İslamdan uzaq olan İran – Aqil Abbas yazır...

İslamdan uzaq olan İran – Aqil Abbas yazır...
26 sentyabr 2022
# 16:45

Kulis.az Millət vəkili, yazıçı Aqil Abbasın “İran çalxalanır, çanaq azərbaycanlıların başında çatlayacaq” yazısını təqdim edir.

Topunu, tüfəngini, hərbi texnikasını sərhədlərimizə yığan, bizi hədələyən, sərhədlərin dəyişdirilməsinə razı olmayacağıq deyən, adı İslam Respublikası olub İslamdan uzaq olan İran çalxalanır. Özünün sərhədlərinin dəyişilmə qorxusu var.

İran nə vaxt çalxalanıb sonda çanaq azərbaycanlıların başında çatlayıb. Ötən əsrin əvvəllərində də, ortalarında da, 79-cu ildə də. Elə bil İranı qəsdən çalxalayırlar ki, sonda azərbaycanlılar qırılsın. İranla İraq arasındakı lazımsız müharibədə də məqsəd azərbaycanlıları qırdırmaq idi. Qeyri-rəsmi məlumata görə, həmin müharibədə 1 milyon azərbaycanlı qırılıb, özü də hər iki tərəfdən.

1943-cü ildə də ABŞ-la Rusiya birləşib Cənubi Azərbaycanda bir türk respublikasının yaranmasına kömək elədilər. Və yenə də ikisi birləşib 1946-cı ildə azərbaycanlıları İran ordusunun qarşısında əliyalın buraxıb aradan çıxdılar və elə ABŞ-la Rusiyanın silahlandırdığı İran ordusu azərbaycanlıları vəhşicəsinə qırdı. Və bütün dünya da buna göz yumdu. Fars rejimi azərbaycanlıları diri-diri hörgülərə qoyub hördülər, hansısa bir filmdə deyildiyi kimi, hələ də divarlardan qan damır.

79-cu ildə də inqilab Təbrizdə başladı, Xomeynini azərbaycanlılar sevinə-sevinə çiyinlərində Fransadan gətirdilər və yenə də çanaq bizimkilərin başında çatladı. Xomeyni hökuməti şah rejimindən də kəskin davrandı azərbaycanlılarla.

İndi də İran çalxalanır. Biz də boşuna sevinirik ki, İran parçalanacaq. Nə ABŞ, nə Avropadövlətləri, nə də Rusiyaİranı parçalanmağa qoymaz. Bunlar üzdə bir-biriylə düşmən olsalar da, gecə İranla bir yataqda yatırlar.

ABŞ başda olmaqla dünya dövlətləri nə Türkiyəni həzm edə bilir, nə də 30 ildən çox müstəqilliklərini elan etmiş türk respublikaları olan Azərbaycanı, Qazaxıstanı, Özbəkistanı, Türkmənistanı, Qırğızıstanı, nə də Şimali Kipr Türk Cümhuriyyətini. Bütün gücləri ilə türk respublikalarının inkişafına mane olurlar. Türkiyəni terrorla vururlar, Azərbaycanı Ermənistanla, Qırğızıstanı Tacikistanla, Qazaxıstanı hələ də qarışdırırlar, Özbəkistanı da bir tora salmaq istədilər, alınmadı.

İndi, ay ağıllı dostlar, bir fikirləşin, ABŞ və Avropa dövlətləri razı olarlarmı ki, İran parçalansın və 35-40 milyonluq hər cür yeraltı, yerüstü sərvətlərə malik yeni bir Türk Respublikası yaransın?! Təbii ki, yox.

Bunları yazıb heç kimi ruhdan salmaq istəmirəm. Bu, tarixdi. Nə qədər istəməsələr də bir gün İran həqiqətən parçalanacaq. Kənar qüvvələrin təsiri ilə yox, kənar qüvvələr ən axırda fars rejiminin tərəfində olacaq, içindən parçalanacaq. Özü də bir neçə yerə – Azərbaycana, Kürdüstana, İranda yaşayan ərəblər də ayrılacaq, hələ şərqində də Avşarlar və Türkmənlər birləşib özdövlətlərini quracaqlar.

Oktyabr inqilabından sonra bolşevik hakimiyyətini qəbul etməyən 1 milyon yarımdan artıq türkmən və avşarlar Cüneyt xanın və Ənvər paşanın dostu İbrahim bəyin başçılığı ilə İranın ərazisinə keçmişdilər. Sovet tarixindən və sovet filmlərindən Cüneyt xanı və İbrahim bəyi biz basmaçıların lideri kimi tanıyırıq. O vaxt bolşevik hakimiyyətini qəbul etməyib onlarla vuruşanların hamısını Sovet hökuməti «basmaçı» adlandırırdı, bizə də belə sırıyırdı. Yəqin ki indi sayları 4-5 milyona çatar.

Bir maraqlı film var. Hamı, hətta kosmonavtlar da o filmi sevir, göyə uçmamışdan qabaq filmi izləyirlər. Maraqlı bir filmdi: «Səhranın bəyaz günəşi». Amma həmin filmin ideyası mənim xoşuma gəlmir. İstəyirsiniz döyün, istəyirsiniz söyün, gəlmir də xoşuma, neyləyim. Xoşuma gəlməyən nədir? Burnu fırtıqlı rus əsgərləri Xanın arvadlarını Xanın özündən qoruyurlar. Qısası, yəni ruslar Xanın namusunu Xanın özündən qoruyurlar. Xanın arvadlarından biri də burnu fırtıqlı rus əsgərinə vurulur. Necədi sizinçün?

Heç bir imperiya əbədi deyil. Osmanlı 600 il yaşadı, Romanovlar, yəni Rusiya imperiyası 300 il, Sovet imperiyası 70 il, təxminən 300 il də Amerika imperiyası yaşayır.

Roma imperiyası olub, Atillanın, Çingiz xanın, Əmir Teymurun imperiyaları olub. Ərəblərin İslam imperiyası olub və sair və ilaxır. Hamısı tarixin arxivində qalıb.

Fars imperiyası da dağılacaq, geci-tezi var.

Elçibəyin gözəl bir sözü yerinə düşür: «Hər şeyin bir zamana ehtiyacı var».

Qonşuya od düşübsə, külək onu bizim həyətimizə də keçirə bilər. O mənada yox ki, Azərbaycanı da qarışdıra bilərlər. Azərbaycan vahiddi, birdi, hamı bir əqidənin ətrafında, Dəmir Yumruğun ətrafında birləşib. Bunu 44 günlük müharibədə də sübut etdik, sonra da. Heç bir xarici qüvvə, heç bir beşinci kalon, Fazil Qəzənfəroğlunun sözü olmasın, heç bir İran aftafaları bu birliyimizi poza bilməz.

Amma İrana od düşsə ordan milyondan artıq azərbaycanlı, təbii ki, ümid yeri bilib bizə pənah gətirəcəklər. Biz də onların üzünə qapılarımızı bağlaya bilmərik. Necə ki 93-də onlar bizim üzümüzə qapını bağlamadılar.

İndi bu yazını oxuyub İran aftafaları sosial şəbəkələrdə düşəcəklər üstümə. Hələ mən İrana işləyən saytları demirəm.

İndi neyləyək, susaq? Susmaq hər zaman qızıl deyil, özü də indiki vaxtda. Nəinki qızıl, heç dəmir də deyil.

- İran dağılır, cənablar, İran dağılır!

- Hə, hə, get aftafanı götür!

"Ədalət.az"

# 4188 dəfə oxunub

Müəllifin son yazıları

# # #