Kinostudiyanın rəhbəri: “Köhnə və lazımsız əşyaları bizə bağışlayın!”

Kinostudiyanın rəhbəri: “Köhnə və lazımsız əşyaları bizə bağışlayın!”
6 noyabr 2013
# 17:20

“Azərbaycanfilm” olaraq bütün Azərbaycan kinosevərlərinə və ictimaiyyət nümayəndələrinə müraciət edirik: evlərində olan köhnə və lazımsız əşyaları - mebelləri, pal-paltarı bizə bağışlasınlar. Biz xüsusi qeydiyyat siyahısı da tərtib edə bilərik ki, məsələn, filan əşyanı kinostudiyaya kim bağışlayıb”.

Bunu APA-ya açıqlamasında C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının direktoru Müşfiq Hətəmov deyib.

Onun sözlərinə görə, bədii təsvir vasitəsi kimi kinoda dövrlərin, əşyaların, geyim mədəniyyətinin dəqiq göstərilməsi filmin keyfiyyətinə xidmət edir: “Dünyanın böyük kino şirkətləri bu vasitədən istifadə edib uğurlu nəticələrə nail olublar. Atdığımız bu addım gələcək nəsil üçün böyük xəzinə ola bilər. Qoruyub-saxladığımız əşyalara, rekvizitlərə, dekorasiyalara hər zaman ehtiyac olacaq. Düzdür, bizim sifarişimizlə bəzi paltarlar tikilir, amma burda ciddi problemlər olur, paltarların tikilişində səhvlərə yol verilir. Bir daha təkrar etmək istəyirəm ki, Azərbaycan kinosunu sevən insanların evindəki əşya atılacaqsa, lazımsızdırsa, yaxud əzizdirsə, 430-17-91 nömrəli telefona zəng etsinlər. Əşyalar kinostudiyanın hesabına daşınacaq”.

M.Hətəmov əlavə edib ki, rekvizit zənginliyi baxımından kinostudiyanın hazırkı vəziyyəti o qədər də qənaətbəxş deyil: “Bizim rekvizit seximiz var. Amma bu məsələdə vəziyyətimizi qənaətbəxş hesab etmək olmaz. Adətən, lazım olan əşyaları Sabunçu bazarından alırıq, amma bu, həmişə köməyimizə çatmır. İlkin mərhələdə biz əşya və geyimləri qəbul edirik, sonrakı mərhələlərdə köhnə avtomobillərlə bağlı müraciət etmək fikrimiz var”.

# 1976 dəfə oxunub

Müəllifin son yazıları

# # #