Mağar və mağara

Mağar və mağara
13 aprel 2019
# 11:15

Türklərdə səbəb-nəticə əlaqəsini göstərən belə bir deyim var: “Nereden nereye”. Keçmişlə indi, indi ilə gələcək arasında bizi “canlı bağlantı” qurmağa vadar edən bir deyimdir; biz harada idik, hara gəlib çıxdıq. Yaşadığımız həyat arzuladığımız həyatdırmı? Vaxtilə təbiət bizi qazanmaq üçün üzərimizdə təcrübə aparırdı, indi biz qazanmaq üçün təbiətin başına oyun açırıq.

Qazandığımız nə varsa, bu vəhşi ananın öyrətdikləridir: o cümlədən, heç nədən sənət yarada bilmək bacarığı.

Gəlin, bir az sənət tarixinə nəzər salaq; çünki son zamanlar Azərbaycanda – efirdə, mediada, kafelərdə, hətta evlərdə belə bir mübahisə gedir: Sənət nədir? Yaxud nə sənət deyil?

Vəhşi ana bizi necə sənətkara çevirdi? O, sadəcə, bizə yetimlik öyrətdi. Biz bu analı yetimliyi sənətə çevirdik.

İzah edəcəyəm: Əvvəlcə bu amansız ana bizi geniş düzənlərə atdı və məlum oldu ki, bizi parçalamaq gücündə olan yırtıcıların ayaqları bizim ayaqlarımızdan daha yeyindir.

Sonra bizi (bir növ, pişiyimiz) ağaclara dırmaşdırdı, burada da sürünənlərə yem olduq, ən nəhayət, təbiət ana bizi - ən zəif övladını mağaralarda gizlədi. İlk dəfə mağarada biz öz zəifliyimizin gücünü kəşf etdik. Mağaraların himayəsi bizə öz zəifliyimizi sənətə çevirmək üçün vaxt qazandırdı.

Himayə və vaxt bolluğu – mağara sənətin ən vacib olan əbədi iki şərtinin öhdəsindən gəldi.

İspaniyadakı Altamira mağarasında kəşf olunan, yaşı 20 min il əvvələ gedən qayaüstü rəsmlərin rəngarəngliyi sübut etdi ki, insan öz zəifliyini estetik həzzə çevirmək üçün bundan sonra həmişə havayı himayə və boş vaxt axtaracaq. Zəifliyimiz fitrətimizdəki sənəti, sənət xislətimizdəki tənbəlliyimizi üzə çıxardı (Sonradan din bu tənbəlliyimizi görüb bizə cənnət adlı əbədi bir “turizm zonası” vədi verəcəkdi).

Sənət bizim insan kimi güclü yox, canlı kimi zəifliyimizin nəticəsi olaraq yarandı. Və bizə güc verdi. Elə bir güc ki, biz öz qorxduqlarımızın kabusuna çevrildik. Bu gün “meşəyə insan gəlir” demək artıq təbiət üçün bir fəlakət xəbərdarlığıdır.

Öz sənətindən güc alan insan ilk dəfə mağarada şöhrətin dadına baxdı, dahasını istədi. Onun şöhrətpərəstliyi mağaraya sığmadı, ona dünya şöhrəti lazım idi, beləliklə, sənət ilk “evini” tərk etdi.

Mağarada sənət xalq üçün idi, mağaradan sonra onda “sənət sənət üçündür” deyə ilk baxışda eqoizm təsiri bağışlayan bir iddia yarandı. Çünki mağarada o tək idi, şöhrət şərikləri yox idi, mağaradan çıxandan sonra isə onu təqlid edənlər, sənətinə və şöhrətinə göz tikənlər peyda oldu.

İnsan mağaradan çıxıb dünya şöhrəti qazandı, ancaq bu şöhrət onu milyonların içində “sənət sənət üçündür” tənhalığına məhkum etdi. Sənət mağarada hamının idi, milyonların arasında təklərin sevimli tənhası oldu.

Texnologiyalar çağında, kinetik sənət nümunələrinin çoxaldığı, robotların roman yazdığı, süni zəka Amperin öz mahnılarından ibarət musiqi albomu çıxardığı bir dövrdə yaşamağımıza baxmayaraq, son günlər cəmiyyətimizdə, o cümlədən, onun bir parçası olan sənət çevrələrimizdə meyxana qafiyələrinin və Cəlil Məmmədquluzadə ironiyasının xalqa “ziyanı” haqqında gedən müzakirələr istər-istəməz adamı yenidən o ilk suala qaytarır: Sənət sənət üçünmü, yoxsa xalq üçünmü?

Əlbəttə, biz mağara instinktlərimizi tamamilə itirmədiyimiz kimi, mağara ehtiyaclarımızdan da bütünlüklə vaz keçməmişik. Hələ qədim Romada şair Yuniy Yuvenal yazırdı ki, xalqa iki şey lazımdır: Çörək və Tamaşa. Yəni fayda və əyləncə.

Sənət bu iki ehtiyacdan heç olmasa birini ödəməyəndə xalqın, kütlənin diqqətini cəlb etmir. Kütlə sənətdə estetika, gözəllik deyil, fayda axtarır. O, meyxanadan faydalandığı üçün onu sevir, qoruyur. Məsələn, bir meyxanaçını məclisinə çağırıb armudbaş oğlu haqqında ona mədhiyyə oxutdura bilir. Ancaq bu sifarişi, məsələn, İmadəddin Nəsimiyə verə bilməzdi. Nəsimi onu səsi indi çıxan Afətin gününə qoyardı.

