“Mənə maraqlı gələn bilirsiniz, nədir? 150 cildlik DƏK (Dünya Ədəbiyyatı Kitabxanası) layihəsi zaman Aqşin Yenisey baş redaktor Salam Sarvanın yanında şəxsən mənə deyib ki, bu layihədə üç ən yaxşı tərcüməçidən biriyəm. İlqar Əlfioğlunun, Fəxri Uğurlunun, bir də mənim adımı çəkib. Əlavə edib ki, qalanları "zibildir".
Bu sözlər tərcüməçi Nadir Qocabəylinin feysbuk statusundandır.
Onun sözlərinə görə, tərcümə materiallarının məsuliyyəti nəşriyyatın üzərinə düşür:
”Kitabdan az-çox anlayışı olanlar bilir ki, əgər əsər, yaxud tərcümə zəifdirsə, bunun əsas məsuliyyəti nəşriyyatın üzərinə düşür. Səbəb çox sadədir. Nəşriyyat bərbad, pis əsəri, tərcüməni sadəcə qabul etməməlidir. Ancaq DƏK Knut Hamsunu təkrar nəşr etmək üçün məndən xahiş edib, ardımca adam göndərib. Nəriman Əbdülrəhmanlı ölməyib, ölməmişəm. Orada tərcümələrimi tərifləyiblər və mənə Xulio Kortasar kimi son dərəcə mürəkkəb üslubu olan yazıçının ən çətin əsəri də həvalə olunub…”
Nadir Qocabəylinin statusuna cavab yazan Aqşin Yenisey tərcüməçinin fikirlərini təkzib edib.
Kulis.az Aqşin Yeniseyin açıqlamasını təqdim edir:
“İndicə bir dostumuz "tərcüməçidən tərcümə" edən tərcüməçilərimizdən biri, haqqımda həmişə orada-burada neqativ fikir formalaşdırmağa hesablanmış rəylər yazsa da, şəxsi ilə aramızda heç bir inciklik olmayan Nadir Qocabəylinin “qabırğama döşədiyi” statusu göndərdi mənə.
Nadir bəyin yazısında yalnız bir sözə münasibət bildirməyi özümə borc bilirəm. Yazıb ki, guya, mən 150 cildlik "Dünya Ədəbiyyatı" seriyasında redaktor olanda demişəm ki, Nadir Qocabəylidən, Fəxri Uğurludan və İlqar Əlfioğludan başqa digər tərcüməçilər ucdantutma “zibildir”. “Zibil” sözünü də xüsusi vurğuyla yazıb.
Burada mənim dilimdən digər tərcüməçilərin təhqir olunmasına, haqlarının tapdalanmasına yol verə bilmərəm. Əlbəttə, tərcümələrin arasında zibil olanları da vardı və mən tərcüməçiyə deyil, tərcüməyə zibil deyə bilərəm, demişəm də. Bəzi akademik titullu ön sözləri olub ki, cırıb zibil yeşiyinə atmışıq, əvəzinə ön söz yazmışıq. Yaxud onlarla əsəri tərcüməçinin özündən xəbərsiz ikinci dəfə tərcümə etdirmişik.
Amma mən əməkdaşlıq etdiyim adam haqqında, hətta o zibil olsa belə arxasınca “zibil” deyəcək əxlaqın sahibi deyiləm. İkincisi, o layihədə rəhmətlik Çərkəz Qurbanlı, rəhmətlik Vilayət Hacıyev, rəhmətlik Tehran Vəliyev, Saday Budaqlı, Mahir Qarayev, gənc yaşlarından tərcümə etdiyi əsərlərdə ustalıq göstərən Ülkər Nəsibbəyli kimi orijinaldan və dilin sıravi sözləri ilə deyil, seçilmiş sözləriylə işləyən tərcüməçilərin özləri və ya tərcümələri ilə işləmişəm.
Mən heç vaxt nəinki Nadir Qocabəylinin, heç Nadir şahın da xətri xoş olsun deyə adını çəkdiyim bu tərcüməçilərə “zibil” deyəcək qədər özümü alçatmaram, “zibil” demək nədir, mən elə indi də adını çəkidyim tərcüməçiləri peşəkarlıq baxımından Nadir Qocabəyli kimi müəllifləri deyil, “tərcüməçiləri tərcümə edən” tərcüməçilərlə müqayisə etmək fikrindən min işıq ili uzağam.
Görünür, bəzi insanlar etika xatirinə deyilən sözləri də özlərinə verilən qiymət kimi başa düşürlər.
Nadir bəyin yazısındakı digər tənqidlər isə şəxsimə aid olduğu üçün heç bir iradım yoxdur…”