- Yazı işləyirəm, Siddik Barmakın “Osama” filmi haqqında. Daha doğrusu qadın hüquqsuzluğundan. Alınmır.
- Nə yazıdı?
- Dur, başdan danışım. Bilirsən, o gün Facebooka atmışdım, ha əlləşdim linki yerləşdirə bilmədim. Türkiyə internet televiziyalarından birinin küçə sorğusu keçirirdilər: Kişilərə “Bir günlük qadın olsaz nə edərdiniz?”, qadınlara da “bir günlük kişi olsaz nə edərdiniz?” deyə sorurdular.
İki nəfər istisna olmaqla cavab verən 10-12 kişi qətiyyən, bir saatlıq da olsa qadın olmaq istəmədiyini dedi. İki nəfərdən biri, “təkrarən kişi olmaq üçün əlindən gələni edərdim” dedi. Respondentlərin ən qocası isə 18-23 yaşları arasında cilvəli bir qadın olmaq istədiyini dedi. Qadınlarsa...
- Nə dedilər?
-...Gecələr sakitcə küçələri gəzmək, rahatca münasibət qurmaq, qadınlara qarşı empatik davranmaq, gecə həyatı yaşamaq, eyni təzyiqi kişilərə göstərib qisas almaq, futbolçu olmaq... Daha nələr...
- Bunları edə bilərlər də...
- Etsələr deməzdilər. Elə danışırsan ki... Qadın ee... Baltalanıb öldürülərsə, “görəsən nə namussuzluq edib?” fikirləşəcəklər, qanını halal sayacaqlar. Bədəni ilə, davranışı ilə kiminsə namusunu qoruyan, xoşbəxtlik deyiləni yazılmamış qanunlarla tənzimləyən birinin yerinə kim olmaq istər ki... Bilirsən, bir xəbər üçün oxunan açar sözləri “qan” və “qadın”dır?
- Sənin yazın nədir?
- Elə bu dediklərim. Sonuna da assosiasiya əlavə etdim.
- Nə assosiasiya?
- Biz beşinci sinifdə oxuyurduq. Onuncuda gözəl bir qız oxuyurdu. Bir dəfə qızlar söhbət edəndə dedi ki, o bir şeyi dəqiq bilir, heç vaxt qoşulub qaçmaz, atam deyir, qaçsan, başını kəsərəm. Atası içki düşkünü idi. Ondan bərk qorxurdular. Amma bir gün-hətta orta məktəbi bitirmədən o qız qonşu kənddəki o motosikl sürənə qoşulub qaçdı. Atası onu öldürüb eləmədi, hətta bağışladı da. Amma arvadlar “yazığın ər evində gün görmədiyini” deyirdilər. O da bu barədə qətiyyən danışmaz, ərinin şillə-təpik yerini öz seçimi kimi həmişə gizləyirdi…
Tanınmış adamlarla assosiativ sorğular edirəm. Qadın sözünə assosiasiyalarını soruşuram-nə düşünürlər, qadın ayaqlarımı, bədənimi, sevdikləri qadınmı… Əlbəttə tam deməzlər... Amma mənim gözümün qabağına həmişə o qızın rəngi solmuş güllü donunun ətəyi ilə ayaqlarının göyərmiş yerlərini örtməyi gəlir…
- Bunu da yazmısan?
- Hə. Amma yazı yarımçıqdı. Daha doğrusu emosionaldı. Belə olsun istəmirəm.
- Məncə daha qadınları məzlum göstərmək kifayətdir. Necə bilirsən?
- Amma doğrudan hər gün xəbər saytında nə qədər dəhşətli xəbər oxuyuram. Hələ altında şərhlər: “Əcəb edib. Eləsini diri-diri basdırmaq lazımdı”…
- Yenə deyirəm, onları məzlum göstərmək kifayətdi, daha çox qadınları hüquqlarını öyrənməyə səsləyən yazılar olsaydı, yaxşı olardı - təhsil alsınlar, bilsinlər ki, biz də insanıq və hüquqlarımız var, sadəcə istifadə eləmək lazımdı. Biz az pafoslu oldu, amma həqiqətdi. Sənin danışdıqlarından, eləcə də belə proqram və yazılarda elə çıxır ki, bu taledir. Öz əlimizdə deyil, halbuki, öz əlimizdədir. Hüquqlarımızı bilsək, ondan istifadə eləsək, bəs eləyir
başımızı aşağı salıb, taledir deyib qəbul eləməsək…
- Tale deyil! Amma yazılmayan qaydalardı, qadına yönəlib. Həm də hüququ bilmək nəyi dəyişir ki? Hüququnu bilən daha artıq əzab çəkir. Bilməyəndə təbii qəbul edir, biləndə də ya əzab çəkir, ya da balta ilə qarşılaşır. Səncə, o öldürülənlər elə belə öldürülüb?
Bəlkə də öz haqqını tələb etdiyinə görə öldürüblər onları. Biri süfrəyə duz qoymağı unutduğu üçün… O biri uşağı sakit etmədiyi üçün... Allah bilir, nə səbəblər var.
- Amma razılaş, bilmək başqadı. Bizdə qadınlar da, cəmiyyət elə qəbul eləyir qadındı və belə olmalıdı.
Birinci qadın özü başa düşməlidi ki, kişiyə də olar, ona da.
Yəni, bu artıq sual olmamalıdır-ən azı qadın üçün. Nə isə…
- Sən haqlısan. Sonda yazmışdım ki, bu yazının yerinə analitik yazı olmalı idi.
- Vermə o yazını.
- Yazı-zad yoxdu, pozuldu getdi…