Onda necə olur ki, kütlənin sevmədiyi sənəti xalq öz mədəniyyətinin ünvanı kimi göstərir? Yəni vaxtında kütlə Cəlil Məmmədquluzadəni öldürmək istəyirdi, xalq isə bu gün onu öz maarifçi aydını kimi bağrına basır? Ümumiyyətlə, meyxananı və maarifçiliyi eyni anda necə sevə bilir çoxluq?

Bu yerdə biz xalq və kütlə anlayışlarına bir izah tapmalıyıq. Xalq kimdir, kütlə kimdir? Xalq zaman sınağından çıxmış kütlədir. Yəni bu günün xalqı dünənin saf-çürük olunmuş kütləsidir, bu günün kütləsi saf-çürük olunub sabahın xalqı olacaq. Necə ki qatıq çalxalandıqca yağ dənəciklərinə və ayrana ayrılır. Xalq o “qatığın” çalxalandıqdan sonra yağ dənəciklərinə ayrılan hissəsidir, yəni fərdlərdən (bir araya gəlmiş dənəciklərindən) ibarət elit kəsim. Mağaradan sonra sənət bu elit kəsimin himayəsinə sığındı.

Elita sənət üçün mağara rolu oynayan bir sığınacaqdır. Məsələn, XIII-XVIII əsrlərdə sənət üçün belə bir sığınacaq olan Florensiyanın Mediçi ailəsi olmasaydı, biz bu gün Renessans deyə bir mədəni intibahdan ağızdolusu danışa bilməzdik. Bu, o ailə idi ki, Renessasın ən görkəmli rəssamları və memarları onlara sığınmışdı.

Avropaya dörd Roma Papası və iki Fransa kralı verən bu ailə, demək olar ki, bütün Renessansı öz sərvəti ilə “yemləyirdi”. Bu ailəyə məxsus banklar zamanın elm adamlarının layihələrinə pul ayırırdı. Məsələn, Leonardo da Vinçi topla silahlanmış döyüş gəmiləri ideyasını həyata keçirmək üçün birinci Mediçi ailəsinin üstünə qaçmışdı.

Bu, o dövrlər idi ki, kütlə Avropada kilsənin moizələrini dinləyərək xaç yürüşlərinin ekstazı ilə atılıb-düşürdü, “cənnət qəbzi” növbələrində bir-birinin belinə minirdi. Bu gün Azərbaycanda elmin, sənətin sığına biləcəyi belə ailələrə, yəni sabah xalq adlanacaq elit kəsimə böyük ehtiyacı var. Kütlə və xalq həmişə bir evdə yaşayan, biri avara, o biri dahi olan iki oğul kimidir.

Onların həmişə öz zövqləri və maraqları olub, olacaq. Bu gün Renessans mədəniyyəti Mediçi ailəsinin adı ilə xatırlanmır, Renessans dedikdə hamı barmağını İtaliyaya və eyni zamanda, bütün Avropaya tuşlayır.

Sənətdən və İtaliyadan söz düşmüşkən, italyan filosofu Kroçeni xatırlamamaq ayıb olar. Kroçe sənət haqqında deyirdi ki, sənət faydalı olan deyil, gözəl olandır. Kroçe gözəlliyə estetik sirr kimi baxırdı. Doğrudan da, gözəl olan hər şey bir az əlçatmaz olmağa can atır. Gözəl şeir istəyir ki, bir az gec başa düşülsün, gözəl fikir istəyir ki, dinləyicisinə bir az gec çatsın, gözəl qadın bilir ki, dərhal “hə” desə, gözəlliyini dəyərdən salacaq. Tez başa düşülən, tez təslim olan, tez başqalaşa bilən bir şey gözəl ola, deməli, sənət ola bilməz. Sənətin məqsədi fayda verməkdirsə, o cəfəngiyyat olmağa məcburdur. Fayda vermək elmin məqsədidir, bunu da Kroçe deyir.

Biz 20 min əvvəl yediyi və ovçu cəmiyyətin inancına görə, müqəddəs hesab etdiyi bizonun şəklini Altamira mağarasına oyan qədim heykəltəraşın niyyətini heç vaxt anlaya bilməyəcəyik. Ancaq onunla eyni dövrdə yaşayan və ovdan əvvəl torpağın üstündə eyni bizonun şəklini çəkib nizələyən, sonra da üstündə atılıb-düşən qədim kütlənin məqsədini də anlamaqda heç vaxt çətinliyimiz olmayacaq.

Eyni rəsmin üzərində o qədim heykəltəraş öldürülən bizonu yenidən yaşatmaq üçün cəhd, o qədim kütlə isə yaşayan bizonu öldürmək üçün məşq edirdi.

Sənətin məqsədi ilə kütlənin məqsədi heç vaxt eyni olmayıb: biri həmişə sığınmağa mağara axtarıb, o biri isə atılıb-düşməyə mağar. /oxu.az/

# 4374 dəfə oxunub

Müəllifin son yazıları

# # #