Məmməd bəy Cavanşir anasını niyə öldürmüşdü?

Məmməd bəy Cavanşir anasını niyə öldürmüşdü?
2 noyabr 2016
# 15:54

Aqil Abbas

Qadına qarşı zorakılıq, təkcə zorakılıq yox, həm də öldürülməsi ilə bağlı həm saytlarda, həm də sosial şəbəkələrdə geniş müzakirələr gedir. Təbii ki, ictimai qınaqla bunun qarşısını almaq mümkün deyil, çünki belələri ictimaiyyətə yad olduğundan ictimai qınaq da onların heç vecinə də deyil. Mənim fikrimcə, bu hallara qarşı qanun daha da sərtləşdirilməlidir.

Mövzum bu deyil. Həmin sosial şəbəkələrdəki müzakirələrdə Cahandar ağa və Məmməd bəy Cavanşir Batmanqılıncla bağlı fikirlərə də rast gəldim. Bildiyiniz kimi, əsərdə Cahandar ağa öz bacısını öldürür. Görkəmli yazıçımız İsmayıl Şıxlı Cahandar ağa kimi möhtəşəm bir Azərbaycan kişisi obrazı yaradıb. Və o qədər möhtəşəm ki, oxucu Cahandar ağanın başqasının arvadını qaçırmağını da, bacısını öldürməyini də bağışlayır. Əslində Cahandar ağa tarixdə olmuş bir şəxsiyyətdir, İsmayıl Şıxlının da babasıdır və ruslarla döyüşdə həlak olub. Yəni ruslara boyun əyməyi şəxsiyyətinə sığışdırmayıb. Və Azərbaycanda da Cahandar ağa artıq bir mifə çevrilib və onu tanımayan yoxdur. Bu da yazıçının dahiliyindən irəli gəlir.

Bəs, Məmməd bəy Cavanşir kimdir? Xalqımız Məmməd bəy Cavanşir haqqında bilgilərə o qədər də malik deyil. Onu əsasən tarixçilər tanıyır və bir də tarixlə maraqlananlar. Adı “Qarabağnamə”lərdə çox çəkilir, bir-iki də bədii əsərdə. Molla Pənah Vaqif də ona şeir həsr edib. Hərçənd ki, Molla Pənah Vaqifin də oğlunun başını sonralar Məmməd bəy Cavanşir kəsdirmişdi. Məmməd bəy Cavanşir də Qarabağda bir mifə çevrilib, özü də Batmanqılınc ləqəbi ilə.

Niyə Batmanqılınc? Əvvəla, Məmməd bəy Cavanşir Qarabağın ikinci xanı Mehralı xanın oğludu və Pənah xanın nəvəsidi. İbrahim xan zamanında Qarabağ qoşunlarının sərkərdəsi olub. Bugünki dillə desək, müdafiə naziri. Döyüşdə qalxan götürməzmiş, özü də iki qılıncla vuruşarmış. Qılınclar da çox ağır olduğundan mənim kimilər o qılıncı götürə bilməzmiş, yəni hərəsi bir batman. Ona görə də xalq arasında ona Batmanqılınc deyirmişlər.

Onu da deyim ki, Məmməd bəy Həmidə xanım Cavanşirin (Cəlil Məmmədquluzadənin ömür-gün yoldaşı) ulu babasıdı.

Azərbaycan xalqının görkəmli oğlu, şahlar şahı Ağa Məhəmməd şah Qacarın Qarabağa hər iki yürüşündə Məmməd bəy öz qoşunu ilə Qacarla döyüşə çıxır və təbii ki, hər iki döyüşdə də Qacara məğlub olur. Çünki əvvəla Qacarla böyük-böyük dövlətlər döşləşə bilmirdi, onda ki hansısa bir Qarabağ xanlığı. Və həm də Məmməd bəyi nə qədər sevsəm də, nə qədər onunla fəxr etsəm də, o, Qacarın önündə hər bir cəhətdən zəif idi. Təkcə döyüş qabiliyyətindən başqa.

Tarixçilər yekə-yekə yazırlar ki, Qacar Şuşanı 33 gün mühasirədə saxladı, ala bilmədi. Mənasız Azərbaycan nağıllarından biri. Qacar öz xalqını qırmayacaqdı ki. Gəlmişdi ölkəni parçalayan, qoşun çəkib bir-birini qıran özündənrazı xanların, eləcə də İbrahim xanın qulağını çəkməyə.

Pah atonnan, Şuşanı 33 gün mühasirədə saxladı, ala bilmədi! Amma səhər-səhər Tiflisə hücum elədi (Gürcüstan da Qacarın əyalətlərindən biri idi və gürcü çarı da yekəbaşlıq edirdi), günorta namazını Şah Abbas məscidində qıldı, gürcü çarı, deyəsən adı İrakliydi, qaçıb meşələrdə gizləndi. Və ordan bir də qayıtdı Şuşa qalasına, dedi sizi Tiflisin gününə salaram, dərhal qapıları açdılar.

Mən Qarabağın həmin dövrü ilə bağlı «Batmanqılınc» romanı yazmışam, əsərimin qəhrəmanları da iki Məhəmməddi: Məmməd bəy Cavanşir Batmanqılınc və Ağa Məhəmməd şah Qacar. Əsərin əsas qəhrəmanı Məmməd bəy Cavanşir olsa da, üstünlüyü Qacara vermişəm. Səbəbini də yuxarıda qeyd elədim.

