Kulis. Az Aqşin Yeniseyin “Cəmiyyətin düşmənlər – “Mədəniyyətin xala-bibiləri” adlı yeni yazısını təqdim edir.
"Kim məni xilas edəcək var olmaqdan". İspanların "Kafkası” Fernando Pessoanın sözdür. Varlığın məhkumluq kimi araşdırıldığı ekzistensial Qərb düşüncəsinin canı bu bir cümləlik sualdadır. Sartr, Kamyu, Bekket, İonesko, Kafka, Prust, Müzil və s. romançılar kimi, haqqında yazmaq üçün çırmandığımız Polşa yazıçısı Vitold Qombroviç də bütün yaradıcılığı ilə bu suala cavab axtarırdı.
Ekzistensializmin xilaskarı varlığı varlıq olmaqdan xilas edən bir Məsih olacaqdı. Alternativ Məsih.
Alternativ Məsih axtaran romanlar tanrının bilgi, dinin tarix, əxlaqın konvensiyalarla əvəzləndiyi bir dövrdə "qaranlıq çağı”n ağzıbağlı şüşəsindən civə kimi dağılmış Qərb şüurun ifadəsi idi; qara yumor, anlaşılmaz dialoqlar, absurd mühakimələr, gerçək kimi görünən illuziyalar, izaholunmaz təsadüflər və s. bu romanlar, Orteqa İ Qassetin "Qiyam” dediyi kütlə həmrəyliyindən, kütlə nasisizmindən doğan iki dünya səviyyəli müharibənin zərbələri ilə bir də kontuziyaya uğradılmışdı.
Qombroviç bu beyinlərdən biri idi; Onun mənəviyyatını, ruhunu bir yandan faşizmin, o biri yandan kommunizmin əcinnələri didişdirirdi. Qombriviç ideoloji infeksiyalar bulaşmış və cüzamlı xəstələrdən daha təhlükəli olan kütlələrdən gizlənməyə yer axtarırdı, amma XX əsrdə belə bir yer yox idi dünyada. Qombroviçin ən məşhur romanı olan "Fredidurka” da ("Qanun” Çap Evi”də tərcümə və nəşr olunub) bu mənəvi bədheybətliklərdən gizlənmək istəyən, hətta gizlənməyə bir yer tapsa da, fərdi azadlıqların qoxusunu uzaqdan duyan ideoloji yırtıcıların zorla dartıb öz sürülərinə qoşduğu adamın əhvalatıdır.
"Fredidurka” romanı bu gün də sovet dövrünü dəyərləndirərkən çalpaşıq duruma düşən, bir yandan yüz il əvvəl "dövrün tələbi"nə boyun əyib kef çəkənlərə bəraət qazandıran, o biri yandan bugünkü "dövrün tələbi" ilə özünə gün ağlayanları söyən günümüzün oxucusu üçün bir müqayisə fürsəti ola bilər.
Mədəniyyətin, təhsilin gücünü "beyin yumağa” yönəldən bu modern "dinlər”in yaratdığı ideoloji həmrəyliyi Qombroviç "İnsanlararası kilsə” adlandırırdı. İnsanların əxlaqını ideoloji tərbiyənin didaktik tənbehləri ilə hələ körpəlikdən pozan bu "sosial-ideoloji kilsə” "Fredidurka”nın yeniyetmə baş qəhrəmanını da öz "monastırına” məhkum edir. Onun taleyi bu "monastırda” artıq məhkum bir kollektivin taleyidir. O, burada heç kimdir, kütlənin gözləntilərinə, tələblərinə, arzu və istəklərinə görə davranmalıdır. O, yalnız bu məhkum sürünün bir üzvü olduğu müddətcə azaddır, onun azadlığının altında başqalarının imzası, möhürü var. O, kollektivlə birgə yaşamalı, kollektivlə birgə ölməlidir. Çünki onun "özgür, azad iradəsi” təlim-tədris yoluyla kölələşdirilir. Qombroviçin bu romanla demək istədiyi budur; kollektiv həyatda məsum, yaxşı mənada kal, "ideoloji bulaşığı” olmayan kristal insana yer yoxdur. Bu elə Nitşenin dediyi "xristianlıq bir cəllad metafizkasıdır” təsbitinin siyasi-ictimai formasıdır. Din əvvəlcə günahları və günahkarları yaradıb sonra tanrını elan etdiyi kimi, totalitar sistemlər də əvvəlcə insanların əxlaqını korlayır, sonra onları əhliləşdirmək, tərbiyələndirmək işinə girişir. Əsl olandan Əhl olanı düzəldir.
