Azdramanın keçmiş direktoru: “Teatrlar dramaturji baxımdan monopoliyadadır”

Azdramanın keçmiş direktoru: “Teatrlar dramaturji baxımdan monopoliyadadır”
24 dekabr 2012
# 13:24

“Bunu mən açıq şəkildə deyirəm və bildirirəm ki, teatrlarımız dramaturgiya baxımından monopoliyadadır. Bu hal Azərbaycan teatrını məhv edir, cılızlaşdırır. Pis tamaşanı zorla repertuara daxil etmək doğru deyil. Yaxşı əsərdirsə, haradan olsa yol tapıb teatra gələcək. Bu halın qarşısı tez bir zamanda alınmalıdır”.


Bu açıqlamanı APA-ya Akademik Milli Dram Teatrının keçmiş direktoru, əməkdar mədəniyyət işçisi, prezident təqaüdçüsü Maqbet Bünyatov verib.

Uzun illər Azərbaycan Dövlət Musiqili Komediya Teatrı, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında işlədiyini qeyd edən M. Bünyatov Möhsün Sənani, Hökümə Qurbanova, Nəsibə Zeynalova, Ağasadıq Gəraybəyli, Məlik Dadaşov, Səməndər Rzayev, Siyavuş Aslan, Həsən Məmmədov kimi korifeylərlə çiyin-çiyin çalışmasından fəxr hissi keçirdiyini deyib: “O zamanlar biz qastrollara gedərdik. Adlarını sadaladığım hər bir korifey öz işinə çox sadiq və məsuliyyətli idi. Onlarla işləmək həqiqətən də insana zövq verirdi. Bu günlərdə məni Akademik Milli Dram Teatrına tamaşaya dəvət etmişdilər. Getdim, baxdım. Bu gün tamaşaların şou-proqramlara meyl göstərməsini qətiyyən qəbul etmirəm. Bu hal 140 il fəaliyyət göstərən bir teatrda olmamalıdır. Eyni zamanda bu teatrda eksperiment aparılmasını da qəbul edə bilmirəm. Məncə, belə teatrlar rejissura üzrə qurulmalıdır”.

Qeyd edək ki, dekabrın 25-də M. Bünyatov 75 illik yubileyini qeyd edəcək. O, 75 illiyini evində, ailəsi ilə birgə keçirəcəyini deyib: “Həyatımın 53 ilini mədəniyyətə sərf etmişəm. Mən Azərbaycan mədəniyyətinə vicdanla, namusla qulluq etmişəm. İki oğlum var və onlarla fəxr edirəm. Yubileyimin teatrda keçirilməsi ilə bağlı heç bir zəng olunmayıb və mən də zəng edən deyiləm. Heç istəməzdim də teatrda yubileyim qeyd olunsun, belə şeylərə iddialı deyiləm”.

# 2500 dəfə oxunub

Müəllifin son yazıları

# # #