Mənim əsərimə qədər Qacarı həm tarixçilər, həm də yazarlar mənfi bir şəxsiyyət kimi təqdim edirdilər. Yalnız Əbdürrəhim bəy Haqverdiyev «Ağa Məhəmməd şah Qacar» pyesində Qacarı müsbət qəhrəman kimi təqdim eləmişdi.

Hətta Yusif Vəzir Çəmənzəminli kimi bir əjdaha da «Qan içində» romanında Qacarı cılız, burnundan selik axan, qarabağlıların dili ilə desək, bir dəmşalaq kimi təqdim edib. Çəmənzəminlini qınaya bilmərəm, çünki elə bir zamanda romanı yazmışdı ki, ürəyindəkiləri deyə bilməzdi. Asardılar, necə ki sonra asdılar.

Qacar Şuşaya daxil olandan sonra cəmi altı adamın edamına hökm vermişdi, onun da biri Məmməd bəy Cavanşir idi. Onu da qeyd edim ki, gecə xaincəsinə Qacarı öldürənlər əvvəlcə Məmməd bəyin yanına gəlirlər ki, gedək Qacarı yatdığı yerdə öldürək. Amma Məmməd bəy onları qovmuşdu ki, mən kimisə xaincəsinə öldürə bilmərəm, bu mənim kişiliyimə yaraşmaz. Amma onların kişiliyinə yaraşdı, getdilər Qacarı öldürdülər, ölkəni viran günə qoydular, ondan sonra da Rusiyanın Azərbaycanı işğalı başladı. Düzdür, öldürənlər də layiqli cəzalarını aldılar.

Mən bir balaca sizi həmin tarixə aparmaq istədim. Çalışacam ki, yaxın nömrələrdə «Batmanqılınc» romanını hissə-hissə qəzetimizdə dərc edim və çəkdiyimiz müsibətlərlə bir daha yaxından tanış olasınız.

Və nəhayət, gələk Məmməd bəy Cavanşirin anasını öldürməsinə. Məmməd bəy anasını öldürəndə 14 yaşı vardı. Dəliqanlı bir xan nəvəsi idi.

Pənah xandan sonra Məmməd bəyin atası Mehralı xanı Qarabağa xan təyin etmişdilər. Lakin sonra Pənah xan Şaha deyir ki, Mehralı xanı İbrahim xanla əvəz etsin. Səbəb də o idi ki, Mehralı xan çox kövrək, ürəyiyumşaq bir şəxiyyət idi, idarəçiliyi də zəif idi. Amma İbrahim xan böyük qardaşından tamamilə fərqli idi.

Mehralı xan hakimiyyəti qardaşına təhvil verəndən sonra təbii ki, incik düşür və yenir dədə-baba yurdları Bayata. Bu vaxt Şamaxı xanı onu qonaq çağırır və namərdcəsinə Ağsuda yemək-içməkdən sonra öldürdür. Gün gələcəkdi Məmməd bəy qoşununu Şamaxıya çəkəcəkdi, Şamaxı xanının beş oğlunu gözünün qabağında edam etdirəcəkdi, özünün də gözlərini çıxaracaqdı ki: «Mən atasızlığın nə olduğunu çəkdiyim kimi, atamın dağını çəkdiyim kimi, sən də get oğul dağı çək».

Yuxarıda qeyd etdik ki, Mehralı xan öldürüləndə Məmməd bəyin 14 yaşı vardı. O vaxtın da, bəzən elə indinin də murdar cəhətlərindən biri o idi ki, qardaş öləndə onun arvadını qardaşı alırdı. Müsəlmanlığın ən böyük eyiblərindəndi.

İbrahim xan da qardaşının arvadını almaq istəyir, arvad da razılaşır.

Məmməd bəy evə gələndə görür ki, xanımlar yığışıb anasının başına, anası da güzgünün qabağında sığallanır. Soruşur ki, nə məsələdi, anası da deyir ki, bəs əmin mənə elçi gəlib, əminə ərə gedirəm.

14 yaşlı bir dəliqanlı bunu sınıra bilmir və xəncərini çıxarıb anasını doğrayır və deyir:

- Mənim atamın yastığına başqa bir kimsə baş qoya bilməz!

Nə isə…

Bununla da İbrahim xanla Məmməd bəy arasında bir düşmənçilik başlayır və Məmməd bəy ölənədək bu düşmənçilik də davam edir. Amma bu düşmənçilik şəxsi münasibətdə olur, dövlətçilik məsələlərində yox. Yəni Məmməd bəy babası Pənah xanın üstündə Şahin quşu həkk olunmuş Qarabağ bayrağı uğrunda son damla qanınadək vuruşur. Dövlətçilik məsələsində əmisinə həmişə sədaqətlə qulluq göstərir.

Necə ki dövlətçilik baxımından Qacar da Kərəm xan Zəndin iqtidarına 19 il sədaqətlə qulluq eləmişdi.

Məmməd bəy də atası kimi xəyanətin qurban olur. 1797-ci ildə Şəki xanı Məmməd bəyi Şəkiyə dəvət edir və deyir ki, gəl qızımı verirəm sənə, həm də mən qocalmışam, bu xanlığı idarə elə. Məmməd bəy Şəkiyə gedir, orda da yeməyinə bihuşdar qatırlar, yatdığı çarpayıya sarıyırlar və aparırlar Şamaxı xanına hədiyyə. Şamaxı xanı da Məmməd bəyi qıyma-qıyma doğradır. Onda Məmməd bəyin 35 yaşı vardı.

Mən «Batmanqılınc»ı yazanda bu iki hadisəni yazmadım. 26-27 yaşım vardı, görünür, gücüm çatmayıb.

# 1490 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #