Misirdə kral Tutanxamonun məzarının tapılmasından 100 il sonra yeni firon məzarı aşkar edilib.
Kulis.az xəbər verir ki, məzar, təxminən, 3500 il əvvəl hökmranlıq edən firon II Tutmosa aiddir.
Əslində, sərdabənin girişi və əsas keçidi 2022-ci ildə aşkar edilib, lakin qazıntılar davam etdikcə məzarın firon II Tutmosa aid olduğuna dair dəlillər ortaya çıxıb.
II Tutmos Misirin 18-ci sülaləsinin dördüncü fironu olub. Daha çox Nubiyadakı üsyanı yatırtması və Levant bölgəsində üsyanları dayandırması ilə yadda qalıb. Arxeoloqlar onun məzarını 18-ci sülalədən qalma sonuncu böyük kəşf hesab edirlər.
Qeyd edək ki, bu kəşf Misirdə son illərdə ən mühüm arxeoloji tapıntılardan biri hesab olunur.