Ay işığında kəndə gətirilən şəhid - Alpay Azərin hekayəsi

Ay işığında kəndə gətirilən şəhid - Alpay Azərin hekayəsi
17 noyabr 2020
# 09:01

Kulis.az "Hekayə günü"ndə Alpay Azərin "Ay işığında tabut" hekayəsni təqdim edir.


Bu hekayə Mir Cəlal adına hekayə müsabiqəsində həvəsləndirici mükafata layiq görülüb.

“Danışan tabutlar” silsiləsindən 1-ci hekayə

Axşam saat doqquzda evdə oturub xəbərlərə baxdığım vaxt hərbi komissarlıqdan zəng elədilər ki, Qarabağdan şəhid gətiriblər, təcili Aytəpə kəndinə aparmaq lazımdı.

Doxsan ikinci ilin iyun ayı idi, icra hakimiyyətinin humanitar şöbəsində il yarımıydı təlimatçı işləyirdim. İndiyə qədər rayonumuza gələn iyirmi səkkiz əsgər meyitini hərbi komissarlığın zabitiylə bir yerdə aparıb ailələrinə təhvil vermişdim. (Hamısının da adını, soyadını sıra nömrəsiylə bloknotumda yazırdım.) Ağlaşmalara, ağılara hardasa öyrəşmişdim, bircə qızlar, qadınlar, nənələr üzlərini cıranda, yanaqlarından axan qanı görəndə, söyürdüm bu həyatı.

Qaçaraq özümü çatdırdım hərbi komissarlığa. Dedilər ki, bu dəfə mənə köməkçün adam verə bilməyəcəklər: iki saat əvvəl cəbhədən gələn əsgər meyitini bir podpolkovniklə başqa kəndə göndərmişdilər. “Ona görə incimə, qardaş, tabutu köməkli maşına qoyarıq, ora çatanda yaxınları kömək eliyərlər sizə,” - hərbi komissarın müavini narazı sifətimi görüb dedi. Üstəlik, ordan icranın Aytəpədəki nümayəndəliyinə nə qədər zəng etsəm də, telefonu götürən olmadı: tapşıracaqdım, kimsə bir saat sonra məni kəndin girəcəyində gözləsin, meyiti bir yerdə aparıb ailələrinə verək. Öz-özümə deyinsəm də, pəncərədən qaranlığa baxanda, başa düşdüm ki, bu vaxt işdə kiminsə olmaması normaldı.

Məsələnin başqa bir pis tərəfi hərbi komissarlıqda işləyənlərin indi apardığımız on doqquz yaşlı İbrahimov Qurban Sahib oğlunun meyitinin hansı kənddən olduğunu gec müəyyən etməkləriydi: şişməsin deyə, bədəninə buz parçaları bağlayıb bir gün komissarlığın zirzəmisində saxlamışdılar.

Artıq daşlı-kəsəkli dağ yoluyla gedirdik. Mənə elə gəlirdi, tabutu lazım olan qədər mismarlamayıblar, maşınımız hər dəfə çala-çuxura düşəndə, deyirdim, bu dəqiqə mismarlar laxlayıb yerindən çıxacaq, tabutun qapağı açılacaq, ona görə tez əlimlə üstündən yüngülcə basırdım.

İlk dəfəydi gecə, üstəlik, yaxınlarına xəbər etmədən əsgər meyiti aparırdım. Yolda ağlıma gəldi ki, kəndə girən kimi qarşımıza çıxan ilk evin qapısını döyüb ailəsinin yaşadığı ünvanı soruşub öyrənim. Amma fikirləşəndə ki, qapını açan meyit yiyəsi ola bilər, ətim ürpəşdi.

Arada gözümü tabutdan çəkib aya baxanda, özümü başqa yerdə hiss edirdim: bədirlənmiş ay məni gecə tabutu xofundan xilas edirdi, bir az rahatlıq gətirirdi mənə. Amma elə ki UAZ-ımız kələ-kötür yollarda silkələnirdi və ay işığı gah tabutun başına, gah da ortasına düşürdü, onda meyit rənginə oxşar taxta tabutun üzərində hərəkət edən, titrəyən ayın əksindən xoflanırdım. Vahimədən qəfil xəyalıma belə bir şey gəldi: ordan çıxan əsgərin ruhu üzbəüz oturub mənə dedi ki, xəbərim var, indiyə qədər özüm daxil rayonumuza gələn iyirmi doqquz əsgər meyitini aparıb yaxınlarına çatdırmısan. (O vaxtlar, elə indi də, inanıram ki, ruhlar bu dünyada baş verənlərdən xəbərdardılar, üstəlik, adamların ürəyini oxuya bilirlər.) Amma bu dəfə sənə çətin olacaq, özün də bilirsən, evdəkilərin heç nədən xəbəri yoxdu, ona görə hazır ol, anam, atam sənə ən ağır sözlər deyəcək. Cavab verdim ki, nə günah iş tutmuşam, məni söysünlər, tapşırılan işi görürəm də, kimsə bunu etməlidi, ya yox. Xəyali söhbətimizin bu yerində sürücü qəfil əyləci basdı, tabut irəli gedib maşının böyrünə dəydi. Ürəyim düşdü, elə bildim, bu dəqiqə qapağı açılacaq.

- Nooldu?! - sürücüyə qışqırdım.

