rüşvət həm də qumar variantı olur, qumarla sərhədləşir. Rüşvəti vermək üçün də, rüşvəti almaq üçün də, eynən ayin və qumarda olduğu kimi, gərək aktyorluq eləyəsən, oyun qurasan, qarşındakı “ac hərifi” inandırasan və aldadasan.
Mikayılın “Müfəttiş” tamaşası bu fəlsəfi fikir modusunun səhnə məkanında bədii-vizual gerçəkliyidir. Odur ki, səhnədə qumar kimi şıdırğı rüşvət-rüşvət oyunu gedir: hərənin öz partiyası, öz gedişi, öz pulu və öz bicliyi; yəni qrim rəngarəngliyi üçün, improvizələr üçün aktyorlara təklif edilən imkanlar boydan. Elə Xlestakovun məktubundan bəlli bənzətmələr, ad və soyadlarda şifrələnmiş mənalar da nəyə desən dəyər! Əlbəttə ki, yaradıcılıq fantaziyası olsa... Axı Qoqolun magik realizmi təxəyyülü haralaracan istəsən uçurub aparar...
“Müfəttiş” də o tamaşadır ki, burada hər hansı bir rolun ifaçısı ertəsi gün səhər məmləkətin ulduz aktyoru kimi öz yuxusundan ayıla bilər. Təəssüf ki, Milli Dram Teatrının “Müfəttiş” tamaşasında aktyorlar belə bir perspektivdən uzaqdırlar...
Hərçənd tamaşa bütövdür: mizanlar, epizodlar ilmə-ilmə bir-birinə bağlanıb. Musiqi, xüsusilə birinci hissədə, Qoqol dövrü Rusiyasının əyalət həyatını yüngülcə dingildəyə-dingildəyə bəmdə “çalır”. Səhnə qara qutudur, mərkəzdən çilçıraqla işıqlandırılır. Arxa plan (quruluşçu rəssam İlham Elxanoğlu) divar boyu asılmış müxtəlif ölçülü içiboş çərçivələr kollajıdır: rusların əyalət şəhərləri üçün xarakterik taxta evlərin fasadına da oxşadıla bilər, rüşvətxorların pətəyinə də. Hər çərçivədən bir xaç da görünsəydi əgər, onları tabut rəmzi kimi də anlamaq olardı. “Hər bir tabut modifikasiya olunmuş çərçivədir” fikrindən itələnsək, o zaman görəcəyik ki, “Müfəttiş” əhli də elə potensial ölülərdir.
Rejissor da, rəssam da səhnə planşetini əlavə heç nə ilə yükləməyib: epizoda minimal nə lazımsa, məsələn, masa, stol, taxt, qapı, o da əlüstü səhnəyə çıxarılır. Ortadakı çərçivə-taxça-tabut Qoqolundur, mişovul Qoqolun, qara şinelli, uzunburun mayestro Qoqolun. O, “Müfəttiş” pyesini dövlət xəzinəsini dağıdan siçovul məmurlar haqqında yazıb, özü də olub onların kralı. Qəribədir, mən tamaşaya baxarkən alman yazarı E.T.A.Hofmanın nağılı əsasında rus P.İ.Çaykovskinin bəstələdiyi “Şelkunçik” (“Fındıqsındıran”) baletini xatırladım. Rüşvət də Xlestakovun fındıq qismində məşğulatıdır.
Yeri gəlmişkən, “Sonalar gölü” baletindən də məşhur nömrələrin Dobçinski-Bobçinski (sonalar dəstəsinin birgə rəqsinin fraqmenti), Anna Andreyevna (Ağ sona) və Marya Antonovna (Qara sona) tandemində karikatura tərzli təqdimi parateksti pozsa da, tamaşada getdikcə tündləşən rəngləri açır. Dobçinski-Bobçinski əl-ələ tutub “Sonalar gölü”ndən kiçik bir fraqmenti kəntöycəsinə karikaturaya çevirəndə sirk itlərinə oxşayırlar. İfa ala-yarımçıq, plastik və sərrast olmadığından bu improvizə tamaşanın oxunuşuna və estetikasına heç bir bonus gətirmir.
Adətən, qadınlar qonaq qəbul eləyəndə geyinib-keçinərlər. Mikayılın “Müfəttiş” versiyasında Anna ilə Marya isə əksinə, soyunub balet kostyumunda Xlestakovu qarşılamağa çıxırlar. Epizod qəfildir, effektlidir, xəfif təbəssüm doğurur, vəssalam: amma tamaşanın sensasiya fraqmenti kimi seyrçini etkiləmir. Nədən ki, tanış və istifadə edilmiş priyomdur. Bu bir tərəfə: icra da səliqəsiz və zövqsüzdür. Bir də klassik balet dəstinə öyrəşməmiş azərbaycanlı aktrisalar bu geyimdə həməncə diskomfort yaşayırlar.
Tamaşada rejissorun fikir və mizan partiturası sanki həqiqətən notlar üzrə yığılıb. Mizanlar və tərtibat düşüncələr zənciri yaradır, hər şeyi çox aydın və səlis danışır, nəyi ki rolların ifaçıları barədə söyləmək olmur. Ona görə mənə elə gəldi ki, bu partitura tamam başqa aktyorlardan ötrü “biçilib”, ancaq Milli Dram Teatrının aktyorlarının “əyninə zorla geyindirilib”. Nədən anladım mən bunu? Ondan anladım ki, aktyorlar tamaşanın rejissor partiturası ilə müəyyənləşmiş taktlara dəqiq düşə bilmirlər, tamaşanın ritmik strukturunu heç cür tuta bilmirlər: tamaşanın tələbinə uyğun yox, özlərinə uyğun oynayırlar. Onların ifaları təqribidir, konkret deyil və hərə bacardığı qədərincə oynayır, yəni həmişəki kimi, yəni hər zaman Milli Dram Teatrında olduğu kimi.
Ol səbəbdən mən “Bəlkə bu tamaşa imitasiyadır?” deyə fikirləşdim. Çox ola bilər, məqamlarca hətta birbaşa iqtibaslardan da söz açmaq mümkün. Nə olsun ki? Məgər müəyyən bir dəb zamanı insanlar bir-birinə baxıb geyinmirlər? Geyinirlər, amma deyirlər ki, bu dəb filan-filan modelyerdəndir... Sənətdə də hamı bir-birindən öyrənir, bir-birindən təsirlənir, bu ondan, o da bundan nəyisə bəyənib özəlləşdirir, di gəl, demir ki, həqiqi müəllif kimdir. Azərbaycanın bir sıra rejissorları, hətta tanınmışları belə, tarix uzunu (sübut-dəlil boydandır) məhz Moskva və Peterburq teatrlarında gördükləri tamaşaları gəlib Bakı səhnələrində imitasiya eləyiblər, başqa rejissorun hər hansı bir bədii mətnə verdiyi konseptual həlldən faydalanıblar. Teatr aləmi buna təhqiramiz baxmır: təki nəticə əldə edilsin, tamaşa sevilsin, camaatı ehtizaza gətirsin.
Milli Dram Teatrında isə bu, alınmayıb: parlaq, yadda qalan aktyor oyunu tamaşada, demək olar ki, yoxdur; azacıq Rövşən Kərimduxt Lyapkin-Tyapkin rolunda fərqlidir, xarakterə müvafiq personajın yerişini, jestini qura bilib, qrim, parik və geyiminə sonacan adekvat olub.
Mikayıl Mikayılovun konsepsiyasına görə Xlestakov tamaşada rüşvət teatrının cavan rejissorudur. Nə tuhaf ki, bu konsepsiyanın filiqran aktyor həllini seyr edə bilmirsən.
Tamaşanın rejissor partiturasında aktyorlar ağır və ləng görünürlər, zorən aktyor kimi görünürlər, əlacsız və çaşqın, bəlkə də məşqsiz görünürlər, rol xaricində görünürlər, canlarını dişlərinə sıxıb oynayırlar və oynadıqlarından həzz almırlar.
Halbuki “Müfəttiş”, “Ölülər” kimi tamaşalar teatrın şansıdır, aktyor talelərinin şansıdır.
Çox vaxt bizim rejissorların aktyorlarla axıracan, qələbə nöqtəsinə qədər işləməyə əsəb, güc və həvəsləri çatmır. Konsepsiya var, ümumi bədii həll tapılıb, ancaq tamaşa heç cür bir orkestr kimi səslənmir ki səslənmir. Aktyorlar rejissora, rejissor da aktyorlara inanmır. Sonucda tamaşa bədii kəşf səviyyəsinə yüksələ bilmir. “Müfəttiş”də isə hər personaj, hər epizod rejissorun və aktyorun kəşfi olmalıdır. Başqa cür “Müfəttiş” tamaşasını hadisəyə çevirmək mümkünsüzdür. Başqa cür “Müfəttiş” tamaşası səhnədən təkərləri buraxmış maşın kimi görünür.