Totalitar sistemdə hər kəs bir tərbiyəçidir və onlar daha çox mədəniyyətin adından danışırlar. Keşişlər, mollalar, ravvinlər allahın adından danışdığı kimi. Qombroviç onları "mədəniyyətin xala-bibiləri” adlandırır. Mədəniyyətin xala-bibiləşməsini, qohum-əqrabalaşmasını, bəlkə də, dünyada heç bir xalq Azərbaycan xalqı qədər öz dərisində yaxından hiss edə bilməz.
"Fredidurka”nın baş qəhrəmanı Yuzek belə bir sistem içində ideoloji bulaşıqlığı olmayan məsumluğu, kallığı seçir və müsibəti də bundan sonra başlayır. Çünki önünə dərhal nəhəng bir kütlə diktaturası çıxır. "Özgür iradəsi” olmayan əxlaqı kirlənmişlərdən ibarət homogen bir kollektiv diktatura. Və o, bir ölkədə deyil, bir təlim düşərgəsində yaşadığının fərqinə varır. Burada özünü sirkə gətirilmiş canavar kimi hiss edir. Elə bir sirk ki, artıq heyvanlar da bir-birinin təlimçiləridir.
"Ferdiduka”nın Yuzeki bir suyundan Kutzeenin "Maykl K-nın həyatı və zəmanəsi" romanının qəhrəmanını xatırladır. Maykl K da totalitar mühitdə ən yaxşı mübarizənin özünü ölüvaylığa vurmaq olduğunu düşünürdü. Daha doğrusu, Kutzee bu fikirdə idi.
Yuzek və Mayk K, bir növ, yazımızın əvvəlində dediyimiz varlıqdan xilas olma cəhdləri və təcrübələridir.
Ənənəmə sadiq qalaraq Qombroviçin romanı ilə də öz cəmiyyətimiz arasında paralellər aparmağa cəhd edəcəyəm.
Əvəllcə "özgür iradə” məsələsi. Bu gün Azərbaycanda sıravi insanlar bir yana, özünə yazar, folosof, sənət adamı deyənlərin böyük çoxluğu "özgür iradə”ni yalnız hökumət tənqidçisi olmaq kimi anlayır və bununla boy göstərməyə çalışır. Halbuki iradə azadlığını məhdudlaşdıran ən sonuncu və ən zəif olandır hökumət. Məsələn, Nitşe qrammatikanı da "özgür, azad iradə”nin düşməni hesab edirdi və yazırdı ki, tanrının özü belə bizi özünə qrammatika ilə zəncirləyib. Azərbaycanın özünə aydın, ziyalı deyən insanı isə öz iradəsini könüllü olaraq o qədər mıxa zəncirləyib ki, üstünə pəhləvan uzadıb sinəsində daş sındırsan, dərisi cızılmaz.
Əlbəttə, hökumət xalqın xidmətçisi olduğu üçün onun işindən narazı qalmaq və bunu dilə gətirmək hər bir vətəndaşın haqqıdır. Necə ki qarson noxudu bir balaca gec gətirəndə üstünə böyürürük. Amma kütləvi haqq və bacarıq olan hökumət tənqidçiliyini "özgür iradənin” ən üst səviyyəsi kimi anlamaq və aşılamaq ona gətirib çıxarır ki, bu tənqidçiliklə iradəsinin azad olduğuna inanan insanlar kollektiv güc əldə edir, kütlə diktaturası deyilən daha qorxunc bir totalitarizm mühiti yaradırlar. Kütlə diktaturası isə ən birinci fərqli düşünən fərdin ətini çeynəyir. Necə ki yəhudilərin dişi tanrılara olan kini bu gün evlərdə yazıq arvadların başında çatlayır.
Qombroviç hələ İkinci Dünya müharibəsindən əvvəl kütlə diktaturasının gələcəkdəki fəlakətlərini hiss etmişdi. Faşistləşən, kommunistləşən kütlələr əvvəlcə öz diktaturalarını, daha sonra öz diktatorlarını yaratdılar və qısa müddətdə dünyanı xaraba qoydular.
Qombroviçin qəhrəmanı anlayırdı ki, kütlənin diktə etdiyi, mədəniyyət xala-bibilərinin nəzarətində olan bir cəmiyyətdə atdığı hər addımda insan inqilabçı olmaq zorundadır. Oxumaq üçün inqilab etməli, sevmək üçün inqilab etməli, evlənmək üçün inqilab etməli, işə düzəlmək üçün inqilab etməli, işdən çıxmaq üçün inqilab etməli, ölkədə yaşamaq üçün inqilab etməli, ölkədən qaçmaq üçün inqilab etməli, allaha inanmaq, inanmamaq üçün inqilab etməlidir. Etməsə, sürünün bir üzvü olacaq və etdiyin heç nədən zövq almayacaq. Həyatı başqalarının həyatının mexaniki icrasından savayı bir şey olmayacaq.