- Keçi çıxdı qabağıma, - xısın-xısın güldü. - Deyəsən, dağ keçisiydi.

- Eee, - əsəbiləşdim bunun gülməyinə, tabutu maşının ortasına çəkdim.

Artıq kəndə yaxınlaşırdıq, adda-budda işıqlar sayrışırdı. Hərbi komissarın müavini şəhid əsgərin ailənin tək övladı olduğunu demişdi: qohum-əqraba yığışandan sonra ağlaşmanı balaca kənddə, yəqin çox adam eşidəcəkdi.

Ön pəncərədən irəli baxıb bilmək istəyirdim görəm, birinci evin işığı yanırmı, sürücü qəfil əyləci basdı, ardınca küt “tupp” səsi eşidildi. Müvazinətimi saxlayammadım, dizlərim tabuta dəydi.

- İndi nə idi?! - ayağa durub qışqırdım.

Sürücü heç nə demədən əliylə sükana bir zərbə vurub qabaqdan, dalınca mən arxa qapını açaraq çölə çıxdıq. Gecə paltarının üstündən qara, yun jaket geymiş ortayaşlı, arıq bir qadın arxası üstə uzanmışdı, gözləri yarıyumulu inildəyə-inildəyə nəsə deyirdi. Sürücüylə mən tez onu yerdən qaldırdıq, uzun saçlarının ucları az qalırdı yerə dəysin, aparıb maşında tabutun yanına uzatdıq. Sürücü öz kabinəsinə qayıdıb, ordan su dolu şüşəni gətirib, bizə qəribə-qəribə baxan qadının üzünə su çiləməyə başladı:

- Ay arvad, gecənin bu vaxtı bizi xataya salmaqda nədi məqsədin? Yaxşı ki, vaxtında tormozu basdım. Yoxsa, Allah göstərməmiş, - mənə baxıb davamını demədən başını buladı. - Məllim, neyniyək? Aparaq bunu rayon balnisəsinə?

Qadın qəfil əllərini yerə qoyub dikəldi:

- Mənə heç nə olmuyub. Sür kəndə, - sürücüyə baxıb əmr tonunda dedi...

Maşın yavaş-yavaş kəndin içərisinə doğru hərəkət edirdi, artıq iki-üç evin yanından keçmişdik. “Bu qadın kimdi?” sualına cavab axtarsaq da, nə mən, nə də sürücü özündən nəsə soruşmağa cəsarət edirdi. Tabutu sığallamağa başlayan qadın ağlamsınıb həzin səslə “Gəlməyini xəbər eliyən balam” deyəndə, içimdə zəlzələ baş verdi. “Hardan bilib?” Başa düşdüm ki, kimsə bizdən qabaq kəndə çatıb xəbər edib oğlunun şəhid olmağını.

- Buluddar pilləkən kimiydi, - gözlərini mənə zilləyib danışmağa başladı, - balam buluddarın üstüynən qaça-qaça göydən yerə gəlirdi. Dedim, a bala, tələsmə, yıxılarsan. Qayıdasan ki, qorxma, ay ana, pambıq kimidi buluddar, elə yumşaqdılar ki, - son sözləri uşaq kimi dedi. - Sora da gülə-gülə “Baax” deyib hoppandı ən yekə buludun üstünə, - qəfil əsəbi tona keçdi. - Zəhrimar bulud da qaçdı o yana. Gördüm, balam ildırım sürətiynən düüüz üstümə gəlir. Elə sürətnən gəlirdi, əllərimi açıb tutmağa qorxurdum, elə bilirdim, saxlayammıyacam, əlimdən sürüşüb yerə dəyəcək, tikə-tikə olacaq. Vaay deyib qışqırdım. Ayılan kimi durub qaça-qaça çıxdım yola... Kaş elə balam düşəydi başıma, - iki əliylə başına vurdu, - məni də yanına aparaydı.

Danışdıqca sifətində yaranan əsəb, həyəcan, peşmançılıq ifadələri elə təbii idi, sanki bütün bunlar başına gəlmişdi. Tüklərim biz-biz olmuşdu, dilim-ağzım kilidlənmişdi. Az sonra qadın, sürücüyə tərəf səsləndi:

- Qadan alım, bir az qabaxda körpü görəssən, onu keçəndən sonra sola dönüb dördüncü evin qabağında saxlıyarsan, - bunları deyib başını tabutun baş tərəfinə qoydu, başladı oğluyla pıçıltıyla danışmağa, dediklərindən heç nə başa düşmədim.

Ay işığı tabutu sığallayan “Buluddan yıxılan balam” desə də, gözündən bir damcı yaş çıxmayan ananın arxaya getmiş kəlağayısını, azca ağarmış saçlarını, bir də, tabutun özünü işıqlandırırdı. Mənsə heykələ dönüb anayla balanın görüşünə tamaşa edirdim.

Qeyd: Bu silsilədən olan hekayələrin yazılmasına görə, ədəbiyyatşünas Azər Turana, eləcə də sırf bu hekayənin yazılmasında texniki yardım göstərən jurnalist Emil Məmmədova, Neftçala rayonu Yeniqışlaq kənd ümumorta məktəbin direktoru Ülvi Fərzəliyevə dərin təşəkkürümü bildirirəm.

# 5244 dəfə oxunub

Müəllifin son yazıları

# # #