Eynən bu gün bizim yaşadığımız həyat kimi qondarma bir şey...
Tez-tez və müxtəlif vəziyyətlərdə belə ifadələrlə qarşılaşırıq: "xəstə cəmiyyət”, "cəmiyyət xəstədir”, "cəmiyyətin xəstəliyinin əlaməti” və s. Ümumiyyətlə, cəmiyyətin xəstə olduğunu necə təyin etmək olar, bu xəstəliyin əlamətləri hansılardır?
Bu suallara cavab vermək üçün türk sosial psixoloqu, professor Kərim Edinselin bir yazısında oxuduğum bu paraqrafa öz əlavələrimi də pərçimləyib xəstə cəmiyyətə diaqnoz qoymağa çalışacağam.
"Xroniki artan kütləvi işsizliyi özünə dərd etməyən, geniş kütlələri yoxsulluq və aclıq sərhədinin həndəvərində yaşasa da, pulu şərəf və ləyaqətin yeganə simvolu sayan, hüquqa deyil, adət-ənənəyə daha çox etimad göstərən, ictimai mühiti bir ucdan güvənsizlik, qəzəb, lirizm və qəddar inanc horrası ifraz edən, gələcəyi haqqında heç bir fikir sahibi olmayıb yalnız keçmişinin qanlı gecələrinə şam tutmaqla öyünən, təhsilinə bel bağlamayan, qadını və işçini istifadə edildikdən sonra atılacaq bir əşya kimi görən, insanları özlərinə və bir-birilərinə yadlaşaraq özləri və başqaları ilə yola gedə bilməyən, eqoizmi şəxsiyyət olmanın üstün halı kimi qəbul edən, həmrəylik duyğusunu ancaq boşboğaz şairlərin şeirlərində sevən, müasir dünyamızda əli silahlı qədim milli ənənələrini bir-birilərinə qarşı "kullanan”, karikaturik yaradıcılığı olmayan, yumor hissini yüngüllük, göz yaşlarını mənəvi ləl-cəvahirat kimi qiymətləndirən, arzularını ayıbları ilə boğan cəmiyyətlər xəstədir”.
Anlayışlarla deyil, reflekslərlə yaşayan cəmiyyət xəstədir. Bizim bu gün elmin, sənətin, fəlsəfənin "ofsayt”ında qalmağımızın ana səbəbi budur. Anlayışlara anlaya bilmədiyimiz üçün nifrət etməyimiz. Günümüz və gündəmimiz adamlar və hadisələr və sözlərlə doludur, anlayışları ağır olduqları üçün biz onları öz gəmimizdən dənizə tullamışıq.
Özünün "Xəstə fərd və xəstə cəmiyyət: yadlaşma ən ölümcül xəstəlikdir” məqaləsində Marksın "xəstə insan” və "xəstə cəmiyyət” anlayışlarını incələyən Erix Fromm yazır ki, Hegelin ortaya atdığı "yadlaşma”, yəni "ən ölümcül sosial xəstəlik” o zaman baş qaldırır ki, insan yalnız özünün yaratdığı şeylərə təslim olaraq özü ilə ünsiyyət qura bilir. Bu nə deməkdir? Bu, o deməkdir ki, insan mağarada yaşayan nağıldakı div kimi canının (oxu: mövcudluq səbəbinin) özündən kənarda, şüşədəki göyərçində olduğuna inanır. Özünü "insan” adlı mexaniki bir qurğu hesab edir. O, özünü deyil, kənarda olan "canını” qorumaq üçün mübarizə aparır. Bu "can” kimisinə görə inancdır, kimisinə görə vəzifədir, başqa birinə görə xarici valyutadır və hər kəs öz "canını” başqalarının "canından” daha qiymətli, daha müqəddəs bildiyi üçün həmişə hücum vəziyyətindədir. Ətrafı düşmən kimi qavrayır. Ona görə də inancı tənqid olunan, vəzifəsi əlindən alınan, pulu batan hər kəs "öldürüldüyünü” zənn edir; ya daha da radikallaşır, ya tamamilə miskinləşir.
Radikallardan və miskinlərdən ibarət cəmiyyət xəstə cəmiyyətdir.
Fromm bu vəziyyəti İsrail xalqını assuriyalılardan uzaqlaşdırmağa çalışan Bibliya peyğəmbəri Osiyanın dilindən belə təsvir edir: "Assuriyalılar bizi xilas etməyəcək. Atlara minə bilməyəcəyik. Öz əllərimizlə düzəltdiyimiz bütlərə də artıq "tanrılarımızsınız” deyə bilməyəcəyik”.
Çünki Marksın da dediyi kimi, özünə yadlaşmış insan öz əlinin əməyi önündə əyilir, yaratdığının özündən daha güclü olduğuna inanır. Nağıldakı div kimi öz gücünün fərqində olmur, əsl gücün şüşədəki göyərçində olduğunu düşünür.
Öz gücünün fərqində olmayan divləşmiş insanların yaşadığı cəmiyyət xəstə cəmiyyətdir.
Qombroviçin Yuzeki belə bir cəmiyyətdə yaşayırdı; o öz cəmiyyətinin yad, ögey övladı idi, canını kollektiv bozluğun himayəsində gizləmiş mədəniyyətin xala-bibiləri yuxuda belə onu təqib edirdilər.
Psixiatr Qordon Olport Freydin əksinə, iddia edirdi ki, kütlənin davranışlarında şüur, demək olar ki, iştirak etmir, kütlələr tamamilə duyğuları ilə hərəkət edir və qərar verir. O, bunu dörd bəndlik bir izahla sübut etməyə çalışırdı ki, mən indi bu izahı "Vaqifin şirin (çoban) dilinə” çevirməyə cəhd edəcəyəm:
1. Kütlələr həmişə təhrik olunmağa hazır və emosional vəziyyətdədirlər; biz öz xəlqi dilimizdə desək, "çırtma vursan, qan damar” vəziyyətdə. Fərd təkbaşına qalanda bu vəziyyətinə nəzarət edə bilir, elə ki, oxşamışlarına qoşuldu, yüyəni əldən verir.
2. Kütlələr təlqinə meyilli və tez inanandırlar. Bu, onların özlərinə sosial-ictimai kimlik əldə etmək tənbəlliyindən irəli gəlir. Oturduqları yerdə onlara təklif olunan qabaqcadan hazırlanmış şiə, sünni, ateist, müxalifətçi, iqtidarçı, dissident mühacir, azad jurnalist, feminist, canım sənə desin, kosmopolit, qlobalist kimliklərini qazanaraq, böyük qrupların üzvü ola bilirlər. Yetər ki, təlqinə uysunlar, təqlid etsinlər, deyilənlərə şəkk gətirmədən inansınlar. Karvan gördün, cum, aslan gördün, qaç. Hazır kimlik əldə etmiş fərdlərdən ibarət kütlələrin potensial cinayətkar olmaqla yanaşı, potensial itaətkar olmaq ehtimalları da yüzdə-yüzün üstündədir.
3. Kütlənin duyğuları fanatik və bəsitdir. Kütlə insanı doğrunu və yalanı bir-birindən ayırmaq üçün özündə heç bir əxlaqi məsuliyyət hiss etmir, çünki o tək deyil, kütlə hansı qərarı verəcəksə, o da ona uyğun hərəkət edəcək. "El ilə gələn dərd toy-bayramdır” təsəllisi. Düzünə qalsa, o, elə əxlaqi məsuliyyətin yükünü çəkməmək üçün başını başlara qatıb. Onun təmsil olunduğu kütlədə hər kəs belə düşünür, ya bu dağınıq xor bağırıb-çağırıb özü bir səs boyunca düzüləcək, ya da mütləq haradansa əli çubuqlu bir dirijor peyda olacaq.
4. Təbiət etibarilə heç bir kütlə xeyirxah deyil, əksərən təcavüzkar və mühafizəkardırlar. Duyğuların da sadələşdirilmiş, bəsitləşdirilmiş, məntiqdən tamamilə arındırılmış olanına inanarlar. Onlar üçün iki rəng var: ağ və qara. Ona görə də mütləq həqiqətlərdən yola çıxar və mütləq xətalar törədərlər. İki şəxs müzakirə edib ortaq məxrəcə gələ bilər, kütlələr isə heç vaxt müzakirə etməzlər. Onlar babalarının kor nəvələridir.
Qombroviçin "Ferdidurka” romanının qəhrəmanı adına "xalq” deyilən belə bir kütləyə əsir düşmüşdü. Yazıçı özü isə qəhrəmanına kömək etməkdə aciz olduğunu görüb ölkəsi Polşadan qaçdı, qürbətdə yaşadı, qurbətdə də öldü... məcburi azadlıqda...